Həsb-hal

 

Sənin ruhunla danışıram, Şahmar! Sən tüstüyə həsəd aparardın ki, bu taydan qalxıb, o taydan göyə bülənd olan tüstümüzlə görüşür, dərdləşir. Göydə bir yer tapıb Yerdən, yerdəkilərdən qara-qorxusuz danışır. Ərşə çıxan  tüstülərimiz bizdən daha azaddırlar. Sən indi bizi göydən yaxşı görürsən. Göy üzü hələ doludur tüstülərlə. Bu tüstülər arasından yer baxırsan. Bu parça-parça olunmuş Vətəni göydən bütöv görürsən. Tüstülərin içində sərgərdansan, o yana, bu yana dolaşırsan. Amma, biz elə həmən gündəyik. Hələ də "Arazlanıb aramız", Qarabağ düyünü elə bağlanıb ki, açılmır ki, açılmır. Qarabağın qara baxtı ağarmır ki, ağarmır. Hələ da soyadımız "ov"dur. Sən bunları dönə-dönə demisən şeirlərində, İndi ruhsan. Qəm yemə, hələ indən belə də yüz illərə çatar sənin dediklərin.

Sənin türk dünyasını birləşdirmək istəyin - müqəddəs istəkdir. Sən türk dünyasını birləşdirmək istəyən körpü-adamlardan birisən. Sən iynə-sap kimi idin. Türküstan türkləri, Türkiyə türkləri, uzaq Sibir, Altay türkləri ilə görüşür, onları təzədən bir-birinə qovuşdurmaq istəyirdin. Sən bilirdin ki, bu türk millətlərindən biri özünü qurban verməlidir ki, o biriləri birləşsin. Bütöv olsun, dünyaya göz dağı çəksin. O millət biz ola bilərik, Şahmar! Amma hələ ki, Nuh necə görmüşdüsə bizi, elə o cürük.

Hələ də şair olmayanlar cild-cild kitab çıxarırlar. Şair olanlar susub, bir küncə çəkiliblər...

Sənin şeirlərindəki Vətən yanğısı səngiməyib. Yenə yanıqlı şeirlər yazırıq, amma iş görmürük. Şairi adamından çoxdur bu millətin. Amma sən əsl şair idin. Səninlə bir neçə dəfə səfərdə, görüşdə olmuşam. Şeir oxuduğunu görmüşəm. Şeiri oxuyub qurtarandan sonra orda yığışanları hara istəsən, apara bilərdin. Hamı sənin arxanca gedərdi ta Xankəndinədək, Təbrizədək, Dərbəndədək. Bu həsb-halı tüstü ilə başladım. Bu tüstü sənin od tutub yanan şeirlərinin tüstüsüdür. İndi özün də yanıb tüstü olmusan. İllah da ki, başıbəlalı bir millətin ocağından çıxan tüstü ola bu! Sən o tüstüyə bürünmüş ruhsan, Şahmar! Göydə ruhlar içində də seçilirsən bu libasınla.

Kaş gün o gün olaydı, yer üzündə acı tüstülər azalaydı, kəsiləydi. O gün gələcək. İnşallah! Sən də o günü görəcəksən, mən də! Yerdə də görməsəm, gələrəm bir yerdə görərik, Şahmar! Susursan, görürəm. Bu görkəmdə daha çox oxşayırsan özümüzə. Elə hey susmuşuq. Başımıza qapaz vurub, çörəyimizi əlimizdən alıblar, susmuşuq. Dilimizi əcnəbi sözlərlə doldurublar, susmuşuq. Sən Allah, üstündəki tüstünü çırp, bir az aşağı en. Bakının küçələrində dükan lövhələrinə və reklamlara bax, gör bir şey başa düşürsənmi? Biz baxıb görürük, susuruq. Gözümüzün qabağında 1928-ci ildən üzü bəri doğma Ana yurdumuzun parça-parça kəsilib erməniyə verildiyini görmüşük, susmuşuq. Sonra da unutmuşuq. Aləmə bildirməmişik. Buna görə bu günə qalmışıq. Dərs olmayıb bizə. Bütün dərsləri paxıllıq, namərdlik, satqınlıq, mərdimazarlıq dərslərini yaxşı bilirik. Tarix dərsini isə pis öyrənmişik. Keçmişini tanımayan gələcəyə gedə bilməz. İndi keçmişlə gələcəyi birləşdirəndi. Bu keçiddən üzüağ çıxmalıyıq.

Bu yazı sənin ruhunla həsb-halımdır, Şahmar! Sənin yadigar qoyduğun şeirlər dünya durduqca bizimlə həmsöhbət olacaq. Sənin millətinin gələcəkdə elə günləri olacaq ki, sən sevinəcəksən. Ruh olanda nə olar ki, o gün sən də dil açıb, bir şeir deyəcəksən.

 

Fikrət SADIQ

525-ci qəzet .- 2025.- 30 avqust(№155).- S.18.