Laçında tənha məzar

 

Əslən Qərbi Azərbaycanın Zəngəzur mahalından olan ziyalılar, şair və yazıçılar Laçın rayonundakı tənha Şəhid məzarını ziyarət edib, üstünə gül-çiçək dəstələri qoydular.  Gənc jurnalist Azadə Bayramova bildirdi ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Quliyev Camal Möhübbət oğlunun nəşinin qalıqları 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonunun Xudafərin kəndində tapılaraq doğulduğu Laçın rayonunda, gördüyünüz bu torpağa tapşırılıb. Məlum olub ki, Camal Quliyev könüllülər dəstəsində Laçın, Qubadlı, Zəngilan rayonlarının müdafiəsində fəal iştirak edib.

Laçın rayonunun Bəylik kəndində keçirilən görüşdə əvvəlcə  Azərbaycanın müstəqilliyi, dövlətimizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi ehtiramla anıldı. Tamxil Ziyəddinoğlu bildirib ki, bu görüş Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, "Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyinin təşkilatçılığı ilə -"Qərbi Azərbaycanlı repressiya və soyqırımı qurbanlarının tədqiqi" layihəsi çərçivəsində həyata keçirilir.

1988-ci ildən bəri ata yurduna ayaq basa bilməyən şair və yazıçılardan Ramazan Səməroğlu köhnə yurdda yenidən məskunlaşan laçınlıları bu mübarək məqam münasibəti ilə ürəkdən təbrik etdi, xoş arzularını bildirdi.

Xalqımıza illərlə vurulan yaralar o qədər dərindir ki, sevincli günlərimiz nə qədər çox olsa da, hər sevinəndə, hər güləndə o yaralar sızlayır, bəzən də qan verir. Elə şairin çıxışı, şeirləri də o yaralardan soraq verir.

Doğulduğu Zəngəzur mahalının həsrətilə qovrulan şair Zöhrə Xəlili düz 32 il, Qarabağ işğaldan azad edilənə qədər həm də Qarabağ dərdini daşıyıb, onun ağrı-acısını çəkib. Millətin, Vətənin dərdini öz dərdi bilib, onları öz ürəyində sıralayıb.

Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, yazıçı-publisist Elman Rüstəmov kənddə camaat üçün hər cür kommunal şəraiti olan evlərin tikilməsindən məmnunluğunu ifadə etdi. Yeni məskunlaşma zamanı da müəyyən müddət çətinliklərin olacağını təbii saydı. Qeyd etdi ki, mən bir hərbçi və yazıçı olaraq Vətənimizin hansı çətinliklərdən keçdiyini yaxşı bilir: "Dövlət müstəqilliyimiz elan olunan kimi dörd bir yandan düşmənlərimiz üstümüzə düşdü. Ordusuz, əliyalın könüllü dəstələr Vətənin müdafiəsinə qalxdı. Şükür etdiyimiz bu günə gəlincə 30 minə yaxın şəhid verdik. O vaxtlar heç kim dövlətdən heç nə ummurdu. Hər əzaba qatlaşırdıq ki, təki dövlətimiz toparlanıb torpaqlarımızı azad edə bilsin. Hər kəs mən Vətənimin xilası üçün dövətə nə kömək edə bilərəm, - deyə düşünürdü. Gördüyünüz kimi, güc birliyi, söz birliyi ilə torpaqlarımızı düşmən tapdağından azad elədik. Dar günün ömrü az olar. Müvəqqəti çətinliklər də keçib gedəcək. Mən bircə ona təəssüflənirəm ki, səsinin yanğısı ilə Laçını unutmağa qoymayan Məhəbbət Kazımov Qarabağın azadlığını, Laçınımızın yeni növrağını görə bilmədi".

Fəal ictimaiyyətçi, bir neçə kitabın, 300-dən çox elmi publisistik məqalənin müəllifi, Ombudsman aparatının əməkdaşı Azadə Novruzova bu görüşə yenicə ali məktəbə daxil olmuş övladı, gələcək diplomatımız Nicat Elxanoğlunu da gətirmişdi. Gətirmişdi ki, nisgillə bələdiyi oğlu anasının doğulduğu kəndin havasını sinəsinə çəkə. Qarakilsə (Sisian) rayonunun Şəki kəndindən acı ruzigarın Laçına gətirdiyi havanı ruhuna hopdura. Hopdura ki, dünyanın harasına getsə, sonda ruhuna hopan Şəki havası onu Ata yurduna çəkə...

Şair bacımız Laçın Şəhəri Günü ərəfəsində laçınlıların sevincinə şərik olmağa gəlmişdi. Amma o, mən bu dağın o üzündə doğuldum, orada böyüyüb boya-başa çatmadım deyəndə bu acını çəkənlər göz yaşlarına hakim ola bilmədilər: 3 aydır doğma ocaqlarına qayıdan Bəylik kəndlilərindən Oktay İsmayılov, Qərib Səlimov, Asif İsayev, Şahin İsgəndərov, Sadiq Məmmədov və başqaları 33 il Laçınsız yaşadıqlarından Vətən həsrətinin nə qədər acı olduğunu yaxşı bildiklərini və bir gün Qərbi azərbaycanlıların da, onlar kimi, öz doğma ocaqlarına qayıdacaqlarına inam ifadə etdilər. Görüş iştirakçılarına son 200 ildə xalqımıza vurulan maddi və mənəvi zərərlərin əks olunduğu bukletlər paylandı. Müəlliflər öz kitablarını görüşə gələnlərə hədiyyə etdilər. Xatirə şəkilləri çəkdirildi.

 

T.ZİYƏDDİNOĞLU

525-ci qəzet .- 2025.- 29 avqust (№154).- S.6.