Əməkdar artist
Abbas Qəhrəmanov: "Kino olmasaydı, yəqin ki,
axırım yaxşı olmazdı"
Müsahibimiz Əməkdar artist Abbas Qəhrəmanovdur.
Akademik Milli Dram Teatrında "Fəryad", "Cəzasız
günah", "Burla xatun", "Köhnə ev",
"Ölüləri qəbiristanlıqda
basdırın", "Ah Paris, Paris...", "Şah
Qacar" kimi tamaşalarda rol alan aktyor "Yanmış
körpülər", "Günaydın, mələyim!",
"Yaddaş", "Qaranlıqlar çiçəyi",
"Qırmızı bağ", "Ağ tük",
"Əqrəb mövsümü", "Alatava" kimi
serial və filmlərdə də çəkilib.
Əməkdar artist Abbas Qəhrəmanovla söhbəti
təqdim edirik.
Abbas müəllimlə Atatürk parkında
görüşüb söhbət edəcəyimiz məkana
doğru addımlamağa başladıq. Elə
görüşən kimi söhbətimizin təməli
atıldı. Bir də gördüm ki, Abbas müəllim
artıq ona verəcəyim sualları da cavablayır.
- Abbas müəllim, demək olarmı ki,
özünüzü kinoda tapmısınız?
- Kino, teatr... fərqi yoxdur. Hər ikisi aktyor sənətidir.
Amma kinoda aktyor müəllif ola bilir, teatrda isə öz istədiyini
təqdim etmək üçün uyğun materialın və
rejissorun olmalıdır. Mən obrazı gördüyüm
kimi təqdim etməyin tərəfdarıyam. Düzdür, bəzən
buna qarşı çıxırlar. Amma mən öz yolumla
getmişəm, oynamışam. Sonra daşqalaq olunmuşam,
teatrdan çıxarılmışam. Belə çətin
yollar çox olub. Heç vaxt elə olmayıb ki, daimi
repertuarda olum, rollarım olsun. Mən həmişə nəsə
yaratmağa çalışmışam. Kino isə mənə
yol açdı, imkan verdi. Kino olmasaydı, yəqin
özümə qapanardım, axırım yaxşı
olmazdı (Gülür).
- Son dəfə teatrda nə vaxt səhnəyə
çıxmısınız?
- Sonuncu dəfə 2019-cu ildə. Bu yaxınlarda da bir
tamaşada kiçik obrazla çıxış etdim.
- Uzun müddətdir teatrda olmamağınızı
rejissorlarla problem yaşamağınızla əlaqələndirmək
olarmı?
- Rejissorlarla problem baxış məsələsidir.
Filmlərdə belə deyil, mənimlə
razılaşırlar. Amma teatrda müəyyən çərçivəyə
salmaq istəyirlər. Teatrda tamaşa bir-iki nəfərin
üzərində qurulur, pyesin qəhrəmanı üzərində
deyil. Digərləri ikinci planda qalır. Belə olduqda sən
öz gücünü, düşüncəni ortaya qoya
bilmirsən.
- Çox vaxt rejissorlarla problemlər
yaşadığınızı deyirsiniz. Bəs niyə
öz tamaşalarınızı qurmadınız?
- 1995-ci ildə Həsən Turabov mənə dedi ki,
tamaşa qur. Görürdü ki, Azərpaşa Nemətova
kömək edirəm, mənim rejissorluq
bacarığımı sezmişdi. "Yolka"
tamaşasını mənə verdi. Qurdum və çox
yaxşı qəbul olundu. Amma müəyyən tələblərim
vardı. Dedim ki, aktyorlar eyni vaxtda bir neçə tamaşada
oynayır, amma bir maaş alırlar. Halbuki teatr pul
qazanmalıdır, xüsusilə də Yeni ildə gəlir
artır və bu, aktyorlarla bölüşülməlidir. Həsən
müəllim sağ olsun, təklifimi qəbul etdi və hər
çıxışa qonorar yazıldı. İndi də o
sistem qalır.
Sonra yenə tamaşa qurmaq təklif olundu. Amma aktyorlar
məşqlərə gecikirdi. Aktyor rejissorluq edəndə onu
bəh-bəhlə qarşılamırlar. Bəziləri qəbul
edir, bəziləri inanmır. Çünki çoxu müəyyən
rejissorların dəstəsində olur. Mən rol vermək istəyəndə
tərəddüd edirdilər. Sonra başqa tamaşa
götürdüm, aktyor tamaşası idi.
