Yaxşı dost,
etibarlı sirdaş, qüdrətli və zərif şair
"Şahmar Əkbərzadə mənim
üçün kimdir?" - deyə sorsalar, cavab verərəm:
- Yaxşı dost, etibarlı sirdaş,
inanılmış qəmkar. Üzünü görmək, səsini
eşitmək, söhbətlərini dinləmək istədiyim
gözəl, səmimi, təvazökar bir insan, Vətənini
və millətini bütün varlığı ilə sevən
vətəndaş, şeirlərinə aludə olduğum
gözəl şair.
Lakin bu sifətlərin hamısı bir yerdə həm
mənim üçün, həm də onu yaxından
tanıyanlar üçün Şahmarın kimliyini və
şəxsiyyətini tam açıqlaya bilməz.
Çünki o, şəxsən mənim üçün
saydığım bu sifətlərin hamısından ucada
duran daxilən zəngin bir insan idi.
Zəmanə onu çox incitdi. Birini tapanda, birini tapa
bilmədi. İstədiyi kimi yaşamadı,
sıxıntısı çox idi. Lakin mən bir dəfə
də onun dilindən şikayət eşitmədim,
çünki aza qane idi, şükran idi, dərdini öz
içində boğa bilirdi. O, öz dərdini elə bil ən
yaxın adamının belə çiyninə yükləməkdən
çəkinirdi.
Onun köhnə "İnturist"in kiçik
zalında keçirilən toy mərasimi bugünkü kimi
yadımdadır. Son dərəcə adi bir süfrə
başında ən yaxın dostları və qohumları, bir
də yalnız Habilin kamanı. Amma səmimi sağlıqlar və
xeyir-dualar! Buna görə də Şahmarın toyu mənim
üçün iştirakçısı olduğum
bütün dəbdəbəli toylardan gözəl və
yaddaqalandır.
Şahmar dörd övlad yetişdirdi. Onları
böyük çətinliklə böyütdü, təhsil
verdi, evləndirdi, hamısını işə düzəltdi.
Atalıq borcunu ləyaqətlə yerinə yetirdi.
"Allaha şükür" demək məqamında
gözlərini dünyaya yumdu. Elə bil övladlarına
bütün borclarını verib qurtarmağı gözləyirmiş.
Bu zəngin təbiətli insan, qüdrətli şair
ömrü boyu özünü gözə soxmadı.
Başını aşağı dikib öz işini
gördü. Şeir yazdı, məqalə yazdı. Amma
yazdıqlarını toplayıb kitab halında çap etdirməyə
tələsmədi. Müxtəlif qəzetlərə səpələnmiş
almaz dənəsi kimi büllur şeirləri və mülayim
xarakteri onu hamıya sevdirdi.
Çəkdiyi zəhmətin müqabilində
heç kəsdən heç nə ummadı. Ondan çox
aşağı səviyyədə olanlar çox şeyə
nail oldu, o isə dostlarının və yaxınlarının
təqdirindən başqa heç nəyə nail olmadı.
Türkiyədən gələn şair və alim
dostlarımla bizim evdə görüşər, mən
Şahmarı onlara təqdim edər və ona zorla şeirlərini
oxutdurardım. Türk dostlarımız onun şeirlərinə
valeh olar və bu şeirləri türk mətbuatına
göndərməsini xahiş edərdilər. Lakin o, bundan
çəkinərdi. Bir dəfə mən ondan təkidlə
tələb etdim ki, bir neçə şeirini türk ləhcəsinə
çevirib mənə versin (o, türk ləhcəsini
çox gözəl bilirdi). Mən özüm onları
Türkiyə mətbuatına göndərərəm. Eləmədi.
Nəhayət, mən özüm Qafqaz Universitetinin müəllimlərinin
köməyi ilə onun bir neçə şeirini Türkiyə
türkcəsinə çevirib göndərdim. Şahmar
yavaş-yavaş Türkiyədə də tanınmağa
başladı. Və onu Türkiyəyə və Kiprə dəvət
etdilər. Sonuncu dəvəti Kiprə idi. Lakin əcəldən
macal olmadı.
Onun şeir oxumağı da heç kəsinkinə bənzəmirdi.
O, ürəkdən yazdığına görə ürəklə
də oxuyardı. Onun şeir oxumasına da valeh olmamaq
mümkün deyildi. Buna görə də onun şeirlərini
öz dilindən eşitmək mənim üçün mənəvi
ehtiyac idi. O, yanmadan yazmadığına görə dinləyicini
də yandırardı. O, əvvəlcə, gözəl insan,
sonra şair idi. Axı, yaxşı insan olmadan yaxşı
şair olmaq mümkün deyil. Onun şeirindəki gözəl
hiss və duyğular şəxsiyyətindəki gözəllikdən
və bütövlükdən su içirdi.
