Minsk qrupunun sonu
İkinci Qarabağ müharibəsindən sonra de-fakto
mövcud olmayan ATƏT-in Minsk qrupunun de-yuri ləğv edilməsi
ilə bağlı yaxın günlərdə qərar veriləcək.
Məlum olduğu kimi, bununla bağlı Azərbaycan və
Ermənistan ATƏT-in Baş katibinə birgə müraciət
ünvanlayıb. Bir neçə gün əvvəl Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov Nazirlər Kabinetinin
Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr
olunmuş xüsusi iclasında bəyan etdi ki, Minsk qrupu və
əlaqədar strukturlarının bağlanması ilə
bağlı müraciət ATƏT ölkələri arasında
yayılıb. İştirakçı dövlətlər qərarın
qəbulu üçün lazımi prosedurları dəstəkləməyə
çağırılıb və 1 sentyabrda qərarın qəbulu
gözlənilir.
ATƏT-in Minsk qrupunun ləğvi təşəbbüsü
Azərbaycan dövlətinə məxsusdur. Azərbaycanla Ermənistan
arasında 17 bəndlik sülh sazişinin mətni bu ilin mart
ayında tam razılaşdırılıb, 8 avqust tarixində
isə sənəd Ağ Evdə paraflanıb. Lakin Azərbaycan
tərəfi sülh sazişinin imzalanması
üçün iki şərt irəli sürüb -
ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə
müraciət və Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin
edilməsi. Söhbət Azərbaycana qarşı ərazi
iddialarının aradan qaldırılmasından gedir. Ermənistan
tərəfi Bakının tələblərini yerinə
yetirməklə bağlı vaxt uzatmaqla məşğul idi.
Məsələn, rəsmi İrəvan Minsk qrupunun sülh sazişinin
imzalandığı gündə ləğvini təklif
edirdi. Ancaq 8 avqustda Vaşinqtonda keçirilən üçtərəfli
sammitdə Azərbaycan və Ermənistan liderləri ABŞ
Prezidentinin şahidliyi ilə ATƏT-in Minsk qrupunun və əlaqədar
strukturların buraxılması ilə bağlı qərar qəbul
etdilər.Yeri gəlmişkən tərəflərin birgə
müraciətindən sonra ATƏT-dən yerli mediaya bildirilib
ki, 11 avqustda Ermənistan və Azərbaycan tərəfindən
birgə müraciət alındıqdan sonra, ATƏT-in 2025-ci
il sədri olan Finlandiya Minsk prosesinin və onunla əlaqəli
strukturların bağlanması üçün
iştirakçı dövlətlərlə müzakirələrə
rəhbərlik edir. Bunun üçün bütün 57
iştirakçı dövlətin konsensusu ilə qəbul
edilən Nazirlər Şurasının qərarı tələb
olunur. 25 avqustda keçirilmiş Xüsusi Daimi Şura
iclasından sonra Minsk prosesinin və ona bağlı
strukturların bağlanması barədə Nazirlər
Şurasının qərar layihəsi iştirakçı
dövlətlərə təqdim edilib və 1 sentyabra qədər
sakit prosedur vasitəsilə təsdiqlənməsi
üçün göndərilib. Bu prosedur heç bir
iştirakçı dövlət etiraz etmədiyi halda həmin
tarixdə qərarın qəbul edilməsinə imkan verir.
Yaxın günlərdə tarixin arxivinə
gömüləcək Minsk qrupu təxminən 30 il ərzində
səmərəsiz, faydasız fəaliyyəti ilə, həmçinin
ermənilərin maraqlarından çıxış edən ədalətsiz
bir təsisat kimi yadda qalacaq. Bu struktur ATƏM-in (1 yanvar 1995-ci
ildən ATƏT- red) üzv dövlətləri Xarici
İşlər Nazirləri Şurasının 1992-ci il
martın 24-də Finlandiyanın paytaxtı Helsinkidə
keçirilmiş görüşündə təsis edilib.
Görüş zamanı Qarabağdakı vəziyyət
müzakirə olunaraq, Ermənistan-Azərbaycan münaqişəsinin
sülh yolu ilə həll edilməsinə dair Minsk
konfransının çağırılması haqqında qərar
qəbul edilib. Qrupun tərkibinə ABŞ, Fransa, Rusiya, Azərbaycan,
Ermənistan, Almaniya, Belarus, İsveç, İtaliya, Niderland,
Portuqaliya, Türkiyə və Finlandiya daxil idi. Minsk qrupu Ermənistan-Azərbaycan
münaqişəsinin ATƏT-in prinsipləri əsasında
sülh yolu ilə danışıqlar vasitəsilə həlli
üçün yaradılmışdı. 1994-cü il
dekabrın 5-6-da qurumun Budapeştdə keçirilən Zirvə
toplantısında həmsədrlik institutu təsis olundu. Həmsədrlik
institutuna ilk vaxtlar Finlandiya ilə Rusiya, daha sonra isə
1995-1996-cı illərdə İsveç və Rusiya rəhbərlik
edib. 1997-ci il yanvarın 1-dən isə ATƏT-in Minsk qrupunun
həmsədrlər dövlətləri ABŞ, Rusiya və
Fransa olub.
