Azərbaycanın dəyişməz
mövqeyinin qətiyyətli ifadəsi
Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə”
telekanalına müsahibəsinin regıonal və qlobal əhəmiyyəti
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr
ölkənin xarici siyasət prioritetlərinin
açıqlanması, milli maraqların beynəlxalq ictimaiyyətə
çatdırılması və regiondakı geosiyasi proseslərə
təsir imkanlarının nümayişi baxımından
mühüm əhəmiyyət daşıyır. Bu
baxımdan, dövlət başçısının
“Əl-Ərəbiyyə” telekanalına müsahibəsi təkcə
Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsini
deyil, həm də Cənubi Qafqazın regional təhlükəsizlik
arxitekturasında formalaşan yeni reallıqları əks
etdirir.
Müsahibə zamanı Prezident cənab Əliyev Azərbaycanın
son otuz illik tarixi təcrübəsini, işğal və
müharibə dövründəki strateji mövqeyini, həmçinin
müstəqillikdən sonrakı mərhələdə əldə
edilən uğurları qlobal auditoriyaya
çatdırmışdır. O, həm sülh təşəbbüslərinin,
həm də regional əməkdaşlıq mexanizmlərinin əhəmiyyətini
vurğulamış, Azərbaycanın həm region daxilində,
həm də beynəlxalq müstəvidə artan rolunu izah
etmişdir.
Prezident cənab Əliyev müsahibəsində Ermənistanla
otuz ildən artıq davam edən münaqişəyə
toxunaraq bildirmişdir ki, 1990-cı illərdə Azərbaycanın
ərazilərinin işğalı nəticəsində
ölkənin 20 faizi işğal altında qalmış, bir
milyon insan qaçqın və məcburi köçkünə
çevrilmişdir. 1994-cü il atəşkəsindən
sonra danışıqlar prosesi nəticəsiz qalmış və
yalnız 2020-ci ildə baş verən 44 günlük Vətən
müharibəsi Azərbaycanın ərazi bütövlüyünün
bərpası ilə nəticələnmişdir.
Bu mərhələ Azərbaycanın beynəlxalq
hüquqa əsaslanan mövqeyinin təsdiqi oldu. Prezident cənab
İlham Əliyev qeyd etmişdir ki, müharibə qələbəsi
ilə Azərbaycanın həm ədaləti, həm də
beynəlxalq hüququ bərpa etməsi regionun siyasi
reallıqlarını köklü şəkildə dəyişmişdir.
Bununla yanaşı, o, Ermənistanla sülh sazişinin
paraflanmasının və qarşılıqlı ərazi
bütövlüyünün tanınmasının strateji əhəmiyyətini
vurğulamışdır.
Müsahibədə diqqət çəkən
mühüm məqamlardan biri də Zəngəzur dəhlizi və
“TRIPP – Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”
layihəsinin perspektivləri olmuşdur. Cənab İlham
Əliyev bu layihənin yalnız Azərbaycan üçün
deyil, bütövlükdə region üçün strateji əhəmiyyət
daşıdığını bildirmişdir. Zəngəzur
dəhlizi, Azərbaycanın əsas hissəsini
Naxçıvanla birləşdirməklə yanaşı, həm
də Avrasiya məkanında yeni nəqliyyat alternativləri
yaradacaq.
Bununla yanaşı, Azərbaycan artıq
işğaldan azad edilmiş ərazilərdə “Böyük
Qayıdış” Proqramını həyata keçirməkdədir.
Dövlət başçısı qeyd etmişdir ki, məcburi
köçkünlərin doğma yurdlarına
qayıdışı, infrastrukturun bərpası və
iqtisadi inkişafın təmin olunması ölkənin
sosial-siyasi həyatında mühüm mərhələdir.
Müsahibədə ölkə
başçısı Azərbaycanın
balanslaşdırılmış və şaxələndirilmiş
xarici siyasət kursunu da geniş şəkildə təqdim etmişdir.
Azərbaycan həm Qərb, həm də Şərq istiqamətində
əməkdaşlığa önəm verir, qonşu dövlətlərlə,
o cümlədən İran və Türkiyə ilə strateji
tərəfdaşlıq əlaqələrini möhkəmləndirir.
Enerji siyasəti Azərbaycan diplomatiyasının əsas
dayaqlarından biri olaraq xüsusi vurğulanmışdır.
Dövlət başçısının sözlərinə
görə, Azərbaycan hazırda 10 Avropa ölkəsini təbii
qazla təmin edir və bu, Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayır. Eyni zamanda, Körfəz ölkələri
ilə bərpaolunan enerji layihələrinin icrası Azərbaycanın
beynəlxalq əməkdaşlıq imkanlarını daha da
genişləndirir.
Prezident cənab İlham Əliyev müsahibəsində
Azərbaycanın multikulturalizm və tolerantlıq dəyərlərinə
əsaslanan cəmiyyət modelini xüsusi qeyd etmişdir. Azərbaycanda
müxtəlif dini təriqətlər və etnik qruplar
arasında birgəyaşayış ənənələrinin
qorunması və inkişaf etdirilməsi ölkənin müsəlman
dünyasında nüfuzunu artıran əsas faktorlardan biridir.
Bununla yanaşı, dövlət başçısı Azərbaycanın
İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə
töhfəsini vurğulamış, təriqət
ayrı-seçkiliyinin təhlükələrinə diqqət
çəkmişdir. Bu, Azərbaycanın mədəniyyətlərarası
dialoq sahəsində apardığı siyasətin davamı
kimi beynəlxalq miqyasda da müsbət
qarşılanmaqdadır.
Prezident cənab İlham Əliyevin “Əl-Ərəbiyyə”
telekanalına müsahibəsi Azərbaycanın beynəlxalq
münasibətlər sistemində artan nüfuzunu
nümayiş etdirən mühüm siyasi bəyanat kimi qiymətləndirilməlidir.
Müsahibə, Azərbaycanın yalnız öz milli
maraqlarını müdafiə etməklə kifayətlənmədiyini,
həm də regional və qlobal sülh, sabitlik və əməkdaşlıq
təşəbbüslərinə töhfə verdiyini
göstərir. Azərbaycanın sülh təşəbbüsləri,
nəqliyyat dəhlizləri layihələri, enerji əməkdaşlığı
və multikultural dəyərləri əsasında həyata
keçirilən siyasət regional inteqrasiyanın dərinləşməsinə
və beynəlxalq aləmdə daha etibarlı tərəfdaş
imicinin formalaşmasına xidmət edir.
Beləliklə, Prezident cənab İlham Əliyevin bu
müsahibəsi Azərbaycan dövlətinin siyasi kursunun
aydın və sistemli şəkildə təqdimatı olmaqla
yanaşı, həm də ölkənin gələcək
inkişaf strategiyasının əsas istiqamətlərini
müəyyənləşdirən mühüm sənəd
xarakteri daşıyır.
Fuad Hüseynzadə
Binəqədi Rayon İcra Hakimiyyəti yanında
İctimai Şuranın katibi, Diaspor Fəaliyyətinə
Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri
525-ci qəzet .- 2025.- 29 avqust (¹154).- S.6.