Mühacirətdə
sönən işıqlar: Fətəli xan Xoyski və Həsən
bəy Ağayevin Tiflisdə qətlləri
DÖVRÜN GÜRCÜSTAN MƏTBUATININ
MATERİALLARI ƏSASINDA
27 aprel 1920-ci ildə Bakı bolşevik
işğalına məruz qaldıqdan sonra XI
Qırmızı ordunun Xüsusi şöbəsi tərəfindən
Azərbaycan Xalq Cümhuriyyətinin liderləri, ordu zabitləri,
siyasi-ictimai nüfuz sahibləri təqib olunur, onların bir
çoxu həbs edilərək güllələnir və ya
Rusiyanın müxtəlif həbs düşərgələrinə
sürgün edilirdi. Bolşevik zülmündən -
"Qırmızı terror"dan yaxa qurtarmağın ən
uyğun yollarından biri Azərbaycan ərazisini tərk edib
ilkin mərhələdə qonşu ölkələrdə,
xüsusən də Gürcüstan və Osmanlıda
daldalanmaq idi. Həmin dövrdə Gürcüstan mətbuatı
Tiflisə Azərbaycanın keçmiş hökumətinin
nümayəndələrinin gəldiyini və onların rəsmi
deyil, fərdi şəxslər kimi qəbul olunduğunu
yazırdı.
Sabiq Baş nazir Fətəli xan Xoyski və sabiq
parlament sədrinin müavini Həsən bəy Ağayev
Gürcüstan Demokratik Cümhuriyyətində
sığınacaq tapmış AXC dövlət xadimlərindən
idilər. Fəqət Fətəli xan və Həsən bəy
burada da onları izləyən təhlükədən qurtula
bilməmiş, daşnakların "Nemezis" əməliyyatı
çərçivəsində terror hədəfinə
tuş gələrək Tiflisdə qətlə
yetirilmişdilər. Tiflis həmin günlərdə həm
ümid qapısı, həm də ölümün soyuq nəfəsini
içində daşıyan qərib bir məkana
çevrilmişdi.Fətəli xan Xoyskiyə qarşı
sui-qəsd
Fətəli xan Xoyski
Fətəli xan Xoyski AXC hökumətində ədliyyə
və daxili işlər naziri vəzifələrində
çalışmış Xəlil bəy Xasməmmədovla
birlikdə 1920-ci il 19 iyun tarixində axşam saatlarında
onları izləyən iki daşnak canisinin silahlı
hücumuna məruz qalmışdı. Dövrün
Gürcüstan mətbuatını incələyərkən
bu sui-qəsd hadisəsinin təfərrüatlarına dair
önəmli məlumatlara rast gəldik. Həmin məlumatlardan
bəlli olur ki, Tiflisin ikinci polis məhəlləsinin ərazisində
yerləşən Feodosi kilsəsinin qarşısında
yaxın məsafədən Mauzer sistemli tapançadan
atılan 10-dan çox güllədən biri Fətəli
xanın kürəyinə dəymiş, daha bir güllə
isə sağ gicgahının aşağı nahiyəsindən
girib boynundan çıxaraq onun yanında yürüyən Xəlil
bəyin boynuna yüngül xəsarət yetirmişdi. X.Xasməmmədovun
sağ ayağının dərisi də güllə ilə səthi
zədələnmişdi. Ağır yaralanan F.Xoyski ertəsi
gün Mixail xəstəxanasında vəfat etmişdi.
Tiflis qəzetləri bu terror aktı barədə
oxucularını hadisədən 3 gün sonra - 22 iyunda bilgiləndirirdi.
F.Xoyskinin qətli ilə
bağlı "Ertoba" qəzetində
yayımlanmış məlumat
F.Xoyskiyə sui-qəsdlə bağlı
"Slovo" ("Slovo") qəzetində
yayımlanmış məlumat
F.Xoyskinin qətli ilə bağlı "Sakartvelos
komunisti" qəzetində dərc
olunmuş məlumat
Belə ki, mətbuat həmin tarixdə
Gürcüstan Teleqraf Agentliyi (GTA) tərəfindən
yayılmış, Tiflisin ikinci məhəlləsinin
komissarı tərəfindən şəhər
başçısı, şəhər milisi, birinci məhəllənin
müstəntiqi, dairə məhkəməsinin prokuroru və
onun müavininə qətl hadisəsi baş verən gün -
19 iyunda göndərilmiş aşağıdakı
bildirişi cüzi fərq və əlavələrlə
"Xan-Xoylunun qətli" başlığı altında dərc
edirdi:
"19 iyun axşamı saat 11-də Feodosi
küçəsində bədxahlar Azərbaycanın
keçmiş naziri Xan-Xoylunu revolverlə ağır
yaralayıblar.