Qeyd etdiyimiz kimi, ötən müddət ərzində
Minsk qrupu vasitəçi olaraq heç bir addımı ilə
yadda qalmayıb. Əksinə, hər zaman
işğalçı ilə işğala məruz qalan
dövlətə eyni yanaşma srgilənib, Ermənistana nəinki
hər hansı təzyiq göstərilib, heç sözdə
belə işğal faktı pislənməyib. Münaqişəni
dondurmağa, o zamankı status-kvonu saxlamağa
çalışıblar, regiona turist səfərləri həyata
keçiriblər.
İkinci Qarabağ müharibəsindən sonra onsuz da
fəaliyyətsiz olan Minsk qrupunun artıq sənəd üzərində
belə heç bir işi qalmadı. Amma buna baxmayaraq, onlar yenə
regiona səfər etdilər.
Azərbaycan Prezidenti İlham Əliyev 12 dekabr 2020-ci
ildə ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan
Viskontini, ABŞ-dən olan həmsədri Endrü Şoferi,
Rusiyanın Azərbaycandakı o zamanı səfiri Mixail
Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin
şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edərək
bu qurumun 30 ilə yaxın dövr ərzində fayda vermədiyini
vurğulamişdı. Dövlət başçısı
onlara müraciətlə demişdi: "Sizi dinləyirəm,
çünki buraya gəlmək sizin ideyanız idi. Mən
Minsk qrupunu səfərə dəvət etməmişəm.
Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək
istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə
onların mənə sözləri var".
Dövlət başçısı eyni zamanda, Azərbaycanın
30 ilə yaxın davam edən münaqişəni həll
etdiyini, buna güc yolu və siyasi vasitələrlə nail
olduğunu söyləmişdi: "Təəssüflər
olsun ki, Minsk qrupu münaqişənin həllində heç
bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk
qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17
il ərzində danışıqlarda iştirak etmişdim.
Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla
çıxış etmək və yaradıcı olmaq istiqamətində
müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə
verməmişdir. Reallıq bundan ibarətdir. Beləliklə,
Azərbaycan bu məsələni özü həll
etmişdir".
"Əl-Ərəbiyyə" kanalına
müsahibəsində isə dövlət
başçısı söyləyib ki, Minsk qrupu 1992-ci ildə
ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli
üçün yaradılmışdı. Ermənistan rəsmi
şəkildə Qarabağı Azərbaycanın hissəsi
kimi tanıdığını və münaqişənin
başa çatdığını bildirdiyi halda, Minsk qrupunun
hüquqi mövcudluğu absurddur: "Əgər onu saxlamaqda
israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ
də ərazi iddialarının olduğunu göstərir. Bu,
mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana
anlatmaq üçün çox vaxt və səy sərf etdik
ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə
bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident
Trampın iştirakı ilə baş verdi. Hazırda proses
artıq başlayıb və bu, Minsk qrupunun hüquqi
süqutunu ifadə edəcək, çünki o, artıq
beş ildən çoxdur ki, fəaliyyətsizdir".
Beləliklə, Azərbaycanın daha bir tələbi
artıq reallaşmaq üzrədir. Bu, Bakının regionda
yaratdığı yeni reallıqların bütün dünya
tərəfindən qəbul ediliyinin daha bir nümunəsidir.
Eyni zamanda, Vaşinqton sammitində əldə edilmiş
razılıqların Cənubi Qafqazda yeni səhifə
açdığını, sülh gətirdiyini göstərir.
Milli Məcliin deputatı Rasim Musabəyov mövzu ilə
bağlı "525"ə deyib ki, Minsk qrupunun ləğvi
ilə bağlı müsbət qərarın qəbul ediləcəyini
gözləyir: "Düşünmürəm ki, kimsə
bunun qarşısını ala bilsin. Əgər tərəflər
bunun lehinədirlərsə, razılığa gəliblərsə,
kim və hansı əsasla buna qarşı gedə bilər? Hansısa səbəb göstərilirsə,
onu əsaslandırmaq lazımdır. Burada isə əsaslandırılacaq
nəsə qalmayıb. Tərəflər bunu istəyirlər.
Kim deyəcək ki, yox, bunu saxlamaq lazımdır. Hər bir
halda Azərbaycan ümumiyyətlə bütün qərarlara
veto qoya bilər və hər hansı qərarın qəbulunun
qarşısını ala bilər. Ona görə də
düşünmürəm ki, kimsə buna etsin".
Deputat hesab edir ki, Minsk qrupu tarixdə "diplomatik
turizm" fəaliyyətini icra edən struktur kimi qalacaq:
"Bu təsisatın münaqişənin nizamlanmasında
heç bir faydası olmayıb. Məsələnin həlli
ilə yox, prosesi dondurmaqla məşğul idilər. Təki
müharibə olmasın, vəziyyəti olduğu kimi
saxlasınlar. Minsk qrupunun formal olaraq qalması o demək idi
ki, bu məsələ beynəlxalq gündəlikdə hələ
də mövcuddur. Azərbaycan bu məsələni gündəmə
gətirməklə və Minsk qrupunun ləğvinə nail
olmaqla, məsələni beynəlxalq gündəlikdən
silib çıxarır".
Pərvanə
525-ci qəzet .- 2025.- 30 avqust (№155).- S.4.