Böyük Qayıdışa dair
II Dövlət Proqramı daha geniş inkişafa yol
açacaq
Uğurla icra olunan Böyük Qayıdışa dair
I Dövlət Proqramı çərçivəsində
müvafiq ərazilərdə genişmiqyaslı bərpa-quruculuq
işləri aparılır, müasir infrastruktur
formalaşdırılır. Həmçinin dayanıqlı məskunlaşma
və iqtisadi reinteqrasiya üçün lazımi şərait
yaradılır. Bu barədə məlumat verən Baş nazir
Əli Əsədov qeyd edib ki, artıq Böyük
Qayıdışa dair II Dövlət Proqramının
hazırlanması ilə bağlı zəruri işlərə
başlanılıb: "Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyeva ilə bu illər ərzində
azad edilmiş torpaqlarımızı addım-addım,
qarış-qarış gəzərək möhtəşəm
quruculuq işlərinə bilavasitə
başçılıq edirlər. Son zamanlar Azərbaycana səfər
edən dövlət və hökumət
başçıları bir qayda olaraq işğaldan azad
edilmiş ərazilərimizə də səfər edir və
Prezident İlham Əliyevin apardığı
genişmiqyaslı işləri böyük heyranlıq hissi
ilə qeyd edirlər".
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər"ə uyğun olaraq hazırlanmış
"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası", həmçinin
"Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı" uğurla icra olunur və bu,
ölkənin sosial, iqtisadi və institusional inkişafı
üçün mühüm zəmin yaradıb.
Sözügedən Strategiya sosial-iqtisadi inkişaf
üzrə müəyyən edilmiş beş Milli Prioritet əsasında
həyata keçirilir. Həmin Strategiyanın ardıcıl və
sistemli icrası sayəsində iqtisadiyyatın xarici təsirlərə
qarşı dayanıqlığı daha da möhkəmlənib,
şaxələnməsi dərinləşib, iqtisadi artım
davamlı və inklüziv xarakter alıb, əhalinin rifah səviyyəsi
yüksəlib və gələcək nəsillər
üçün irihəcmli maliyyə ehtiyatları
formalaşıb.
Qeyd olunan nəticələrin əldə edilməsində
özəl təşəbbüslərin və
investisiyaların cəlbinin təşviqi, biznes mühitinin əlverişliliyinin
dəstəklənməsi, qlobal bazarlara çıxış
imkanlarının genişləndirilməsi, eləcə də
rəqəmsallaşma və insan kapitalının
inkişafı mühüm rol oynayıb. Bununla yanaşı,
işğaldan azad edilmiş ərazilərin bərpası və
iqtisadi fəaliyyətə reinteqrasiyası, əhalinin öz
yurdlarına təhlükəsiz şəkildə
qayıtması, habelə Qarabağ və Şərqi Zəngəzurda
dayanıqlı məskunlaşmanın və məşğulluğun
təmin olunması istiqamətində görülən
işlər Böyük Qayıdış prosesini ölkənin
sosial-iqtisadi inkişafında qazanılan nailiyyətlərin
ayrılmaz tərkib hissəsinə çevirib.
Azərbaycan qarşıdakı illərdə daha
mürəkkəb çağırışların və zəngin
imkanların mövcudluğu ilə seçilən yeni mərhələyə
daxil olur. Bu mərhələ qlobal iqtisadi qütbləşmənin
dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi,
eləcə də süni intellekt əsaslı
texnologiyaların geniş tətbiqi ilə səciyyələnir.
Millət vəkili Elçin Mirzəbəyli deyir ki,
işğaldan azad edilmiş torpaqlarımıza
qayıdış, şübhəsiz ki, bu torpaqların
işğalına son qoyulduğu gündən başlayıb.
