Uğur nədir və
onu necə ölçmək olar?
İnsanların əksəriyyəti uğura can
atır. Uğur məqsədə çatma və ya gözləntilərə
müvəffəqiyyətlə cavab vermə halı kimi dəyərləndirilə
bilər. Uğura fərdi istedad (talant), sosial ətraf-mühit,
şəxsi təşəbbüskarlıq, sabit əzmkarlıq
kimi çoxlu faktorlar təsir göstərir. İnsan təfəkküründə
ümumi uğur anlayış mövcud olsa da, uğurun mahiyyəti,
onun tərifi və xüsusiyyətləri fərdən-fərdə,
şəxsi yanaşmaya görə dəyişir. Məsələn,
hər hansı bir yarışda ikinci olmağı bir nəfər
qələbə kimi qəbul edirsə, başqa biri bunu
uğursuzluq hesab edə bilər.
Əqli sağlamlığı yerində, gələcəyə
az da olsa ümidi olan hər kəs özü və
yaxınları üçün daha yaxşısını
arzulayır: daha möhkəm sağlamlıq, daha yüksək
maddi qazanc, daha rahat həyat şərtləri, daha yüksək
reputasiya, daha çox tanınma və s. Odur ki, hər kəs
müəyyən mənada bir yarışdadır. Bu
yarışın mükafatı isə əldə edilən
uğurdur. Mükafata - uğura çatmaq üçün isə
ilk növbədə onun nə olduğu aydınlaşdırılmalı,
qarşıya qoyulan məqsəd dəqiq müəyyənləşdirilməlidir.
Çoxsaylı prioritetlər fonunda hər kəs
üçün keçərli olan vahid uğur formulu yoxdur.
Məsələn, artıq çəkidən azad olmaq və
ya uzun illər davam edən müalicə nəticəsində
hərəkət qabiliyyətinin bərpa olunması bəzi
insanlar üçün həqiqətən böyük
uğurdur, lakin çoxları bəlkə də belə
şeylərin uğur sayıla biləcəyini heç vaxt
düşünməyib. Digər tərəfdən
vurğulamaq lazımdır ki, uğur anlayışı
yalnız fərdin baxış bucağından deyil, həm də
onun yaşadığı mühitdən asılı olaraq dəyişir.
İnkişaf etməkdə olan ölkələrdə
uğur sayılacaq məbləğ inkişaf etmiş ölkələrdə
orta statistik qazancdan belə aşağı ola bilər - bu da
reallığın acı tərəfidir.
Uğurun fərdi tərifi müəyyənləşdirildikdən
sonra uğurun ölçülməsi üçün ona
müvafiq meyar seçilməlidir. Tarix boyu ən geniş
formada qəbul edilən yanaşma uğurun pul ilə
ölçülməsidir. Yəni nə qədər
çox pul qazanırsansa, bir o qədər uğurlusan və
ya kimdən nə qədər çox qazanırsansa, ondan bir
o qədər uğurlusan. Amma burada baxışlar fərqlənir:
bir qisim insan pulun mənbəyindən asılı olmayaraq onun
miqdarını uğurun əsas göstərici sayır, digər
qrup isə korrupsiya, monopoliya və ya qanunsuz yollarla
qazanılmış pulları qətiyyən uğur hesab
etmir.
Uğuru müqayisəli formada ölçmənin
başqa çətin tərəfi isə insanların eyni
resurslara malik olmamasıdır. Məsələn, kasıb bir
ailədən çıxıb məhdud imkanlarla yüksək
bal toplayaraq nüfuzlu universitetə pulsuz qəbul olan gənc
eyni balı daha rahat həyat şərtlərində toplayan tələbədən
daha uğurlu hesab oluna bilər. Burada uğurun
ölçü vahidi nəticə yox, çəkilən zəhmət,
qərarlılıq və intizamdır. Bu yanaşma elmi
araşdırma sahələrində xüsusilə önəmlidir.
Məsələn, bir elmi nəzəriyyənin yanlış
olduğu sübut edildikdə onun tərəfdarlarını
uğursuz saymaq düzgün olmaz. Belə ki, elmə
yarış kimi yox, müxtəlif insanların əməkdaşlıq
şəraitində həqiqəti tapmaq üçün
apardığı ortaq çalışma və ya səhvlərdən
öyrənərək həqiqətə yaxınlaşma
prosesi kimi baxmaq daha məqsədəuyğundur. Bundan da əlavə,
həyatları boyu maddi çətinliklər və şiddətli
təzyiqlər ilə üzləşdikləri halda elmi
araşdırma və dəyərlərindən imtina etməyən
el adamlarının uğurlarını onların əldə
etdiyi maddi qazanc ilə ölçmək doğru olmaz.
