Cəmiyyət və
maraq hissi
Elmi və texnoloji tərəqqi iki əsas təkanverici
amil - zərurət və maraq sayəsində
formalaşır. Bu yazıda maraq dedikdə idman, musiqi kimi
hobbi xarakterli məşğulliyyətlər yox,
müşahidə, təcrübə və sübut əsaslı,
insanı öyrənməyə və bir sıra suallara cavab
tapmağa sövq edən maraq hissi nəzərdə tutulur.
Maraq hissi insanı ətrafı müşahidə etməyə,
müşahidələrindən nəticələr
çıxarmağa və beləliklə, ətraf mühiti
öyrənməyə stimul yaradır. Məsələn, Çarlz
Darvin 1835-ci ildə Qalapaqos adalarına səfərə
çıxmış və bəzi adadakı
tısbağaların boyunlarının qısa, digərlərinin
isə daha uzun olduğuna müşahidə etmişdi. O,
sonradan müəyyənləşdirmişdi ki, rütubətli
adalarda bitkilər çox və inkişaf etmiş
olduğundan tısbağalar yerə yaxın otlarla
qidalanır. Quru, az bitkili adalarda isə tısbağalar doyunca
qidalanmaq üçün boyunlarını yuxarı
qaldırmalı olur. Darvin bu müşahidədən belə
nəticəyə gəlir ki, tısbağaların boyun
uzunluğu onların mühitə uyğunlaşmasının
nəticəsidir - uzunmüddətli adaptasiya prosesi nəticəsində
quru iqlimə sahib adalarda yaşayan tısbağaların boynu
uzanıb.
Maraq hissinin canlıları müşahidə etməyə
və araşdırma aparmağa sövq etməsi
üçün təkcə şəxsi keyfiyyətlər
kifayət deyil. Sosial-ictimai quruluş, araşdırmanın
başqaları tərəfindən təşviqi və elmi ənənənin
mövcudluğu əsas amillər hesab olunur. Məsələn,
məni tez-tez düşündürən hadisələrdən
biri Prjevalski atlarının elmi ədəbiyyata daxil edilməsidir.
Bu hadisə maraq hissindən doğan səyahətin parlaq nəticəsi
kimi qarşımıza çıxır. General Nikolay
Mixayloviç Prjevalski 19-cu əsrdə Mərkəzi
Asiyanın bir çox hissəsini - xüsusən Monqolustan,
Tibet və Çin bölgələrini
araşdırmış və Monqolustanda hələ vəhşi
şəkildə yaşayan qədim at növünü
tapmışdı. Alçaq boylu, güclü bədənli,
qısa yallı və çox dözümlü bu at
növü onun şərəfinə "Prjevalski
atı" adlanır. Diqqətinizə çatdırmaq istədiyimiz
əsas məqam isə odur ki, monqolların tarixən ən
yaxşı bildikləri iki şey varsa, onun biri atdır. Amma
şəxsi maraq hissinin bəslənilməməsi, elmi
araşdırma mədəniyyətinin yoxluğu Monqolustan vəhşi
atların dünya elminə monqollar tərəfindən deyil,
rus araşdırmaçısı tərəfindən
tanıdılmasına səbəb oldu.
Təəssüflə qeyd etmək lazımdır ki,
bir çox şərq xalqları kimi, biz də maraq hissini rəhbər
tutub yeniliklərə meyl göstərən cəmiyyət
deyilik. Məsələn, əgər 1-ci və 2-ci Qarabağ
müharibələri arasındakı zaman kəsiyində xəbərlərə
nəzər salsanız, belə bir cümlənin şahidi ola
bilərsiniz - adsız yüksəkliklərdə tərəflər
arasında atışma halları qeydə alınıb.
Adsız, bilinməyən yerlər Azərbaycanda çoxdur.
Buradan anlayırıq ki, biz heç vaxt öz kəndimizdən,
obamızdan ayrılıb haranısa araşdırmaq, kəşf
etmək marağında olmamışıq.
