QARABAĞDAN ƏSƏN YELLƏR
Qarabağdan əsən yellər,
Cığırlarım yol olubmu?
Mənsiz Damcı bulağının
Göz yaşları sel olubmu?
Nəfəsiniz neçə kərə
Toxunubdur o yerlərə?
Nə dəmdədir Uzundərə,
Yemlikləri bal olubmu?
Ruhum dil-dil ötmək istər,
Əppəklini öpmək istər,
Sütül sünbül ütmək istər,
Zəmilər tel-tel olubmu?
Göytəpənin ətəyində,
Qarışqalı çökəyində,
Əbrişimlər söykəyində
Tər qönçələr gül olubmu?
Eşqabdala yetmir əlim,
Oda dönüb orda külüm.
Beşikliyə qonan könlüm
Çevrilib bülbül olubmu?
Şahbulağın döşündəki,
Qaramanın qaşındakı,
Ürəyimin başındakı
Tikanlar kol-kol olubmu?
Doğulduğum doğma yeri
Görməmişəm yazdan bəri,
Çəmənlinin çəmənləri
Həsrətimdən kül olubmu?
1985
HƏYATMIŞ DEMƏ...
Bilməzdim sevginin zülmü var belə,
Sevilmək zülümmüş, sevmək
zülümmüş.
Sevda yollarında tikanlar belə.
Saralmaz çiçəyim, solmaz
gülümmüş.
Məni elə yandır kimsə bilməsin,
Ağlasın göy mənə, gülsün yer mənə.
Şirin işgəncənə heyfin gəlməsin,
Oğrun baxa-baxa zülüm ver mənə.
Zülüm ver, zülmün də məhəbbətinmiş,
Xoşbəxtlik bəxş edən qışa
qış demə.
Verdiyin işgəncə səadətimmiş,
Çəkdiyim sitəmlər həyatmış demə!
1982
KİRPİYİMİ QƏDƏMİNƏ
SƏRİM QOY
M.B.
Məndən küsmə, gül nəfəsin
töyşüyər,
Səni görüb bənövşələr
pörşüyər,
Dayan gülüm, ayaqların üşüyər,
Kirpiyimi qədəminə sərim qoy!
Əl verirəm, əsdirirsən əlimi
Gül verirəm, küsdürürsən
gülümü,
Yavaş yeri, yel dağıtmış telini
Ürəyimin tellərinə hörüm qoy!
Həsrətimin çiçəkləri xallanıb,
Ədaların şan bağlayıb, ballanıb,
Dodağında küsüşmələr
barlanıb,
O barları dodağımla dərim qoy!
Heç bilmirəm ulduz nədir, Ay nədir!
Bürcüm nə bürc, günüm nə gün,
ay nədir?
Baxışların taleyimə aynadır,
Ayaq saxla, taleyimi görüm qoy!
Şahmar yazıq hardan alsın dözümü?
Nazın, qəmzən sındırıbdır dizimi.
Yana-yana kül elədim özümü,
Sürmə olum, gözlərinə girim qoy!
SƏNİ
Arzumun yoluna çıxan həyatsan,
Dönmərəm köksümdə tonqal da
çatsan.
Bilsəm ki, yandırıb-yaxan bir odsan,
Yenə gözüm üstə qoyaram səni.
Gülüm, könlüm hara, şikayət hara?
Sevinər çəkdiyin çarpaz dağlara.
Gündə baxışından alsam min yara,
Xeyirxah mələyim sayaram səni.
Ölüncə yanında əsir qalaram.
Verdiyin əzaba layla çalaram.
Vaxt gələr çevrilib torpaq olaram,
Gəlsən hənirtindən duyaram səni.
1981
"-İRƏM", "-MİRƏM"
Qismətim gümandan gümana düşüb,
Köksümdən perikib könlüm
haçandır.
Məhəbbət çəmənim tufana
düşüb,
Çırtlamır çiçəyim,
gülüm haçandır.
Haçandır ürəyim dağlanır
köz-köz,
Dəstəkdən üstümə od ələnibdir.
Könlümün həsrətlə gözlədiyi
söz
Telefon xəttində çiliklənibdir.
Gör harda qırıldı telefon teli,
Qismətim çətin ki, isinə daha.
Qəzaya uğrayıb eşqimin feli,
Qanadı qırılmış isiməm daha.
Xətlər ümidimi veribdir bada,
Taleyim o sözü öpəsi idi.
O söz gümanımı öldürüb, ya da
Üstümə səadət səpəsi idi.
Görən tapılarmı söz
qırıqları?!
Tutubdur üzünü ellərə könlüm.
Baş alıb sinəmdən Gəncəyə
sarı,
Düşüb dəli kimi çöllərə
könlüm.
Telefon telini bağrına basıb,
Çalıb oxuduğu "Yanıq Kərəm"di.
Neyləsin "sev-" çatıb, sözün
arxası
Bilmir ki, "-irəm"di, yoxsa "-mirəm"di?!
ƏLVİDA
Çatdı halallaşmaq vaxtı, a yerlər,
Yamaclar əlvida, yollar əlvida!
Hər yarpaq mehriban bir ələ bənzər!
Mənə əl eləyən əllər, əlvida!
Dərdimi heç kimə aça bilmədim,
Hicranın əlindən qaça bilmədim,
Zülmün sədlərini keçə bilmədim,
Çəmənlər əlvida, çöllər əlvida!
Bir ocağın odu-közü olmadım,
Saza dönüb "Yanıq Kərəm"
çalmadım,
Toza dönüb qoynunuzda qalmadım,
Cığırlar əlvida, yollar əlvida!
