Dünya nə hayda,
biz nə hayda...
(Şimali Makedoniyada keçirilən Velestova Poeziya
Festivalından reportaj)
Şimali Makedoniyaya Velostova Poeziya Festivalına gedəndə
dünya liderləri - Donald Tramp və Vladimir Putin
görüşməli idilər. Çoxları
düşünürdü ki, bu görüşlə
dünyaya sülh gələcək, axır ki, neçə
ildən sonra da olsa, bəşəriyyətin üzü
güləcək. Dünya liderlərinin görüşü
ilə paralel vaxtda Şimali Makedoniyada baş tutan Velostova
Poeziya Festivalı, əslində, dünyaya sülhü,
qardaşlığı, birgəliyin vacibliyini mesaj verirdi, sadəcə
cahan qlobal hadisələrin fonunda bu bəşəri olayı
görmürdü. Biz dünyanın müxtəlif ölkələrindən
cəm olmuş şairlərsə Şimali Makedoniyada
dünyanın qeylü-qalından, dava-şavasından,
al-verindən uzağa çəkilərək Ohrid şəhərinin
ucqar Velestova kəndində sözə, onun sehrinə
sığınıb, ədəbiyyatın müqəddəsliyinə
pənah aparmışdıq. Azərbaycanın gözəl
şairi Adil Mirseyidin bir şeirində dediyi sayaq:
Necə inanırdım bəxt ulduzuma,
Mən sözün sehrinə bel
bağlayırdım...
Kimlər var, kimlər yox...
15-17 avqust tarixlərində Şimali Makedoniyada
qatıldığım Veleostova Poeziya Festivalına
İrlandiyadan Roşin Kelli, Xorvatiyadan Miroslav Kirin, Reneta
Jambreşin Kirin, Rumıniyadan Anisiya Angel, Bolqarıstandan Polli
Mikanova, Şimali Makedoniyadan Luzim Xaziri, Andrey Əl-Əsədi,
Stefan Kostoski, Mariya Anqelovska, Pavlina Atanasova, İvana Jovanovska,
Maya Moysova, Emanyela Kovaçevska Kitanobska, İqor Klımovski,
Stefan Mladenovski kimi tanınmış şairlər təşrif
gətirmişdilər. Festivalın xüsusi antologiyasında,
həm də ingilis və makedon dillərində yayımlanan
"Qlaqoli" poeziya jurnalında beynəlxalq tədbirdə
iştirak edən şairlərin şeirləri dərc
olunmuşdu.
Festivalın çox zəngin gündəliyi vardı
və hesab edirəm ki, bu cür ədəbiyyat tədbirləri
dünya şairlərini birləşdirmək nöqteyi-nəzərindən
çox vacibdir. Vacib olan həm də odur ki, nasirlərin əsərləri
müasir dünyada çox yayılır deyə onlar əsərləri
vasitəsi ilə bir-birlərinin
yaradıcılığını izləyə bilirlər.
Amma şeirin az çap və tərcümə edildiyi indiki
vaxtda şairlərin real görüşləri olduqca vacibdir.
Bu alver dünyasında, bu kapitalizm əsrində taleyini
sözə bağlamaq və həqiqi şair olmaq çox
müşkül məsələdir. Dünyanın müxtəlif
ölkələrindən olan şairlərlə
danışdıqca, onlarla daha yaxından tanış olduqca
aydın şəkildə görürsən ki, elə, deyəsən,
hər yerdə insanlar şeiri sevirlər, ancaq şairləri
yox. Avanqardar poeziyamızın yaşayan klassiki Çingiz
Əlioğlu demiş:
Şeiri, sənəti, sevən bu xalqın,
Şairi heç zaman xoşbəxt olmayıb.
Xalqın dastanını yaradanların.
Taleyi tutandan kənar qalmayıb.
İlk günün yaddaşı...
Məni hava limanında Şimali Makedoniyadan olan gənc
həmkarım, dəyərli şair Andrey Medik Lazarevski
qarşıladı, daha sonra yolda bolqarıstanlı Polli
Mikanova da bizə qoşuldu və biz birgə paytaxt Skopyedən
Ohrid şəhərinə yollandıq. Festivalın direktoru,
tanınmış şair Juliana Veliçkovskaya və onun
mehriban ailəsi Velestovada bizi qarşılayaraq kənddəki
Sunset villasına yerləşdirdilər. İlk gün asudə
olduğumuz üçün boş vaxtlarımızı dəyərləndirməyə
çalışaraq gəzdik, əyləndik və şair
dostlarla maraqlı gün keçirdik.
