"Davam etsəydim,
indiki yazıçıların səksən faizindən
yaxşı yazardım"
Əməkdar jurnalist İlqar Əlfi: "Mənim
düşüncəmə görə, əgər yazmaya bilərsənsə,
yazma"
Ötən ay Azərbaycan mətbuatının 150
illik yubileyi ərəfəsində böyük bir jurnalist
qrupu fəxri adlara, mükafatlara layiq görüldü.
Çoxlarını narahat edən "hamı layiq idimi"
sualının cavabını yazarlar cameəsi yaxşı
bilir. İstənilən halda bizə hamını təbrik
etmək düşür, çünki ümumi bir
adımız var - jurnalist.
Amma nə yaxşı ki, bu ümumi adın içindən
sıyrılaraq əlində tutduğu qələmə
hörmət edən, yazısının çəkisini bilən,
imzasına dəyər verən, adının
qarşısında peşəkar sözü yer alan, cəmiyyətdə azalmaqda olan elit təbəqəni
qorumağa çalışan Söz adamları var.
Bugünkü şənbə qonağımız da
söz adamıdır, özü də indinin yox.
Tanışlığımız uzaq 70-ci illərdən
başlayıb, təhsil aldığımız eyni məktəbin
divarları arxasından. Sonra hərə öz yolu ilə
gedib və bir də 80-ci illərin ortalarında yenə də
eyni divarlar arxasında rastlaşdıq, lakin bu dəfə
artıq başqa ünvanda. AzTV adlı məkan hər ikimizin
yaradıcı ünvanı idi. Onu həmişə tələsən
görürdüm, sanki vaxtın onu qabaqlayacağına imkan
verməkdən ehtiyat edirdi. Dəhlizdə, həyətdə
rastlaşanda bir nəfəsə soruşardı: "Salam,
necəsən? Nə var, nə yox? Evdə salam de". Yenə
də illər keçdi, dövran dəyişdi, hərənin
yolu öz səmtinə yönəlsə də, imzasına
da, sosial şəbəkə üzərindəki
paylaşımlarına da rast gəlirdim. Bu ilin baharında 70
yaşı tamam oldu, ötən ay isə Əməkdar
jurnalist adına layiq görüldü. Və
düşündüm ki, bu əsnada daha bir söz adamı ilə
müsahibə yerinə düşər. Müsahibimiz tərcüməçi,
yazıçı, teleaparıcı, Əməkdar jurnalist
İlqar Əlfidir.
- Adını siyahıda görəndə
düşündüm ki, hər şey zamanında gözəldir
və mənə bir qədər gecikmiş kimi gəldi...
- Elə şey var zamanında gözəldir, eləsi
də var həmişə gözəldir. Sırf sənin nəzərdə
tutduğun məsələdə mənim fikrim fərqlidir.
İndiyə qədər bu adın gərəkli-gərəksiz
paylanması başqa söhbətdir. Bu il həmin fəxri
adı alanların siyahısı tam fərqli oldu. Təqdimatda
ad alanların tərkibinə diqqətlə baxdım. Mənim
qədər üzdə olmasalar da, hamısı dəyərli
insanlar idi. Aralarında elələri vardı ki, 90-cı illərdən
onları tanıyıram, sadəcə olaraq mən çox
aktiv biri olduğumdan həmişə gözə
görünmüşəm. Mənim əqidəmdə Əməkdar
jurnalist adını 60 yaşdan tez vermək lazım deyil. Bu
ada layiq görülən adam əvvəla əsl jurnalist
olmalıdır, ikincisi əməkdar olmalıdır. Birinin
işinə yarayıb, o birisini tərifləyib,
üçüncüsünün seçkilərində vəkil
kimi iştirak edib meyarları ilə fəxri ad verməzlər.
Mənim fəxri adım on il yubanıb, yəqin ona görə
ki, digərlərindən fərqli olaraq, piyada gəlib.
- Düşünmək olar ki, səni qələmlə
dostlaşdıran yetişdiyin ədəbi mühit olub...
- Təbii ki... Yetişdiyim ədəbi mühit və
ailəmizdəki şərait. Həmişə deyirəm ki,
biz yazıçı övladları müxtəlif ixtisaslar
üzrə oxuya bilərik. Amma haradasa işimiz tutmasa, əməlli-başlı
yaza bilərik. Bizim bacardığımız və ümidinə
qaldığımız son iş qələmdir.
