Prezidentin müsahibəsi: Sülh, əməkdaşlıq
mesajları
Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə
Ərəbistanının “Əl-Ərəbiyyə”
telekanalına müsahibəsində həm regional, həm də
qlobal əhəmiyyət daşıyan bir sıra aktual
mövzulara aydınlıq gətirib. Bakının Ermənistan-Azərbaycan
sülh prosesi, Vaşinqton görüşünün nəticələri,
Zəngəzur dəhlizi, Qarabağda yenidənqurma işləri,
qonşularla münasibət, Yaxın Şərq məsələsi,
Türkdilli dövlətlərlə əməkdaşlıq
perspektivlərinə dair baxışı bir daha geniş
şəkildə təqdim olunub. Müsahibədə əsas
məqamlardan birini məhz Ermənistanla nizamlanma təşkil
edir.
8 avqust Vaşinqton görüşündə əldə
edilmiş razılaşmalar və onların icrası beynəlxalq
müstəvidə də maraqla izlənilir. Dövlət
başçısı bu məqama toxunaraq qeyd edib ki, Azərbaycan
və Ermənistanın Ağ Evdə Prezident Trampın
iştirakı ilə sülh sazişini paraflaması
müharibənin başa çatdığını göstərir:
“Bu, mərhələlərlə 30 ildən artıq davam edən
müharibənin sonudur və həm Cənubi Qafqaz regionu, həm
də daha geniş mənada Mərkəzi Asiya və Yaxın
Şərq üçün tamamilə yeni imkanlar
açır”.
Hazırda sülh sazişinin imzalanmasına bir maneə
var ki, bu da Ermənistan konstitusiyasında Azərbaycanın ərazi
bütövlüyünə qarşı mövcud olan müddəadır.
Məsələnin başqa tərəfi isə Ermənistanda
radikal, revanşist qüvvələrin mövqeyi, sülh əleyhinə
fəaliyyətləridir. Həmin qüvvələr
Paşinyanı devirmək, hakimiyyətə sahiblənmək
istəyirlər. İndi bir sual aktuallıq kəsb edir: Ermənistanda
siyasi dəyişiklik baş verərsə, bunun sülh
prosesinə mümkün təsirləri, zərəri
hansılar ola bilər? Bu sual da müsahibə zamanı
dövlət başçısına ünvanlandı.
Prezident bildirdi ki, bunu söyləmək çətindir,
yalnız ehtimal etmək mümkündür: “Ümid edirəm
ki, prosesə heç bir müdaxilə olmayacaq. Lakin yenə də
məndə yüz faiz zəmanət yoxdur, çünki Ermənistanın
daxili siyasəti barədə tam məlumatlı deyiləm.
Bilirik ki, gələn yay Ermənistanda parlament seçkiləri
keçiriləcək. Həmçinin bilirik ki, onlar yeni
konstitusiya layihəsi üzərində işləyirlər.
Lakin güclü xarici müdaxilə olarsa, bəli, bu,
razılaşmaları poza bilər. Amma bu, Ermənistanın
özü üçün çox zərərli olar,
çünki Vaşinqtonda sənədlərin kim tərəfindən
imzalanmasından asılı olmayaraq, onlar Ermənistanın
adından Ermənistan lideri tərəfindən imzalanıb.
Əgər orada hər hansı dəyişiklik baş verərsə
və imzalanmış sənəddən geri addım
atılarsa, bu, Ermənistan ilə ABŞ arasındakı
münasibətləri ciddi şəkildə pisləşdirər.
Bu, yalnız ABŞ-a aid deyil, beynəlxalq ictimaiyyət, Avropa
İttifaqı, Türkiyə və ərəb ölkələrindəki
dostlarımız da bu prosesi dəstəklədilər. Beləliklə,
bütün beynəlxalq ictimaiyyət bu hadisəni müsbət
qarşıladı və razılaşmanı pozmaq
bütün dünyaya qarşı çıxmaq deməkdir.
Onlar bundan nə qazanacaqlar? Vaşinqtonda imzalanan sənəd
Ermənistan üçün sülhə və sabit
inkişafa zəmanətdir”.
