Vyetnamın Halonq
Universitetində “Azərbaycan mətbəxi günü”
keçirilib
Vyetnamın Quanq Nin vilayətində yerləşən
Halonq Universitetində Azərbaycanın Vyetnamdakı səfirliyinin
ali təhsil ocağı ilə əməkdaşlığı
nəticəsində “Azərbaycan mətbəxi günü”
keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan mədəniyyətinin,
xüsusilə də zəngin kulinariya irsinin
tanıdılması baxımından əhəmiyyət
daşıyan tədbirdə Qazaxıstan və Türkiyənin
Vyetnamdakı səfirləri, Pakistanın Vyetnamda kulinariya sahəsində
fəaliyyət göstərən iş adamlarının, Quanq
Nin vilayətinin rəhbər və struktur nümayəndələri
və digər qonaqlar iştirak ediblər.
Halonq Universitetinin rektoru Nquyen Duk Tiep Azərbaycan və
Vyetnam mədəniyyətinin zənginliyi, kulinariya ənənələrimizin
xalqımızın ruhunu və həyat tərzini əks
etdirməsi haqqında danışıb, birgə təşəbbüsün
gələcəkdə genişmiqyaslı akademik, dil, turizm və
“Halal” sənayesi sahələrində əməkdaşlıq
üçün yeni imkanlar açacağına
inamını ifadə edib.
Azərbaycan səfiri Şövqi Mehdizadə
xalqlarımızın liderləri tərəfindən əsası
qoyulmuş tarixi dostluq haqqında danışaraq, bu kimi təşəbbüslərin
ölkələrimiz arasında regionlararası və
universitetlərarası əməkdaşlığın
gücləndirilməsinə, xalqlarımızın zəngin
mətbəxi haqqında bilik və bacarıqların
mübadiləsinə, həmçinin gələcəkdə
daha böyükmiqyaslı mədəni və tədris layihələrinin
həyata keçirilməsinə təkan verəcəyini
vurğulayıb. Qeyd edib ki, “Azərbaycan mətbəxi
günü” Azərbaycan və Vyetnam xalqlarının
qarşılıqlı anlayışını, dostluğunu
və mədəni əməkdaşlığını daha
da möhkəmləndirən önəmli platforma yaradıb.
Bu cür tədbirlər iki ölkə arasında akademik,
turizm və iqtisadi sahələrdə əməkdaşlıq
üçün yeni imkanlar açacaq, habelə Halonq
Universitetinin beynəlxalq əməkdaşlığına
töhfə verəcək.
Universitet rəhbərliyi 2026-cı ildə Bakıda
keçiriləcək növbəti Vyetnam günlərinə
dəvət edilib, Quanq Nin bölgəsinin və zəngin
Vyetnam mətbəxinin Bakıda təqdimatı təklif
olunub.
Dünya Barbekü Assosiasiyasının vitse-prezidenti,
Dünya Aşpazlar Assosiasiyasının rəsmi hakimi Sahib
David İsrafilov Azərbaycan mətbəxinin təqdimatını
edib. O, barbekü müsabiqəsində tələbələrə
Azərbaycan üslubunda yemək hazırlanmasını
göstərib, aşpazlıq üzrə beynəlxalq ekspertlərlə
təcrübə mübadiləsi aparmaq imkanı yaradıb.
Sonda qaliblərə diplomlar təqdim olunub. Universitetə
Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama
və Vyetnamın birinci Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana
tarixi səfərlərini əks etdirən şəkillər
və Azərbaycan xalçası hədiyyə edilib.
Tədbir “Halal” sənayesi haqqında məlumatların
paylaşılması, turizm ixtisasının tədris keyfiyyətinin
artırılması və beynəlxalq mədəniyyətlərarası
mübadilənin gücləndirilməsi baxımından da
mühüm rol oynayıb.
Qeyd edək ki, Halonq Universiteti UNESCO-nun Dünya
İrsi Siyahısına daxil olan Halonq buxtası kimi
dünyanın ən populyar turizm məntəqələrindən
birində yerləşir.
525-ci qəzet .- 2025.- 2 dekabr (¹219).- S.9.