Feodosi kilsəsi XX əsrin
əvvəllərindəİstintaq aparılır. Bədxahların
müəyyən edilməsi üçün tədbirlər
görülüb.
Feodosi küçəsində baş verən cinayət
barədə hökumət üzvlərinə dərhal məlumat
verilib. Qətl hadisəsinin mümkün qədər təfərrüatlı
araşdırılması və
aydınlaşdırılması üçün qəti əmr
verilib. İstintaq başa çatdıqdan sonra hökumətin
bununla bağlı açıqlaması olacaq.
Xan-Xoylu şənbə günü təqribən saat
12-də Mixail xəstəxanasına
çatdırıldı. Onun huşu özünə
qayıtmadı və iyunun 20-də səhər saat 4-də
dünyasını dəyişdi. Dəfn mərasimi iyunun 21-də
səhər saat 11-də baş tutdu. Mərhum müsəlman
məzarlığında dəfn olundu. Xan-Xoylunun yol
yoldaşı Xəlil bəy Xasməmmədov
(gürcüdilli mətbuatda səhvən Xəlil Bəyşah
Məmmədov yazılıb - F.V.-H.) yüngül yaralar
alıb. Onun vəziyyəti yaxşılaşır"
[Gürcü mənbələrində Fətəli xan
Xoyskinin soyadı əksər hallarda Xoylu, daha dəqiq desək,
Xan-Xoylu kimi göstərilir].
Gürcüstan Kommunist Partiyasının Mərkəzi
Komitəsinin mətbu orqanı olan "Sakartvelos komunisti"
(tərcüməsi: "Gürcüstan kommunisti")
gündəlik qəzeti GTA-nın bu məlumatına əlavə
olaraq F.Xoyskini müşayiət edən bir qadının da
yüngül yaralandığını yazırdı.
Hadisə barədə daha ətraflı bilgini GDC
hökumətinin bağladığı
"Kavkazskoyeslovo" ("Kavkazskoeslovo") və onun yerinə
yaradılmış "Zakavkazskoyeslovo"
("Zakavkazskoeslovo") qəzetlərinin davamı olan
"Slovo" ("Slovo") qəzeti yayımlayırdı.
Erməni burjuaziyası ilə əlaqələndirilən bu qəzetin
22 iyun 1920-ci il tarixli sayında GTA-nın yuxarıda təqdim
olunan məlumatından başqa, F.Xoyskinin tərcümeyi-halı
öz əksini tapır, eləcə də sui-qəsdin
detalları barədə geniş bilgi təqdim olunurdu:
"İsti yay axşamından istifadə edərək
Qolovin prospekti və Olqa küçəsində dinc şəkildə
gəzinən insanlar 19 iyun axşamı təqribən saat
11-də atəş səslərindən təşvişə
düşdü.
Məlum oldu ki, "Pikadilli" kinematoqrafından
çıxıb Olqa küçəsində yerləşən
Saracevin evindəki mənzilə doğru gedən Azərbaycanın
sabiq Baş naziri Fətəli xan Xoyski və ədliyyə
naziri Xəlil bəy Xasməmmədova Feodosi kilsəsinin
qarşısındakı bağçada, keçiddə
hücum olunmuşdur.
Olqa prospekti XX əsrin əvvəllərində
Şahidlərin sözlərinə görə, qatillər
iki nəfər idilər. Onlar özlərini Xan-Xoyski və
Xasməmmədova yetiriblər və onlardan biri öz
qurbanlarına mauzerdən atəş açmağa
başlayıbdı. Atılmış 10-15 güllədən
ikisi Xan-Xoyskiyə dəyib: biri kürəyinə, o biri isə
sağ gicgahının aşağı nahiyəsinə və
(bu sonuncu güllə) boynundan çıxaraq onun yanında
yürüyən Xasməmmədovun boynunu təhlükəsiz
şəkildə yaralayıb. Xasməmmədov həmçinin
ikinci güllə ilə sağ ayağından təhlükəsiz
şəkildə (dəri xəsarəti) yaralanıbdır.