Azərbaycanlılar öz tarixi yurd yerlərinə Ali Baş
Komandanın parlaq zəkası və böyük qətiyyəti,
şəhidlərin qanı, əsgər çəkmələrinin
izləri ilə qayıdıblar. İndi isə bu proses vəhşi,
qaniçən, vandal tayfanın viran qoyduğu yurd yerlərimizdə
həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq
işləriylə, misilsiz bir sürət və böyük
Vətən sevgisinə bürünmüş yüksək
peşəkarlıqla davam etdirilir: "Proses o qədər
sürətlə və mükəmməl bir şəkildə,
həm də strateji planlama ilə aparılır ki, qürur
duymamaq mümkün deyil. Dövlətin idrakı da,
yaradıcılıq potensialı da qolu qədər
güclüdür".
İşğaldan azad olunan ərazilərdə həyata
keçirilən genişmiqyaslı işlər içərisində
infrastruktur layihələri mühüm əhəmiyyət kəsb
edir. Çünki infrastrukturun yüksək səviyyədə
yenidən qurulması həm işğaldan azad olunmuş ərazilərin
iqtisadi potensialından səmərəli istifadə edilməsində,
həm də oraya qayıdacaq insanların normal həyat şəraiti
ilə təmin olunmasında mühüm rol oynayacaq.
Prezident İlham Əliyev bildirib ki, əsas infrastruktur
layihələrini, yəqin ki, bir-iki ilə başa
çatdıracağıq. Ən çox vəsait bu layihələrə
gedir. Çünki 60 kilometrdən çox tunellər,
körpülər, elektrik stansiyaları, su anbarları
inşa edilir: "Biz artıq orada 30-dan çox su elektrik
stansiyasını işə salmışıq, dəmir
yolları çəkmişik. Yəni bütün bunlar əsas
maliyyə yükü götürür. Təqribən 2-3 ildən
sonra əsas infrastruktur layihələri başa çatacaq və
ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək
məbləğ daha böyük olacaq".
İşğaldan azad edilən ərazilərdə
genişmiqyaslı tikinti-quruculuq işlərinin həyata
keçirilməsi, şəhər və kəndlərin yenidən
qurulması, "ağıllı kənd" və
yaşayış məhəllələrinin salınması,
infrastruktur layihələrinin icrası, istehsal və digər
iqtisadi obyektlərin yaradılması keçmiş məcburi
köçkünlərin Qarabağ, Şərqi Zəngəzura
qayıdışına, əzəli torpaqlarımızda
layiqli yaşayışına hesablanıb.
Bəli, artıq Qarabağ və Şərqi Zəngəzur
yeni - bərpa, yenidənqurma, inkişaf, çiçəklənmə
dövrünü yaşayır. İllərdir düşmənin
yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər
indi geniş tikinti meydanına çevrilib. Artıq bu yerlərə
ayaq basanda xarabalıqların yerində inşa edilmiş və
öz sakinlərini qoynuna almış müasir,
yaraşıqlı kəndlərin, şəhərlərin
şahidi oluruq.
Düşmən tapdağında 30 ilə yaxın
qalan torpaqlarımızda indi həyat sürətlə
canlanır, bərpa olunur. Bərpa prosesində müasir
infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzindədir.
Açılan təhsil və mədəniyyət ocaqları,
yaşayış kompleksləri və digər obyektlər
göstərir ki, Qarabağ artıq müasir Azərbaycanın
inkişaf simvoluna çevrilib. Yenidənqurma işləri
Qarabağda iqtisadi canlanmaya da səbəb olur, iş yerləri
açılır, yerli və xarici sərmayə cəlb
olunur. Bütün bunların fonunda Qarabağda ekoloji təmiz
enerji layihələrinin həyata keçirilməsi və
yaşıl enerji zonası konsepsiyası bölgənin təbii
ehtiyatlarının qorunmasına xidmət edir.
