Ərzaq təhlükəsizliyi
risk altında
ÖLKƏDƏ İRİ VƏ XIRDABUYNUZLU MAL-QARANIN
SAYINDA KƏSKİN AZALMA MÜŞAHİDƏ OLUNUR
Son illər Azərbaycanda həm iri, həm də
xırdabuynuzlu mal?qaranın sayında əhəmiyyətli
azalma müşahidə olunur. Bu səbəbdən də
müxtəlif xarici ölkələrdən Azərbaycana ət
ixraçı xeyli artıb. Dövlət Statistika Komitəsinin
məlumatına görə, xüsusilə iribuynuzlu
heyvanların, qoyun-keçinin sayında nəzərəçarpacaq
azalma qeydə alınıb. İribuynuzlu mal-qaranın
ümumi sayı ötən ilin ilk yarısı ilə
müqayisədə 2 faiz azalıb. Hazırda ölkəmizdə
2.45 milyon iribuynuzlu mal-qara var.
Heyvanların baş sayının azalmasına təbii
yem ehtiyatlarının, ənənəvi heyvandarlıqla məşğul
olan fermerlərin sayının azalması, aşağı
çəkidə heyvanların kəsilməsinin kütləvi
hal alması və s. amillərin səbəb olduğu
bildirilir.
Eyni zamanda iqlim dəyişikliyi nəticəsində
quraqlıq hallarının artması, su ehtiyatlarının
azalması və otlaq sahələrinin zəifləməsi,
heyvanların suya olan tələbatının tam ödənilməməsi
də əsas amillərdəndir.
Azalmaya səbəb olan amillərdən biri də
ölkədə yemə olan tələbatın qismən
ödənilməsidir. Təhlillər göstərir ki, tələbat
qüvvəli yem üzrə 50-60 faiz, quru ot üzrə 40-50
faiz, sulu-şirəli yem üzrə isə 10 faiz civarında
ödənilir.
Rəsmi statistikaya görə, ölkəmizdə
adambaşına düşən illik ət və ət məhsulları
42 kiloqrama yaxındır. Azərbaycan dünyanın bir
çox inkişaf etmiş ölkələrindən ət
istehlakına görə, təxminən 40 faiz geri qalır.
Adambaşına düşən illik ətin 75-80 faizinin yerli
istehsal hesabına qarşılandığı bildirilir.
Azalmaya səbəb nədir?
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, Azərbaycanda
iri və xırdabuynuzlu heyvanların sayında kəskin
azalmaya səbəb olan amillər var: "Son 8-10 ilin
statistikası göstərir ki, ölkədə heyvan kəsimi
20 faiz artıb. Ancaq saxlanılan heyvanların sayı kəskin
azalıb. Əvvəllər rayonlarda, kəndlərdə
yaşayan insanlar mal-heyvan saxlayırdılar. Son illərdə
böyük şəhərlərə köç səbəbindən
heyvan saxlayanların sayında ciddi şəkildə azalma var.
İndi bölgələrdə çox az adam maldarlıqla məşğul
olur. Bununla yanaşı, təbii otlaqların da sayı
azalıb. Heyvandarlıq çox ağır sahədir. Bu səbəbdən
də çox adam artıq bu sahə ilə məşğul
olmaq istəmir. Tarlada əkinçiliklə məşğul
olmaq daha sərfəli gəlir insanlara".
Damazlıq saxlamaq üçün sahələr yoxdur
Ekspertin söylədiyinə görə, bu gün
iribuynuzlu heyvan təsərrüfatlarının damazlıq
saxlaması üçün sahələri yoxdur ki, yem
bazalarını formalaşdırsınlar: "Artıq bir
neçə ildir ki, yem qiymətləri
bahalaşdığı üçün məcbur qalıb
damazlıq heyvanları da kəsimə göndərirlər".
Otlaq sahələrinin təyinatı dəyişdirildi,
örüş yerləri azaldı
İqtisadçı ekspert Natiq Cəfərli bildirib
ki, ölkədə 2015-ci ildə 2 milyon 697 min 500 baş
iribuynuzlu, 8 milyon 645 min 400 baş xırdabuynuzlu mal-qara var idi.
