Qısa hekayələr
İsa Zakriyev (1968) çağdaş
Çeçenistan ədəbiyyatının
tanınmış nümayəndəsi, nasir, jurnalist və
redaktordur.
1968-ci ildə Çeçenistanın Urus-Martan rayonunun
Komsomolsk (indiki Qoy-Çu) kəndində doğulub. 1992-ci ildə
Çeçen Dövlət Pedaqoji Universitetini, 2007-ci ildə
Rostov İqtisadiyyat Universitetini bitirib. "Luisanna", "Hər
vahə ilğım deyil", "Əsas məsələ
barədə xülasə" adlı hekayə
kitablarının müəllifidir.
Çeçenistanın tarixi taleyi ilə
bağlı mövzular, xarici müdaxilələrin, daxili
çaxnaşmaların çeçen xalqını
düçar etdiyi müsibətlər, milli mənəviyyata
vurduğu zərbələr İ.Zakriyevin
yaradıcılığında xüsusi yer tutur. Təqdim
etdiyimiz hekayələr də yazıçının bu
sislsilədən olan dəyərli əsərləridir.
EVİMİN RUHU
Elə ilk fürsətdə evimin
xarabalığını ziyarət elədim. Onu başqa
xarabalıqlar arasında axtarıb tapdım,
partlayışın vurub üzə
çıxardığı iri beton bünövrə
qalığının yanında oturdum.
Məndən üz çevirib o. Yaman yaralı, səksəkəlidir,
yaşadığı dəhşət üzündən tamam
başını itirib evimin ruhu.
- Bağışla. Əlimdən heç nə gəlmədi.
- Ehtiyac yoxdur, mən hər şeyi anlayıram.
- Yadındadırmı, nə minvalla
tikib-qurmuşduq?! Qonşular palçıq tutmağa kömək
eləmişdilər, sonra ondan çiy kərpic kəsmişdik.
Xalam pəncərələr vermişdi, atam isə dam
üçün ləvazimat.
- Hə, yadımdadır. Xoş çağlar idi.
Amma güllələr, qəlpələr aman vermədi. Cəhənnəm
atəşi ilə cismimi dəldilər, odlu deşiklər
açdılar məndə. Mebellər əbəs yerə
divarlarımın arxasında gizlənməyə
çalışırdı. Qırıcıların
uğultusundan, bombaların vıyıltısından,
şaqqıltısından dəli olmuşdum. Siçovullar
da tərk etdilər məni. Başqa bir yerdə, sizin
yanınızda olmağı elə istəyirdim ki... Bilirsənmi,
qan çox pis iy verir, ən çox da yananda. Sonra isə
insan qalıqları çürüyür və sən bu
üfunətdən boğulursan. Axırda da tank
sürünüb gəlir, zirzəminin pəncərəsinə
yoxlama atəşi açır, bünövrə
büsbütün dağılır, içindəki armaturlar
tükürpədici fəryadla sınır. Kimsə də
imdada yetmir...
Biz yenidən susduq, bir-birimizi dəlicəsinə
sevdiyimiz, xoşbəxt olduğumuz o çağlara daldıq.
- Mən səni dirçəldərəm, - birtəhər
bəraət qazanmağa çalışdım.
- Necə? Məndən bir şey qalmayıb ki:
bünövrəm ovulub, çınqıla dönüb, kərpiclərim
ütülüb-qaralıb, ya da ora-bura səpələnib,
ağac millərim külə dönüb. Sənə
başqa - yeni bir ev gərəkdir.
- Yenisi yox, sən lazımsan mənə.
- Yox. Mən o dəhşəti xatırlamaq, gecənin
yarısı, zəlzələymiş kimi, titrəyib səni,
uşaqlarını qorxutmaq istəmirəm... Yeri gəlmişkən,
uşaqlarının günü necə keçir orada?
- Səndən ötrü darıxırlar.
- Xatırlayırlar ki məni? Siz davaya görə
qaçıb gedəndə uşaqlar hələ körpəydilər.-
Onlar bilirlər axı insanın öz evi olmalıdır, o
evin də öz ruhu.