Çalışdım ki, onların potensialı üzə
çıxsın. Hətta mənim tamaşamda rol alandan sonra
işə qəbul edilənlər də oldu. Amma sonradan
gördüm ki, maraq azdır, məşqlərə gələn
yoxdur. Mən sistem yaratmaq, təkliflər irəli sürmək
istədim. Amma heç kim dinləmədi. Ona görə də
tamaşa qurmaqdan imtina etdim. İllərdir təklif edirəm,
"hə" deyirlər, amma addım atmırlar. Mən də
artıq həvəsimi itirmişəm. Əslində sistem
olsaydı, çoxdan uğur qazanmışdıq. Mən
aktyorları yalnız maaşa görə işlədə bilmərəm.
İndi maaş yaxşıdır, amma daxili stimul yoxdur. Əgər
hər tamaşadan qonorar alsaydılar, yanaşmaları tamam
başqa olardı. Bu olmadığı üçün mən
də kənara çəkildim.
- Əgər rejissor olsaydınız və öz aktyor
dəstəniz olsaydı, kimləri dəvət edərdiniz?
- Rejissorun öz aktyorlarını seçib tamaşa
qurması böyük xoşbəxtlikdir. Amma mənim belə
imkanım olmayıb. Çünki mənə inam az idi. Bəzən
özüm də düşünürdüm ki, bəlkə
də rejissorluğum yoxdur. Amma həmin aktyorların
ifasına baxanda görürdüm ki, elə onlar özləri
də obrazı oynaya bilmirlər. Mənə təklif gələndə
isə heç vaxt pula görə imtina etməmişəm, həmişə
səhnəyə çıxmışam.
- Amma bəzi aktyorlarımız rejissorluqdan teatra gəliblər.
- Bəli, amma burada başqa məqamlar da var. Mən
"Yolka"nı quranda rəhbərlikdən biri gəlib Həsən
Turabova etiraz etdi ki, niyə Abbas Qəhrəmanov tamaşa
qurur, guya rejissor yoxdur? Halbuki rejissorların çoxu
aktyorluqdan gəlib. Dəfələrlə uğursuzluq olub,
amma onlara şərait yaradılıb və nəticədə
alınıb. Bizdə isə belə şərait olmur.
İndi biz filmdə çəkiləndə hər kəs
müəyyən sərhədlərə riayət edir ki,
iş getsin. Heç kim iclas çağırmır, hamı
öz işini görür. Bilir ki, sonda qonorarını
alacaq. Bu sistem teatrda da olmalıdır. Əvvəllər kino
teatrdan öyrənirdi, indi teatr kinodan öyrənməlidir.
Tamaşaçı və teatrın repertuarı müəyyən
etməlidir ki, kim layiqdir? Yoxsa iclaslarla, dəstəbazlıqla
iş getməz. Mən rejissoramsa, ürəyim istədiyi
aktyora rol verə bilərəm. Amma tamaşaçı qəbul
edirmi? Mədaxil varmı? Bunlar açıqlanmalıdır.
Yoxsa "istədim belə etdim" yanaşması dəstəbazlığa
gətirir.
Sovet dövründə nəzarət, intizam vardı.
Qışqırmaqla, təhqirlə nəsə əldə
etmək olmaz. İndiki dövrdə inandırmaq və şərait
yaratmaq lazımdır. 30 il səhnədə olan aktyorun
işini bilməlisən. Tamaşalarda səhnələri kəsirlər,
rolların mahiyyətini azaldırlar. Mən rejissor
olsaydım, buna imkan verməzdim. Teatr məbəddir, amma 200 il
əvvəlki formada qala bilməz. Onun strukturu yenilənməlidir
ki, məbəd yenidən canlansın.
- Əməkdar artist adına layiq
görülmüsünüz. Sizcə, bu,
yaradıcılığınıza verilən dəyər
baxımından kifayətdirmi?