Elə həmin ildən pambıq əkininə start verildi,
otlaq sahələrinin böyük hissəsində pambıq əkildi.
Nəticədə mal-qara üçün yem bazası təşkil
edən örüş yerləri azaldı: "2015-ci illə
müqayisədə son 10 ildə 237 min 800 baş iribuynuzlu, 1
milyon 800 minə yaxın isə xırdabuynuzlu mal-qara azalıb.
Ətin qiyməti son 10 ildə 2-2,5 dəfə
bahalaşıb. Ətin bahalaşmasının əsl səbəbi
məhsulun azalmasıdır. Bu azalmanın
qarşısını almaq üçün örüş
yerlərini artırmaq lazımdır".
Heyvandarlıq sektorunda geriləmə
Ekspertin sözlərinə əsasən ki, 2015-ci ildən
etibarən heyvandarlıq sektorunda başlayan geriləmə
indi də davam edir. Problemin yeganə həll yolu
örüş yerlərinin artırılması və bunun
ön plana çəkilməsidir".
Kənd təsərrüfatı məsələləri
üzrə ekspert Cəfər İbrahimlinin dediyinə görə,
iqlim dəyişikliyi də örüş yerlərinin məhv
olmasına səbəb olur. Belə olan halda da fermerlər
heyvanları yemlə yemləməyə məcbur olurlar. Yemin
qiyməti isə bahadır. Bu da istər-istəməz ətin
maya dəyərinin yüksəlməsinə səbəb olur.
Hazırda işğaldan azad olunan ərazilərdə yeni
örüş sahələri açılıb. Hesab edirəm
ki, həmin ərazilərdən istifadə
heyvandarlığın inkişafına töhfə verə
bilər. Qarabağdakı örüş yerləri
hesabına maldarlığı əvvəlki səviyyəyə
qaldırmaq mümkündür".
Yoluxucu xəstəliklərdən minlərlə
baş heyvan tələf olur
Heyvandarlıqla məşğul olan Akif Quliyevin
sözlərinə görə,
iribuynuzlu və xırdabuynuzlu mal-qaranın sayında
azalma səbəblərindən biri də heyvanlar arasında
yayılan yoluxucu xəstəliklərdir. Xəstəliklərin
geniş yayılması heyvan tələfatına, məhsuldarlığın
aşağı düşməsinə səbəb olur:
"Heyvanlar arasında yayılan xəstəliklər,
xüsusilə yoluxucu olanlar, sürətlə genişlənir
və çoxsaylı təsərrüfatlara zərər
vurur. Xəstəlik riski olan bölgələrdə
heyvandarlıq fəaliyyəti dayandırılır, bu isə
kənd təsərrüfatı gəlirlərinə mənfi
təsir edir. Bu səbəbdən də vaxtlı-vaxtında
vaksinasiya prosesini həyata keçirmək
lazımdır".
Yem və quru ot od qiymətinədir
İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, ət
istehsalı Azərbaycanda 2018-ci ildən azalmağa
başlayıb. Son bir neçə ildə isə daha da
sürətlənib: "Kənd yerlərində
örüş yerləri azdır. Ona görə də fermer
heyvanları tövlədə saxlayıb yemləyir. Yem və
quru ot çox bahadır. Örüş sahələrinin
azlığı otun qiymətini bahalaşdırır. Belə
olanda da fermerin çoxu buna tab gətirə bilmir və
heyvanlarını dəyər-dəyməzinə satırlar.
Nəticədə istehsal ciddi şəkildə azalır. Bu səbəbdən
də əhalinin ətə olan ehtiyacı bu gün daha
çox idxal hesabına ödənilir. Belə getsə, idxal ətlərin
həcmi daha da artacaq".
A.Nəsirli hesab edir ki, ət idxalını azaltmaq
üçün yerli istehsalı stimullaşdırmaq
lazımdır: "Bölgələrdə yeni
örüş yerləri yaradılmalıdır. Hətta
mümkündürsə hər kənddə örüş
yerləri olsun. İşğaldan azad olunmuş ərazilərin
imkanlarından da istifadə edilməlidir. Bildiyimiz kimi, tarixən
Laçın, Kəlbəcər yaylaqları heyvandarlıq
üçün əlverişli ərazilər olub. Ona görə
də bu ərazilərdə vaxtilə maldarlıq geniş
inkişaf edib. Həmin örüş sahələri yenidən
dövriyyəyə qaytarılsa, yerli istehsal artar.