Ötən il bu ölkədə Struqa Beynəlxalq
Şeir Axşamlarında iştirak etdiyimə və həm
poeziya bayramı Şimali Makedoniya mətbuatında ciddi şəkildə
işıqlandırıldığına görə
yaxınlaşıb salam verən adamların tövrlərindən
anlayırdım ki, deyəsən, göz yaddaşları
yaxşıdır. Əcnəbi şairlərdən bəziləri
də həmin festivala qatıldıqlarına görə onlar
da məni xatırlayır, hətta bir neçəsi ötən
il oxuduğum şeirlərimin məzmununu da
unutmamışdılar. Hətta bəziləri ötənilki
şux zarafatları da hafizələrinə həkk ediblərmiş.
İndi adamı unutmaq üçün bircə həftə bəs
edir, bir il kiminsə yaddaşında qalmaq sürət əsri
üçün yaxşı göstəricidir. Həm də
indiki dünya görünmək dünyasıdır,
görünürsənsə, var olduğunla
barışırlar. Bu acı reallıqdan hələ 40 il əvvəl
duyuq düşən görkəmli şair Vaqif Bayatlı Odər
bir şeirində yazmışdı ki:
Bu dünyada yaman dərddi,
Görünərsən, deyərlər var,
Görünməzsən - unudarlar.
15 avqust
Festivalda ilk tədbir gənc və istedadlı
makedoniyalı şair Andrej Al-Asadinin "Poeziya portreti"
adlı qiraət saatı idi. Tədbirin aparıcısı
festivalın direktoru Juliana Veliçkovsakaya idi. Andrey həm
şeirlərin oxudu, həm də oxucuların
suallarını cavablandırdı. Bu tədbirin ardınca
qarmon ifaçısı İqor Klimovskinin solo konserti musiqisevərlərin
ürəyinə su səpdi.
Daha sonra şairlərin şeir saatı keçirildi.
Roşin Kelli, Renata Yambreşiç Kirin, Miroslav Kirin, Polli
Mukanova, Anisiya Anxel və mən şeirlərimizi səsləndirdik.
Veleostova kəndinin mərkəzində keçirilən bu tədbirlərin
əsas auditoriyası isə Şimali Makedoniyadan olan şair və
yazarlar eyni zamanda həmin regionun daimi sakinləri idilər.
Həmin günün son tədbiri isə kənddə
yerləşən Müqəddəs Məryəmin Göyə
Ucalması Kilsəsinin eyvanında Stefan Mladenovskinin
"Gözlənilməz görüşlər" adlı rəsm
sərgisi idi. Bir-birindən ecazkar sənət nümunələrin
nümayiş olunduğu sərgidə poeziya ilə rəngkarlığın
ruhu bir-birinə qovuşmuşdu...
16 avqust
Tədbirlər hər gün saat 18:00-da
başlayıb, 23:00-a qədər davam edirdi, bunu ona görə
belə düşünmüşdülər ki, həm
şairlərin gözəl Veleostovanı, Ohrid
gölünün sahillərini gəzmək imkanları olsun,
həm də istirahət üçün bəs qədər
vaxtları qalsın. Axşamtərəfi isə hava daha da sərin
olduğuna görə tədbirlərin keçirilməsi
üçün daha münasib idi.
Növbəti gün Velestovo kəndində yenə də
Müqəddəs Məryəmin Göyə Ucalması kilsəsinin
eyvanında xorvatiyalı şair Miroslav Kirinin poeziya toplusunun təqdimat
mərasimi baş tutdu, daha sonra isə həm makedoniyalı
şairlər, həm də qonaq şairlər şeirlər
oxudular. Hər şair öz şeirini ana dilində oxuyurdu,
daha sonra isə həmin şeirlərin ingilis və yaxud
makedonca olan tərcümələri səsləndirilirdi. Qeyd
edim ki, həmin görüşdə hər şair dörd
şeir oxumaq imkanı yaradılmışdı. Polli Mukanova,
Roşin Kelli, Anisiya Anxel, Pavlina
Atanasova, Mariya Anqelovska, Stefan Kostoski və mən şeirlərimizi
səsləndirdik. Poeziyasevərlərin böyük
marağına səbəb olan həmin gecə də beləcə
tamamlandı...