- Mən bir dəfə təklif etmişdim ki, fəxri
adlar ləğv edilsin, əvəzində pul verilsin. Kapitalizm
dövrüdür. Sonradan gördüm ki, bu adlara da pul
yazıldı. Amma sənət fəxri adla
ölçülmür. Sənət tamaşadan alınan
qonorar və tamaşaçı sevgisi ilə
ölçülür. Bəziləri ad almaqla
ömrünün boşa getmədiyini sübut etməyə
çalışır. Mənim üçün əsas odur
ki, oynadığım rol yaddaşlarda qalsın və
qazancım əməyimə dəysin.
- Heç olubmu ki, Abbas Qəhrəmanov adının
kölgədə qaldığını düşünəsiniz?
- Mən heç vaxt öndə olmamışam.
Yubileyim olur, amma yada salan yoxdur. Bununla belə,
tamaşaçılar qarşısında aciz deyiləm.
Onların reaksiyalarını görürəm, işimin
boşa getmədiyini bilirəm, bu, mənə bəs edir. Amma
dəyərləndirmə yoxdur. Bəzən üzümə
xoş sözlər deyirlər, amma mən istəyirəm ki,
yaradıcılıq barədə fikir bildirsinlər. Təəssüf
ki, etmirlər, çəkinirlər. Bunun səbəbini
başa düşmürəm.
- "Əqrəb mövsümü" gözləntilərinizi
doğrultdu?
- Bəli, Emil Quliyevlə əvvəlcə başqa
bir materiala görə danışdıq. Dedim çəkilərəm,
amma ssenarinin yarısı dəyişilməlidir.
Alınmadı. Sonra Emil gəlib dedi ki, gərək sizə
qulaq asardım. Dedim problem yoxdur. Koppola "Xaç atası
2"ni çəkəndə Al Paçino deyir ki, ssenari dəyişilməlidir.
Koppola da dəyişir. Hansı ki, bu adamın birinci filmi
reytinqlərdə rekord səviyyəyə çatıb, Oskar
alıb. Amma bir həftə sonra Al Paçinonun dediklərini
düzəldib gətirib. Məndə də həmin vəziyyətdir.
Rolun müəllifinə bir fikir gəlirsə, onu etmək
lazımdır. Emil Quliyev birinci dəfə qulaq asmadı,
ikinci dəfə gələndə dedim qulaq asmırsan axı
mənə, dedi bu dəfə qulaq asacağam. Ssenarini oxudum, ləzzət
elədi, heç pulu belə soruşmadım, çəkildim.
- Bəs "Alatava" necə?
- Bəyəndim onu da.
- Orada da dəyişikliklər etdiniz?
- Yox, elə məqamlar olurdu ki, Əlixan özü məni
dəqiqliklə yönəldirdi. Rejissor kimi dəqiq işləyir.
Heyif ki, davamı olmadı. Bu film estetikasında işlər
yoxdur.
- Sizi uzun müddətdir kommersiya filmlərində
görmürük.
- Təklif yoxdur.
- Niyə?
- Niyəsini bilsəydim, elə xoşbəxt adam
olardım ki. Bəlkə siz bilərsiniz?
- Bəlkə sırf mənfi obrazları, mafiya tipli
rolları canlandırığınıza görə?
- Aktyor mənfini də oynamalıdır, müsbəti
də. İndi mənə daha çox bu obrazı uyğun
bilirlər, mən də oynayıram. Bilirsiniz, rejissor daha
çox özünü qabağa çəkir, aktyoru yox,
gördüyü işi özü üçün edir. Abbas
Qəhrəmanov bu obrazı yaxşı oynayır, onun
üçün belə bir ssenari yazım. Belə yanaşma
bizdə yoxdur. Dəyər vermirlər. Teatrda digər
aktyorlara tamaşalar qurulurdu, amma mənə yox. Kinoda da yox
idi, amma indi alınır.
- Başımız söhbətə elə
qarışdı ki, heç soruşmadım, necəsiniz?
- İndi yaxşıyam. Amma tam yaxşı olmaq
mümkün deyil. İnsan həmişə suallar içində
olmalıdır. Axtarışlar etməlidir. Əgər bunlar
varsa, yaxşıyam, yoxdursa, yox. Yaradıcı iş olanda
oluram əla, olmayanda üzümü görmə, əsəbi
oluram. İndi düzəlmişəm, əvvəl lap pis idim.
İçimdə olan yaradıcılıq enerjisini ortaya qoya
bilmirdim, birtəhər olurdum. İndi isə yaxşıyam.
- Təki yaxşı olun.
Ləman İLKİN