Şahmar şeirinin gözəlliyi ilk növbədə
onun səmimiyyətində idi. O, nədən
yazır-yazsın, onu şeirləşdirə bilirdi.
"Mərkəzi poçtxana" şeiri Şahmar
səmimiyyətinin ən parlaq nümunəsidir.
Şair Mərkəzi poçtun qarşısında
dayanıb poçt vasitəsilə uşaqlıq və ilk gənclik
illərini keçirdiyi doğma kəndinə sevgisini və
bu sevgidən doğan həsrətini göndərmək istəyir.
Lakin bu mümkündürmü? Poçt onun böyük
sevgisini və böyük həsrətini doğma kəndinə
necə çatdırsın? Şeir də məhz elə bu
nöqtədən başlayır. Arzu və onun
mümkünsüzlüyü!
Mərkəzi poçtxana, əlac et yenə,
Havayı düşməyib buraya yönüm.
Pənah gətirmişəm yalnız mən sənə,
Gör bir neyləyirsən, gözünə
dönüm.
İlahi, poçta da "gözünə
dönüm" demək olarmış. Bəli, böyük
poeziyanın qüdrəti ilə yalnız insana deyilməli
olan sözü poçt binasına da demək olarmış. Burda
hisslər o qədər ülvi və təmizdir ki, biz onun bu
bədii "yalanına" da inanırıq. Daha doğrusu,
bədii sözün sehri ilə o, bizi inandırır.
Bu payız küsəcək məndən Qarabağ,
Yollarda qalacaq gözü yolların.
Payım budaqlardan özün asacaq,
Bağrı çatlayacaq gülöyşə
narın.
Heç demə, "yolların da gözü yollarda
qalarmış". Bu, sadəcə "yol"
sözünün məharətlə oynadılması deyil.
Macalı olmadığından doğma kəndinə gedə
bilməyən insanın yurd həsrətinin səmimi
etirafıdır. Adətən, yetişən narın budaqda
çatlamasını şair həsrətin
böyüklüyündən insan bağrının
çatlamasına bənzətməklə vəziyyətə
uyğun qüdrətli təşbeh yaratmışdır.
Meyvənin budaqlarda asılı vəziyyətdə
olması faktından məharətlə istifadə edən
şair "asılmaq" məsdərini dardan asılmaq mənasında
işlətməklə, doğma yurdunun öz övladına ərkyana
danlağının və öz günahının şəklini
çəkmişdir. Məhz şəklini çəkmişdir.
Qələm ustad əlində olanda sözlərlə
danlağın və etirafın da şəklini çəkmək
mümkündür. Kəndə gəlib meyvə payını
dərə bilməməsinə görə qınaq olaraq meyvənin
özünü budaqdan asması bədii təfəkkürün
zirvəsidir. Bu, sözə istədiyi mənanı verməyi
bacaran qüdrətli sənətkarın yaratdığı sənət
möcüzəsidir. Sonrakı bənddə şair yurd
töhmətinə, ana incikliyinə görün necə haqq verir:
Üstdə dizin-dizin iməklədiyim,
Torpağın könlünü nə təhər
alım?
Anamdır, bəs ona nə təhər deyim:
"Yanına gəlməyə yoxdur macalım"?
Şair ana torpağın ona olan haqlı incikliyini və
qınağını qəbul edir və onun yanına gələ
bilmədiyinə görə öz-özünü
danlayır. Bu misraları oxuyan oxucunun tüstüsü təpəsindən
çxır. Bu səmimiyyətin qarşısında kövrəlməmək
mümkün deyil.
Vətən haqqında çox-çox ritorik
şeirlər oxumuşuq. Lakin Vətən həsrəti və
yurd sevgisini bundan güclü necə demək olar? Burda haray-həşir,
küy-kələk yoxdur. Burda səmimi ürək
pışıltısı var. Çünki burda sözlər
hissə bürünüb, duyğuya bürünüb. Ona
görə də alovu üzümüzü qarsıdır:
Morze əlifbanı tanrı bilərəm,
Bu işi boynuna götürə bilsən.
Tamarzı könlümü bu saat, bu dəm
Bir acı yovşana yetirə bilsən.
Vətənin acı yovşanı Vətən həsrətini
çəkən bir insan üçün
qızılgülün ətrindən də gözəl və
cazibədar olur. Şair sözün sehri ilə bir yovşan
yarpağının ətrində Vətən həsrəti
çəkənin qəlbini döyündürür. Budur
sözün sehri, budur sözün qüdrəti!
"Tamarzı könlüm" deyiminin başqa yerdə
deyil, məhz elə burda işlədilməsinə heyran
qalmamaq mümkün deyil. İstər-istəməz atalar
sözləri yada düşür: "Vətənin
tüstüsü qürbətin ocağından gözəldir",
"Vətənin yovşanı qürbətin
qızılgülündən ətirlidir".
