Bakı-Brüssel
yaxınlaşması...
HANSI
PERSPEKTİVLƏR VAR?
Son
günlər Azərbaycanla Avropa İttifaqı (Aİ)
arasında münasibətlərdə müsbət dinamika
özünü göstərir. Qarşılıqlı səfərlər,
əməkdaşlıq gündəliyi, əlaqələrin dərinləşdirilməsi
üçün mövcud imkanlar münasibətlərdə
müsbət bir səhifə açır.
Məlumdur
ki, bir müddət əvvəl Aİ-Azərbaycan münasibətlərində
gərginlik yaranmışdı. Buna səbəb qurumun əvvəlki
rəhbərliyinin ölkəmizə münasibətdə sərgilədiyi
ədalətsiz və haqsız yanaşma idi. Bu gün isə
vəziyyət dəyişib, qurumun yeni rəhbərliyi Azərbaycanın
əhəmiyyətini, regionda əsas güc olduğunu
anlayır, ölkəmizlə münasibətləri gərginləşdirməyin
onlar üçün faydalı olmadığının fərqindədir.
Aİ rəhbərliyinin Azərbaycana münasibətdə
mövqeyində əhəmiyyətli irəliləyiş
yüksək səviyyəli görüşlərin və
qarşılıqlı səfərlərin nəzərəçarpacaq
dərəcədə artmasında da özünü göstərir.
Bu
günlərdə Brüsseldə səfərdə olan Azərbaycan
Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti
Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Avropa
İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin
üzvləri ilə görüşüb. Görüş
zamanı Komitə üzvləri ilə Azərbaycanla Avropa
İttifaqı arasında əməkdaşlığın dərinləşdirilməsinə
dair əsaslı müzakirələr aparılıb.
"Komitəyə
Azərbaycanın regionda irəli sürdüyü sülh
gündəliyi, o cümlədən sülhün iqtisadi
faydaları, Zəngəzur dəhlizinin inkişafı və
etimad quruculuğu tədbirləri barədə məlumat
verdim. Komitə üzvlərinə Aİ ilə əməkdaşlığımızı
və tərəfdaşlığımızı gücləndirmək
üçün gələcək addımları tam dəstəklədiklərini
ifadə etdiklərinə görə təşəkkür
edirəm", - Prezidentin köməkçisi "X"
hesabındakı paylaşımda qeyd edib.
Hikmət
Hacıyev Avropa İttifaqının rəsmi şəxsləri
ilə görüşünə dair digər bir
paylaşımda qeyd edib: "Mən Avropa İttifaqından
olan həmkarlarımla Azərbaycan və Aİ arasında
münasibətlərdə son vaxtlar müşahidə olunan
müsbət dinamikanı müzakirə etməkdən məmnun
oldum. Biz ikitərəfli gündəliyin geniş spektrini və
Azərbaycan-Aİ tərəfdaşlığının daha
da gücləndirilməsi perspektivləri ətrafında fikir
mübadiləsi apardıq".
Aİ-nin
Siyasi və Təhlükəsizlik Komitəsinin sədri, səfir
Delfin Pronk isə öz növbəsində sosial şəbəkə
hesabında bildirib ki, regionda sülhün və sabitliyin təmin
edilməsi üçün konkret addımların
atılmasının vaxtı çatıb. Aİ əməkdaşlığı
dərinləşdirməyə və sülh səylərini
dəstəkləməyə davam etməyə
hazırdır.
Bu
gün Azərbaycan Avropa siyasi məkanında mövqeyini
ardıcıl olaraq möhkəmləndirir, Avropa
üçün etibarlı və strateji əhəmiyyətli
tərəfdaş rolunu oynayır. Regionda sabitliyin və təhlükəsizliyin
təmin edilməsində əsas qüvvə olmaqla
yanaşı, enerji təhlükəsizliyində, nəqliyyat
dəhlizlərinin şaxələndirlməsində də
mühüm oyunçudur. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə
Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir.
Onların arasında 8-i
Aİ-nin üzv dövləti olmaqla 10 Avropa ölkəsi var.
Hazırda ölkəmizdən ixrac edilən təbii qazın
coğrafi əhatəsinə görə Azərbaycan
dünyada birinci yerdədir. Azərbaycan 2027-ci ilə qədər
Avropaya qaz ixracını 20 milyard kubmetrə
çatdırmağı planlaşdırır. Avropanın
etibarlı enerji tərəfdaşı statusunu qazanmış
Azərbaycan hazırda yaşıl enerji sahəsində də
əməkdaşlığı inkişaf etdirir. Qara dənizdən
Avropaya çəkiləcək "yaşıl kabel"
layihəsində Azərbaycan Gürcüstan, Rumıniya və
Macarıstanla birlikdə iştirak edir.
