"O bunu etməz..."
Türkiyədə xalq Rusiya siyasətindən o qədər
uzaqdır ki, bəzən sənə elə gəlir, birinci tərəfin
böyük əksəriyyəti ikinci tərəfi ümumiyyətlə
tanımır. Bu günlərdə bir ortamda Rusiya-Ukrayna
müharibəsi ilə bağlı müzakirə
açılanda əksəriyyət demək olar ki, hamı
"Putin bunu etməz, o, qadınların, uşaqların
olduğu nöqtələri vurmağa qoymaz" dedi.
Aralarında xanımı ukraynalı, özü Türkiyədə
doğulub böyüyən bir nəfər Azərbaycan
örnəyini nümunə göstərdi, SSRİ-dən
AZAL-ın təyyarəsinin vurulmasına qədər hər
şeyi danışdı... Amma yenə də bilmədikləri
şeyləri müdafiə edən insanları inandıra bilmədi.
Söhbət, "Ukrayna şou göstərir" cümləsi
ilə yekunlaşdı. Daha doğrusu, mən söhbətin
sonrasını eşitmək istəmədim. Əvvəllər
cəhalətə "lənət şeytana deyib"
azacıq da olsa dözüm göstərib, nəsə izah etməyə
çalışardın, amma indi dünyada hər şey o qədər
açıq-aşkar baş verir ki, artıq bilmədiyini
danışan adama tab gətirməyə zərrə qədər
də taqətin qalmır. İnformasiya çağında
yaşayırıq, hər yerdən xəbər
fışqırır, bəs bu nəyin bilgisizliyi, məlumatsızlığıdır
deyə düşünürsən? Məsələn, təyyarənin
kim tərəfindən vurulduğuna inanmaq üçün onun
qalıqlarının yastığının altından
çıxmasımı lazımdır?
Osmanlının rusları köməyə
çağırmağı
Bu günlərdə ziyarət etdiyim Beykoz qəsrində
öyrəndim ki, bu bir-birini tanımamaq məsələsi təzə
söhbət deyil.
Elə Beykoz qəsrinin inşa edilmə məqsədi
də bənzər tarixi hadisəyə söykənir. Misir
valisi Mehmed Əli Paşa qüvvələri Konyada Osmanlı
ordusunu məğlub edir. Bunun qarşısında Osmanlı
hökuməti tarixində ilk dəfə ruslardan yardım istəməsi
ilə 1833-cü ilin fevralındə rus ordusu və
donanması İstanbula girir. Donanma Böyükdərə və
Beykoz sahillərində lövbər salır, ordu Selviburnunda
ordugah qurur. Osmanlılarla ruslar arasındakı bu
yaxınlaşma irəliki zamanlarda türklərin
başına çox bəlalar açır. Məsələ
"Hökmdar Pieri" müqaviləsi ilə nəticələnir,
ruslar Səlviburnunda rusca və türkcə yazılı
daş ucaldaraq hadisəni "sənədləşdirirlər",
daha doğrusu, faktlaşdırırlar. Təbii ki, Osmanlı
o vaxt olacaqları hesaba qatmır, yalnız iş işdən
keçəndən sonra ayılır.
Əfv edilmək üçün tikilən qəsr
Nəysə, qayıdaq Beykoza. Mehmed Əli Paşa
qocalıq dönəmlərində İstanbulu ziyarətə
gəlir. Onun adını daşıyan 1845-ci il
üsyanına görə özünü padşaha əfv
etdirmək istəyir və rusların ucaltdıqları kobud
görüntülü daşın təsirini azaltmaq
üçün "Hökmdar Pieri" təpəsində
200 hektarlıq ərazi içində Əbdülməcidə
ərmağan edilməsi üçün tikdirmək istədiyi
Beykoz qəsrinin təməlini atdırır. Qəsrin
inşası on il davam edir, o müddətdə Mehmed Paşa
ölür. İşləri tamamlamaq oğlu Səid
Paşaya qalır. Bu dəfə də Abdulməcid
ölür. Hal belə olunca, qəsr də onun yerinə
keçən Sultan Abduləzizə hədiyyə edilir.