İxtisasından asılı olmayaraq, bir yerdə ilişən
axırda qələmə sarılacaq, yəni aramızda bunu
bacarmayacaq biri yoxdur. Şərqşünaslıq fakültəsində
oxuyanda düşünürdüm ki, təhsili bitirəndən
sonra xaricdə işləyəcəyəm. Bu
düşüncə ilə bir neçə dəfə də
xaricə gedib qayıtdım. İxtisasım fars dilidir və
elə oldu ki, dövran dəyişdi, ara açıldı.
Burada bildilər ki, İrandakıların böyük qismi Azərbaycan
dilində danışır. Özləri birbaşa əlaqə
yaratmaqla, tərcüməçiyə ehtiyac görmədilər.
Müstəqillikdən sonra düşünürdüm ki,
xarici siyasətdə ən çox
şərqşünaslığı bitirənlərdən
istifadə olunar. Yəni hər hansı diplomatik işə
keçə bilər və ya xaricdə işləyə bilərəm.
Amma nə oldu? Müəllimi, mühəndisi diplomat etdilər,
şərqşünaslar, xarici ölkələrlə işləyənlər,
dünyadan xəbərdar olanlar qaldılar bekar. Mən təyinatla
Azərbaycan radiosuna gəlmişdim və Cənubi Azərbaycan
redaksiyasında müxbir, böyük redaktor kimi
çalışmışdım. Sonra dedilər ki,
yaxşı jurnalistsən və götürdülər
televiziyaya. Dediyim odur ki, bizim əlimizdən yaza bilmək
bacarığını almaq olmaz.
- Dediklərindən belə çıxır ki, yazmaq
asandır...
- Danışmaq qədər olmasa da, asandır, tərcümədən
qat-qat asandır. Bir zamanlar yazıçı olmaq da xəyalımdan
keçib. Bir hadisə danışım. 1980-ci illərdə
bir hekayələr toplum "Gənclik" nəşriyyatında
planda idi. Vəziyyət elə gətirdi kitabın
çapı iki il yubandı, o zaman belə ertələmələr
olurdu. Bir gün yazıçı Mustafa Çəmənli zəng
çaldı ki, sənin burda qovluğun var, bu il kitabı
çap edəcəyik, gəl onu bir də nəzərdən
keçir. Bu o zaman idi ki, artıq iki il idi
"Dalğa"nın aparıcısı idim,
dünyanın iç üzünə artıq bələd
olmuşdum. Gəldim redaksiyaya, elə oradaca qovluğu
açdım və oxumağa başladım.
Öz-özümə dedim ki, bu nə bəsit şeylərdi
yazmısan, çünki o zaman həyatı yaxşı
tanımırdım. Dedim ki, mən bu kitabın
çapına razı ola bilmərəm. Mustafa Çəmənli
soruşdu ki, niyə? Dedim ona görə ki, sizin
ucbatınızdan kitabın çapı iki il yubanıb, o
zaman bu boyda idim, amma indi böyümüşəm. Davam etsəydim, indiki
yazıçıların səksən faizindən
yaxşı yazardım. Amma bunu istəmədim. Mənim
düşüncəmdə əgər yazmaya bilərsənsə,
yazma. O şeyi yaz ki, onu yazmasan ölərsən.
- Əvvəldə belə bir fikir söylədin:
"Dedilər yaxşı jurnalistsən, götürdülər
televiziyaya". Keçək jurnalistin kimliyinə...
- Mən özümü jurnalist hesab etmirəm,
çünki onu bir ixtisas kimi oxumamışam. Bu gün də
özümü şərqşünas sayıram. Jurnalistlik
isə məndə qeyri-təvazökarlıq kimi səslənməsin,
fitri istedaddır. Olub ki, məni jurnalistikadan dərs deməyə
dəvət ediblər. Mən bilmədiyim sahədən necə
dərs deyə bilərəm. Olsa-olsa öz təcrübəmdən
çıxış edərək, müsahibəni necə
almaq olar, özünü cəmiyyət içində necə
apararlar, problem görəndə nə edərlər kimi məsələlərdən
danışa bilərəm. Jurnalistin kimliyi dövrdən
asılıdır. Jurnalist həyatı
yaxşılaşdırmağa
çalışmalıdır və əgər bunu edə
bilirsə, əhsən ona. Jurnalist problemlə mübarizə
aparmağı bacarmalıdır. Jurnalist radikal
olmamalıdır, siyasətçi radikal ola bilər. Jurnalist
siyasətçidən çox bilməlidir. Jurnalistin
bütün sahələrdən ən azı məktəbdəki
"4" qiyməti səviyyəsində təsəvvürü
olmalıdır. Bu gün cəmiyyət qorxulu bir uçurum kənarındadır.
