Mühacirətdə
sönən işıqlar: Fətəli xan Xoyski və Həsən
bəy Ağayevin Tiflisdə qətlləri
DÖVRÜN GÜRCÜSTAN MƏTBUATININ
MATERİALLARI ƏSASINDA
(Əvvəli ötən sayımızda)
Terror hadisəsindən bir neçə gün sonra
Tiflis Şəhər Milisinin rəisi vəzifəsini icra edən
S.N.Mikeladzenin əmri ilə post milisləri İlya
Kançaveli, Nikolay Kebadze və Porfiri Ramfopulo yol verdikləri
səhlənkarlığa görə milis orqanlarında xidmətə
yararsız hesab olunub işdən azad edilir, eyni zamanda 1
aylıq həbslə cəzalandırılırlar.
"Qruziya" ("Qruziə") qəzetində "Xan
Xoyskinin qətlinin əks-sədaları"
başlığı altında dərc edilmiş əmrdə
həmçinin yerli sahə komissarı Karşiyaya
tapşırıq verilir ki, post milislərinə onların
görüntü deyil, iş üçün növbə
çəkdikləri və ətrafa diqqətlə nəzarət
edib istənilən cinayətə cəhdi önləməli
olduqları təlqin edilsin.
Gürcüstan sosial-demokratlarının
aparıcı yayım orqanı olan gürcüdilli
"Ertoba" qəzeti 1920-ci ilin 30 iyununda çap olunmuş
buraxılışında Bakıdan "Qırmızı Azərbaycanda"
başlığı altında verdiyi məlumatda şəhərdə
yerli müsəlman əhalinin Xan-Xoylunun öldürülməsi
ilə bağlı yas əlaməti olaraq gizlicə qara
geyindiyini bildirirdi.
Qeyd edək ki, Tiflis mətbuatı Fətəli
xanın qətlindən bir neçə gün sonra Xan-Xoyski
sülaləsindən daha bir nəfərin Bakıda qətlə
yetirilməsi barədə məlumat verirdi.
Sovetləşən Azərbaycandakı repressiyalarla
bağlı "Slovo" qəzetinin 1 iyul 1920-ci il tarixli
nömrəsində yazılırdı: "Bu günlərdə
Azərbaycandan gələn şəxs bizim əməkdaşa
sovet Bakısının həyatından bir neçə
maraqlı məlumat verdi... Bu yaxınlarda Tiflisdə
öldürülmüş Xan-Xoyskinin qardaşı da
güllələnmişdir..."
F.Xoyskinin böyük qardaşı Hüseynqulu xan
1955-ci ildə İstanbulda, kiçik qardaşı Rüstəm
xan isə 1948-ci ildə Moskvada vəfat etdiyi üçün
mənbədə onun qardaşı deyil, yaxın
qohumlarından biri barədə bəhs edilməsi ehtimalı
yüksəkdir.
Həsən bəy Ağayevə qarşı sui-qəsd
Həsən bəy AğayevBakının
işğalı ərəfəsində Tiflisdə Cənubi
Qafqaz cümhuriyyətlərinin konfransında Azərbaycan
nümayəndə heyətinin sədri qismində iştirak
edən və AXC-nin süqutundan sonra artıq geri qayıda
bilməyən doktor Həsən bəy Ağayev Fətəli
xan Xoyskidən düz bir ay sonra - 19 iyuldan 20 iyula keçən
gecə saat 2-də Tiflisin M.Brosse küçəsində
Mauzer sistemli tapançadan atılmış 4 güllə ilə
öldürülmüşdü. Prokuror nəzarəti və
istintaq orqanlarının nümayəndələri, cinayət
və şəhər milisinin əməkdaşları hadisə
yerinə gələrək cinayətkarların ələ
keçirilməsi üçün təcili ilkin tədbirlər
görsələr də, heç bir nəticə hasil
olmamış, cinayət işinin istintaqı Tiflis Dairə Məhkəməsinin
prokurorunun qərarı ilə xüsusilə mühüm
işlər üzrə müstəntiq Dilevskiyə həvalə
olunmuşdu.
"Saxalxo sakme" qəzetində H.Ağayevin qətli
ilə bağlı məlumat
Səhifələrində H.Ağayevin tərcümeyi-halına
yer ayıran və sui-qəsd barədə yenə də digər
mətbu orqanlarla müqayisədə əlavə bilgi verən
"Slovo" ("Slovo") qəzeti 22 iyul 1920-ci il tarixli
sayında Həsən bəyə atılan güllələrin
partlayıcı güllələr olduğunu, onlardan birinin
kifayət qədər qalın ağacı tam deşib
çıxaraq böyük bir taxta parçası
qopardığını, həmçinin mərhumun üzərində
200 min manatdan çox pul (əsasən Azərbaycan və Don
hökumətlərinin valyutası), qızıl zəncirli və
breloklu (açarlıqlı) qızıl saat
tapıldığını yazırdı.
