AMEA-nın elmi əməkdaşlıq
istiqamətləri yeni mərhələdə
CƏNUBİ-ŞƏRQİ ASİYA
ÖLKƏLƏRİ İLƏ ƏLAQƏLƏR
MÜASİR QLOBALLAŞMA KONTEKSTİNDƏ
Milli Elmlər Akademiyası-80
"Akademiya" sözü geniş anlayış
olub, yunan dilində elm, ali təhsil və incəsənət
sahələrini əhatə edən elmi mərkəzlər mənasını
bildirir. Akademiya termini qədim Yunanıstanda bizim eradan əvvəl
387-ci ildə Afinada təsis edilmiş dünyanın ilk
akademiyası hesab edilən Platon Akademiyasının adı ilə
elmi dövriyyəyə daxil olmuşdur" (İ.Həbibbəyli,
2025). Ölkəmizdə elmin idarəetmə mərkəzi
hesab olunan Milli Elmlər Akademiyasının təşəkkülü
ilə fundamental elm sahələrinin inkişafında, elmi
kadrların hazırlanmasında, milli elmin hərtərəfli
tərəqqisində yeni mərhələ başlanıb.
Sonrakı illərdə humanitar, ictimai, ədəbiyyat və
mədəniyyət sahələri üzrə elmi istiqamətlərini
genişləndirən böyük elm ocağının
müstəqillik dövründə struktur və idarəetmə
sistemi yenilənmiş, dünya elm məkanına inteqrasiya
istiqamətində mühüm addımlar
atılmışdır.
AMEA, müstəqil Azərbaycan Respublikasının əsas
elmi-tədqiqat qurumu olaraq təkcə region üzrə deyil, həm
də qlobal səviyyədə əməkdaşlıqlar
qurmağa yönəlmiş elm ocağıdır. Ölkəmiz
müstəqillik qazandıqdan sonrakı illərdə və ən
son dövrlərdə Azərbaycan elminə dövlət dəstəyinin
və Azərbaycan elminin dünya miqyasına
inteqrasiyasını öncül hədəflərinə
çevirən fədakar elm xadimlərinin səyləri nəticəsində
Azərbaycan Milli Elmlər Akademiyası dünyanın müxtəlif
ölkələri ilə əməkdaşlıq edərək,
müxtəlif beynəlxalq elmi təşkilatlara üzv qəbul
edilmişdir. AMEA-nın əməkdaşlıq etdiyi Cənubi-Şərqi
Asiya (ÇXR, Hindistan, Pakistan, Vyetnam, Cənubi Koreya və s.)
regionu ilə əməkdaşlıqlar, elm, mədəniyyət,
ədəbiyyat və digər sahələr üzrə
inkişaf etdirilməkdədir. Müasir qloballaşan elmi
mühitdə Azərbaycan elminin Asiya elmi məkanına
inteqrasiyası həm akademik, həm də diplomatik baxımdan
mühüm əhəmiyyət kəsb edir.
Məlumdur ki, Cənubi-Şərqi Asiya ölkələri
yüksək elmi və təhsil səviyyəsinə malikdirlər.
AMEA-nın bu ölkələrlə akademik səviyyədə
əlaqələrinin qurulması Azərbaycanın elmi-tədqiqat
imkanlarını genişləndirə bilmək potensialına
malikdir. AMEA-nın əlaqələri genişləndirməsi
istiqamətində elmi bilik mübadilələri aparması,
Asiya ölkələrinin elmi nailiyyətlərindən
faydalanmaq prinsipinin tətbiqi, mədəni və humanitar
dialoqun yaranması, beynəlxalq əməkdaşlıq
imkanlarının artması, AMEA-nın beynəlxalq
assosiasiyalarda, Asiya elmi qurumlarında üzv olması, regional
diplomatiya və elmi diplomatiya aspektlərinin müəyyənləşməsi,
elmi əməkdaşlığın dövlətlərarası
münasibətlər üçün yumşaq diplomatiya vasitəsinə
çevrilməsi kimi mühüm beynəlxalq elmi problemlərin
həllində rol oynamaqdadır.
Dünyaca məşhur bir çox elmi təşkilatların
üzvü olanAzərbaycan Milli Elmlər Akademiyası Asiya
Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri
Assosiasiyasının (Cənubi Koreya, Seul) da
üzvüdür. Belə ki, bu qurumlara üzvlük Cənubi-Şərqi
Asiya ölkələri ilə əlaqələrin
formalaşmasında platforma rolunu oynayır. 2024-cü ildə
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik
İsa Həbibbəylinin Türkiyənin Ankara şəhərində
Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri
Birliyinin prezidenti, professor Əhməd Nuri Yurdusev ilə
işgüzar görüşü, görüş çərçivəsində
qarşılıqlı əməkdaşlıq yönündə
əlaqədar məsələlərin müzakirə edilməsi
bu sahədə atılan ciddi addımlardan hesab olunur.
