Mir Möhsün Nəvvab
Qarabaği: ömür və fəaliyyət yoluna dair qeydlər
Qarabağın fəxri, mədəni irsimizin mərkəzi
Şuşanın yetişdirdiyi böyük şəxsiyyətlərdən
biri də Mir Möhsün Mir Əhməd oğlu (Nəvvab)
Qarabağidir. O, şəhərin Mamayı məhəlləsində
Mir Əhmədin ailəsində anadan olmuşdu.
"Nəvvab" onun təxəllüsüdür.
Bu, ərəb sözüdür, mənaca "canişin"
deməkdir. Mir Möhsün adının əvvəlindəki,
"Mir" sözü müxtəlif mənalar bildirir. Bunlar
"rəis, başçı, rəhbər" deməkdir,
bəzi adam adlarının əvvəlinə
artırılaraq onların seyid nəslindən olduğunu
özündə ehtiva edir.
Deməli, Mir Möhsün Nəvvab Şuşada yerli
seyid nəslinin nümayəndəsi, vətənpərvər,
torpağını, elini sevən mübariz vətəndaş
olub.
Mir Möhsün Nəvvab 1833-cü ildə
Şuşa qalasında dünyaya gəlib. O, ilk təhsilini
dini məktəbdə alıb, sonra isə Sarıcalı
Abbasın mədrəsəsində təhsilini davam etdirib.
Mədrəsədə təhsil aldığı illərdə
Nəvvab ərəb və fars dillərini mükəmməl
öyrənib, böyük fitri istedada malik olduğunu parlaq
surətdə nümayiş etdirib. Burda o, astronomiyanı,
riyaziyyatı, kimyanı və başqa dünyəvi və
dini elmləri dərindən mənimsəmişdi.
Nəvvab Şuşada keçirilən tədbirlərdə
fəal iştirak edir, dərin məzmunlu fəlsəfi əsərlər
qələmə alır, ixtira etdiyi çap dəzgahlarında
kitablar buraxırdı.
Nəvvab 20-dən artıq kitabın müəllifidir.
Onun əsərləri içərisində Qarabağın
XVIII-XIX əsrlərdə yaşamış 100-dən
çox şairinin həyat və fəaliyyəti haqqında
olduqca dərin mənalı məlumat verilir. Həmin məlumatlar
"Təzkireyi-Nəvvab" antologiyasında toplanıb.
Onların içərisində M.P.Vaqifin, M.V.Vidadinin, Q.Zakirin,
Cəfərqulu xan Nəvanın, Mehdiqulu xan Vəfanın,
Fatma xanım Kəminənin, Həsənəli xan
Qaradağinin, Mirzə Rəhim Fənanın, Hacı Abbas
Agahın, Mir Mehdi Xəzanının və
başqalarının əsərləri dərc olunub. Qeyd
etdiyimiz kitab 1913-cü ildə Bakı şəhərində,
1998-ci ildə isə "Şuşa" nəşriyyatında
çap edilib.
Nəvvab filosof, astroloq, alim, riyaziyyatçı,
kimyaçı, tarixçi və astronom kimi şöhrət
qazanıb. 1899-ci ildə o, astonomiyaya aid dərslik yazıb.
Öz evində ikiteleskoplu (səma cisimlərinə baxmaq
üçün cihaz) kiçik rəsədxana və kimya
laboratoriyası yaradıb. Nəvvab "Kifayət-ül-Ətfal"
əsərində səma cisimlərinin
düzümünün xronoloji cədvəlini təsvir edib.
Nəvvab "Nəsihətnamə" əsərində
yetişməkdə olan gənc nəslə nə az, nə
çox 500 nəsihət verir. Burda o, müəllimlik və
alimlik dühasını nümayiş etdirir. "Kifayət-ül-Ətfal",
"Nur-ul-Ənvar" və "Pəncnamə" əsərlərində
də mənəvi-əxlaqi sahələrə geniş yer
verir. Şuşanın tarixi memarlıq abidələrində,
xüsusilə, Yuxarı Gövhər ağa məscidində,
özünün şəxsi evində və dərs dediyi mədrəsənin
otaqlarında sulu boya ilə çəkilmiş
naxışlar sübut edir ki, Nəvvab həm də mahir rəssam
və nəqqaş olub.