Atəş açan yerindəcə öz mauzerini ataraq
yoldaşı ilə birlikdə atəş səslərindən
qaçan camaata qarışıb Qriboyedov küçəsi
ilə üzüyuxarı qaçmağa
başlayıbdır. Buna görə milislər bədxahlara
atəş aça bilməyiblər. Deyirlər ki, ikinci bədxah
da yolda öz mauzerini atıb, ancaq bu silah tapılmayıb.
Cinayət baş verən yerə gələn şəhər
milisinin rəisi v.i.e. S.N.Mikeladze yaralıları avtomobillə
Mixail xəstəxanasına göndərib, orada növbəti
gün səhər saat 4 radələrində Xan-Xoyski
aldığı yaralardan vəfat edibdir.
Qatillərin və qətlin səbəblərinin
müəyyən edilməsi üçün ciddi istintaq
aparılır; şübhəli bilinən bir neçə nəfər
saxlanılıb.
Cinayətin törədildiyi yerə və xəstəxanaya
Ədliyyə Departamentinin direktoru Q.F.Jordaniya, Məhkəmə
Palatasının prokuroru M.A.Tatiyev və Dairə Məhkəməsinin
prokuroru M.S.Kandelaki, Şərqi Gürcüstanın general-qubernatoru
K.A.Sulakvelidze, Daxili İşlər Nazirliyinin Dəftərxanasının
rəisi Gegelaşvili, şəhər başçısı
V.Q.Çxikvişvili, Cinayət Milisinin rəisi
P.Z.Paçuliya və d. gəliblər. Bu iş üzrə
istintaqın aparılması Məhkəmə Palatası dairəsinin
xüsusilə mühüm işlər üzrə məhkəmə
müstəntiqi M.F.Comarcidzeyə həvalə olunub" (Qeyd
edək ki, 23 oktyabr 1919-cu ildə Tiflisdə 2 erməni muzdlu
qatil tərəfindən şəhadətə yetirilmiş
İrəvan əsilli tanınmış ictimai xadim, mühəndis
Xəlil bəy Qasımbəyova qarşı sui-qəsd
işinin istintaqını da müstəntiq M.F.Comarcidze həyata
keçirmişdi).
"Slovo"nun təqdim etdiyi bu məlumatda əks
olunan küçə adları və məkanlar barədə
dəqiqləşdirmə aparmaqla hadisəyə dair daha
dolğun təsəvvür formalaşdırmağa cəhd
göstərəcəyik. İlk növbədə
sözügedən mənbədən bəlli olur ki, Fətəli
xan Xoyski ömrünün son günlərini Tiflisdə
Olqa//Olqinskaya küçəsində Saracevə məxsus evdə
yaşayıb.
Olqa küçəsində
(indiki Kostava küçəsi) inşa olunmuş Saracevin
mülkü XX əsrin 60-cı illərində
(Ölümündən qabaq F.Xoyskinin yaşadığı
ünvan)
Rusiya imperatoru I Nikolayın gəlini (Qafqazda canişin
vəzifəsini tutmuş knyaz, general-feldmarşal Mixail
Romanovun zövcəsi) Olqa Fyodorovnanın şərəfinə
adlandırılmış Olqa küçəsi indiki Şota
Rustaveli prospektinin yuxarı hissəsi və onun davamı olan
Merab Kostava küçələrini özündə birləşdirirdi.
1848-1911-ci illərdə yaşamış alim, xeyriyyəçi
və iş adamı - məşhur konyak istehsalçısı
David Saracev (Saracişvili) Tiflisdə bir neçə malikanəyə
sahib idi; onlardan biri Olqa küçəsində inşa
olunmuşdu. Fətəli xan Xoyski D.Saracevin Olqa küçəsi
31 ünvanında yerləşən həmin mülkündəki
mənzildə yaşamışdı. Qonşuluqdakı Olqa
küç. 33 ünvanında Mamalıq İnstitutu (indiki
Çaçava adına Tibb Klinikası, M.Kostava küç.