Qarşılıqlı etimad əsasında keçirilən
görüşdə Azərbaycan Milli Elmlər
Akademiyasının növbəti illərdə Malayziya və
Sinqapur akademiyaları ilə əlaqələrinin qurulması
ilə bağlı fikir mübadiləsi aparılıb.
Onu da qeyd edək ki, Azərbaycan Milli Elmlər
Akademiyasının xarici elmlər akademiyaları ilə əməkdaşlıq
fəaliyyətində birgə layihələrin və
memorandumların əhəmiyyəti müstəsnadır.
Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri
Assosiasiyası, Çinin Hebey Sosial Elmlər Akademiyası,
Koreya Akademiyası və Vyetnam Sosial Elmlər Akademiyası ilə
birgə aparılan layihələr və imzalanan memorandumlar əməkdaşlıqların
təməl və inkişaf
prinsiplərini əhatə edir. Memorandumların imzalanması,
birgə elmi layihələrin, tədqiqat proqramlarının,
konfransların, simpoziumların, seminarların,
görüşlərin təşkili, elmi kadrların, nəşrlərin
və əsərlərin mübadiləsi əməkdaşlıq
və tərəfdaşlıq yönündə atılan
addımlara yeni məzmun aşılamaqdadır.
Regionlararası müqayisəli elmi araşdırmalar istiqamətində
AMEA-nın həyata keçirdiyi "Xəzərdən
Çin səddinədək" tədqiqat layihəsi
mühüm layihə hesab olunur.
2024-cü il dekabrın 16-da AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı
ilə Mərkəzi Elmi Kitabxanada keçirilən "Asiya
xalqları ədəbiyyatı: ənənələr və
müasir tendensiyalar" mövzusunda beynəlxalq elmi konfransda
Türkiyə, Pakistan, Çin, Hindistan, Cənubi Koreya,
Vyetnam, Özbəkistan, Qazaxıstan və başqa ölkələrdən
gəlmiş tanınmış alimlər, ədəbiyyat, mədəniyyət
və elm xadimləri və KİV nümayəndələri
iştirak etmişlər. Müxtəlif Asiya ölkələrinin
nümayəndələrinin iştirak etdiyi beynəlxalq elmi
konfransda Asiya Elmlər Akademiyası və Cəmiyyətləri
Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev və
Vyetnam Hanoy Universitetinin əməkdaşı Nguyen Van
Çien da yaxından iştirak edib. Beynəlxalq elmi konfransda
Cənubi Asiya (Hindistan, Pakistan) və Şərqi Asiya
(Çin, Koreya, Vyetnam) ölkələrinin ədəbiyyatçıları
"Vyetnam ədəbiyyatının inkişaf mərhələləri",
"Pakistanda ingilisdilli yazıçılar" və sair
maraqlı məruzələrlə çıxışlar
etmişlər.
AMEA-da Vyetnam əlaqələrinin
araşdırılması istiqamətində bir sıra layihə
və nəşr proqramları həyata keçirilir. "Azərbaycan-Asiya
ədəbi əlaqələri" mövzusunda elmi məqalələr
toplusunun nəşri, "Xəzərdən Çin səddinədək"
adlı regional tədqiqat layihəsində Azərbaycan-Vyetnam
elmi əlaqələrinin ayrıca bölmə kimi yer
alması, AMEA-nın elmi jurnallarında Vyetnam ədəbiyyatı,
mədəniyyəti və tarixinə dair məqalələrin
nəşri, dövlət səviyyəsində keçirilən
elm və mədəniyyət günlərində AMEA-nın
yaxından iştirakı Azərbaycan-Vyetnam münasibətlərinin
yalnız mədəni müstəvidə deyil, həm də
elm diplomatiyasının mühüm bir qolu olduğunu təsdiq
edir. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsində Vyetnam əlaqələri ən sistemli
şəkildə öyrənilir. Bu şöbədə
Vyetnam ədəbiyyatının tarixi, əsas mərhələləri
və janr xüsusiyyətləri öyrənilməklə Azərbaycan
və Vyetnam yazıçı və şairlərinin
yaradıcılığı müqayisəli şəkildə
tədqiq olunur, Vyetnam ədəbiyyatında Azərbaycan
obrazı - Azərbaycan ədəbiyyatında Asiya
mövzuları araşdırılır. Eyni zamanda Vyetnam alimləri
ilə birgə elmi məqalələr, kitablar və tərcümə
layihələri həyata keçirilir. Şöbənin əməkdaşı
Sevda Məmmədovanın "Müasir Vyetnam ədəbiyyatı:
Azərbaycan-Vyetnam ədəbi əlaqələrində yeni mərhələ"
kitabında Azərbaycan-Vyetnam ədəbi əlaqələrinin
tarixindən və bu günündən bəhs olunur. Sevda Məmmədovanın
tədqiqatında Vyetnam kimi ecazkar ölkənin ədəbiyyatının
tarixi inkişaf yolu, şair və yazıçıların
yaradıcılıqlarının ayrı-ayrı istiqamətləri
və Vyetnam-Azərbaycan ədəbiyyatı
qarşılıqlı müqayisələrlə öyrənilir,
Azərbaycan ədəbiyyatı tarixində Vyetnam ədəbiyyatının
tədqiqi məsələləri dəyərləndirilir. Onu
da qeyd etmək lazımdır ki, Sevda Məmmədovanın
"Azərbaycan-Vyetnam ədəbi əlaqələri"
(2023) monoqrafiyası iki xalqın ədəbi əlaqələrini
araşdırmaq baxımından bir ilkdir.
