Yoxluğu ilə yandırıb-yaxan insan

 

Avqustun 30-da görkəmli Azərbaycan şairi, mərhum Şahmar Əkbərzadənin vəfatının 25-ci ildönümü tamam olur. Anım günü ərəfəsində unudulmaz şairimizi bir daha ehtiramla anaraq ruhuna Allahdan rəhmət diləyir, şeirlərindən nümunələri, həmçinin tanınmış söz adamlarının, dostlarının Şahmar Əkbərzadənin şəxsiyyəti və yaradıcılığı haqqında müxtəlif illərdə qələmə aldıqları yazılardan bir neçəsini oxuculara təqdim edirik.

 

"525"

 

Çox qəribədir, adam yaxından tanıdığı, hörmət və məhəbbət bəslədiyi şəxs haqqında söz deməyə, xatirə danışmağa çətinlik çəkir.

Nə qədər kədərli olsa da, belə halla mən həyatımda artıq bir neçə dəfə üzləşmişəm. O hallarda nə qədər istəsəm də, yaza bilməmişəm. Ancaq yadıma düşdükcə yanıb-yaxılmışam indiki kimi.

Adamı yoxluğuyla yandıran bir Şəxs idi Şahmar müəllim. Qəribə bir vətəndaş, yanımlı eloğlu, cəsur və döyüşkən bir jurnalist, ilahi ilhama malik olan şair, təəssübkeş həmkar, təmiz və müdrik kəlamlı ağsaqqal, əvəzsiz dost idi Şahmar Əkbərzadə.

Özüylə şəxsi tanışlıqdan çox-çox əvvəl tanıyırdım onu. Məktəb və tələbəlik illərində mən ruhuma doğma olan bir şair kimi ona məhəbbət bəsləyir və demək olar ki, bütün şeirlərini əzbər bilirdim. Qarabağın qara taleyi başlayan zaman şəxsən tanış olduq.

İndi bilmirəm bu tanışlıqdan qazandığım çoxdur, yoxsa itirdiyim. Fikirləşirəm ki, şəxsən tanımasaydım, sevdiyim başqa şairlər kimi xatırlayardım onu. Şeirlərinə və istedadına görə heyifsilənərdim yoxluğuna. Bilməzdim o kimdir, necə adamdır. Amma indi hər kəsdə olmayan geniş və mərhəmətli bir ürək sahibinin, istəkli bir dostun, nadir xüsusiyyətlərə malik bir yol yoldaşının, əzəmətli bir eloğlunun, şərəfli bir azərbaycanlının, cəsarətli bir şairin və nümunəvi bir vətəndaşın həsrətinin acısını çəkirəm. Şahmar Əkbərzadənin yoxluğu hərəyə bir cür təsir edir, məni isə qəlbən yandırıb-yaxır. Şahmar müəllimə oxşayan adama rast gəlməmişdim. Fikirləşirdim ki, bu qədər həyat yolu keçəsən, dünyanın böyük şəxsiyyətləriylə ünsiyyətdə olasan, dostluq edəsən, dünyanın etibarsız və namərd olduğunu biləsən, ona şeir və yazı həsr edəsən, amma özün bu qədər təmiz, pak və təbii qalasan. Ətrafda tüğyan edən, cəmiyyəti bürüyən natəmizliyə bulaşmayasan.

Şahmar Əkbərzadənin şairliyindən, jurnalistliyindən danışmayacağam, çünki həmkarları bu barədə daha dürüst fikir söyləyərlər.

Mən bilirəm ki, bu böyük İnsanın ölümü ən çox onun ailə üzvlərinə, doğmalarına təsir edib, onlar bununla barışa bilmirlər. Lakin Şahmar Əkbərzadənin təmiz adı, şərəfli və mərdanə həyatı, dərin və müdrik kəlamları, xoş xatirələri övladları üçün ən böyük miras, ömür-gün yoldaşı üçün isə təsəllidir.

 

Şahin RÜSTƏMOV

525-ci qəzet .- 2025.- 30 avqust(№155).- S.18.