Yaddan çıxmamış deyim ki, kilsə qəbiristanlığın
içərisində yerləşdiyinə görə məzarların
arası ilə keçib kilsəyə daxil olurduq və nədənsə
mənə elə gəlirdi ki, həmin gecə söylənən
şeirlər yalnız bu dünyanın yox, həm də o
biri dünyanın sakinləri tərəfindən
eşidilirdi. Bizə elə gəlir ki, o biri
dünyadakıların ayrı bir aləmi var, yəqin onlar
bizə baxıb öz keçmişlərini yada salırlar:
Eynən Marina Svetayevanın məzarın
üstündə yazılmış bu şeirdə deyildiyi
kimi:
Uzaqlaşırsan yanımdan
Ey oxşarım, baxmadan.
Mən də sizdən biriyəm.
Əylən, ay yolçu, dayan.
17 avqust
Həmin səhər Ohrid şəhərinin mədəni
və tarixi yerlərini ziyarət etdik. Deyim ki, Ohrid şəhərinin
möhtəşəm tarixi ilə tanışlıq hər
birimizin ürəyincə oldu.
Daha sonra isə Ohridin tam mərkəzində
"Shilla" kafesində Şimali Makedoniyada nəşr
olunan "Yuxu kimi" ("Kako con") adlı şeirlər
kitabımın təqdimat mərasimi keçirildi. Təqdimatda
Şimali Makedoniyanın tanınmış ziyalıları, qələm
adamları, oxucular, o cümlədən dünyanın müxtəlif
ölkələrindən Velestova Poeziya Festivalına
qatılan şairlər iştirak edirdilər. Tədbirin
aparıcısı və kitabın tərcüməçisi,
tanınmış şair Juliana Veliçkovskaya qonaqları
salamalayandan sonra kitabım haqqında yazdığı
kiçik həcmli yazıdan bir parça oxudu: "Fərid
Hüseyn poeziyası insanın yaşadığı şəxsi
hadisələri zamanın böyük olayları ilə vəhdətdə
əks etdirir. O, sadə və aydın yazır. Şeirlərində
oxucuların yaddaşına həkk olunan orijinal təsvirlər
yaradır. Onun rəngarəng poeziyasının
mövzularının sərhəddi sevdiyi insana, Vətənə
olan məhəbbətə, yaxud o duyğuları bizdə
formalaşdırmış ədəbi və tarixi şəxsiyyətlərə
qarşı heyranlığa qədər uzanır. O, həmçinin
şeirlərində şəxsi itki, intizar və
özünüaxtarış məsələlərindən bəhs
edir, insanın mahiyyətcə hara və nəyə mənsub
olması sualını qaldırır, bununla yanaşı,
yaşadığımız reallıqlara şahid nəzərləri
ilə poetik münasibət bildirir".
Tədbirdə həm şeirlərimi səsləndirdim,
həm də oxucuların suallarını cavablandırdım.
30 şeirimin dərc olunduğu bu kitab yüksək poliqrafiya
ilə nəşr edilmişdi.
Həmin gün kitab təqdimatından sonra sonuncu
poeziya tədbiri keçirildi. Lulzim Haziri, Renata
Yambreşiç Kirin, Miroslav Kirin, Emanuela Kovaçevska
Kitanovska, İvana Jovanovska, Maya Mojsova və Andrej Al-Asadi
şeirlərini səsləndirdilər.
Daha sonra "Sunset" villasında şairlərin
möhtəşəm musiqili vida gecəsi baş tutdu. Həmin
gecədə dünya şairləri ilə ədəbiyyat
mübadiləsi, ölkələrimizin dəyərli ədəbi
nümunələrinin qarşılıqlı şəkildə
təbliği istiqamətində söhbətlər apardıq
və dostluğumuzun daha möhkəm mədəni dəyərlər
üzərində bərqərar olması üçün
daha real yollar arayaraq müzakirələr apardıq.
Bir sözlə, dörd gün ərzində nəbzimizin
poeziya ilə, şeirlər döyünməsi, hər nəfəsdə
şeirlə var olmamız, bu dünyanın
qayğılarından xilas olub yaşamağımız, eyni mənəvi
qan qrupundan olan insanların - şairlərin birgəliyi mənim
yadıma Mikayıl Müşfiqin məşhur
misralarını saldı:
Ey şeir yazmaqla keçən günlərim,
Siz ki ən vəfalı günlərimsiniz...
Fərid HÜSEYN
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.15.