Cəmiyyətimizdə maraq hissinin tələblərinin
təmin olunmamasının səbəbləri cəmiyyətin
sosial strukturunda, düşünmə formalarının
köklərində yatır. Sual verməyi,
danışmağı, öz fikirlərini ifadə etməyi
təşviq edən bir cəmiyyət deyilik. Hətta bunu məsəllər,
atalar sözləri ilə də dəstəkləmişik. Məsələn,
"Danışmaq gümüşdürsə, susmaq
qızıldır". Burada susmaq təriflənən
davranış kimi təqdim olunur. Susmaq ədəbli, əxlaqlı
olmağın bir hissəsi kimi göstərilməyə
çalışılır. Əlbəttə ki, həyatın
sərt üzünü inkar etmir və hər kəsin
xoşuna gəlsə də, gəlməsə də,
susmalı olduğu anların olduğunu qəbul edirəm.
Amma bunu mütləq bir əxlaq normativi kimi qələmə
vermək doğru deyil. Buna rəvac verildikdə uşağa
uşaq olduğu, qadınlara qadın olduğu
üçün söz haqqı verilməməsi adi hal
alır. Hətta artıq mütəxəssis olan gənc
kadrların belə yaşlı kadrlara irad tutmasının
yaxşı qarşılanmadığı kimi hallara da rast gəlmək
olar. Uşaqlıqdan daxildən gələn sorğulama
ehtiyacının və maraq hissinin davamlı boğulması,
laqeyd fərdlər yetişdirir. Nəticədə heç
bir ixtira etməyən, ancaq primitiv şeylərlə
maraqlanan, sadə formada düşünən bir nəsil
yetişir.
Haqqında düşünməli olduğumuz başqa
atalar sözlərini də qeyd etmək istəyirəm:
"Bir qazan aşım, ağrımaz başım",
"Palaza bürün, el ilə sürün". Bu atalar
sözlərində heç nəyə baş qoşmamaq,
sürü psixologiyası bəyənilir. Siyahını
çox uzatmaq olar, ancaq oxucunu yormaq istəmirəm. Onu da qeyd
etmək lazımdır ki, sonuncu qeyd olunan atalar
sözünün bir yozumuna görə, burada kor-koranə
kollektivçilik yox, el ilə həmrəy olmaq fikri dəstəklənir.
Ancaq təəssüf ki, bu söz gündəlik həyatda,
adətən, axın ilə getmək mənasında işlənilir.
Maraqdan danışmışkən, soruşmaq istəyirəm:
Siz heç kəpənək və ya bitki kolleksiyası olan
Azərbaycan xanı və ya bəyi eşitmisinizmi? Qulağa
qəribə gəldiyi kimi, bunu təsəvvür etmək belə
çətindir. Çünki bizim sosial kodlarımız,
düşüncə formamız və elmi araşdırma
mühitimiz buna icazə vermir. Ancaq Qərb dünyası bu
profilli əslzadəni asanlıqda tapır. Bu mənada şəxsi
favoritim paleontologiyanın atası hesab olunan Baron Jorj
Küvyedir (1769-1832). O, minlərlə skelet və fosil
qalıqları toplamış, müqayisəli anatomiya ilə
məşğul olmuş, heyvanların dişləri ilə
dırnaqları (caynaqları) arasındakı əlaqə
kimi bir neçə korrelyativ əlaqə qanunları
yaratmışdı. Yəqin ki, bunları edərkən həm
də çox əylənmişdi. Çünki maraq hissi
mövzunu əyləncəli edir. Maraqlı və əyləncəli
olmayan bir şeyi uzun müddət öyrənmək isə
inandırıcı görünmür. Bu baxımından
hazırda məktəbin aşağı siniflərində təhsil
alan uşaqlara öyrənməyi öyrətmək, öyrənərkən
necə əylənə bilməyi başa salmaq gələcəyimiz
üçün olduqca vacibdir.
Maraq hissi yalnız fərdi inkişafın deyil, həm
də cəmiyyətin tərəqqisinin əsas şərtidir.
Biz bu hissi boğduqca, özümüzü həm elmi, həm
də mədəni mənada kasadlaşdırırıq. Cəmiyyət
olaraq uşaqlara soruşmağı, düşünməyi və
kəşf etməyi öyrətmədiyimiz müddətdə
başqalarının yaratdıqlarına heyran qalmaqla kifayətlənəcəyik.
Halbuki sual verməkdən və maraqlanmaqdan başlanan hər
bir yol böyük-böyük kəşflərə
aparır.
Sabir Etibarlı
525-ci qəzet .- 2025.-2 dekabr(№219).- S.14.