- Mən yenə sizin ev olmağa çox sevinərdim.
Ancaq belə də yaşaya bilmərəm, taqətim
qalmayıb. Üzrlü say, ən rahatı budur ki, müharibənin
əzib toza döndərdiyi evlərin ruhu ilə birgə mən
də çəkilib gedim. Sənin başqa bir evin olar, onun da
yeni, təravətli ruhu. Mən isə ölümünə
yorulmuşam. Ləngidim ki, səninlə vidalaşım.
Ömrünüz xoş keçsin!..
...Evimin dağıntıları arasından qəfil
bir ağ kəpənək pərvazlandı, ahəstəcə
qanad çalıb viranə kəndin qərq olduğu
sükutda gözdən itdi.
YANDAN
ÇƏKİLMİŞ ŞƏKİL
Hərbi fotomüxbir çantadan ehtiyatla
çıxartdığı üçayağı səngərin
böyründə quraşdırdı. Fotoaparatını da
çıxardıb ştativə qondardı, şəkil
çəkməyə hazır durdu.
- Hə, çavuş Atabiyev, hazırsan?
- Elədir ki var! - Qamətini dartıb farağat vəziyyəti
almış çavuş cavab verdi.
- Belə... sən... bura, obyektivə bax. Nə
gözünü yerə dikmisən?
- Hara baxım? Cəld ol görüm, bu dəqiqə
faşist təyyarələri gəlib bomba
yağdıracaqlar...
- Budur ha, bu şüşəyə bax, - mavi
gözlü kürən fotoqraf aparatın obyektivini
çırtmaladı.
- Hara baxmağın nə fərqi? Tez elə, çək.
- Qulaq as, noxçi (çeçenlər özlərini
belə adlandırırlar - tərc.). Sən qəhrəmansan,
keçən döyüşdə üç tank vurmusan,
alman zabitini əsir götürmüsən. Belədir?
- Belədir.
- Biz sənin haqqında məqalə yazıb qəzetdə
yayacağıq. Səni bütün ölkə tanıyacaq.
Başa düşürsən?
- Yaxşı başa düşürəm. Buna
görə də dik baxmaq istəmirəm.
- Niyə?
- Bax sən bu fotodan mənə də verəcəksənmi?
- Verəcəyəm, - fotomüxbirin səbri tükənirdi.
- Mən onu evə göndərəcəyəm. Evdə
atam baxacaq. Necə yəni, mən onun gözlərinə dik
baxmalıyam?
- Sən ki cəsur döyüşçüsən!
İstənilən adamın gözlərinə dik baxa bilərsən!
- Bircə atamın yox! Heç vaxt onun gözlərinə
dik baxmamışam, bu, mənə yaraşmaz da. Birdən
düşünər ki, lovğalanıram, ya da gözlərimdə
dikbaşlıq işartısı görər.
Hərbi fotomüxbirin əlindəki siqaret
söndü. Cəbhədə kimisə nə iləsə təəccübləndirmək
çətindir...
- Uzaqlara bax, noxçi, düşmənlər tərəfə:
sən öz atanın da naminə onlara qalib gələcəksən!
ANA
Məlumdur, xaos müharibənin yalnız lap əvvəlində
olur. Bir müddət sonra batini dünyamız, zərrəcikləri
sürətləndirib toqquşduran qurğudakı kimi, dəlicəsinə
hərəkətlənir və müharibənin
qarşısıalınmaz, çılğın axarına
qapılır.
Hər şey darmadağın olur.
Uçulub-tökülən hər divarla, kösövə
dönən hər ağacla birlikdə xeyirdən, ədalətdən,
aydın zəkadan, mərhəmətdən
uzaqlaşırıq. Alışdığımız məntiq
"ispan çəkməsi"ndəki sümüklər
kimi qırılıb-ovxalanır, dağıntıların,
yaxud meyitlərin altında gömülüb qalır. Dərimiz
su istəmir, his və palçığa bürünüb
gizlənməyi üstün tutur. Qulaqlarımız hansısa
güllə ilə mərminin vıyıltısını dəqiq
seçir, amma qarğa qarıltısını
sağsağan qaqqıltısından ayıra bilmir.
