Ruhumuzun gizli xəritəsi
Bir zaman oxuduğumuz, amma sonralar tədricən
yaddaşımızdan silinən kitablar nə vaxtsa bizə
çox doğma, çox təsirli
görünmüşdü. Onları oxuyanda sanki dünya
gözümüzdə dəyişilmiş,
baxışımız yenilənmiş, düşüncələrimiz
zənginləşmişdi. Amma illər ötüb, başqa
kitablar oxunub, başqa fikirlər beynimizə dolub və həmin
kitabların obrazları, hadisələri, hətta adları
belə yaddaşımızın arxa planına çəkilib.
Hərdən bu unutqanlığımız bizə dərd
olur. O unutduğumuz kitabları ömrümüzün
harasındasa salıb itirdiyimiz itik kimi ruhumuzda, qəlbimizdə
gəzdiririk. Amma ömrün elə bir anı gəlir ki, qəfil
anlayırıq: unudulmuş kitablar tamamilə yox olmur. Onlar
sanki yaddaşın dərin qatlarında gizlənir, bir
küncdə səssizcə üzə
çıxacağı, özünü
xatırladacağı günü gözləyir. Və bəzən
gözlənilmədən, hansısa bir situasiyada, bir söz,
bir musiqi, bir qoxu və ya bir təsadüfi xatirə həmin
kitabı yenidən canlandırır. Biz bəlkə də
süjetini dəqiq xatırlamırıq, obrazların
adlarını qarışdırırıq, hadisələrin
sonunu unutmuş oluruq. Amma qəribədir ki, o kitabın
yaşatdığı hiss ruhumuzun yaddaşında dipdiri
qalır.
Əslində, kitabların unudulması təbii
prosesdir. İnsan beyninin öz qanunları var. Biz hər
oxuduğumuz sözü, hər cümləni yadda saxlaya bilmərik.
Xüsusən, indiki zamanda, informasiyanın bol, həyatın
bir göz qırpımında axıb getdiyi vaxtda
yaddaşımızın
"üzüdönüklüyü"
anlaşılandır. Amma nə qədər
"üzüdönük" desək də, yaddaş ən
dəyərlini seçir - kitabın bizdə
oyatdığı duyğunu, yaratdığı əhvalı.
Bu, bəzən bir uşaq təbəssümünün
istiliyi, bəzən qəhrəmanın faciəsinin
ağrısı, bəzən də müəllifin bir
cümləsində gizlənən həyat həqiqətinin
işığı ola bilər.
Unutduğumuz kitabların yaddaşda yalnız hiss
şəklində qalması bir az musiqiyə bənzəyir. Məsələn,
çoxdan eşitdiyimiz bir mahnının sözlərini unuda
bilərik, amma o musiqinin yaratdığı əhvalı, onun
bizə verdiyi təsəllini heç vaxt unutmuruq. Kitablar da elədir
- süjet yox ola bilər, hiss isə əbədi qalır.
Bir kitabı oxuyub sonra unutmaq heç də faciə
deyil, əksinə, möcüzədir. Çünki o kitab
artıq bizdədir, biz onun içindən keçmişik,
onunla nəfəs almışıq. O, indi bizim içimizdədir
- bəlkə də adını belə yadımıza sala
bilmirik, amma o kitabın bir zamanlar toxunduğu hisslər həyatımıza
hopub. Onun bizdə yaratdığı baxış tərzi,
dünyanı anlama üsulu gündəlik həyatımıza
qarışıb və biz fərqinə varmadan o kitabla
yaşayırıq, əslində.
Unutduğumuz kitablar ruhumuzun gizli xəritəsidir.
Onlar bizə göstərir ki, hər oxunan əsər bizi bir
az dəyişdirməyə qadirdir. Hətta
xatırlamadığımız kitab belə. Çünki
kitab oxumaq sadəcə süjeti bilmək deyil; kitab oxumaq hissləri
yaşamaq, müəyyən bir dövr ərzində başqa
həyatın içində olmaq, başqa bir insanın
gözü ilə dünyaya baxmaq deməkdir. O təcrübə
yaddaşın dərinliyində qalır və bir müddət
sonra insanın xarakterinə çevrilir.
Oxuyub unutduyumuz kitabın kölgəsi bəzən illər
sonra qəfil təsadüflə qarşımıza
çıxa bilir. Məsələn, avtobusda, ya da metroda
tanımadığımız yol yoldaşımızın əlindəki
kitab bizə tanış gəlir, yaddaşımızın ən
ucqar nöqtəsində hansısa xatirələri oyatmağa
kifayət edir. Kitabxanada rəflərə nəzər salarkən
qocaman bir romanın üz qabığına toxunanda uşaq
vaxtı oxuduğumuz səhifələr yenidən vərəqlənir
gözlərimiz önündə. Hətta bəzən bir qoxu
- köhnə kağız qoxusu - bizi illər əvvəl
oxuduğumuz kitaba aparır. O an kitabın süjetini
xatırlamasaq da, bizə bəxş etdiyi hisslər təzələnir.
