Tofiq Bayramın xatirəsinə
ithaf olunan “Şair ömrü” filmi nümayiş edilib
Nizami Kino Mərkəzində görkəmli şair, tərcüməçi,
Əməkdar incəsənət xadimi Tofiq Bayramın xatirəsinə
həsr olunmuş “Şair ömrü” bədii-sənədli
filmi nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şairin
ailə üzvləri, mədəniyyət və incəsənət
nümayəndələri iştirak ediblər.
Ekran əsərinin ssenari müəllifi Günel Mehri
agentliyin müxbiri ilə söhbəti zamanı qeyd edib ki,
portret janrında çəkilən filmdə süni intellekt
texnologiyasından istifadə edilib.
“Texnologiyanın hər yerdə dominant olduğu bir
dövrdə şairlərə yer vermək xüsusi əhəmiyyət
kəsb edir. Film məhz bu cəhətdən özünəməxsusluğu
ilə seçilir”,- deyə G.Mehri əlavə edib.
Tofiq Bayramın bacısı Svetlana Bayramova filmi
yüksək qiymətləndirərək deyib: “Film son dərəcə
peşəkarlıqla hazırlanıb və Tofiq Bayramın
yaradıcılığının zənginliyini, onun sənət
dünyasının dərinliyini gözəl əks etdirir.
Ailəmizin formalaşmasında Tofiq Bayram
yaradıcılığının böyük rolu olub. Həyatımızın
hər anında onu hiss etmişik və
çalışmışıq ki, həmişə onun
adını doğruldaq”.
Filmdə şairin şeirlərini səsləndirən
bədii qiraətçi Xəzər Süleymanlı Tofiq
Bayram yaradıcılığını dərin sevgi ilə
izlədiyini vurğulayıb. Onun sözlərinə görə,
böyük şairlərimizin əsərlərini daha
geniş oxucu kütləsinə çatdırmaq əsas hədəfdir.
Daha sonra tədbir iştirakçıları “Şair
ömrü” filmini izləyiblər.
525-ci qəzet .- 2025.- 2 dekabr (¹219).- S.9.