Evdar kişi və evdar qadın
Qızımız Ediz Dərinin bir yaşı tamam
oldu, artıq uşaq bağçasına gedir. Mən də təxminən
səkkiz ay davam edən atalıq məzuniyyətindən sonra
yenidən işə qayıtmışam. Bəli, İsveç
qanunları qadınların analıq məzuniyyəti kimi,
kişilərin də atalıq məzuniyyətini
tanıyır.
Bu səkkiz ay mənim üçün həm şəxsi,
həm də intellektual baxımdan çox dəyərli bir təcrübə
oldu. Çünki qızımla vaxt keçirməklə
yanaşı, uzun illər oxuduğum bir nəzəriyyəni
gerçək həyatda sınamaq və təsdiqləmək
imkanı qazandım. Sadə dillə desək, toplumda
"evdar xanım" və "analıq" kimi rollar
çox vaxt qadının təbiətinə məxsus
xüsusiyyətlər kimi təqdim olunur. Halbuki bu təsəvvür
tam olaraq həqiqəti əks etdirmir, daha çox tarixi və
sosial şərtlərin nəticəsində formalaşan bir
anlayışdır.
Bu müddətdə Ediz Dərinlə bağlı əsas
məsuliyyət məhz mənim üstümdə idi.
"Əsas məsuliyyət" dedikdə həm əməli,
həm də zehni yük nəzərdə tutulur. Əməli
işlər mənim üçün əvvəldən
tanış idi - böyük oğlumuz Teoman Savalanın
qayğısına həyat yoldaşım Əzra ilə
birlikdə qalmışam. Amma zehni məsuliyyət, yəni
uşaqla bağlı bütün planlama, qayğı,
narahatlıq daha çox Əzranın üzərində
olurdu. Bu dəfə isə balans dəyişdi.
Əməli işlər əlbəttə ki, yorucudur,
lakin zehni yüklənmə tam başqa bir xarakter
formalaşdırır. Uşağı yedizdirmək və
geyindirmək sadəcə icra yönümlü işlərdir.
Amma bu işləri uzun müddət planlamaq, davamlı olaraq
uşağın ehtiyaclarını düşünmək,
sağlamlığını izləmək, yeməyini,
geyimini, yuxusunu, həkimini, xəstəliyini və s. nəzərə
almaq insanın zehnini fasiləsiz məşğul edir. Bu isə
zamanla fərqli bir düşüncə tərzi və
davranış modeli yaradır.
Bütün bunlara evin digər işlərini də əlavə
edin: təmizlik, alış-veriş, yemək bişirmək,
paltar yumaq və s. Bu işlərin yaratdığı zehni
yükün təsiri daha da aydın görünür. Məhz
bu davamlı zehni və əməli təkrarlanma insanı
"evdar" edir.
Demək istədiyim odur ki, "evdar olmaq"
qadının təbiətindən doğan bir xüsusiyyət
deyil; mühitin, adət-ənənənin, rol
bölgüsünün və daimi məsuliyyətin meydana gətirdiyi
bir haldır. Eyni şəraitdə kişilər də
çox rahatlıqla "evdar kişi" ola bilirlər. Mənim
də yaşadıqlarım bunun bariz nümunəsi oldu. Hətta
bəzən özümü müşahidə edəndə
anamın ev xanımı kimi göstərdiyi həssaslıqların
məndə də formalaşdığını hiss edirdim.
Bu məsuliyyətin başqa bir nəticəsi isə
uşağın sənə bağlanmasıdır.
Çünki günün böyük hissəsini səninlə
keçirir, özünü sənin yanında daha güvəndə
hiss edir. Ediz Dərindən bunu açıq şəkildə
görürdüm: bir müddət yalnız mənimlə yatmaq
istəyirdi və ağlayanda ən çox mənim
qucağımda sakitləşirdi. İşə
qayıtdığım ilk günlər həm mənə, həm
də ona çox çətin oldu.
Bəs çox eşitdiyimiz o "ana məhəbbəti"
nədir? Yoxsa bu duyğu bioloji olduğu qədər, sosial məsuliyyətin
və zaman içində formalaşan ünsiyyətin də məhsuludur?
Qadınlarda bu duyğunu gücləndirən amillərin nə
qədəri bioloji, nə qədəri tarixi prosesin nəticəsidir?
Bu suallara qəti cavab vermək çətindir. Amma bir şey
aydındır: uşaqla davamlı ünsiyyətdə olmaq,
onun məsuliyyətini daşımaq bu
bağlılığın yaranmasında əsas rolu
oynayır. Deməli, eyni məsuliyyət kişidə də
uzun müddət davam etdikdə, "ana məhəbbəti"nə
bənzər - bəlkə də onunla eyni səviyyədə
- "ata məhəbbəti" meydana çıxır.
Evdarlıq və analıq rollarının
özündə böyük dəyər var. "Feminist
ata" kimi həm evdar kişi olmaq, həm də ata məhəbbətini
dərindən yaşamaq müsbət bir təcrübədir.
Mənfi olan isə qadının sosial-iqtisadi həyatını
məhdudlaşdırmaq, bu işlərin qadının "təbii
rolu" kimi qəbul edilərək ona məcburi şəkildə
yüklənməsidir.
Ədalət və bərabərlik ailənin ən
güclü təməllərindən biridir.
Yöteborq, İsveç
Duman RADMEHR
525-ci qəzet .- 2025.-2 dekabr(№219).- S.14.