2025-ci ilin 26-29 iyul tarixlərində Bakıda
"Vyetnam Günləri"nin say etibarilə
üçüncüsü keçirildi və bu dostluq tədbiri
müasir əməkdaşlığın, strateji tərəfdaşlığın
tam məzmununu ehtiva edirdi. Azərbaycanda Hanoyda Azərbaycan-Vyetnam
iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq
üzrə Hökumətlərarası Komissiyanın 3-cü
iclasında qərarlaşdırılmış "Vyetnam
Günləri" nin keçirilməsində Milli Elmlər
Akademiyasının özünəməxsus fəaliyyət
payı var idi. "Vyetnam Günləri" çərçivəsində
Azərbaycan Milli Akademiyasının Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun qonağı olan əsərləri
dünyada tanınan Vyetnamın tanınmış detektiv
yazarı xanım Nguyen Dieu Linh, Hanoy universitetinin professoru
Nguyen Van Chien "Azərbaycan-Asiya ədəbi əlaqələri"
şöbəsində Vyetnam ədəbiyyatının,
ayrı-ayrı şairlərin və
yazıçılarının
yaradıcılıqlarının ədəbi əlaqələr
kontekstində öyrənilməsinə, kitab və elmi məqalələrin
çap olunmasını məmnunluqla
qarşılamışlar.
AMEA-nın Cənubi-Şərqi Asiya ölkələri
ilə elmi əlaqələri artıq müəyyən bir
inkişaf mərhələsinə daxil olmuşdur və üzvlüklər,
konfranslar, birgə layihələr vasitəsilə bu regionla əməkdaşlıq
genişlənməkdədir. Bununla yanaşı, həmin əlaqələrin
tam potensialından istifadə etmək üçün daha
sistemli planlaşdırma, resurs ayrımı və uzunmüddətli
strateji yanaşma tələb olunur ki, bununla bağlı əməkdaşlıq
və tərəfdaşlıq kontekstində,
qarşılıqlı elmi inteqrasiya istiqamətində
mühüm addımlar atılmaqdadır. Nəticə etibarilə,
Azərbaycan Milli Elmlər Akademiyasının Cənubi-Şərqi
Asiya ölkələri ilə elmi əməkdaşlıq
istiqamətləri müasir qloballaşma şəraitində
elmi inteqrasiyanın, mədəni diplomatiyanın və bilik
mübadiləsinin yeni mərhələsini
formalaşdırır. Bu əməkdaşlıqlar Azərbaycan
elminin beynəlxalq nüfuzunu artırır, regionlararası
elmi əlaqələrin dərinləşməsinə və
elmin strateji inkişafına xidmət edir. AMEA-nın Asiya elmi
təşkilatları ilə birgə layihələri,
konfransları, memorandumları və ədəbi əlaqələr
istiqamətində qazandığı uğurlar milli elmin
dünyaya inteqrasiyasını daha da genişləndirir. Belə
ki, gələcəkdə bu istiqamətdə daha sistemli elmi
proqramların həyata keçirilməsi, uzunmüddətli tərəfdaşlıq
modellərinin formalaşdırılması və birgə
innovativ tədqiqatların təşkili Azərbaycan elminin
Asiya məkanında mövqeyini daha da möhkəmləndirəcək.
Sevda MƏMMƏDOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun "Azərbaycan-Asiya ədəbi əlaqələri
şöbəsi"nin böyük elmi işçisi
Yunis HÜSEYNOV
Tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2025.- 3 dekabr(№220).- S.15.