Oxumadıqlarım
yandırar məni...
Esse
Hər birimizin kitab rəfində illərlə
toxunulmadan qalan kitablar var, yəqin ki. Bəzilərini hədiyyə
veriblər, bəzilərini maraqla alıb kənara
qoymuşuq, bəzilərini isə sadəcə "bir
gün oxuyaram" ümidi ilə saxlamışıq. Amma bu
qaynar həyat, bitib tükənməyən qayğılar,
heç bitməyən öhdəliklər
zamanımızı özümüz də hiss etmədən
elə oğurlayır ki, əlimiz işdə,
gözümüz və könlümüz isə oxuya bilmədiyimiz
kitabların yanında bir-birimizə həsrətlə yola
veririk ömrü. Bu o kitablardır ki, onların səhifələri
hələ açılmayıb, lakin varlıqları ilə
bizə çox şey deyirlər. Oxumadığımız
kitablar sanki evimizdə səssiz yaşayan qonaqlardır -
danışmırlar, amma mövcudluqları ilə bizə təsir
etməkdən də qalmırlar.
Kitab elə bir möcüzəvi varlıqdır ki, o,
həmişə, hər yerdə, bütün situasiyalarda az və
ya çox dərəcədə həyatımıza təsir
edə bilir, iz buraxır; onu oxusaq da, oxumasaq da... Bəzən
heç vərəqləmədiyimiz kitabların
mövcudluğu belə düşüncə aləmimizi
formalaşdırmağa kifayət edir.
Əslində, kitab yalnız oxunanda yox, həm də
"oradadır" əminliyi ilə bizə təsir edir. Evdəki
kitab rəfi sadəcə ara-sıra tozunu
aldığımız kağız yığını deyil
- o, bizim daxili dünyamızın, seçimlərimizin,
arzularımızın güzgüsüdür.
Oxumadığımız kitablar həmin arzuların təxirə
salınmış formasıdır. Onlar sanki sabaha saxladığımız
söhbətlərdir, görüşmədiyimiz
dostlardır, yazılmamış məktublardır.Sanki hər
biri gələcəkdə bizə deyəcək
sözünü gözləyir sonsuz səbrlə, təmkinlə.
Bəlkə də biz onları məhz
oxumadığımız üçün bu qədər dəyərlidirlər
- çünki içlərində hələ də
açılmamış sirr daşıyırlar.
Hər kitab oxunmasa da, bəzən adının
özü həyatımıza toxunmaq üçün bəs
edir. Məsələn, Dostoyevskinin "Cinayət və cəza"sını
heç vaxt oxumayan biri belə, onun adını hər
eşidəndə günah və vicdan haqqında
düşünə bilər. Qabriel Qarsia Markesin "Yüz
ilin tənhalığı"nı əlinə almayan insan
belə, "tənhalıq" sözünün səslənməsində
öz həyatının bir kölgəsini görə bilər.
Bu kitablar oxucunun zehnində sanki mövcudluq effekti yaradır,
ona istiqamət verir. Deməli, bəzən kitabı açmaq
lazım deyil - o, onsuz da bizə öz mesajını göndərir.
Oxumadığımız kitablar bizim mədəni
kimliyimizin bir hissəsidir. Çoxumuzun evində "gözləyən
kitablar" siyahısı var və o siyahı bir növ şəxsi
bioqrafiyanın yazılmamış səhifələridir.
İnsan hansı kitabları oxumayıbsa, onun haqqında da
çox şey deyə bilərik. Məsələn, kiminsə
evində oxunmamış tarixi kitabların olması onun tarixə
marağını göstərir. Kiminsə kitab rəfində
toz basmış poeziya kitabları varsa, demək o, hələ
də özünün həssas tərəfini oyatmağa cəsarət
etməyib.
Oxumadığımız kitablar sanki bizə səssiz
müraciət edən obrazlardır. Onlar "Məni oxu, mənim
sənə deyəcək çox vacib sözlərim var"-
deyə pıçıltı ilə səslənir. Amma biz
bu qaçaqovlu həyatın dolanbaclarında onları oxumaq
üçün ayrıdığımız zamanı da
salıb itiririk, beləcə onları susdurur, təxirə
salır, ertələyirik. Həyatımızdakı insanlar
kimidir oxumadığımız kitablar - bəzi
görüşlər, bəzi söhbətlər də
vaxtında baş tutmur və onlar da bizim taleyimizdə
oxunmamış səhifələr kimi qalır.
Oxumadığımız kitablar həm də
"potensial həyat" deməkdir. Onların içindəki
dünyalar hələ bizim üçün
bağlıdır, amma mövcuddur. Sanki qapısı kilidli
otaqlar kimidir: içərisində bizi gözləyən yeni
bir insan, yeni bir düşüncə, yeni bir duyğu var.
Oxumadığımız kitabların çoxluğu həm də
gələcəyimizdə nə qədər ümid, nə qədər
yol olduğunu göstərir.
Ən nəhayət, oxumadığımız kitablar
bizə bir həqiqəti xatırladır: insanın
bütün kitabları oxumağa ömrü yetməz. Həyatın
özü də oxunmamış səhifələrlə
doludur. O səhifələri oxumağa, anlamağa insan
oğlunun ömrü yetərmi ki?! Amma
oxumadığımız səhifələrin
varlığı həyatın sirrini qoruyur. Çünki
insan bəzən oxuduqlarından çox, oxuya bilmədiklərinin
həsrəti ilə yaşayır. Mərhum şairimizin
ruhundan üzr istəyərək misrasını mövzumuza
uyğunlaşdırsaq, "sonraya saxladım çox
kitabımı, oxumadıqlarım yandırar məni..."
Bəlkə də elə buna görə
oxumadığımız kitablar həyatımızda
görünməz, amma güclü bir rola malikdir: onlar
arzularımız, hələ üzə
çıxmamış tərəflərimiz, gələcək
ümidlərimiz və hələ qurulmamış xəyallarımızdır.
Məncə, ən böyük təsəlli də məhz
budur: oxumadığımız kitablar həmişə bizimlədir,
həmişə bizi gözləyirlər. Və bəlkə
də, bir gün onların səhifələri taleyimizlə
üst-üstə düşəcək, kim bilir...
Şahanə Müşfiq
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.14.