Jurnalist dövlətlə cəmiyyət arasında bir
körpü olmalıdır. Yaxşı jurnalist hər zaman nə
yazdığını və niyə yazdığını
bilir. Düzü düz yazır, qalanını da həmvar. Yəqin
ki, fikir vermisən, sovet dövründən sonra janrlar itib.
Oçerk yox, zarisovka yox, reportaj yox. İndi normal yazanlar
felyeton yazır. Dərd orasıdır ki, onu bilməyən də
yazır. Bir müqayisə edim. Sovet dövründə
demokratiya biz istədiyimizdən az idi. Amma həmin dövrdə
"Kirpi" jurnalı, "Mozalan" kimi toplu
çıxırdı. Bu gün onlardan heç olmasa bir
nömrə çıxarmaq olar? Bostanına daş
atdığın məmur bir günün içində səni
şərləyib qara yaxar.
- Deməli ki, 150 yaşlı mətbuatımızın
bu günü səni qane etmir...
- Təbii ki, qane etmir... Mətbuatın bu
gününun məni qane etməsi üçün gərək
Sabirin "Hophopnamə"sində yazılanlar
dövrümüzdə aktual olmasın. Ona görə də
mentalitetimiz dəyişib deyə haray çəkənlərə
xitabən deyirəm, XX əsrin əvvəlində Sabirin
yazdıqları bu günlə səsləşirsə, bu o
deməkdir ki, mentalitet necə var, elə də qalıb. Bəli,
biz daha bahalı maşın sürə bilərik, bahalı
yerlərdə nahar edə bilərik, daha bahalı toylar edə
bilərik, lakin mentalitetimiz 250 il əvvəl necə idisə,
elə də qalıb. Cəfər Cabbarlının
dövründə kompüter yox idi. Lakin o, yazdığı
məqalələrdə saysız mənbələrdən
sitatlar gətirib. Bunu axtarıb tapmaq, bir-birinin ardınca əlaqələndirmək
lazım idi. O, bunu edib. İndi informasiya və texnologiya
dövründəyik və bir sorğu verən kimi kompüter
istədiyimizi düzür qarşımıza. Amma bunu edən
yoxdur. Niyə yoxdur? Ona görə ki, əgər bir mətbu
orqanı jurnalistin əməyini, əmək sərf edib
apardığı araşdırmanın maddi
qarşılığını verə bilmirsə,
yaxşı yazı tələbi real deyil.
- "Desəm öldürərlər"
düşüncəsilə yaşayan qələm əhlinin
yəqin ki, ehtiyat etdiyi bir cizgi var...
- Əslində "Desəm öldürərlər"
o deməkdir ki, demə. Deməli, sən deyəcəyin
sözü ərsəyə gətirənə kimi ona
yaxınlaşmaq üçün kifayət qədər
variantlar var. "Desəm öldürərlər" son
nöqtədir. Sən bunu görə-görə gəlmisənsə,
niyə birdən deyirsən?
Söyləmək istədiyini yavaş-yavaş deyə-deyə
gəlsən, öldürməzlər səni. Amma durub qəfildən
söyləyəndə, əlbəttə ki, öldürəcəklər.
- 80-ci illərin ortalarında Azərbaycan efirinə
bir "Dalğa" gəldi...
- O zaman Rusiya kanalında "Vzqlyad" verilişi
açılmışdı. İlk veriliş Mərkəzi
televiziya rəhbərliyi tərəfindən bəyənildi və
bütün respublikalara göstəriş verildi ki, bu səpkili
veriliş hazırlasınlar. "Dalğa" həmin
verilişdən ayyarım sonra efirə çıxdı.
Verilişin məqsədi yenidənqurmanı camaata izah etmək
idi. O zaman AzTV-də 30-40 il kök salmış təbəqə
vardı, hansı ki yeni gələn gənclərə səsini
çıxarmağa imkan vermirdi. Lakin sədr Elşad Quliyev
"Dalğa"nın ətrafında elə mühit
yaratdı ki, heç kəsin bizə söz demək haqqı
olmadı. Bizləri elə seçdi ki, dövlətçilik
və xalqdan savayı amalımızın olmadığına
əmin idi. "Dalğa" cəmiyyətin
gözünü çox açdı, çünki sovet
dövründə xeyli qadağalar vardı. Biz bir növ o
qadağaları sındırıb keçirdik. Bizə mane
ola bilən yox idi. Televiziyanın rəhbərliyi elə
imkanlar yaratmışdı ki, respublikanın birinci katibi,
baş nazir zəng çalaraq aparıcının özü
ilə danışırdı, fikrini söyləyirdi, təklifini
verirdi.
