Arxitektura, insanın təbiətlə
rəqabət səhnəsidir
(Əvvəli ötən şənbə
sayımızda)
Dəyişikliklər prosesində qədim və ya
tarixdən əvvəlki insanın yaşayış evi tipləri
geniş istifadə olunurdu. Arxitektura üslublarının
dinamik təkamülü adətən kommunal tikililərdə
özünü büruzə verirdi. Axı hər adam
özünə ev tikmək iqtidarında deyildi, əhalinin tərkib
hissəsi olan qullar bu imkanlardan bütünlüklə məhrum
idi. Ev tikmə təcrübəsinin inkişafı mənzil
tikintisinə gətirib çıxardı. Qrup
yaşayış evi çox sayda olan mədəniyyətlər
tərəfindən yaradıldı. Qədim Roma
imperiyasında mənzillər şəhər şəraitinə
uyğun olduğu halda, amerikan hindularının komaları
qida əldə etmək məqsədinə və kənd təsərrufatı
şəraitinə müvafiq idi.
İnsan öz əli ilə nəyisə yaratmağa
girişəndə, özündən asılı olmayaraq təbiətlə,
onun heç də gözləmədiyi bir yarışa girir, əslində
anası saydığı bu varlığa öz
çağırışını elan edir. Lakin o, bilirdi ki,
onun müəllimi təbiətin özüdür.
Çünki dağları, dərələri,
çayları, dənizləri seyr və müşahidə
etməklə, insan onların sehrliliyindən ilhamlanmış
və ilk dəfə olaraq böyük miqyasdakı
yaradıcılıq eşqinə düşmüşdü.
Axı o, bitki və heyvanlar aləminin, flora və
faunanın müxtəlif növləri ilə təmasda
olmuşdu, çünki onlar təkcə heyran qalınan heyrətamiz
mənzərə olmayıb, həm də təbii ehtiyacı
ödəmək üçün qida mənbəyi idi. Bitkilərdən
fərqli olaraq, heyvanların yırtıcı növlərindən
insanlar qorxurdular, onlarla mübarizə apararaq və öz həyatlarını
onların təhlükəsindən xilas etmək
üçün əlavə çalışmağa əl atır,
düşməni hesab etdiklərini məhv etməyə cəhd
edirdilər. Bu, heç də həmişə uğurlu
olmurdu, insan özü də bu döyüşdə qurban getməyə
məcbur olurdu. Lakin müşahidə, insanda bəzi heyvan
növlərini əhilləşdirmək həvəsi
yaratdı. Onları ovladıqda, körpə balalarını
götürüb, evdə saxlayırdılar və bu yolla evdə
saxlanan heyvan növünün əhilləşdirilməsi
prosesi gedirdi. Lakin bu iş heç də kor-koranə xarakter
daşımırdı, ət və süd almaq
üçün əhilləşdirilən heyvanların,
artıq bu ev heyvanlarına çevrilənlərin
saxlanmasına çəkiləcək zəhmət, birinci
növbədə onların yemlə təmin edilməsi vacib
şərt sayılırdı. Ona görə də əhilləşdirmə
məqsədi həyata keçiriləndə, ət yeyən
heyvanlardan, ilk əhilləşdirilən növ olan it istisna
olmaqla, imtina edilirdi, yalnız ot yeyən heyvanlara üstünlük
verilirdi. Çünki təbiət özü onları yer səthini
örtən otlarla, geniş otlaqlarla təmin edirdi, insanın
onlar üçün yem istehsalı ilə məşğul
olmaq kimi ağır fəaliyyətə qurşanmağa
ehtiyacı yaranmırdı. Hətta çox isti, quraqlıq
zonalarda donuzun saxlanmasından da imtina edilirdi, çünki
onların yemə olan tələbatı, iri və xırda
buynuzlu heyvanlarla müqayisədə böyük idi. Otla
yanaşı, ev heyvanlarının qidalanmasında ağac
yarpaqları da köməyə gəlirdi.
Əkinçiliyin yaranmasını isə
yığılan toxumları evdə saxladıqda, onların
cücərməsi baş verdiyindən, toxumu torpağa səpmək
təcrübəsi meydana gəldi. Təbiət insana həm də
yaşayışı səmərəli və daha nəticəli
etmək barədə zəruri dərslərini vermişdi və
onlar da bu fəaliyyətin səmərəli olmasını təmin
edirdi. Ona görə də insan öz qidalanması
üçün dağ yamaclarından yabanı dənli bitkilərin
meyvələrini toplamağını əsasən
dayandırıb, sünbülləri göz oxşayan zəmiləri
becərməyə və onu biçməklə, daha bol qida
ehtiyatına malik olmağa başladı
Lakin insan ətraf mühiti öyrəndikcə, onu dərk
etməyə başladıqda özü də təbiətin
yaradıcı fəaliyyətini müşahidə etməklə,
bu imkanlarını nəzərə alaraq, ondan çox
şey götürməyə çalışır. Vəhşi
arı qaya oyuqlarında və ağacların budaqlarında
öz bal məhsulunu bol qaydada qoyduğundan, onu qida
üçün yığan insan bal arılarını da
saxlamağa keçməklə, özünü bu çox
koloritli qida məhsulu ilə daha təminatlı şəkildə
təchiz etməyə başladı. Beləliklə, təcrübə
qazandıqca insanın fəaliyyət dairəsi genişlənir,
artıq o, təbiətin bəxş etdiyi hazır vasitələrlə
kifayətlənməyib, özü də nəsə yeni
olanı yaratmağa, istehsal etməyə, əldə etdiyi ilk
uğurlu nümunələri çoxaltmağa
çalışırdı.