İstanbulda inşa edilən bu ilk daş qəsrin
planı və memarlığı Nikoğos Balayana,
podratçılığı isə Sarkis Balayana aid
olduğu deyilir. Ancaq bu məlumatlar dəqiq sənədlərlə
öz təsdiqini tapmayıb. Ancaq harada memari yenilik varsa, orada
bu ailənin əli olduğu da həqiqətdir.
Qəsrin nəşəli günləri
Krım savaşı ərəfəsində tamamlanan
qəsirdə bir müddət, bu savaşa qatılan və
"başıpozuq" deyə adlandırılan
könüllü əskərlər qalırdılar. Abduləziz
bu qəsri dincəlmək məqsədi ilə yay aylarında
istifadə etmişdi. Burada qalaraq boğazı seyr etdiyi, Beykoz
çəmənliyində güləş müsabiqələri
təşkil etdirdiyi, Tokat kəndindəki ov qoruğunda
ovlandığı ilə məşhurdur.
Açığı, Beykoz bu günün özündə
belə təbiətin ən zəngin olduğu yerlərdən
biri, bəlkə də birincisidir. Təbii ki, İstanbul
üzrə. İndi belədirsə, görün, o vaxtlar buralar
nə olub!
Yeri gəlmişkən, Sultanın Fransaya ziyarətindən
sonra imperator Napoleon adından qarşı tərəfi ziyarətə
gələn xanımı Yevgeniya Beykoz qəsrində yerləşdirilmiş,
şərəfinə ziyafətlər və ov şənlikləri
təşkil edilmişdi.
Əldən-ələ, eldən-elə...
Bir vaxtlar hər kəsin can atdığı yer olan nəşə
dolu bu qəsr, Abduləzizin ölümündən sonra
baxımsızlıqdan xarabalığa çevrilir. II Məşrutiyətin
Məclis rəisi Əhməd Rza Bəy dönəmində məclis
mənsublarına dövlət böyüklərinə burada
ziyafət verilir. Fikirləşirlər ki, artıq aktiv
dövlət bura əl atacaq. Ancaq
I Dünya müharibəsində qəsr qızlar
üçün yetimlər evi olaraq xidmətə
açılır. Elə yenə həmin dönəmdə
traxoma xəstəxanası kimi fəaliyyətə
başlayır. Ardınca köçkünlərin
yaşayış yerinə çevrilir. Cümhuriyyət
dönəmində isə Boğaz əvvəlcə
Silahlı Qüvvələrinin əmrinə verilir, bir
müddət sonra isə Səhiyyə Nazirliyinin nəzdninə
keçir. Daha sonra dəfələrlə müxtəlif məqsədlər
üçün əldən-ələ keçir. Axırda
Heydərpaşa Nümunə Xəstəxanasının
baş həkimi Əli Rza Təməl İncənət
Akademiyasının tələbələrinə xarabaya
çevrilmiş yerləri düzəltdirir, bəzəklər
tək-tək bərpa edilir, döşəmələr dəyişdirilir
və təkrar normal vəziyyətə qaytarılır.
Bağça içərisində "Hava hamamı"
adı ilə tanınan hamam da yenilənir və su boruları
yenidən çəkilir. Mətbəxt və paltaryuma
bölmələri əlavə edilir. Qəsrin yay
üçün istifadə edilməsi məqsədi ilə
tikildiyi üçün isitmə sistemi olmayıb. Bu dönəm
abidə istiliklə təmin edilir. Sahili də yenilənir, dəniz
və qum vannası bölmələri yaradılır. Parkda
yeni ağaclar əkilir, meyvə ağaclarından ibarət
qış bağçası yaradılır. Sonra yenə əl
dəyişir və abidə uşaqlar üçün xəstəxanaya
çevrilir.