Sonrakı bəndlərdə isə şair poçt
ilə öz "həsrətini", "sovqat
öpüşünü" və yurd üçün
"sızıldayan" "burnunun göynərtisini"
"qızıl kövşənlərdə bildirçinlərə"
çatdırmaq istəyir. Bundan sonra isə şair bu
arzuların mümkünsüzlüyünü etiraf edir:
O yerə burnumun göynərtisini
Teleqraf telləri apara bilməz.
Poeziyamızın ən nadir incilərindən olan bu
ilahi şeiri dəfələrlə oxumuş, dəfələrlə
şairin özünə oxutmuş və hər dəfəsində
də göyüm-göyüm göynəmiş və müəllifini
bağrıma basmışam. Şedevr səviyyəsinə
yüksələn bu şeiri cəsarətlə "yurd həsrətinin
dahiyanə nəğməsi" adlandırardım.
Sərlövhəni oxuyanda düşünürsən:
poçtdan nə şeir? Amma şeirin sehrinə bürünəndən
sonra "şair nəfəsi qara daşı da şeirləşdirə
bilər" qənaətinə gəlirsən. Bəli,
şair nəfəsi ilə nəinki poçtxanadan, hətta
dəlləkxanadan, dabbaqxanadan da şeir yazmaq olar. Demək, əsl
məsələ nədən yazmaqda deyil, necə
yazmaqdadır.
Onun bir neçə şeirinin adını çəkmək
istəyirəm: "Köhnə ələk",
"Nağara", "Doğanaq", "Tüstü",
"Çayçı", "Armud ağacı",
"Ağıl dişi", "48 ölçülü
qadın paltarı" və s. Göründüyü kimi,
hamısı predmetdir. Çünki o, adi cansız predmeti
şeirleşdirə bilmə, hiss və duyğusunu isə
predmetləşdirmə qabiliyyətinə malik sənətkardır.
Əziz dostumun, qələm yoldaşımın qəfləti
vəfatı münasibəti ilə ona
ünvanladığım qayibanə məktubla
sözümü bitirmək istəyirəm.
Əziz qardaşım Şahmar!
Sənin ölüm xəbərini heç cürə
qəbul edə bilmədiyimdən, gözəl bir insana,
gözəl bir şairə vaxtsız ölümü
yaraşdırmadığımdan Sənə, Sənin pak
ruhuna məktub şəklində müraciət edirəm. Sən
dünyadanmı küsdün, zəmanədənmi incidin ki,
bu yaşda ölümü özünə rəva bildin? Sən
bütün dərdlərimizin ortağı, könüllərimizin
sirdaşı olduğun halda niyə dostlarını ağlar,
övladlarını yetim qoydun? Qarabağımızın
düşmən tapdağından azad olmasını görməmiş
Sən hara tələsdin? Axı, biz Səninlə əhd eləmişdik:
Əziz qardaşımız Xudunun doğma kəndi Mərzilidə
üz-üzə oturub bizi məğmun edən bu acı
günlərin ağrısını canımızdan
çıxaracağıq. Bəs nə oldu? Axı, Sən
heç vaxt nə dostlarınla, nə ömür-gün
yoldaşınla, nə də balalarınla
bağladığın əhdə vəfasız
çıxmamışdın.
Niyə doğma kəndinə bir daha baş çəkməmiş,
kənd yollarının gözlərini yolda qoydun? Sən ora
gedə bilmədin, amma biz Sənin ölüm xəbərini
telefon telləri ilə kəndinə çatdırdıq.
Doğma kəndin Çəmənlidə indi çəmənlər,
kövşənlər, bildirçinlər saçını
yolur, Sənin yasını tutur.
Sən bizim şeirimizdə özünə məxsus
təzə bir cığır açmışdın.
Bəs o cığırı geniş prospektə
çevirməmiş niyə ondan üz döndərdin? Sən
az yazdın, amma nə yazdınsa, düz yazdın, gözəl
yazdın, yalan yazmadın. Biz - Sənin dostların həmişə
Sənin yeni şeirini həsrətlə gözlər, onu
heyranlıqla dinlər və Sənə təkrar-təkrar
oxudardıq.
İndi mən bir həqiqətə inanıram ki, cismən
ölsən də, ruhunun ifadəsi olan dipdiri şeirlərin
Səni həmişə yaşadacaq.
Dilim gəlmir Şahmar sözünün yanında
ölüm sözünü yazmağa. Amma nə etməli?
Ölüm güclü çıxdı. Allah Sənə rəhmət
eləsin, əziz qardaşım, könül sirdaşım.
Məzarın qu tükü kimi yumşaq olsun.
Bəxtiyar VAHABZADƏ