...Onlar "Minutka"dakı yarıuçuq bir
"xruşovka"nın zirzəmisində oturmuşdular: əyinlərində
sırıqlı gödəkcə-şalvar olan üç
cavan. Hərəsi bir küncdə "AK"-sını
(Kalaşnikov avtomatı - tərc.) bağrına
basmışdı, gurultular altında öz aləminə
dalıb özündə "özü"nü
arayırdı.
- Elə bilirsiniz, qorxdum? - birisi
qışqırdı. - Dönük çıxdım yəni?
- Bildiyimiz budur ki, dostumuzun cəsədini götürə
bilmədik. Sən onun lap yaxınındaydın. Və o səni
qorumuşdu...
- Snayper oranı vururdu, məni dəqiq
aşıracaqdı, - sırıqlısının
qolundakı güllə yerini göstərdi.
Yoldaşları baxmadılar.
- Anam xəstədir mənim, ölüm
ayağındadır... - o yenə qışqırdı.
- Biz döyüşməyə gələndən
hamımızın anası ölüm ayağındadır,
- qışqırıqla da cavab verildi.
Bunu eşidəndə yeyin addımlarla zirzəmidən
çıxdı, güllələr və qəlpələr
yağan gecənin qoynunda gözdən itdi.
Qalan ikisi müharibənin cəhənnəmi
andıran hay-küyü altında susub oturdu.
Gedən oğlan ertəsi gecə qayıtdı,
dünən həlak olmuş yoldaşını da dartıb gətirdi.
Onunla birgə özü də döşəməyə sərələndi.
- Anam bu gün danüzü öldü. Mən onunla
vildalaşıb "Yasin" oxuya bildim. Anamdan əvvəl bu
həyatdan getmək istəmirdim, o, buna dözməzdi...
Qanlı öskürək nitqini qırdı.
- Həmin snayper... tutuzdurdu, axır ki...
Dostlarının daşa dönmüş qəlblərinin
lap dibində gizlənib qalan yaşlar gözlərindən
süzüldü.
HƏSƏNİN OĞLU
Baharda, təbiət oyanıb çiçəkləmiş
alçaların bəyaz qırçınlı ləçəklərini
oynadan vaxtda Qroznıdakı şəxsi mülklərdən
ibarət məhəllənin xoş ətirli küçəsi
ilə iki kişi addımlayırdı. Təxminən, on bir
yaşında, gözləri uşaqlara xas olmayan dərəcədə
qayğılı bir oğlanla rastlaşdılar. Kişilərdən
biri dayanıb oğlanı yanına çağırdı.
- Kimin oğlusan?
- Həsənin...
- Həə, Həsəninmi? Əla! Onunla köhnədən
dostluğumuz var, hərçənd, çoxdandır,
görüşmürük. Sənin atan yaxşı
adamdır, etibarlı yoldaşdır, ağıllıdır,
comərddir. Dəfələrlə məni çətin vəziyyətdən
qurtarıb. Sağ olsun, sən gərək onunla fəxr edəsən,
atana layiq oğul olasan. Amma onu belə təriflədiyimi
özünə demə, Həsən bundan xoşlanmaz. Eləcə
de ki, Murad çoxlu salam söylədi. Bir gün gəlib
baş çəkərəm ona.
- Yaxşı, deyərəm...
Təəccüblənmiş uşaqdan onun eşidə
bilməyəcəyi qədər uzaqlaşdıqda o biri
kişi soruşdu:
- Həsən kimdir?
- Bilmirəm.
- Bəs nə oyun çıxarırdın elə?
- Sən gördünmü onun gözləri necə
parıldadı? İndi o, atasına daha böyük hörmətlə
yanaşacaq!
...Həsən bir il əvvəl
ölmüşdü, amma oğlu "atasının
dostunu" qəmləndirmək istəmədi.