Belə bir möhtəşəm abidənin bir vaxtlar
sənət əsərindən başqa hər şey kimi
istifadə edilməsini sadalamaq insanın ürəyini
sıxır. Əslində abidə bu qədər əl dəyişdirməsə,
bəlkə də bu gün tamamilə fərqli mənzərə
ilə qarşılaşa bilərdik. Buna rəğmən,
indiki görkəmi də kifayət qədər göz
oxşayır.
Barokun daşlarla rəqsi
Dörd künc plan içərisində tikilən
Beykoz qəsri dinamik görüntüyə sahibdir. Təməl
dörd sütun üzərində qurulub. Öndə və
arxada tağlar var. Birinci mərtəbə balkonla əhatələnib.
Yan tərəflərdə üstü qapalı tağlar
mövcuddur. Əslində abidənin dörd tərəfində
tağlardan istifadəsi Palladionun Villa Capradakı əsərini
xatırladır. Bəlkə də eyni əsərdən ilham
alınıb, onu dəqiq demək çətindir.
Çünki memarı ilə bağlı da çəkişməli
fikirlər var. Birinci və ikinci mərtəbə
arasındakı orta salonun tavanını yüksəltmək
və bu məkanın günəş işığı ilə
aydınladılması üçün böyük pəncərələri
olan revakdan istifadə edilib. Abidənin dəniz yönündən
baxanda dördbucağın üçbucağa
çevrildiyini görmək olar. Burdan da belə qənaətə
gəlirik ki, abidə baxdığın yönə görə
şəkil dəyişdirir. İkinci mərtəbədə
ortada böyük qonaq otağı və yanlara açılan
qapılarda kiçik otaqları var. Barok üslubunun ən
gözəl pilləkənlərindən biri burada
mövcuddur. Pilləkənin birinci mərtəbədəki
çıxışı padşahın pilləkəninə
calanır və burada insanların padşahı
alqışlaması üçün dəmir
barmaqlıqlardan dar balkon yaradılıb. Üst mərtəbənin
planı alt mərtəbənin planını təqib edir,
otaqların tikilişində hər hansısa bir dəyişiklik
nəzərə çarpmır. Qonaq otağınn tavanla məsafəsi
çox yüksəkdir, pəncərələr şah əsərdir.
Bəzəkli mozaikalı döşəməsi var. Divara yerləşdirilmiş
böyük aynalar və karnizlər təkbaşına sənət
nümunəsidirlər. Qədim fotolara baxanda da
görünür ki, böyük qonaq otağı Avropa
üslubunda və zəngin tərzdə döşənilib.
Bura Avropa saraylarında görülən böyük balo
salonların kiçik örnəyidir desək,
yanılmarıq. Çöldən yarımdairəvi, görkəmli
çərçivələri olan pəncərələrlə
çölə açılan qəsr insanı valeh edir.
Çərçivələrin üzərindəki əl
işi bitki motivləri görülməyə dəyər. Qəsr,
göbələk ağacı, ihlamur, manolya, şam
ağacları ilə əhatələnmiş qoruq parkın
ortasıdadır. Parkda dar, dolambaclı dəhlizlə girilən
iki kiçik məkandan ibarət olan hamam var. Hamamın
divarlarına balıqqulaqları bir-bir yerləşdirilib.
İçəridəki havanın sərin olması
üçün yuxarıdan axıdılan sularla divarlar
mütəmadi islaq tutulurmuş. Balıq qulaqları da
divarların deformasiyaya məruz qalmağının
qabağını alırmış.
Abidənin ərsəyə gəlmə müddəti
10 ildir. Ancaq baxanda sənə elə gəlir ki, bura zərrə-zərrə,
parça-parça yüz il ərzində inşa edilib. Abidə
içərisindəki iri şamdanları, böyük
ölçülü çılçıraqları, nəhəng
vazaları, dəbdəbəli pərdələri ilə
saraylardan elə də geri qalmır. İndiki ərazisi 70
hektardır, bir vaxtlar 200 idi. Qəsrdə 2005-ci ildə
başlayan restavrasiya 2011-ci ildə bitib. Amma ərazidə
işlər hələ də davam etdirilir.
Türkan TURAN
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.17.