"Qruziya"
("Qruziə") qəzetində H.Ağayevin qətli ilə
bağlı məlumat
Sui-qəsddən sonra nəşi Mixail xəstəxanasının
meyitxanasına aparılan Həsən bəy Ağayevin dəfn
mərasimi 21 iyulda təşkil edilmiş və o da F.Xoyski
kimi Tiflisin müsəlman qəbiristanlığında
torpağa tapşırılmışdı.
Sovetlər dövründə Nəbatat bağına
çevrilmiş Tiflis müsəlman məzarlığında
- hazırda Görkəmli Azərbaycanlıların Panteonu
adlanan müqəddəs məkanda F.Xoyskinin və
H.Ağayevin qəbirüstü abidələri yan-yana
ucalmaqdadır.
Osetin əsilli yazıçı və publisist Əhməd
Tsalikov Şimali Qafqazdan Gürcüstana mühacirət
etmiş siyasi-ictimai xadimlər tərəfindən Tiflisdə
nəşr olunan, redaktoru olduğu rusdilli "Volnıy
qorets" ("Volğnıy qoreü") qəzetinin 26 iyul
1920-ci il tarixli sayında H.Ağayevin qətlinə belə bir
emosional tərzdə reaksiya verirdi:
"Volnıy qorets" ("Volnıy qoreü") qəzetində
H.Ağayevə sui-qəsdlə bağlı Ə.Tsalikovun
yazısı
"Cənubi Qafqazın müsəlman
ziyalılarının cərgəsindən daha bir nəfər
- dr. Həsən bəy Ağayev qoparıldı. İti siyasi
bucaqları hamarlamağa çalışan bu təvazökar
insanın ölümü kimə lazım idi? Həsən bəy
Müsavat partiyasının sıralarında ən sülhsevər
- "barışdırıcı" şəxs idi. Və
müəmmalı qalır: qatillərin seçimi niyə məhz
onun üzərində dayandı? Onlar nəyi əllərində
rəhbər tuturdu? Kimdir onlar? Əgər bütün bu vəhşi
əməllər "kommunizm", "sosializm",
hansısa "milliyətçilik" bayrağının
arxasında gizlənirsə, bütün prinsiplərin və
mənəvi dəyərlərin təhrif olunması nəticəsində
insan ruhunun süqutunun uçurumu insanı yalnız dəhşətə
gətirə bilər. İnsan vəhşiliyinin sonu
haradadır?!."
"Volnıy qorets" həmin sayında öz
oxucusuna Tiflisdə türkcə nəşr olunan "Yeni
dünya" qəzetində (1920-ci il, № 6) işıq
üzü görmüş, Həsən bəyin qətli ilə
bağlı məqalənin tərcüməsini də təqdim
edirdi. Həmin yazıda da sabiq parlament sədri çox təvazökar,
xasiyyətcə və şəxsi ünsiyyətdə
mülayim bir şəxs kimi xarakterizə olunurdu. Daim
tutduğu barışdırıcı mövqe sayəsində
vəzifədə irəli çəkildiyi və məhz bu
keyfiyyətinə görə azərbaycanlıların Həsən
bəyi Cənubi Qafqaz xalqlarının sonuncu konfransında
özlərinin nümayəndə heyətlərinə sədr
seçdikləri qeyd olunan məqalədə həmçinin
F.Xoyski və H.Ağayevin öldürülməsinin erməni
- "tatar" (azərbaycanlı) münasibətlərində
heç nəyi dəyişmədiyinə diqqət çəkilərək
qatillər və onları göndərən qruplar dərin qəzəb
və nifrətlə məzəmmət edilir,
"Qırmızı" Azərbaycanda bır sıra
kateqoriyaya daxil olan şəxslərin öz xalqlarının
düşməni elan olunmasının bu cür cinayətləri
təşviq etdiyi vurğulanır və sonda paytaxtında bu
cür qətllərin baş verdiyi Gürcüstan hökumətinin
cinayətkarların tutulması və gələcəkdə
belə halların təkrarlanmaması üçün
lazımi ölçü götürəcəyinə
ümid ifadə olunurdu.
Fətəli xan Xoyski və Həsən bəy
Ağayevin həyatına qəsd edən terrorçuların ələ
keçirilməsi mümkün olmadığı
üçün onların kimliyi barədə müxtəlif
fərziyyələr irəli sürülürdü.