38), Olqa küç. 29-da isə müxtəlif təyinatlı
satış mağazaları yerləşirdi. Sovetlər
Birliyi dönəmində Olqa küç. 29 və 31
ünvanlarında yerləşən binalar
dağıdılıb. Hazırda həmin ərazidə ?
M.Kostava küç. 36-da "Amirani" kinoteatrı fəaliyyət
göstərir.
Mənbədə qeyd olunan Qolovin prospektinin adı əslində
Gürcüstan Demokratik Cümhuriyyəti elan olunduqdan sonra dəyişdirilmişdi
və Ş.Rustaveli prospekti adlandırılırdı (Sonradan
bu prospekt Olqa küçəsinin bir hissəsi və
Dvortsovaya küçələri hesabına hər iki istiqamətdə
genişləndirilmişdir).
Qolovin prospekti XX əsrin
əvvəllərində
"Pikadilli" sinematoqrafı (kinoteatrı) Olqa
küçəsinin başlanğıcında, bu
küçənin Ş.Rustaveli prospekti və Arşakuni
dalanı (indiki Ş.Rustaveli döngəsi) ilə kəsişməsində
yerləşirdi.
Tiflisdə fəaliyyət göstərmiş
"Pikadilli" kinematoqrafının planı
1926-1930-cu illərdə həmin ərazidə 5 mərtəbəli
müasir bina (indiki Ş.Rustaveli prospekti 42) inşa edilib.
"Pikadilli" kinematoqrafının yerində
inşa olunmuş bina
"Zarya Vostoka" ("Zarə Vostoka") qəzetinin
redaksiya heyəti və "Merani" nəşriyyatı bu
binada fəaliyyət göstərib.
1920-ci ilin 19 iyun axşamı saat 11 radələrində
Xəlil bəy Xasməmmədovla birlikdə "Pikadilli"
kinoteatrından çıxıb yaşadığı
ünvana doğru gedən Fətəli xan Xoyski onu təqib edən
terrorçuların hücumuna Olqa küçəsi boyunca təqribən
70-80 metr addımladıqdan sonra - Olqa, A.Qriboyedov və
Feodosi//Feodosiyevskaya küçələrinin kəsişməsində,
Müqəddəs Feodosi kilsəsinin qarşısında məruz
qalmışdı. 1906-cı ildə keçmiş Poçt
meydanında inşasına başlanılmış bu rus
pravoslav kilsəsi ibadətə 1910-cu ildə
açılıb və sol tərəfindəki Moskva
küçəsi ilə birlikdə XVII əsrdə
Çerniqovun arxiyepiskopu olmuş Feodosi Çerniqovskinin şərəfinə
adlandırılıb. Sovet dövründə kilsənin
qübbələri sökülsə də, binanın
özü dağıdılmamış, onda Tiflis Tarix Muzeyi,
Şahmat Sarayı və digər qurumlar fəaliyyət
göstərmişdi. İndi həmin bina müxtəlif
kommersiya strukturlarının istifadəsindədir. Feodosi
küçəsi hazırda məşhur tenor Vano
Saracişvilinin adını daşıyır, A.Qriboyedov
küçəsinin adı isə sovet hakimiyyəti illərində
olduğu kimi, onun süqutundan sonra da dəyişməyib.
Sui-qəsd nəticəsində ağır yaralanan
F.Xoyski və yüngül xəsarət alan X.Xasməmmədovun
19 iyundan 20 iyuna keçən gecə saat 12 radələrində
çatdırıldıqları Mixail//Mixaylovskaya xəstəxanası
Mixail//Mixaylovski prospektində (indiki Ağmaşenebeli prospekti
60a) yerləşirdi və o dövrdə şəhərin ən
böyük səhiyyə ocağı idi.
Mixail xəstəxanası XX əsrin əvvəllərində
Həm xəstəxana, həm də prospekt knyaz Mixail
Romanovun adını daşıyırdı. Qafqazda ilk xəstəxana
olan Mixail xəstəxanasının SSRİ dövründə
adı dəyişsə də, təyinatı dəyişməyib.
Fəxri VALEHOĞLU-HACIYEV
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və
İrsi Fondunun aparat rəhbəri
(Ardı var)
525-ci qəzet .- 2025.- 2 dekabr (№219).- S.12-13.