Özünə və icmaya ev tikən insan, bəziləri
buna ixtisaslaşmağı da bacardı, çoxtərəfli
və müxtəlif xarakterli məsələləri həll
etməyə girişdi, təbiət adlanan anbardan özünə
lazım olan xammalı və vasitələri
götürüb, ondan yaradıcılıqla istifadə
etdiyindən, artıq təbiətin təqdim etdiklərindən
daha əlverişli olan sığınacaqlar tikməyə
başladı. Kəsici alətlər vasitəsilə
doğradığı ağacın gövdəsini və
budaqlarını yonub, özü üçün inşaat
materialına çevirdi. Gili su ilə, saman qatmaqla yoğurub,
kərpic istehsal etdi. Günəşin hərarəti ilə
onu qurutduqdan sonra, formaya salınmış bu palçıqdan
da daşı əvəz edən tikinti materialı kimi istifadə
etməyə başladı.
Arxitekturanın meydana gəlməsi
Tikinti işlərinin inkişafı, şəhərlərin
meydana gəlməsi arxitektura adlanan və əvvəllər məlum
olmayan yaradıcılıq və fəaliyyət
növünün yaranmasına gətirib çıxardı.
Arxitektura (memarlıq) qədim yunan dilində
"inşaatçı" deməkdir, başqa sözlə,
binaların və digər tikililərin inşası mənasını
verir. Tikintinin və onun idarə edilməsi vasitəsi olan
arxitektura, insanların həyat və fəaliyyəti
üçün vacibdir, çünki axırıncı,
tikililərin və onların komplekslərinin layihələşdirilməsinə
və bilavasitə inşasına xidmət edirdi. Maddi mədəniyyətin
bir sahəsi olmaqla, arxitektura həm də sənət
növü kimi mənəvi mədəniyyət sferasına
da daxil olur, yaşayış mühitini estetik cəhətdən
də formalaşdırır.
Cəmiyyətlərin inkişaf tarixi tikililərin
funksiya və tiplərini müəyyən edir. Cəmiyyətin
inkişaf səviyyəsinə uyğun olaraq, bu funksiyalar artan
dərəcədə böyüyür və genişlənir.
Arxitektura həm də hökmən tikintinin təyinatına
uyğun gəlməlidir.
Arxitektura sənəti
Arxitektura sivilizasiyalanmış xalq tərəfindən,
onun praktiki və ifadə etmək tələblərinin
bütünlüklə icra edilməsini bildirən tikinti və
onun texnikası barədə olan bir sənətdir. Demək
olar ki, hər bir oturaq cəmiyyət tikinti texnikasına malik
olmaqla, arxitekturanı meydana gətirmişdir. Sadə mədəniyyətlərin
hamısında ehtiyac nəzərə alınaraq, insan ətraf
təbii mühitdən təkcə müdafiə olunmaq
üçün deyil, həmçinin bəşər ətraf
mühitinin faydası üçün əvvəllər
primitiv bir mübarizə aparırdı. Bu da sivilizasiya
institutlarının başlanğıcı və simvolu sayıla
bilərdi.
İnkişafın bütün şərtləri ilə,
həm də arxitekturada qarşılaşmaq olardı,
çünki tikililər sosial funksiyanı yerinə yetirməklə,
mühüm əhəmiyyət kəsb edirdi. Nəzərə
çarpan nümunələrdə monumental qəbirlər,
kilsələr və şəhər salonları kimi tikililər
öz əksini tapırdı. Arxitektura tipləri əvvəllər
heç də arxitektorlar tərəfindən deyil, məhz cəmiyyətin
özü tərəfindən yaradılırdı və
müxtəlif institutların ehtiyacını nəzərdə
tuturdu. Arxitekturada cəmiyyət öz məqsədinə
çatmaq üçün tədricən bunlara nail olurdu. Beləliklə,
arxitektura növləri və onların praktiki istifadəsi
üçün həm də planlaşdırma meydana gəlirdi.
Arxitektura yalnız fərd və ya qrup müxtəlifliyini ifadə
etmək üçün yaradılmışdı.
Çünki iqtisadi qanunlar arxitekturadan əvvəl meydana gəlmişdi.
