Murtuzaqulu xan Qacar
Məhəmmədhəsən xanın
oğlanlarının hakimiyyət uğrunda bir-birləriylə
münaqişələri başlananda Cəfərqulu xan,
Mustafaqulu xan və Murtuzaqulu xan Ağa Məhəmməd
xanın tərəfinə keçdilər və ona
qarşı nankor çıxmış kiçik
qardaşları Rzaqulu xana qarşı mübarizəyə
hazırlaşmağa başladılar. Belə qərara gəldilər
ki, Rzaqulu xanı hakimiyyətdən uzaqlaşdırıb,
Ağa Məhəmməd xanı şahlıq taxtına
çıxarsınlar. Cəfərqulu xan təcili olaraq
Laricanda əsgər toplayıb, Murtuzaqulu xanı qoşun
başçısı təyin elədi. Murtuzaqulu xan isə
qoşun yığmaq məqsədilə Astrabada yollandı.
O, Aşağıbaş tayfasından xeyli əsgər
topladı və birlikdə Rzaqulu xanın üstünə
getdilər. Bir tərəfdən astrabadlılar, o biri tərəfdən
isə Murtuzaqulu xanın qoşunları Mazandaranı
mühasirəyə aldılar. Bu qəfil hücumu gözləməyən
Rzaqulu xan özünü itirib, döyüşsüz təslim
oldu. Hər üç qardaş qələbə xəbəri
ilə Bəndpeyə gəlib, Ağa Məhəmməd
xanı təbrik etdilər və 1782-ci ildə onu Mazandaranda
hakimiyyət başına gətirdilər.
Çox çəkmədi ki, Astrabad, Gilan və
Mazandaran camaatı yenicə hakim
təyin olunmuş Ağa Məhəmməd xanın
qoyduğu bəzi qanun-qaydalara öz etirazını bildirib,
ona qarşı çıxdı. Qacarların qatı
düşməni olan Əlimurad xan Zənd bundan istifadə edərək
oğlu Şeyx Veys xanın başçılığı
ilə Mazandarana qoşun göndərdi və onların əhalisini
Ağa Məhəmməd xana qarşı üsyana
qaldırdı. Xalq da yeni hakimdən incik
düşdüyündən Şeyx Veys xanın tərəfinə
keçdi. Zəndiyyə qoşunları Mazandaranı tutub, həmin
vaxt Ağa Məhəmməd xanın olduğu Sari şəhəri
üzərinə yeridi. Ağa Məhəmməd xan
döyüşsə, uduzacağını görüb, şəhəri
tərk edərək Astrabada getdi. Şeyx Veys xan isə
sahibsiz şəhəri ələ keçirdi. Ağa Məhəmməd
xan Astrabadda qoşun toplamaqla məşğul olarkən Rzaqulu
xanın təkidi ilə Murtuzaqulu xan Şeyx Veys xanın
hakimiyyətini qəbul elədi. Zənd qoşunlarının
başçısı isə bunun müqabilində hər iki
qardaşa vəzifə verdi.
Lakin bir müddətdən sonra Ağa Məhəmməd
xan bütün qüvvəsini toplayaraq Şeyx Veys xanı məğlub
elədi və Mazandaranı geri qaytardı. Sari şəhərini
isə Murtuzaqulu xan ələ keçirib qardaşı ilə
yenidən ixtilafa başladı. Ağa Məhəmməd xan
Murtuzaqulu xanı məğlub edəndən sonra rəhmdillik
göstərib, qardaşını razı salmaq
üçün Qorqanın və Astrabadın idarəsini ona
verdi. Lakin Murtuzaqulu xanın iştahası daha çox idi. Ona
görə də o, yaranmış şəraitdən istifadə
edərək tez-tez Ağa Məhəmməd xana qarşı çıxır,
onu birdəfəlik məğlub etmək üçün
münasib məqam gözləyirdi.
1785-ci ildə Ağa Məhəmməd xan düşmənlərinin
əksəriyyətini siyasi meydandan uzaqlaşdırandan sonra
Tehranı özünə paytaxt seçdi.
Qardaşının uğurları Murtuzaqulu xanın canına
vəlvələ saldı, ondan qorxusu daha da artdı.
Yaxşı bilirdi ki, Ağa Məhəmməd xan onun cəzasını
gec-tez verəcək. Ona görə də Murtuzaqulu xanla məsləhətləşib,
belə bir qərara gəldi ki, Ağa Məhəmməd xanla
arası olmayan xanlıqların birində sığınacaq
tapsın, onlardan kömək alsın. Çünki başqa
nicat yolu yox idi.
1786-cı ildə Murtuzaqulu xan gizlicə Salyana
qaçdı və kömək gözləyə-gözləyə
təxminən bir il burda qaldı. Həmin vaxt Quba hakimi Fətəli
xanın nüfuz dairəsi daha da genişlənmiş, ərazisi
xeyli böyümüşdü.
