Bu gün görkəmli
tarzən Qurban Pirimovun anım günüdür
Bu gün Xalq artisti, əfsanəvi tarzən Qurban
Primovun anım günüdür.
AZƏRTAC xəbər verir ki, bu gün
tanınmış tarzən Qurban Pirimovun vəfatından 60 il
ötür.
Azərbaycan musiqisi tarixində özünəməxsus
yeri olan Qurban Pirimov 1880-ci ilin oktyabr ayında Ağdamın
Abdal Gülablı kəndində anadan olub. O, məşhur
aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş
yaşında ikən müəllimi, müasir Azərbaycan
tarının yaradıcısı Sadıqcanın
xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələri
müşayiət edib. Belə toyların birində xanəndə
İslam Abdullayev Qurbanın tarda ifasını bəyənib və
onu özünə tarzən götürüb.
1905-ci il gənc tarzən üçün uğurlu
olub. Belə ki, Gəncə toylarının birində Cabbar
Qaryağdıoğlu onun ifasını bəyənib və
İslam Abdullayevin razılığı ilə gənci
özü ilə Bakıya gətirib. Məşhur xanəndələri
müşayiət edən tarzən onların arasında ən
çox Xan Şuşinskiyə bağlanır. Şuşinski
xatirələrində onu belə yad edir:
“Mən Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun
10-da M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında çıxış edərkən
görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər,
85 yaşlı qocaman tarzən də iştirak edirdi. O,
"Rahab" ifa edirdi. Sənət yollarında saç
ağartmış tarzən öz sədəfli tarını
sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası
ilə toxundurduqca tellərdən qopan xoş, ürək
oxşayan səda dinləyicilərin ruhunu
oxşayırdı. Tarzən "Rahab"ı 23 dəqiqə
çaldı. Dinləyicilər hərarətli təbrik sədaları
altında qocaman tarzəni üç dəfə səhnəyə
dəvət etdilər”.
Bəli, onda özünəməxsus
çalğı ştrixləri olub. Bunlar onun öz
tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu
tanıyanlar onun həm də çox zarafatcıl bir insan
olduğunu xatırlayırlar. Həmişə zarafatla tarzənlərə
deyərmiş ki, birdən yolla gedəndə sizə daş
atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi
qoruyun. Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan,
möcüzələr yaradan məhz həmin əllər idi.
Həmin əllərin sehrindən süzülən musiqi hər
kəsin qəlbini fəth edə bilirdi.
Tarzənlər bu gün böyük sənətkarın
yolunu davam etdirərək öz sələflərini
unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə
desək, "öyrənmək ustad olmaqda ümdə şərtdir.
Amma gərək hər bir ustadın öz barmaqları
olsun".
Ustad sənətkar 1965-ci il avqustun 29-da Bakıda vəfat
edib.
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.13.