Kükrəyə-kükrəyə qabarmadınız,
Həsrətin bəndini qoparmadınız,
Yuyub dərdlərimi aparmadınız,
Yağışlar əlvida, sellər əlvida!
Hələ bu dünyada qalmaq payım var,
Bəxtimin üzünə gülmək payım var,
Azadlıq yolunda ölmək payım var,
Obalar əlvida, ellər əlvida!
Təbriz, 1992
DAYANIN!
Mənə əl eləyən əllər,
dayanın,
Boynuma dolanan qollar, dayanın,
Çiçəklər dayanın, güllər,
dayanın,
Məni ötürməyə tələsməyin siz!
Hələ ocaqlardan od əmməmişəm.
Dərdimi Araza göməmməmişəm,
Vüsalın ətrinə bələnməmişəm,
Məni ötürməyə tələsməyin siz.
Dərddən hayıf çıxmamışam
doyunca,
Onu daşa çaxmamışam doyunca,
Ərk qalama baxmamışam doyunca,
Məni ötürməyə tələsməyin siz.
Qoyun sevincimi selə döndərim,
Günümü uzadıb ilə döndərim,
Dəli həsrətimi külə döndərim,
Məni ötürməyə tələsməyin siz!
Səttarxanın məzarını öpməmiş,
Torpağını gözlərimə səpməmiş,
Ayrılığa dəli nərə təpməmiş,
Məni ötürməyə tələsməyin siz.
Təbriz, 1992
KÖRPƏ BƏLƏYİ
İldırımıma
Göylərin bayrağı Günəşdir,
Aydır
Dənizinki qağayıdır.
Torpağın bayrağı-güllər,
çiçəklər.
Çiçəklərinki kəpənəklər.
Ruhumuzun bayrağı - məhəbbət,
Gecənin bayrağı - zülmət.
Gündüzünkü nur,
Dağlarınkı qürur!
Səs bayrağımızdır anamızın dili
Ruzu bayrağımız - əkinçi əli.
Din bayrağımız - "Lailahəilləllah",
Açılsın üzümüzə mübarək
sabah!
Qalan bayraqların ən göyçəyi,
Körpə bələyidir, körpə bələyi!
1996
BİRİNCİLƏR
Ceyhunun, Kamranın timsalında
1 sinfə gedən bütün Vətən
balalarına
Bu gün dərsə gedirsiz,
Qədəminiz mübarək!
Əlifbanız, çantanız,
Qələminiz mübarək!
Mübarəkdir işığa
Qucaq açan cərgəniz.
Mübarəkdir zülmətlə
Böyük mübarizəniz!
Kitablara baş əyən
Zaman-zaman ucalar.
Qalib olmaq istəyən
Elmlərdən bac alar.
Alın bu sualları
Çantanıza doldurun.
Hər sualın üstündə
Bir-bir məhkəmə qurun!
Niyə öz zəkamızla
Göyə nur saçmamışıq?
Nəyə görə birinci
Aya biz uçmamışıq?
Düşünün dərin-dərin
Bu sirri də açın siz.
Nə üçün bilikliyə
Kölə olur biliksiz?
Niyə yüz illər boyu
Danılıbdır haqqımız?
Nə üçün başqa xalqa
Boyun əyib xalqımız?
Niyə ələ baxmışıq,
Əlimiz olmayıbmı?
Niyə dillənməmişik,
Dilimiz olmayıbmı?
Barışmayın heç zaman
Bizim nöqsanımızla.
Nə qədər səhvimiz var,
Pozun pozanınızla.
Təzədən öyrənin siz,
Qara nədir, ağ nədir?
Azadlıq nə, bayraq nə,
Vətən nə, torpaq nədir?
Hərə bir köz söndürsə,
Ocaq qalmaz Vətəndə.
Xalqa qul olmayandan
Ağa olmaz Vətəndə.
Ey əziz birincilər,
Elin sevinci olun!
Çalışın həyatda da
Elə birinci olun!
1 sentyabr 1998
BU SƏNSƏN?
Allah, nə xoşbəxt oldum, kama yetdi əllərim.
Dərdim asdı özünü, kədər yedi kədərim.
Qəmim qəmlənib öldü, qəhərləndi
qəhərim,
Həsrətim qətlə yetdi, saçımda
qaraldı dən,
Gözlərimə inanmıram, bu sənsən?
Daş görəndə istədim daş dilində
danışım,
Quş görəndə istədim quş dilində
danışım,
Yaz dilində hönkürüb, qış dilində
danışım,
Dünya vüsal qoxuyur, nəğmə deyir
çöl-çəmən.
Gözlərimə inanmıram, bu sənsən?
Ayrılığın köksünü
parçaladı köksümüz,
Sitəmlərə od qoyub, diz çökdürdü
dizimiz.
Allah, necə ağlaşıb, qucaqlaşdı
közümüz,
Bu gecə yer üzünün bəxtəvəri mənəm,
mən.
Gözlərimə inanmıram, bu sənsən?
Bitdi vüsal dəmləri, tir-tir əsir əllərim,
Dərdim tüğyan eyləyir, at oynadır kədərim.
Qəm mənə qəm yedirdir, boğur məni qəhərim,
Həsrət qılınc siyirib,
hıçqırır saçımda dən.
Gözlərimə inanmıram, bu sənsən?
Əzizim, bu sənsən? Təbrizim, bu sənsən?
1992
Şahmar ƏKBƏRZADƏ
525-ci qəzet .- 2025.- 30 avqust(¹155).- S.20.