Millət vəkili Ceyhun Məmmədov deyib ki,
Qarabağ və Şərqi Zəngəzur yeni - bərpa,
yenidənqurma, inkişaf, çiçəklənmə
dövrünü yaşayır. İllərdir düşmənin
yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər
indi geniş tikinti meydanına çevrilib. Artıq bu yerlərə
ayaq basanda xarabalıqların yerində inşa edilmiş və
öz sakinlərini qoynuna almış müasir,
yaraşıqlı kəndlərin, şəhərlərin
şahidi oluruq: "İşğaldan azad edilmiş ərazilərdə
enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən
bərpa olunan enerji potensialından səmərəli istifadə
çərçivəsində sistemli tədbirlər həyata
keçirilir. Məlum olduğu kimi, Pezident həm Qarabağ,
həm də Şərqi Zəngəzuru yaşıl enerji
zonası elan edib. Bu tendensiyaların, inkişaf prioritetlərinin
həm də Qarabağ və Şərqi Zəngəzurda
implementasiya hazırda mühüm əhəmiyyət kəsb
edir. Çünki enerjinin genorasiyası, günəş,
külək enerjisinin istifadəsi üçün bölgədə
çox geniş potensial var. Hətta deyərdim ki, ixrac
potensialı da var. 2025-ci ilin dövlət büdcəsindən
Qarabağda aparılan işlərin həyata keçirilməsi
üçün 4 milyard manatdan çox vəsait
ayrılıb. Əsasən enerji, infrastrukturun
yaradılması, yeni nəqliyyat hablarının qurulması,
ənənəvi enerji mənbələrinin bərpası nəzərdə
tutulur. Ötən illərə nəzər salsaq, görərik
ki, 30-dan çox Su Elektrik Stansiyası yenidən bərpa
olunub, bütün yollar yenidən çəkilib. İlk dəfə
məhz Qarabağ iqtisadi zonasında yeraltı tunellərin
çəkilməsi Azərbaycan dövləti tərəfindən
həyata keçirilib və uğurla icra edilib".
Azad edilən ərazilərdə son dörd ildə
görülən işlər bu torpaqların sahibinin Azərbaycan
xalqı olduğunu təsdiqləməklə yanaşı,
böyük qurucu xalq olduğumuzu da nümayiş etdirir. Bu
torpaqların sahibi olaraq Azərbaycan bütün işləri
öz daxili imkanları hesabına həyata keçirir.
Böyük Qayıdışla bağlı qəbul edilən
Dövlət Proqramına uyğun ilk olaraq vacib sosial obyektlərin
açılması göstərir ki, Azərbaycan xalqı
öz soy-kökünə və doğma torpaqlarına
bağlıdır. İlham Əliyevin bu rayonlara hər bir səfəri
xeyli sayda kəndlərin təməlqoyma mərasimlərinin
keçirilməsi ilə diqqətdə olur. İrimiqyaslı
infrastruktur layihələrinin icrası, enerji ilə təchizata
diqqətin artırılması mərhələli, plan
üzrə davam etdirilir.
Millət vəkili Vüqar Bayramov qeyd edib ki,
işğaldan azad olunan ərazilərin ümumi iqtisadi
potensialı yüksək qiymətləndirilir: "Nəzərə
alsaq ki, hər bir rayon üzrə iqtisadi potensial ayrıca dəyərləndirilir,
görürük ki, bəzi rayonlarda sənaye, digərlərində
aqrar sahə, bəzilərində isə turizm və nəqliyyat
sektoru ön plana çıxır. Bu da onu göstərir ki,
işğaldan azad olunmuş hər bir rayon kifayət qədər
böyük və müxtəlif iqtisadi imkanlara malikdir.Təbii
ki, bu potensialdan tam istifadə olunması üçün
genişmiqyaslı yenidənqurma və bərpa işləri
aparılır. Artıq biz Qarabağ və Şərqi Zəngəzurun
iqtisadi potensialının tədricən bərpa olunduğunu
və bu ərazilərin Azərbaycan iqtisadiyyatına
reinteqrasiya prosesinin getdiyini müşahidə edirik. Bu, bir tərəfdən
ölkə iqtisadiyyatına əlavə dəyər
yaradırsa, digər tərəfdən həmin bölgələrdə
məskunlaşma prosesini də sürətləndirir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.23.