ON BİR DEKABR
Yaşlı bir kişi dekabra xas olmayan günəşli
gündə Qroznının mərkəzi küçəsi
ilə addımlayırdı. Başını gah yuxarı
qaldırdı, gah çiyinlərinə qısdı, qəfil
yana çevirdi, sonra baxışlarını endirib - sanki yerdə
itiyini axtarırdı - yoluna davam etdi. Daş döşəli
səkidə, olmayan çuxurlardan yan ötürmüş
kimi, dolayı yeriyən kişi hərdən ani əyilib-dikəlir,
gözlərində keçmişdən qalan işartı
parlayırdı. Sol əlinin biləkdən
yuxarısını böyrünə sıxır, elə bil
kimisə tutub saxlayırdı.
Kişi birdən cəld hərəkətlə
sağ ovcunu yanına qısdı, yüngülcə
axsadı. Dayandı, saçlarındakı hisi-tozu
çırpırmış kimi, başını silkələdi,
soyuq skamyaya çökdü. İki cavan qalxınıb bu qəribə
adamdan aralı oturdu.
- Oğlan, neçə yaşın var? - kişi qəfil
onların birindən soruşdu.
- İyirmi beş... Nədir ki?
- Heç nə, oğul, bağışla. Mənə
elə gəldi ki, biz tanışıq. Amma
yanılmışam...
Ayağa qalxdı, düz iyirimi beş il əvvəl
yaralanmış hamilə arvadını 9-cu şəhər xəstəxanasına
çatdıra bilmədiyi o günü yenidən
yaşaya-yaşaya yoluna düzəldi. Dövrəsində isə
qar dənəciklərilə rəqs edərək yerə səpələnən
şıltaq qəlpələr uçuşurdu.
SAL
Yoldaşları əsgəri Terekdən çəkib
çıxartdılar. Sağ idi, amma silahını,
papağını, çəkməsini itirmişdi. Dişləri
tənəkə damı döyəcləyən dolu kimi
çaqqıldayırdı, bu köhnə
döyüşçünün bərələ qalıb
qırpılmayan gözlərinə dəhşət
çökmüşdü. Hamı düşündü ki,
soyuq su və ölüm qorxusu haldan salıb onu, amma iş
bunda deyildi. Dəfələrlə ölümlə
üz-üzə gələn, ölümün onun
yoldaşlarını necə
biçib-tökdüyünü görən bu əsgər
indi əzilib-sınmışdı, ömrü tərs-avand
olmuş, əvvəlki yenilməz cəsarəti və həm
özünün, həm də başqalarının həyatına
soyuqqanlı münasibəti altda qalmışdı. Elə
bil cəhənnəmin quyusuna baxırdı, oradan
üstünə qızmar qəlpələr
sıçrayır, üzünün, başının dərisini
qoparır, kəllə sümüyünü
xıncımlayıb beynini dağıdırdı. Sonra da ruhu
bədəndən ayrılıb çılpaqlaşır,
Terekin dondurucu boz suyu ona tikan kimi sancılırdı.
- Onlar bizə hücum çəkdilər, cəmi
qırx altı qız, - əsgər titrək səslə
üzüboşluğa danışırdı, - pərilər
kimi gözəl, güclü, dirəşkən. Onlar qorxu bilmədən
saldakı bütün heyəti çaya basdılar. Səsləri
ilahi məlahətli o gənc qızların
çığırtıları sanki vida nəğməsiydi.
Hələ gözləri! Gözlərini görəydiniz!
Onlarda hər cür təmasa, elə ölümün
özünə də qatı ikrah vardı, qorxu, yaxud
şübhə kölgəsi yox. Və bir də... bizim
hamımızı özlərilə apara bilməməyin təəssüfü.
Gözləri mənə, mənim batinimə, kiçik
dünyama elə baxırdı, sanki gözlərimə ərinmiş
qurğuşun axıb tökülürdü. Onlardan birinin əlləri
xirtdəyimi sıxdı, xırçıltı eşitdim.
Heç yadımda deyil, o məngənədən necə
qurtula bildim.
- Hamısı həlak oldu?
- Belə olmaz, bu, düzgün deyil...
Əsgər ağlamaq istəyir, amma bacarmırdı.
İsa ZAKRİYEV
Seyfəddin Hüseynlinin tərcüməsində
525-ci qəzet .- 2025.-
30 avqust(№155).- S.21.