Nəvvabın "Vüzuhül-Ərqam" ("Rəqəmlərin
izahı") adlı məşhur musiqi əsəri ilk dəfə
1913-cü ildə Bakıda nəşr olunub. Müəllif bu
elmi əsərində ayrı-ayrı milli
muğamlarımızın yaranması, inkişafı, habelə
bəzi dəstgahların tərkibi, şeir mətni ilə
muğamlarımızın əlaqəsi, ifaçının
və dinləyicinin qarşılıqlı əlaqəsi və
habelə onların musiqi duyumu nəzərində bir-biri ilə
üzləşməsi və qarşılıqlı fəaliyyəti
əlaqələndirilir.
Nəvvab "Dəstgah" terminini ilk dəfə
işlədənlərdən biri olmuş. Qarabağda
mövcud olan altı dəstgahın tərkibini göstərmişdi.
Bu dəstgahların tərkibi "Rast",
"Mahur", "Şahnaz", "Rahabi" və ya
"Rahab", "Cahargah" və "Nəva"dır.
Nəvvabın özünün dediyi kimi, ifa olunan dəstgahın
tərkibi çox sahədə ifaçının
zövqündən və bacarığından
asılıdır. Müəllif həmin dövrdə
Qarabağda ifa olunan 82 muğam və mahnının
adını göstərir.
Mir Möhsün Nəvvab bir sıra milli
muğamlarımızın yaranması, formalaşması və
habelə onların adlarının etimologiyasını da elmi
cəhətdən izah edir. Məsələn, "Azərbaycan",
"Nişapur", "Zabul", "Bağdadi",
"Şirvani", "Qacar", "Xətai" və digər
muğamlarımızın adlarını onları yaradan
adamların və oxunan şeirlərin adları ilə əlaqəli
olduğunu bildirir.
Sənətşünaslıq üzrə fəlsəfə
doktoru Aynurə Abışova M.M.Nəvvabın milli
muğamlarımız haqqında elmi yanaşmalarından bəhs
edərkən yazır: "O, "Rast"
muğamının yaz küləyinin əsməsinə,
"Rahab" muğamını yağışın
damcılarına, "Cahargah" muğamını göy
guruldamasına, "Digah" muğamını fəvvarəyə,
"Humayun" muğamını quşların
uçmasına, "Nəva" muğamını bəxtsiz
sevgililərin ahına, "Mahur" muğamını suyun
şırıltı ilə axmasına, "Şahnaz"
muğamını bülbüllərin cəhcəhinə,
"Uşşaq" muğamını quşların
uçmasına, "Uzzal" muğamını fəzadan
düşən kütləyə bənzədir".
Nəvvab milli muğamlarımızın həyəcan
təsirlərindən bəhs edərkən yazır:
"Uşşaq", "Busəlik" və "Nəva"
igidliyə və hünərə səsləyir,
"Bozarq", "Rahabi", "Zəngulə",
"Zirəfkənd" və "Hüseyni"
muğamı qəm və kədər gətirir".
Nəvvab musiqinin şəfaverici xüsusiyyətləri
ətrafında da maraqlı elmi fikirlər irəli
sürüb. Hazırda bu fikirlər tibb elmləri tərəfindən
təsdiq edilib.
Mir Möhsün Nəvvab Şuşanın mədəni
və siyasi həyatında fəal iştirak edib. 1872-ci ildə
onun evində təşkil edilmiş "Məclisi fəramuşan"
("Unudulmuşların məclisi") ədəbi dərnəyi
çox böyük işlər görüb. Məclisin fəaliyyətində
M.M.Nəvvab, Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə,
Abdulla bəy Asi, Məşədi Əyyub Baku, B.Səbur, B.Fədai,
M.Katib və başqaları fəal iştirak edirdilər. Məclisin
həyata keçirdiyi tədbirlər yüksək səviyyədə
təşkil olunurdu.