Ermənistan üçün hazırda
çıxış yolu, inkişaf məhz həmin
razılaşmaların icrasından, Azərbaycanla sülh
prosesini yekunlaşdırmaqdan keçir. Ona görə də
hər hansı əks addım İrəvanın özü
üçün böyük zərbə olacaq.
Zəngəzur dəhlizi də beynəlxalq ictimaiyyətin
diqqətindədir. Xüsuslə Vaşinqton
görüşündən sonra bu məsələ daha da aktuallıq
kəsb edib. Dövlət başçısı bu məsələdən
danışarkən tarixə nəzər salıb, Rusiyası
hökumətinin “Qərbi Zəngəzur”u Ermənistana verməklə
Azərbaycanın iki yerə bölünməsinə diqqət
çəkib. Sovet dövründə bu, problem yaratmasa da,
post-sovet dönəmində Ermənistanın Azərbaycana təcavüzü
Naxçıvanla da əlaqəni kəsdi. Zəngəzur dəhlizinin
açılması quru əlaqəni bərpa etməklə
yanaşı, mühüm beynəlxalq əhəmiyyət
daşıyacaq xətt olacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov
dövlət başçısının müsahibəsindəki
əsas istiqamətləri “525”ə şərh edərkən
deyib ki, İlham Əliyevin Səudiyyə Ərəbistanının
“Əl-Ərəbiyyə” kanalına verdiyi müsahibə
regional və qlobal əhəmiyyətli məsələlər
ətrafında Azərbaycan dövlətinin
baxışlarının dünya ictimaiyyətinə
çatdırılması baxımından çox önəmlidir.
Çünki müxtəlif dairələrdə Azərbaycanla
bağlı bu günə qədər səsləndirlən qərəzli
fikirlərin daha dolğun cavabı məhz dövlət
başçımız tərəfindən verildi. Yəni Azərbaycanın
öz ərazilərini işğaldan azad etməkdən
başqa bir niyyətinin olmadığı, Zəngəzur dəhlizinin
hərbi yolla açılmasına dair səsləndirlən
fikirlərin əsassızlığı, eyni zamanda, dəhlizin
heç bir dövlətin maraqlarına qarşı yönəlmədiyinə
dair açıqlamalar daha çox diqqətçəkəndir”.
Deputat deyib ki, dövlət başçısı bu məsələlərə
münasibət bildirəndə tariximizə ekskursiya edərək,
Qərbi Zəngəzurun 1920-ci ildə Rusiya tərəfindən
qoparılaraq Azərbaycanı iki yerə
böldüyünü, Birinci Qarabağ müharibəsi
zamanı Ermənistanın törətdiyi faciələri,
Xocalı soyqırımı, məhz azərbaycanlıların
məcburi köçkünə çevrildiyini, İkinci
Qarabağ müharibəsi zamanı məqsədimizin ancaq
öz ərazilərimizi işğaldan azad etmək
olduğunu diqqətə çatdırdı:
“Prezident bildirdi ki, İkinci Qarabağ müharibəsi
bizim Qələbəmizlə başa çatdıqdan sonra bu
yolu zorla ələ keçirə bilərdik. Həmin vaxt
darmadağın etdiyimiz Ermənistan ordusunda 12 mindən
çox fərarinin olması ordumuza Zəngəzur dəhlizini
açmaq üçün heç bir çətinlik
yaratmadığına dair fikirlər son 5 ildə Azərbaycan
ətrafında qərəzli mövqe tutanlara verilən ciddi
cavab oldu”.
Deputat söyləyib ki, dövlət
başçısının müsahibəsində sülh və
əməkdaşlıqla bağlı mesajlar daha geniş yer
alıb. Azərbaycanın yaratdığı yeni reallıqlar
Asiyadan Avropaya qədər böyük bir coğrafiyada əməkdaşlıq
üçün yeni imkanlar yaradır: “Bu baxımdan Zəngəzur
dəhlizin açılması ancaq Naxçıvanla quru əlaqənin
yaradılması deyil, həm də Ermənistana tranzit ölkə
olmaq imkanını qazandırmaqla yanaşı, Şimal-Cənub və Qərb-Şərq
nəqliyyat dəhlizlərinin genişləndirilməsinə
böyük imkanlar yaradacaqdır.