"Ertoba" qəzeti
13 iyul 1920-ci il tarixli sayında yazırdı: "Xan-Xoylunu
kim öldürdü? Kavkavın (Vladiqafqazın - F.V.-H.)
"Kommunist"ində (25 iyun) bunlar yazılıb:
"Kommunist"in 64-cü nömrəsində Xan-Xoylunun qətli
ilə bağlı Tiflis qəzetlərindən
götürülərək dərc olunmuş məlumatda təəssüf
ki, səhvə yol verilib. Diqqətsizlik üzündən qeyd
olunan terror aktının millətçilər tərəfindən
verilmiş tövsifinə düzəliş edilməyib.
"Bədxahlar öz çirkin əməllərini törətdikdən
sonra qaçdılar" sözləri "Qatilə pul
ödəyən qəhrəmanlar özlərini xilas etdilər"
sözləri ilə əvəz olunmalıdır..."
"Ertoba" bu yazılanlar əsasında Fətəli
xanın bolşeviklər tərəfindən
öldürüldüyü qənaətinə gəlirdi.
Parisdə nəşr olunan "Tan" ("Le
Temps") qəzeti 18 sentyabr 1920-ci il tarixli sayında
özünün Tiflisdəki müxbirinə istinadən
F.Xoyski və H.Ağayevi qətlə yetirən şəxslərin
yeni sui-qəsd hazırlığında ikən ələ
keçirildiyini yazırdı.
Parisdə nəşr edilən "Le Temps" qəzetində
F.Xoyski və H.Ağayevin qatillərinin həbs olunduğunu
bildirən müxbir məlumatı
Həmin şəxslərin adları qeyd olunmasa da,
onların "Daşnaksütyun" partiyasını təmsil
etdikləri bildirilirdi: "Azərbaycanın keçmiş
Baş naziri cənab Xan-Xoyskinin və Parlamentinin
keçmiş vitse-prezidenti dr. H.Ağayevin qatilləri Tiflisə
sığınmış Azərbaycan dövlət xadimlərinə
qarşı növbəti hücumlar hazırlayarkən nəhayət
ki, Gürcüstan hakimiyyət orqanları tərəfindən
həbs ediliblər. Sui-qəsdçilər hakim
"Daşnak" partiyasından olan ermənilərdir. Bu amil
Qafqazdakı vəziyyəti xeyli mürəkkəbləşdirir
və Gürcüstan hökumətini son dərəcə
çətin vəziyyətə salır. Gürcüstan mətbuatı
öz ölkələrinin işğalçılarına
qarşı mübarizəni təşkil edə biləcək
Azərbaycan liderlərinə sui-qəsdlərin
qarşısını almaq üçün sərt tədbirlər
görülməsinə çağırır, çünki
bu cür hərəkət edən ermənilər yalnız
bolşeviklərin əlinə oynayırlar, halbuki vəziyyət
bütün qafqazlıların Rusiya təcavüzünə
qarşı birliyini tələb edir.
Azərbaycan və Gürcüstan müsəlmanları
arasında böyük bir çaşqınlıq hökm
sürür; onlar Fətəli Xan-Xoyskinin
sığındığı müttəfiq respublikanın
paytaxtında öldürülməsinə yas tutmağa davam
edirlər. Sui-qəsdçilərin Ermənistan dövlət
başçısı və nazirlərinin böyük əksəriyyətinin
mənsub olduğu partiyanın üzvü olmaları vəziyyəti
daha da həssas edir. Azərbaycan müsəlmanları
Gürcüstanı öz təbii müttəfiqləri hesab
etməyə davam edir və Gürcüstan hökumətindən
Ermənistanın hakim partiyasının Gürcüstan
paytaxtında sığınacaq axtaran dost ölkənin
dövlət xadimlərinə qarşı həyata
keçirdiyi terror sisteminə qarşı sərt etiraz
gözləyirlər. Sovet Azərbaycanının
hazırkı liderlərinə gəldikdə isə, onlar bu
hadisələrdən narazı deyillər, çünki bu
hadisələr onların vəzifəsini - Qafqazın
bolşevikləşdirilməsinə qarşı mübarizə
aparanların dəf edilməsini asanlaşdırır".