Nəvvabın rəhbər olduğu "Məclisi-fəramuşan
Xan qızı Natəvanın başçılıq etdiyi
"Məclisi üns"lə, Şamaxıda fəaliyyət
göstərən "Beytus-şəfa", Bakıdakı
"Məcməyuş-Şuəra" ədəbi məclisləri
ilə də əlaqə saxlayırdı. Onların
arasında yaradıcılıq təcrübəsi və
dostluq münasibətləri var idi. "Məclisi-fəramüşan"
öz fəaliyyətini 1918-cü ilə kimi davam etdirib.
"Məclisi-fəramuşan"ın məclisləri
Çıdır düzündə, Üçmıxın
aşağı qurtaracağındakı Ağzıyastı
kahada təşkil olunurdu. Bu yer olduqca mənzərəli və
əlverişli məkan idi. Şuşada aparılan yenidənqurma
və bərpa işlərində, yəqin ki,
Ağzıyastı kaha da özünün layiqli yerini tutacaq.
Bu, vaxtilə burda mədəniyyətimizin təbliğatçılarının,
o cümlədən, Nəvvabın ruhuna böyük hədiyyə
olacaq.
Vəhşi erməni quldurları Nəvvabın da məzarını
dağıtmışlar. 44 günlük müharibədən
sonra Heydər Əliyev Fondu hesabına Nəvvabın müqəddəs
məzarı əvvəlkindən də yaxşı səviyyədə
bərpa olunub. Bu sahədə Fondun prezidenti Mehriban xanım
Əliyevanın şəxsi təşəbbüsü
xüsusi qeyd edilməlidir.
XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət
göstərən musiqi məktəblərindən biri də
M.M.Nəvvabın məktəbi idi.
M.M.Nəvvab Şuşa şəhərinin siyasi həyatında
və bütövlükdə Qarabağda və ondan kənarda
baş verən siyasi və sosial hadisələrə də
biganə qalmamışdı. Xüsusilə, XX əsrin əvvəllərində
baş vermiş 1905-1906-cı illər erməni-müsəlman
davaları haqqında tarixi əsər də yazıb. Əsərdə
Rusiya imperiyasının Şuşada özünə yuva salan
məmurlarının, erməni daşnaklarının və
erməni Qriqoryan kilsəsinin fəal köməyi ilə
müsəlmanlara qarşı törədilmiş qanlı
cinayətlər əks olunur.
M.M.Nəvvabın həmin qanlı illərə həsr
etdiyi tarixi əsəri "1905-1906-cı illərdə erməni-müsəlman
davası" adlanır. Əsər rəy, giriş və 50
başlıqdan ibarətdir. 1993-cü ildə
"Şuşa" nəşriyyatı tərəfindən
çap olunmuşdur. 128 səhifədən ibarətdir.
Kitabın redaktoru Vasif Quliyev, əski əlifbadan çevirənləri
filologiya elmləri namizədi Kamandar Şərifli və Arif
Ramazanlıdır.
M.M.Nəvvabın bu əsəri tarixi gerçəkliyə
əsaslanır. Başlıqların əksəriyyətində
müəllif əlavələr etməklə tarixi ədaləti
diqqətə çatdırır, erməni quldurlarının
bəd və məkrli niyyətlərini ifşa edir.
M.M.Nəvvab əsərində yazırdı:
"İstər qımdatlara (müasir erməni
saqqallılarının əcdadları), istərsə də
başqa erməni millətçi quldur dəstələrinə
xeyir-dua verən, onların xalqımıza qarşı törətdikləri
qanlı cinayətlərin, qırğınların əsas təşkilatçısı
erməni qriqoryan kilsəsi və onların keşişləri
idi. Ümumi rəhbəri Ecmiədzin kilsəsi olmuşdur.
Hazırda erməni kilsəsi bu siyasətini davam etdirir..."
Kitab 50 min tirajla nəşr edilib, geniş oxucu kütləsinə
çatdırılıb.
Bioqrafiyasına dair bu müxtəsər qeydlərdən
də göründüyü kimi, Mir Möhsün Nəvvab təkcə
Şuşa və Qarabağın yox, bütövlükdə
Azərbaycanın ədəbi-mədəni və ictimai fikir
tarixində xüsusi yerə malikdir.
Yunis HÜSEYNOV
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet .- 2025.-2 dekabr(№219).- S.15.