Prezident İlham Əliyev Azərbaycan-İran
münasibətlərinə də toxunaraq bizim
üçün İranın xalq tərəfindən
seçilmiş hakimiyyətinin mövqeyinin əsas
olduğunu, müxtəlif dairələrdə səsləndirilən
qərəzli fikirlərin heç bir əhəmiyyət
daşımadığını və münasibətlərimizin
inkişafına böyük dəyər verdiyimizi bildirdi”.
Deputat Azərbaycan-ABŞ münasibətlərinə
dair dövlət başçısının fikirlərinə
də toxunub: “Prezident Bayden administarasiyanın Azərbaycanla
bağlı qərəzli və ədalətsiz siyasəti nəticəsində
münasibətlərimizin sıfıra enməsinə
baxmayaraq, Tramp administrasiyası ilə çox yaxşı
münasibətlər qurulduğunu və Trampın hakimiyyətə
qayıtmasına çox böyük dəyər verdiyimizi
ifadə etdi. Müsahibədə Azərbaycanın sabitləşdirici
rolundan danışan dövlət başçısı
söylədi ki, Suriya-İsrail və Türkiyə -İsrail
arasında gərginliyin azaldılmasına verdiyimiz töhfə
Azərbaycanın beynəlxalq gündəliyini sülh və ədalət
üzərində qurulduğunu bir daha təsdiq etmiş oldu.
Ümumiyyətlə, bir saatdan çox çəkən
müsahibə zamanı Prezident bir çox məsələlər
ətrafında siyasətimizin necə olduğunu beynəlxalq
ictimaiyyətə çatdırmaqla yanaşı, beynəlxalq
auditoriyaya ünvanlanan müxtəlif mövzuları əhatə
edən çoxsaylı mesajları ilə regionumuzda
münasibətlər sisteminin yenidən
formalaşdırılmasında Azərbaycanın tutduğu
yolu qlobal və regional aktorların diqqətinə
çatdırdı ki, bu da mühüm əhəmiyyət
daşıyır”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə “525”ə deyib ki, cənab Prezident hər
zaman olduğu kimi, bu müsahibəsində də olduqca vacib
mesajlar verdi, Azərbaycanın haqq səsini növbəti dəfə
bütün dünyaya ən yüksək formada
çatdırdı: “Hesab edirəm ki, həm ölkəmiz, həm
dünya, həm region dövlətləri, həm Azərbaycanın
qonşu ölkələrlə əlaqələrinə dair
mövzularda cənab Prezident olduqca vacib və mühüm
açıqlamalar verdi, Azərbaycanın mövqeyini növbəti
dəfə bütün dünyanın diqqətinə
çatdırdı. Bu gün Azərbaycan qarşısına
qoyduğu məqsədlərə, hədəflərə nail
omaq üçün çox önəmli addımlar atır,
əlaqələrini daha da genişləndirir. Ümumiyyətlə,
Azərbaycan- Ermənistan münasibətləri, gələcəkdə
qarşıda duran hədəf və məqsədlər və
s. məsələlər barədə dövlət
başçısı mesajlarını çatdırdı.
Azərbaycanın Yaxın Şərqlə, ABŞ, Rusiya ilə
əlaqələr, Ermənistanla sülh prosesi barədə məsələlər
də müsahibədə əksini tapdı. Önəmli məqamlardan
biri də ölkəmizdə tolerantlıq, dini
dözümlülüklə bağlıdır. Azərbaycan
bu baxımdan unikal ölkədir, dini dözümlülük ən
yüksək səviyyədədir, hansısa
ayrı-seçkilikdən, problemdən söhbət belə
gedə bilməz. Hesab edirəm ki, bu, Azərbaycanın tarixi
nailiyyətidir”.
Pərvanə
525-ci qəzet .- 2025.- 29 avqust (¹154).- S.4.