Heyvandarlıq üçün qışlaq və yaylaq sahələri
olmalıdır. Bu, heyvandarlığın inkişafı
üçün çox vacibdir. Yaranmış vəziyyəti
düzəltmək üçün aqrar siyasət yenidən
nəzərdən keçirilməlidir. Dövlət tərəfindən
kiçik təsərrüfatlara dəstək gücləndirilməlidir.
Ən başlıcası isə örüş sahələrinin
artırılması və qorunması üçün
müvafiq tədbirlər görülməlidir".
Vaxtından əvvəl kəsim heyvandarlığa
ciddi ziyan vurur
Millət vəkili Tahir Rzayevin fikrincə, xırda və
iri buynuzlu heyvanların vaxtından əvvəl kəsimi
heyvandarlığa xeyli ziyan vurur: "7-8 kiloqramlıq
quzuların, 50-60 kiloqramlıq danaların kütləvi kəsilməsi
mal-qaranın sayının artımına öz mənfi təsirini
göstərir. Quzular qoyun olmalıdır, qoç
olmalıdır, danalar inək olmalıdır. Bunların erkən
kəsimi gələcəkdə nəslin kəsilməsinə,
eləcə də məhsulların azalmasına səbəb
olan haldır. Bu yolla gələcəkdə yüksək məhsuldarlıq
əldə etmək mümkün deyil".
Azərbaycanda iri və xırdabuynuzlu mal-qaranın
sayının azalması kənd təsərrüfatının,
həm də ümumilikdə ərzaq təhlükəsizliyinin
ciddi risk altında olduğunu göstərir. Lakin
müşahidələr göstərir ki, müvafiq dövlət
qurumları bu məsələyə ya yetərincə diqqət
ayırmır, ya da gecikmiş və təsirsiz tədbirlər
görür.
Məsul qurumların reaksiyası ya gecikmiş, ya da
formal xarakter daşıyır
Bu qədər açıq və təhlükəli
bir prosesə baxmayaraq, məsul qurumların reaksiyası ya
gecikmiş, ya da formal xarakter daşıyır.
Heyvan xəstəliklərinin yayılması ilə
bağlı lazımi diaqnostika və nəzarət sistemləri
hələ də zəifdir. Xəstəliklərin
qarşısını almaq üçün peyvəndləmə
kampaniyaları zamanında və əhatəli həyata
keçirilmir. Kənd Təsərrüfatı Nazirliyi
dövlət dəstəyinin böyük hissəsi iri təsərrüfatlara
yönəlir, kiçik və orta fermerlər kölgədə
qalır. Subsidiyaların bölgüsü bəzən
qeyri-obyektiv və qeyri-şəffaf həyata keçirilir.
"Damazlıq heyvan dəstəyi" kimi proqramlar real təsərrüfatların
əksəriyyətinə çatmır. İcra
Strukturları və Bələdiyyələrin yerli səviyyədə
heyvandarlığın qorunması ilə bağlı təşəbbüslər
yoxdur. Otlaq sahələrinin icarəsi və istifadəsi nəzarətsizdir,
çox vaxt qeyri-qanuni yollarla başqa məqsədlərə
yönəldilir.
Problemlərin aradan qaldırılması
üçün müvafiq dövlət qurumları konkret və
ölçülə bilən tədbirlər görməlidirlər.
Xəstəliklərin qarşısının alınması
üçün peyvəndləmə və baytarlıq nəzarəti
gücləndirilməli, kiçik və orta fermerlərə əldə
edilə bilən subsidiyalar verilməli, yem ehtiyatlarının
yaradılması üçün regional dəstək
proqramları icra olunmalı, erkən kəsim və qeyri-qanuni
satış kimi hallar ciddi nəzarətə
götürülməlidir. Əks təqdirdə, bu sahədə
yaranan boşluq illərlə qurulan kənd təsərrüfatı
sistemini məhv edə bilər.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.8.