Prezident
İlham Əliyevin Avropa Siyasi Birliyinin Zirvə
görüşlərində iştirakı və
qarşı tərəfin müraciətləri əsasında
Avropa liderləri ilə görüşləri bir daha Aərbaycanın
beynəlxalq münasibətlərdə artan rolunu, etibarlı
tərəfdaş statusunu vurğulayır. Bu ilin
oktyabrında keçirilən Kopenhagen Zirvəsində ölkəmizə
və onun liderinə böyük maraq özünü göstədi.
Dövlət
başçısı sammitdə Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koşta və Avropa
Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə
görüşdə Azərbaycanın Orta Dəhlizin
inkişafında oynadığı rolu qeyd edərək,
ölkəmizdə nəqliyyat-logistika infrastrukturunun
inkişaf etdirilməsi istiqamətində görülən
işlərdən danışıb, Mərkəzi Asiyadan Azərbaycan
ərazisindən nəqliyyat daşımalarının həcminin
artdığını bildirib. Aİ rəhbərləri Azərbaycan
liderini Vaşinqtonda Ermənistanla əldə edilmiş sülh
razılaşmasına görə təbrik edərək
sülhün dəstəklənməsi üçün bundan
sonra da səylərini davam etdirəcəklərini bildiriblər.
Onlar, həmçinin regionda nəqliyyat
bağlantılarının inkişafının Avropa
İttifaqı üçün mühüm istiqamət
olduğunu deyiblər.
Bu
gün Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat, təhlükəsizlik
sahələrində, ümumilikdə, dünyada qlobal problemlərin
aradan qaldırılmasında etibarlı tərəfdaş
kimi qəbul edilir. Təkcə regional deyil, dünya
çapında əhəmiyyətli aktora çevrilən
Bakı Avropa İttifaqı ilə enerji təhlükəsizliyi
və qarşılıqlı əlaqə sahələrində
əməkdaşlığı dərinləşdirməyə
hazır olduğunu, Aİ-ni Zəngəzur dəhlizinin
iştirakçısı kimi görmək istədiyini bəyan
edir.
Yeri
gəlmişkən, bu günlərdə Bakı və İrəvanda
səfərdə olan Avropa İttifaqının Cənubi
Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi
nümayəndəsi Maqdalena Qrono yerli mediaya müsahibəsində
regionda kommunikasiya xətlərinin açılması prosesində,
eyni zamanda “Tramp marşrutu” layihəsinin icrasında Aİ-nin
mümkün iştirakına toxunaraq deyib ki, konnektivlik
gündəliyi və Orta Dəhliz Aİ üçün əsas
prioritetlərdir və bunlar bölgənin kritik infrastrukturu ilə
bağlı məsələlərdir: “Tərəflərlə
və ABŞ-la apardığımız müzakirələr
nəticəsində son zamanlarda gələcək regional
konnektivlik infrastrukturunun Naxçıvan seqmenti prioritet kimi
seçilib. Bu, əlbəttə ki, Naxçıvanın həm
cənubunda, həm də şimalında Ermənistanla əlaqələri
əhatə edir və 42 km-lik TRIPP seqmentini effektiv şəkildə
birləşdirmək və layihələrin bütün
region üçün inklüziv olmasını təmin etmək
məqsədi daşıyır. Biz hazırda
mümkünlüyün öyrənilməsi üzrə tədqiqatlar
aparırıq və potensial investisiya imkanlarını
araşdırırıq. Həmçinin Beynəlxalq Maliyyə
İnstitutları və özəl sektoru da buraya cəlb etməyə
çalışırıq”.
Hazırda
Azərbaycanla Aİ arasında yeni Tərəfdaşlıq
Prioritetləri üzrə danışıqlar və yeni ikitərəfli
Saziş layihəsi üzrə müzakirələr davam edir.
Maqdalena Qrono ümid edir ki, bu danışıqlar çox tez
bir zamanda nəticə verəcək, beləliklə, biz ikitərəfli
gündəmimizə müsbət və hərtərəfli
şəkildə fokuslana biləcəyik.
Göründüyü
kimi, Azərbaycan-Aİ gündəliyi ikitərəfli əməkdaşlığı
dərinləşdirəcək kifayət qədər əhəmiyyətli,
strateji sahələri əhatə edir. Milli Məclisin
deputatı, politoloq Rasim Musabəyov mövzu ilə
bağlı “525”ə şərhində bu istiqamətdə
dinamikanı müsbət qiymətləndirib: “Bu günlərdə
Prezidentin köməkçisi Hikmət Hacıyev Brüsselə
çox uğurlu səfər etdi, həm NATO qərargahında,
həm Avropa İttifaqında əhəmiyyətli
görüşlər keçirdi. Daha əvvəl Aİ-nin
xarici məsələlər üzrə əsas şəxsi
olan Kaya Kallas Azərbaycana səfər etdi. Bununla
yanaşı, cənab Prezident İlham Əliyev Avropa Siyasi
Birliyinin sammitində həm Avropa İttifaqı
Şurasının sədri, həm Avropa Komissiyasının rəhbəri
ilə görüşlər keçirdi. Bunlar hamısı
onu göstərir ki, bizim dialoqumuz kifayət qədər
uğurlu şəkildə irəli aparılır. İndi
onun nəticəsi vacibdir. Hələlik nəticə yoxdur. Yəni
söhbət ikitərəfli əməkdaşlıqla
bağlı sənəddən gedir. Həmin sənədlə
bağlı bir neçə məqam
razılaşdırılmamış qalsa da, ümumən demək
olar ki, 90-95 faiz işlənib. Məlumdur ki, sənəd təsdiq
olunmaq üçün həm Avropa Parlamentindən, həm
üzv ölkələrin parlamentlərindən keçməlidir.