Azərbaycanın bütün şimal-şərq hissəsini
artıq öz hakimiyyəti altına alan Fətəli xan
çox çəkmədən cənub xanlıqlarına da
yürüşə çıxdı, heç yerdə
müqavimətə rast gəlmədən Ərdəbil və
Meşkin şəhərlərini döyüşsüz
aldı. Onun bu uğurlarını görən Murtuzaqulu xan
1787-ci ilin dekabrında Salyanda Fətəli xanla
görüşdü, Ağa Məhəmməd xana
qarşı yürüşlərdə
iştirak etmək arzusunda olduğunu bildirdi. Quba xanı onu
talış qoşunlarının başçısı təyin
edib, Gilan üzərinə yolladı. Bunu bilən Ağa Məhəmməd
xan isə Süleyman xan Qacarın
başçılığı ilə beş min nəfərlik
qoşun göndərdi. Murtuzaqulu xanın və talış
hakimi Mustafa xanın başçılıq etdiyi qoşunlar
1788-ci ilin oktyabr ayında Süleyman xanı məğlub etdilər.
Bundan bərk qəzəblənən Ağa Məhəmməd
xan talış qoşunlarını nəyin bahasına
olursa-olsun, Gilan ərazisindən çıxarmaq
üçün qardaşı Cəfərqulu xanı
böyük bir qoşunla onların üzərinə göndərdi.
Lakin Cəfərqulu xan xəyanət edərək Murtuzaqulu
xanla döyüşə girmədi, əksinə, onunla
Ağa Məhəmməd xana qarşı müqavilə
bağladı. Müqaviləyə əsasən, Gilan hakimliyi
Cəfərqulu xanın istəyi ilə ona verildi. Murtuzaqulu
xan isə öz qoşunlarını Lənkərana və
Salyana çəkdi və Rəştə hücum edib,
oranı tutdu.
Bununla qəti barışa bilməyən Ağa Məhəmməd
xan 1791-ci ilin martında bir çox qanlı döyüşlər
apararaq Murtuzaqulu xanın qoşunlarını vurub, Rəştdən
çıxardı. Murtuzaqulu xan Talışa çəkildi
və Mustafa xanla birləşdi. Bu dəfə Ağa Məhəmməd
xan Murtuzaqulu xana qarşı on iki min nəfərlik qoşun
göndərdi, lakin güclü müqavimətə rast gəlib,
geri çəkilməyə məcbur oldu.
Qardaşının bu məğlubiyyətindən dişində
şirə qalan Murtuzaqulu xan Ağa Məhəmməd
xanın üzərinə hücum edib, məsələni birdəfəlik
çürütmək istəyirdi. Ona görə də o, əlavə
kömək üçün Qafqazda olan rus
qoşunlarının komandanı, qraf Qudoviçdən Rəştə
üç hərbi gəmi, üç yüz əsgər və
iki top göndərməyi xahiş elədi. Lakin rus
komandanlığı onun bu istəyini yerinə yetirmədi və
Ənzəliyə getmək üçün ona ancaq bir tacir gəmisi
təklif elədi. Qudoviç tərəfindən hərbi
kömək verilməməsinin səbəbi isə Murtuzaqulu
xanın Rusiya təbəəsi olmaması idi. Ona görə
də 1792-ci ilin yayında o, həmişəlik rus təbəəliyinə
keçmək üçün özünün Ağa Məhəmməd
adlı elçisini Peterburqa göndərdi.
Ağa Məhəmməd xan Qacar hakimiyyət
uğrunda bir neçə cəbhədə, o cümlədən,
Lütfəli xan Zəndlə mübarizə
apardığından ilk vaxtlar dalbadal uğursuzluqlara məruz
qaldı. Onun bu vəziyyətindən istifadə edən
Murtuzaqulu xan yenidən Gilan üzərinə hücuma
hazırlaşmağa başladı. Artıq bu dəfə
Rusiya ona qoşunla kömək edirdi. Murtuzaqulu xan Astaraya qədər
rus yelkənli gəmisində gəldi. Gilana hücum edəcəyini
bildirmək üçün Ənzəliyə 60 nəfər
göndərdi. Rəştlilər isə Murtuzaqulu xanın
adamlarının üzərinə qəflətən hücum
edərək onları Ənzəlidən vurub
çıxardılar. Murtuzaqulu xan talışlardan kömək
istədi, ancaq rədd cavabı alaraq məcbur olub, 70 əsgərlə
yenidən Ənzəliyə gəldi. Lakin Gilan
qoşunlarının Xəzərin cənub sahilini tutub,
Ənzəli yaxınlığında döyüşə
hazır vəziyyətdə olduqlarından və batareya
düzəltdiklərindən onun xəbəri yox idi.
Bütün bunları yalnız Ənzəli limanını
kiçik bir dəstə ilə qoruyan poruçik Yevdakimov
hiss etmiş və orda möhkəmlənib, müdafiəyə
hazır vəziyyətdə dayanmışdı.