- Həmişə təəssüf etmişəm ki,
bizdə uzunömürlü verilişlər olmayıb.
Tamaşaçının səbirsizliklə gözlədiyi
"Dalğa"nı tez yatırtdılar...
- "Dalğa" yenidənqurma siyasətinin bir
növ yetirməsi idi. Hökumətlər dəyişdiyi
kimi, siyasət də dəyişir. Bizdə ən
çatışmayan və qüsurlu cəhəti istənilən
rəhbərin özündən əvvəlki rəhbərlərdən
qalan yaxşı şeylərlə də qarşı
müharibə aparmağıdır. "Dalğa"nın
yaradıcısı Elşad Quliyev idi. Ondan sonra gələn sədrlər
nə illah etsəydilər də, "Dalğa" onun
adı ilə bağlı qalacaqdı. Və təbii ki,
verilişin onların rəhbərliyi dövründə getməyini
istəməzdilər. Onlar üçün xalq tərəfindən
sevilən veriliş, tamaşaçı məhəbbəti
qazanan aparıcı anlayışı olmur. Nadir nümunədir
ki, üstündən 30-40 il il
keçməyinə baxmayaraq, "Dalğa"nın sədası
hələ də qalıb, o yaş dövrünün
tamaşaçısı məni yenə tanıyır,
görəndə verilişdən suallar verir. Bu, hər
verilişə və teleaparıcıya nəsib olan deyil. Amma
küll halında götürəndə televiziya
aparıcı birgünlük kəpənək ömrü
kimidir. Veriliş varsa, sən də varsan. Bağlandısa, sən
yoxsan. Əslində bunun tamam başqa köklü bir səbəbi
var. Mən onu heç zaman deməmişəm, indi də deməyəcəyəm.
- Günümüzdə əksər televiziyalar
mövzu qıtlığı yaşayır...
- Çünki cəmiyyətdən xəbərləri
yoxdur. Dərd ondadır ki, indiki qədər mövzu heç
zaman olmayıb. Dövlətin himayəsində iki televiziya
kanalı var. Qalanlarına deyilib ki, necə istəyirsən
dolan, məndən maliyyə gözləmə. Televiziyalarda
savadlı kadrlar az deyil. Televiziya rəhbəri bilir ki,
tamaşaçının zövqünü oxşamasa,
onların tələbatına cavab verməsə, reytinq cədvəlində
görsələr ki, baxıcısı azdır, onun
kanalını bağlayacaqlar. Ona görə də maddi maraq
qarşılığında efirə musiqiçi dəvət
edir, gəlinlə qayınananı canlı yayımda
dalaşdırır ki, reytinq qazansın və beləcə,
uçuruma gedə-gedə özlərini hələ ki
saxlayırlar. Məgər bizim vaxtımızda, sovet
dövründə belə verilişlərə icazə verilsəydi,
onlara baxan olmayacaqdı? Təbii ki, olacaqdı, lakin
"Dalğa" kimi verilişlər
tamaşaçısız qalacaqdı. Yenə deyirəm, bu
televiziyaların sonu uçurumdur.
- Bütün bu yaşanalarla yanaşı, İlqar
Əlfi tərçüməçidir, son illərə qədər
Tərcümə Mərkəzində çalışıb.
Bir az da tərcümə və tərcüməçi
haqqında danışaq...
- Tərcüməçi əsərini tərcümə
etdiyi müəllifi Azərbaycan dilində danışdıra
biləndir. Həmin müəllifin
danışdığını Azərbaycan dilində deyən
deyil. Tərcümədə tərcüməçi deyil,
müəllifin özü olmalıdır. Bunu bilən və
bacaran tərcüməçidir, bilməyən də
dilmancdır. Əksəriyyət, istənilən xarici müəllifin
rus dilinə olan tərcümələrini həmişə tərifləyir.