Əslində, oxuduğumuz kitabları unudaraq yadda
saxlamağın qəribə bir paradoksu var. Bir romanın
süjetini unutduqda belə, onun bizə öyrətdiyi dərs,
bəxş etdiyi enerji təzə tər qalır. Biz fərqinə
varmadan həmin dərsi həyatımızda dəfələrcə
tətbiq edirik. Bəlkə də, hansısa çətin məqamda
verdiyimiz düzgün qərarın kökündə illər
əvvəl oxuduğumuz, amma artıq adını belə
xatırlamadığımız o kitab dayanır.
Belə baxanda, kitablar oxucuya "hiss yolu ilə"
yaşamağı öyrədir. Biz oxuduğumuzu xatırlamasaq
da, yaşatdığı duyğu bizdə qalır. Ona
görə də bəzən deyirlər ki, kitab oxumaq
insanı dəyişdirir. Bu dəyişiklik gözlə
görünmür, amma ruhumuza sirayət edir, həyatımıza
hopur, düşüncəmizi formalaşdırır.
Bəs niyə oxuduğumuz kitabları unuduruq? Bunun bir
neçə səbəbi var.
- Zamanın sürəti. Yeni kitablar, yeni informasiyalar əvvəlkiləri
arxa plana keçirir.
- Həyatın qayğıları. Kitabın
yaratdığı duyğunu saxlasaq da, gündəlik həyat
onu süjetdən ayırır.
- İnsan yaddaşı. Beyin ən əsas
duyğuları saxlayır, qalan detalları silir.
Amma bu unutqanlıq əslində kitabın dəyərini
azaltmır. Əksinə, göstərir ki, kitab bizdə sadəcə
"məlumat" olaraq qalmayıb, ömrümüzün
hansısa yerində "hissə" çevrilməyi
bacarıb.
Oxuduğumuz və unutduğumuz kitabların ən
böyük izi onların yaşatdığı hisslərdir.
Bəzən həmin hiss sevinc, bəzən kədər, bəzən
isə sadəcə xoş bir sakitlik olur. Biz bu hissi illərlə
özümüzlə daşıyırıq. Bu baxımdan
kitablar musiqiyə, poeziyaya, hətta xatirələrə bənzəyir.
İnsan detalları unudar, duyğular isə unudulmazdır.
Bu unutqanlığımıza hirslənib,
yaddaşımızı lənətləməkdənsə,
həyatımızda unutduğumuz epizodlar, insanlar, xatirələr
kimi, kitabların da yadımızdan çıxa biləcəyi
gerçəyi ilə barışmaq lazımdır. Bizim
onları unutmamız nə kitaba, nə müəllifə, nə
də bizim mütaliə sevgimizə xəyanətdir.
Yaddaşımız onu unutmaqla, daha doğrusu, özünə
lazım olan duyğuları, hansısa ibrətlik nümunələri
süzgəcdən keçirib ruhumuza hopdurduqdan sonra, digər
detalları özündən uzaqlaşdırmaqla, əslində,
bizə böyük bir yaxşılıq etmiş olur.
Çünki bu sayədə bizim yeni, fərqli kitabları
oxumaq üçün həvəsimiz, gücümüz və
əlbəttə ki, yaddaşımız yaranmış olur.
Oxuduğumuz kitablar hara da getsə, yenə bizimlədir. Onun
yenidən xatırlanması üçün kiçicik detal
kifayət edəcəkdir.
Unutduğumuz kitablar həyatımızın yaddaş
xəritəsində iz qoyur. Biz onların süjetini,
obrazlarını unutsaq da, yaşatdıqları hissləri əbədiyyən
özümüzlə daşıyırıq. Həmin hisslər
bizi formalaşdırır, bizi insan, şəxsiyyət edir.
Ona görə də hər oxunan kitab - unudulsa belə - əslində,ilk
günkü kimi yepyenidir. O, artıq kitab kimi deyil, hiss kimi, təcrübə
kimi, xatirə kimi bizim əbədi yol
yoldaşımızdır.
Unutduğumuz kitablar - unudulmuş süjetlər deyil.
Onlar unuda bilmədiyimiz hisslərin ən sadiq yaddaş
saxlancıdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.14.