1792-ci il sentyabrın 1-də gilanlılar Murtuzaqulu
xanın onlara verilməsini ruslardan tələb etdilər. Rus
qoşununun komandanı, donanma kapitan-leytenantı Akleçeyev
onun burda olmadığını, Bakıya getdiyini bildirdi və
dərhal Murtuzaqulu xanı bir tacir gəmisinə mindirib, gizlicə
Bakıya yola saldı. Eyni zamanda müdafiə olunmaq
üçün göstəriş verib, gilanlıların
hücumunu gözləməyə başladı. Gəmi
limandan aralanan kimi körfəzin lap girəcəyində yerləşən
İran batareyalarından qəflətən atəş
açıldı və gilanlılar süvari və piyada
qoşunla rus müdafiəçilərinin üzərinə
atıldılar. Ruslar cavab atəşi açaraq hücumun
qarşısını aldılar. Döyüşlər iki
gün davam elədi...
1793-cü il aprelin 30-da Murtuzaqulu xan rus freqatında -
üçdorlu hərbi gəmidə ailəliklə Astraxana
yola düşdü. O, gilanlılarla döyüş
zamanı əsir götürülmüş Abbas xanı da
özü ilə birlikdə girov apardı. Aradan xeyli müddət
keçəndən sonra, 1795-ci ildə Ağa Məhəmməd
şah Qacar Abbas xanı azad etmək üçün Hacı
Mitraq və Ağa Mirzə Mehdi adlı nümayəndələrini
elçi sifətilə Astrabada yollandı... Həmin vaxtlar isə
Murtuzaqulu xanı Gilanda bərpa etmək üçün rus
hökuməti çox çalışırdı. Ona
görə də II Yekaterinanın əmri ilə Dərbənddən
Gilana əlavə qoşun hissələri göndərildi.
1796-cı ilin fevral ayında general, qraf Valerian
Aleksandroviç Zubovun başçılığı ilə
"Rusiyanın İran yürüşü"
başlandı. Plana görə ruslar əvvəlcə Xəzərsahili
rayonları tutmalı, sonra isə Ənzəli və Astrabad
sahillərinə çıxmalı idilər. Xəzərin cənubuna
gedən ekspedisiyanın məqsədi isə Gilanı,
Mazandaranı və Astrabadı tutmaq üçün
Murtuzaqulu xana kömək etmək idi. II Yekaterina çar
İrakliyə, bəzi Azərbaycan xanlarına və
Qarabağ məliklərinə məktubla müraciət edib
bildirdi ki, Rusiya İranla onlara görə vuruşur və
xanlardan hərbi kömək gözləyir. Bu məktublar həmin
vaxt Peterburqda olan Murtuzaqulu xan vasitəsilə Dərbənd,
Bakı, Talış və Qarabağ xanlıqlarına
çatdırıldı. İyun ayında Murtuzaqulu xan Peterburqdan
Astraxana, ordan da dəniz yolu ilə Kür çayı
yaxınlığında dayanan Xəzər korpusuna gəldi və
məktublar da öz ünvanlarına vaxtlı-vaxtında
çatdırıldı. Valerian Zubov danışıqlar
aparmaq üçün dərhal Murtuzaqulu xanı hədiyyələrlə
Manqışlağa türkmənlərin yanına göndərdi.
Türkmənlərin qoşun başçısı
rusların ordugahına gəldi və hər iki tərəf
Ağa Məhəmməd şah Qacara qarşı müharibəyə
hazırlaşdı.
Qarabağ hakimi İbrahimxəlil xan da Murtuzaqulu
xanın tərəfdarı idi və İranda onun hakimiyyətə
gəlməsini istəyirdi. Çünki Ağa Məhəmməd
şah Qacar bir il əvvəl Şuşanı tuta bilməsə
də, iranlıların təhlükəsi hələ
sovuşmamışdı. Qarabağ xanı 1795-ci ilin
sentyabrında Rusiya imperatoruna göndərdiyi məktubunda
Murtuzaqulu xanı lazımi qoşunla təchiz edib, Astrabada yola
salmağı xahiş edirdi. Və deyirdi ki, əgər ruslar
Murtuzaqulu xana kömək etsələr, o, Naxçıvan
yolunu, çap II İrakli isə İrəvan yolunu tutacaq və
bununla da Ağa Məhəmməd şah Qacarın hakimiyyətinin
devrilməsinə kömək edəcəklər.
Lakin 1796-cı ilin noyabrında II Yekaterinanın qəflətən
vəfat etməsi və rus qoşunlarının Azərbaycandan
geri çəkilməsi bəzi xanlar kimi Murtuzaqulu xanın da
bütün ümidlərini boşa çıxartdı və
planlarını alt-üst elədi. Elə həmin gündən
də onun adı siyasi tarix səhnəsindən silindi.
Ömrünün sonlarına yaxın Murtuzaqulu xan Astraxanda
yaşadı və 1800-cü il oktyabr ayının 18-də
orda da vəfat elədi. Onun rus hökuməti
qarşısındakı xidmətlərini və
özünün vəsiyyətini nəzərə alaraq Rusiya
imperatoru I Pavel Murtuzaqulu xanın cənazəsini Dərbənd
vasitəsilə Bağdada yola salmağı general-leytenant
Knorrinqə əmr elədi...
Vasif QULİYEV
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.16.