Ona görə də arxitektura növləri sosial funksiyadan
asılı idi və icmanın rəhbərliyinin roluna
uyğun olaraq üzə çıxdı. Növlərə
isə ev, dini, hökumət, maddi rifah və təhsil,
kommersiya və sənaye tələblərinə uyğun olan
tikililər daxil idi.
Arxitekturada şəhər salmanın
planlaşdırılması xüsusi sahə kimi fərqli
xarakter daşıyır. Şəhərsalma bütün cəhətləri
nəzərə almaqla yanaşı, gələcək
inkişafın tələblərini də ön plana çəkir
və əslində şəhərin
abadlaşdırılması üçün mayak rolunu
oynayır. Arxitekturanın obrazlı estetik
başlanğıcı, onun sosial funksiyası ilə bilavasitə
əlaqədardır. Məsələn, XIX və XX əsrlərdə
baş verən sosial və elmi-texniki irəliləyişlər
həm də yeni funksiyalar meydana gətirdi, tikintinin sənaye
metodlarını yaratdı.
Məhz tikinti işlərinin inkişafı, kütləvi
elmi axtarışların və praktikanın yaranmasına gətirib
çıxardı. Təbiət, insanın özündən
əvvəl onun üçün belə səmərəli və
tam rahat sığınacaq növü yaratmamışdı,
insan öz ağlı, müşahidəsi və zəhməti
ilə yeni, tikinti adlanan fəaliyyət növünü
yaratmağa müvəffəq oldu. Ancaq onların quruluşunu
və formasını seçdikdə, yenə təbiətdə
müşahidə etdiklərinə əsaslanırdı. Bəzi
həşəratlar özünə yuva qurmaqda möcüzə
xarakterli işlər görür. Bal arıları öz
şanında bal yuvaları olan həndəsi fiqurları -
rombları elə dəqiqliklə yaratmışdır ki, bu
möcüzə özü ilə müqayisə olunan
heç nəyi tanımır. Qarışqalar da arılar
kimi ən yüksək cəmiyyətlərə nümunə
olacaq, olduqca uğurlu əmək bölgüsü,
iyerarxiyalar sistemi yaradır və onun pozulmasına heç
vaxt yol vermirlər. Termitlər təkcə özlərinə
bir neçə metr hündürlüyündə yuvalar tikməklə
deyil, həm də bu yaratdıqları evdə daim sabit olan
istilik və rütubət sistemini yaratmaları ilə
böyük təəccüb doğururlar. Özü də
onlar heç bir çertyojsuz və əlləri ilə
tikdikləri rahat "sarayların" inşası ilə
yalnız gecələr məşğul olurlar, gündüz
qızmar günəşin onları məhv edəcəyindən
qorxub, işləmirlər. Ümumiyyətlə,
qarışqalar öz xidməti borclarına böyük məsuliyyətlə
yanaşırlar, bəzən ana qarışqaya qulluqda canfəşanlıq
etdiklərindən öz həyatlarını qorumağı
da unudub, ağır zəhmət və qidalanmamaq nəticəsində
hətta ölürlər. İnşaat işi ilə məşğul
oduqda da, onlar intensiv işləməklə, əsl əmək
fədəkarlığı göstərirlər. Bu misallar
sübut edir ki, təbiətin sirləri olduqca mürəkkəb
və izah edilməyəndir və insan ağlı daim
onları tədqiq etməklə, böyük inkişaf
imkanlarına nail olur.
Evlər tikəndə də insanlar təbiətə
sədaqətli olaraq qalırlar. Evlər, ağac çətirlərini
və bitki aləminin digər növlərini yada salır. XXI
əsrdə Londonda məşhur arxitektor Norman Fosterin layihəsi
əsasında tikilmiş "Meri-X" göydələni
şam qozasına bənzəyir, ingilislər isə onu
"xiyar" adlandırırlar. Bəzi şəhərlərdə
isə yeni uca binalar qarğıdalı qıçası
şəklində olur. Krımdakı Qurzufda qaya üzərində
tikilən bina öz formasına görə "Qaranquş yuvası"
adlanır. Köçəri xalqların modul tipli yurtaları
- alaçıqları dəridən tikilmiş dəyirmi
formada olmaqla, Göy qübbəsinin xırda formasını
Yer səthində təkrarlamaq istəyindən irəli gəlir.
Sonralar Avropada da dəyirmi evlər tikilirdi və onlar
"kastro" adlanırdı, bu söz latın ilindən gəlirdi,
bərkitmək, möhkəmləndirmək mənasını
verirdi.
Əlbəttə, arxitekturanın birinci funksiyası
insanın rahat yaşaması üçün
sığınacaq yaratmaqdan ibarət idi. İlkin tikinti
materialı ilə də insanı təbiət özü təmin
edirdi, axı o, özü hələ çox şeyi istehsal
edə bilmirdi. İnsanın təcrübəsi
böyüdükcə, tikinti müəyyən formalar qəbul
etməyə başladı, funksiyalarının
çoxalması da tikintilərin forma müxtəlifliyini
artırdı.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.22.