Ona görə tərifləyir ki, rus dilinə tərcümə
bazarı dünyanın ən zəngin və
formalaşmış bazarıdır. Heç bir ingilis fərz
edək ki, fars dilində əsəri rusun öz dilində
verdiyi qədər səviyyəli edə bilməz. Onların
tərcümə bazarı XVII əsrdən, almanlardan,
fransızlardan ilk kitabları gətirdikləri zamandan
formalaşmağa başlayıb. Orada rəqabət
çoxdur. Əgər onlarda iyirmi nəfər ispan dilindən
tərçüməçi varsa, bizdə sovet
dövründə iki yüz min adam rus dilini savadlı şəkildə
bildiyi halda, iyirmi nəfər normal tərcüməçi
tapmaq olmurdu. İndi gör səviyyə etibarilə nə qədər
geridəyik. Tərcümənin problemləri çoxdur.
- Uğurlu tərcümə həmişə olmur...
- Əslində deyirlər ki, tərcüməçi
ən əvvəl əsəri oxumalıdır. Mənim isə
öz sistemim var. Tərcümə etdiyim əsərlərin
doxsan faizi mənim zövqümü oxşamır və
onları tərcümə etməkdən imtina edərəm.
Lakin bu, mənə iş olaraq verildiyi üçün həmin
əsəri tərcümə edə-edə həm də
oxuyuram, axırını gözləyirəm. Əgər əvvəlcədən
əsəri oxumuş və sonunu bilmiş olsam, inan ki, tərcümədə
can çəkərəm. Lakin mən əsərin orta hissəsindən
iki-üç səhifə oxuyuram görüm bu müəllifin
ruhu mənə uyğun gəlir, ya yox? Onun demək istədiklərini
dərk edə bilirəmmi? Tərcümə işimi
özüm üçün belə qurmuşam. Onu da deyim ki,
tərcüməçi ildən-ilə daha da təkmilləşir,
yəni bu, peşəkarlara məxsusdur.
- Belə deyim də, özün şəhər
uşağısan, amma bilirəm ki, əslən köklü
qarabağlısan. Uzun ayrılıqdan sonra ilk
gördüyün Qarabağ...
- Qələbədən sonra mən o torpağa
Prezidentin ilk dəfə Ağdama səfəri zamanı ayaq
basdım. Ağdamın yeni layihəsinin təqdimatı idi. Səfərdə
Ağdamdan otuza yaxın insan iştirak edirdi, tərkibə məni
də daxil etmişdilər. Ondan sonra özüm dəfələrlə
Ağdama getmişəm, aparılan işlərlə tanış
olmuşam, camaat arasında ağlım kəsən təbliğatı
aparmışam, insanları səbrli olmağa
çağırmışam. Yaşlılar çox tələsir
ki, ömür vəfa etməz, evlərimizi tez versinlər.
Onları anlasam da, düşünmək lazımdır ki, qoy
bundan sonra sənin övladının, nəvələrinin gələcəyi
rahat və sakit olsun. Ağdam camaatının fərqli bir
xüsusiyyəti var. Onlar yaxşı, rahat, bəzəkli yaşamaq uğruna
canlarından belə keçərlər. Ağdama
köç böyük bir prosesdir. Yaşlı təbəqə
keçmişlə yaşayır və sanır ki,
ayrıldığı Ağdama qayıdacaq. Bu da başadüşüləndir.
- Zamanında gördüyün Ağdamdan qalan izlər...
- Heç nə tapa bilmədim, məsciddən
savayı. Onun səmtilə təqribən bildim ki, sağda nə
vardı, solda nə. İndi heç biri yox idi. Lakin o
xarabalıqları görmək, görməyib xəyalını
yaşamaqdan qat-qat yüngüldür. Mən nikbin adamam,
gördüklərimdən qəti kədərlənmədim,
çünki artıq torpağın sahibi kimi gəlmişdim
buraya. Məni yalnız buraları tikməyin zəhmi
basdı. Allah dövlətimizə qüvvət versin. Yeganə
istəyim odur ki, mənə bir iş versinlər
köçüm Ağdama. Torpağında binəsindən
olmağın duyğusu tamam başqadır.
SÖZARDI: Ağdamı
görmüşəm - 1993-cü ilin iyun ayının əvvəlində.
Tək şəhəri görmədim, içində
daşıdığı ağrını, qorxu içində
yaşasalar da, insanlarının qayğısını, Mərzilini,
Şelliyə doğru uzanan yolları, əsgərlərimizin
Qan çanağı adlandırdığı yüksəkliyin
ətəyini gördüm. Ağdam yaddaşımda belə
qalıb. Və bu yaddaşa toxunmaq istəmirəm, qoy belə
də qalsın...
Tamilla M-ZADƏ