"Ertoba" qəzeti payız nömrələrindən
birində "Tan" ("Le Temps") qəzetində
işıqlandırılmış bu məlumata qısaca
olaraq bu şəkildə yer ayırırdı: "Tan"
yazır: Cənubi Qafqazda indi vəziyyət elədir ki,
bütün Cənubi Qafqaz cümhuriyyətlərinin sıx
ittifaqı, Rusiya və Osmanlı təhlükəsini aşa
bilmələri üçün birləşmələri
mütləqdir. Azərbaycan müsəlmanları
Gürcüstanı özlərinin təbii müttəfiqi
hesab edirlər. Sonra "Tan" Xan-Xoylunun ölümünə
dair faktlar gətirir və qeyd edir ki, Gürcüstan hökuməti
Azərbaycanın rəhbərliyində olmuş şəxslərə
qarşı terror aktlarının təkrarlanmaması
üçün ölçü götürüb".
Göründüyü kimi, "Ertoba"nın bu
istinad xəbərində təhrifə yol verilir, belə ki,
"Tan"da Osmanlı adı çəkilmədən
yalnız Rusiya təcavüzünə qarşı
qafqazlıların birliyinin zərurəti barədə söz
açıldığı halda, eyni kontekstdə "Rusiya və
Osmanlı təhlükəsi" ifadəsi işlədilir,
"Tan"ın yaydığı informasiyanın əsas
mövzusu - daşnak sui-qəsdçilərin həbsinə
dair isə heç nə açıqlanmır; ola bilsin ki,
gürcü hüquq-mühafizə orqanları tərəfindən
bu məlumat təsdiqlənməmiş və "Ertoba"
bu səbəbdən o məsələyə toxunmamağa
üstünlük vermişdir.
Ümumiyyətlə, o dövrün Gürcüstan mətbuatında
F.Xoyski və H.Ağayevin qatillərinin kimliyinə və ya ələ
keçirilməsinə dair heç bir məlumatla
qarşılaşmamışıq. Digər qaynaqlardan
F.Xoyskiyə qarşı sui-qəsdin
"Daşnaksütyun" partiyasının üzvləri
Aram Yerkanyan və Misak Kirakosyan tərəfindən həyata
keçirildiyi, F.Xoyskinin A.Yerkanyanın açdığı
atəşlə şəhid edildiyi aşkar olur [Bəzi mənbələr
bu terror aksiyası zamanı Misak Kirakosyanın
yaralandığını yazırlar]. Terrorçuların
bundan sonra həbs edilməsinə dair əlimizdə heç
bir səhih məlumat yoxdur; fakt odur ki, A.Yerkanyanın 1922-ci
ilin 17 aprelində Berlində Osmanlının
tanınmış siyasi xadimlərinə "İttihad və Tərəqqi"
partiyasının öndə gələn simalarından Bahəddin
Şakirə və Trabzon valisi olmuş Camal Əzmiyə
qarşı sui-qəsdin də iki
iştirakçısından biri olub.
Fətəli xan Xoyski və Həsən bəy
Ağayevin Tiflisdə ard-arda qətlə yetirilməsi ilə
bağlı mətbuat materialları yalnız Azərbaycan
dövlət xadimlərinə qarşı qanlı cinayətlərin
təfərrüatlarını deyil, həm də
dövrün sarsıntısını və milli mühacirətin
ağrılarını əks etdirərək AXC
elitasının taleyini müəyyən edən siyasi
çalarları gün üzünə çıxarır. Hər
iki şəxsiyyətin ölümündən sonra Tiflisin küçələrində
dolaşan qorxu, Bakıdan gələn xəbərlərdə
əks olunan ümidsizlik və müsəlman əhalinin yas əlaməti
olaraq qara geyinməsi
bütün bunlar Xalq Cümhuriyyəti ideallarına
sadiq qalanların hansı fırtınanın içindən
keçdiyini aydın şəkildə göstərir.
Fətəli xan və Həsən bəyin şəhadəti,
əslində, milli yaddaşımıza vurulan bir yaranın
tarixdəki izidir. Hər iki dövlət xadimi Tiflisin
küçələrində siyasi oyunların, tarixi ziddiyyətlərin
və düşmənçiliklərin qurbanına
çevrilsələr də, tarix sübut edir ki, onların
ölümü ilk cümhuriyyətimizin dəyərlərini
söndürmədi. Bu gün Gürcüstanın
paytaxtında Görkəmli Azərbaycanlıların
Panteonunda yanaşı uyuyan bu iki böyük insanın məzarları
yalnız keçmişin xatirəsi deyil, XX əsrin əvvəllərində
Azərbaycanın müstəqilliyinin hansı bahaya başa gəldiyini
xatırladan müqəddəs məkandır.
Fəxri VALEHOĞLU-HACIYEV
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və
İrsi Fondunun aparat rəhbəri
525-ci qəzet .- 2025.-3 dekabr(№220).- S.12-13.