Yada salsaq ki, o parlamentlərin bəzilərində Azərbaycana
qarşı müxtəlif bəyanatlar qəbul olunub, belə
olan halda təbii ki, sənədə də bir əmma
qoyacaqdılar. Azərbaycana qarşı hansısa qəbulolunmaz
əlavələr, düzəlişlər, tələblər
irəli sürə bilərdilər ki, bununla da sənəd
orda ilişib qalacaqdı. Ona görə də biz sazişin
işlənib təsdiqə göndərilməsinə tələsdirmirdik.
Ancaq indi ab-hava dəyişib, hamı anlayır ki, Azərbaycan-Ermənistan
sülh müqaviləsi paraflanıb və imzalanması, təsdiqlənməsi
gündəlikdədir. İndi hansısa manelər yaradan, bəyanatlarla,
tələblərlə çıxış etmək
yersizdir. Ancaq hələlik elə qüvvələr var ki,
götürüb Qarabağ ermənilərinin hansısa
xüsusi imtiyazlarla qayıdışının, yaxud Azərbaycanda
“hərbi əsirlər” adlandırdıqları şəxslərin,
- halbuki onlar cinayətkardırlar -, buraxılması tələblərini
ortaya ata bilərlər. Düşünürəm ki, məsələləri
nəzarətdə saxlayaraq irəli getmək lazımdır”.
Deputat
hesab edir ki, istənilən halda tərəflər
üçün əhəmiyyətli olan üç əsas
məsələ var: “Bunlar energetika sahəsi, kommunikasiyalar və
təhlükəsizlikdir. Azərbaycan bu gün bölgədə
Yaxın Şərq, Mərkəzi Asiya üçün təhlükəsizlik
məsələsinə görə ən önəmli bir
dövlətdir. Azərbaycanla
bu sahədə həm əməkdaşlıq etmək, həm
dialoq aparmaq Avropa İttifaqı üçün də əhəmiyyətlidir.
Ona görə də düşünürəm ki, ikitərəfli
sənədin imzalanıb ratifikasiyaya göndərilməsi hələlik
bəlkə baş tutmasa belə, əsas
sadaladığım istiqamətlərdə həm dialoq, həm
əməkdaşlıq irəli aparılacaq”.
Zəngəzur
dəhlizində Aİ-nin mümkün
iştirakçılığına gəlincə, R.Musabəyov
deyib ki, Azərbaycan birtərəfli qaydada Ermənistan sərhədinə
qədər dəmir yolunun və antomobil yolunun müasir
standartlara uyğun şəkildə gələn ilin
ortası, ən uzağı axırı üçün
inşasını Ağbəndə kimi başa
çatdıracaq.
Mehridən
keçən yolun maliyyələşməsini ABŞ öz
üzərinə götürüb: “Ermənistana bu məqsədlə
145 milyon dollar vəsait ayırıb. İndi
Naxçıvanda olan yol qalıb ki, o yol mövcuddur, ancaq demək
olar ki, 35 ildir çox nadir hallarda istifadə olunub. Biz istədiyimiz
sürəti təmin etmək istəyiriksə, yolun mütləq
şəkildə modernləşdirilməsi, yenilənməsi
gündəlikdə olmalıdır. İndi Avropa
İttifaqı bu layihəyə görə Azərbaycana
investisiya ayıra bilər, necə ki, bu gün Ermənistan ərazisində
Şimal-Cənub adlanan avtomobil yoluna vəsait ayırıb. Həmin
yol Avropaya lazım deyil, İran onu Avropanın puluna inşa
edir və əslində bu,
İrana lazımdır. Avropa İttifaqı isə buna pul
ayırır. Halbuki Mərkəzi Asiyaya çıxış
əldə etmək üçün bütün qatarlar,
avtomobillər Naxçıvandan keçməlidir. Ona görə
əllərin ciblərinə salmalıdırlar. Biz bunu öz
vəsaitimiz hesabına onsuz da edəcəyik, amma Avropa
üçün ondan istifadə olunması şərtləri
heç də ürəkləri istəyən şəkildə
olmayacaq”.
Pərvanə
525-ci qəzet .- 2025.-2 dekabr(¹219).- S.5.