Onların məşəqqətli həyatlarına rəğmən,
əzmlə çalışmaları, bəşəriyyətə
töhfələri danılmazdır. Belə alimlər
arasında Giordano Bruno, Qalileo Qaliley, Benedikt Spinoza, Deodat Qratet
de Dolomye, Maykl Faraday, Qreqor Mendel, Nikola Tesla kimi nəhəng
adlar yer alır.
Təəssüf ki, insanlığa töhfə vermək
amalı, cəmiyyətə faydalı olmaq istəyi, kütlələri
müsbətə doğru dəyişmək cəhdləri
kimi ülvi məqsədlər maddi qazanc gətirmədiyi
müddətcə mənasız göstərilməyə
çalışılır. Bu düşüncə
formasının gənclər arasında sürətlə və
asanlıqla yayılması təkcə ayrı-ayrı xalqlar
üçün deyil, bütün bəşəriyyət
üçün narahatedici haldır.
Bütün bunlardan belə nəticəyə gələ
bilərik ki, uğur yalnız maddi nailiyyətlər, əldə
olunan statistik nəticələr ilə ölçülməməlidir
və sadəcə bunlarla ölçülə də bilməz.
Çünki yekdilliklə qəbul olunan normativlər yoxdur.
Yüksək gəlir, doğru qurulmuş həyat-iş
balansı, xoşbəxt ailə strukturu, cəmiyyətə
fayda vermək, fikir və söz azadlığını təmin
edə bilmək, başqalarının həyatına müsbət
təsir göstərmək və sonsuz nümunələr -
bunların hamısı uğurun müxtəlif
formalarıdır. İdmançı, alim, musiqiçi və
ya milyarderin uğur anlayışları fərqli ola bilər,
amma mahiyyət və formasından asılı olmayaraq
bunların hamısı dəyərlidir.
Həssas olmalı olduğumuz bir məqam da budur ki, dəyər
və uğur anlayışları çox fərqli
olduğundan heç kəsin başqalarına öz
doğrusunu diqtə etməyə və ya
başqalarını qınamağa haqqı yoxdur. Kimisi
uğuru sahib olduğu əşyalar, səyahət etdiyi yerlər
və ya insanlar ilə məqsədyönlü şəkildə
qurduğu əlaqələr ilə ölçür. Kimisi
üçün xoşbəxt ailəyə sahib olmaq ən
önəmli uğur göstəricisidir. Başqaları isə
xoşbəxtliyi insanlara kömək etməkdə və
onların həyatına yaxşı mənada təsir
göstərməkdə görür. Bu müxtəlif
yanaşmaların hamısı doğrudur, çünki
uğur şəxsi və subyektiv bir anlayışdır. Ona
görə də uğurları başqaları ilə
müqayisə etmək həm etik deyil, həm də çox
vaxt heç bir mənalı nəticə vermir. Bununla
yanaşı, özünü başqaları ilə daimi
formada müqayisə edənlərin məyusluğa və
depressiyaya daha meyilli olmaları faktını unutmamaq gərəkdir.
Bu psixoloji vəziyyət ilə üzləşməmək
üçün bir həqiqəti dərk etmək
lazımdır - əsl uğur qışqırmır, onu
bağıra-bağıra kiməsə göstərmək
lazım deyil. Çünki o, realdır və
özü-özünə kifayət edir. Buradan da o nəticəyə
gəlmək lazımdır ki, insanların öz zehinlərində
formalaşdırdıqları "yarış" fərdi
olmalıdır, insanın yarışdığı,
keçməyə çalışdığı tək
adam ancaq keçmişdəki özü olmalıdır.
Nəticə olaraq uğurun ölçülməsi
yalnız maddi və ya statistik göstəricilərdən
asılı olmamalıdır. Həqiqi uğur əldə
olunan nəticələrdən daha çox ona aparan yolda
göstərilən səylərdə, iradədə, zəhmət
və dürüstlükdə gizlidir. Hər bir insan uğur
yolunda irəliləyərkən keçmişdəki
özünü üstələmək, öz həqiqi
potensialını reallaşdırmaq və həyatın mənasını
dərk etmək üçün
çalışmalıdır. Bu baxımdan uğur yalnız
nəticə deyil, həm də prosesin özü və onun
verdiyi dərin təcrübədir.
Sabir ETİBARLI
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.11.