Türk dünyasında ortaq
düşüncə və kimlik axtarışları
Birinci Türkoloji
Qurultay - 100
Türkiyənin "Yeni Gün" qəzeti Birinci
Bakı Türkoloji Qurultayının 100 illik yubileyi münasibətilə
"Qurultaya Azərbaycandan baxış" adlı silsilə
yazılar dərc edir. Qəzetin son saylarından birində bu
mövzuda AMEA Dilçilik İnstitutunun direktoru, filologiya elmləri
doktoru, professor Nadir Məmmədli ilə müsahibəyə
də yer verilib. Müsahibənin aktuallığını nəzərə
alaraq oxuculara təqdim edirik.
Birinci Türkoloji Qurultayın stenoqrafik hesabatları,
rəyasət heyətinin protokolları, nümayəndələrin
siyahıları, İosif Stalinə göndərilən
teleqramlar və məxfi məktublar və digər sənədlər
göstərir ki, Qurultay həm də siyasi nəzarət
altında keçirilmişdi. Bəzi sənədlərdə
"oxunduqdan sonra məhv edilməlidir" qeydləri var. Amma
taleyin iradəsi ilə həmin sənədlərin bir
çoxu qorunub saxlanmışdır və bu gün
tarixşünaslığımız üçün bənzərsiz
qaynaq rolunu oynayır.
Son vaxtlar mətbuatda bu kimi açıqlamaları ilə
diqqətdə olan AMEA Dilçilik İnstitutunun direktoru,
filologiya elmləri doktoru, professor Nadir Məmmədli
müsahibimizdir.
- Nadir müəllim, mətbuata müsahibələrinizin
birində bildirirsiniz ki, arxiv sənədlərində
Qurultayın gedişi barədə açılmayan faktlar yer
alır. Onlardan bir neçəsini xatırlada bilərsinizmi?
- Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsi yanında İctimai-Siyasi Sənədlər
Arxivində Qurultaya dair çox zəngin materiallar
saxlanılır. Onların arasında Stalinə göndərilmiş
teleqramlar, ÜKP(b) MK-nın gizli qərarları, Təşkilat
Komissiyasının protokolları, nümayəndə heyətlərinin
siyahıları və Qurultayın stenoqrafik hesabatları yer
alır. Bu sənədlərin bir hissəsi "tam məxfi"
qrifli idi və oxunduqdan sonra məhv edilməliydi. Lakin tarix bir
möcüzə yaratdı - həmin sənədlərin əksəriyyəti
arxivdə qorunub qaldı. Məsələn, orada
yazılır ki, Qurultayın açılış
günü Bakı küçələri bayram
ab-havasında idi. Minlərlə insan İsmailiyyə
binasının qarşısında toplaşmış,
tribunadan "Türk dünyasının sabahı burada
yazılır" deyə səslənən
çıxışları dinləmişdi. Bu, həm elmi, həm
də mənəvi baxımdan misilsiz hadisə idi.
- Qurultayın təşkilinə gətirən tarixi
şərait haqqında nə deyə bilərsiniz?
- 1926-cı il Bakı Türkoloji Qurultayı təkcə
elmi hadisə deyil, həm də siyasi, ideoloji və mədəni
məzmun daşıyan bir toplantı idi. O dövrdə
dünya siyasətində türkdilli xalqların gələcəyi
məsələsi həm Rusiya, həm də Türkiyə
üçün ciddi əhəmiyyət
daşıyırdı.
Bir tərəfdən, sovet hökuməti yeni
yaradılmış türk respublikalarında mədəni
quruculuq işlərinə başlamış, əlifba, təhsil,
dil siyasəti sahələrində yeniliklər tətbiq etmək
niyyətində idi. Digər tərəfdən, Türkiyə
Cümhuriyyəti Atatürkün rəhbərliyi altında
türklüyün intibah dövrünü yaşayır, elm
və mədəniyyətdə yeni institutlar - o cümlədən
1924-cü ildə M.Fuad Köprülünün rəhbərliyi
ilə yaradılmış Türkiyyat İnstitutu vasitəsilə
türkoloji tədqiqatların əsasını qoyurdu. Bu
baxımdan, 1926-cı ildə belə bir elmi forumun
keçirilməsi artıq tarixi zərurət idi. Sadəcə,
onun İstanbulda deyil, Bakıda keçirilməsi həm
siyasi, həm də geosiyasi baxımdan xüsusi anlam
daşıyırdı. Bakı həmin dövrdə sovetlər
məkanında türkdilli xalqların intellektual mərkəzinə
çevrilmişdi.
Qurultayda 130-dan çox nümayəndə, o cümlədən
Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan,
Özbəkistan, Qırğızıstan, eləcə də
Rusiya, Almaniya, Macarıstan, Avstriya və digər ölkələrdən
görkəmli alimlər iştirak edirdi. Bu, təkcə elmi
toplantı deyildi - türk xalqları tarixində ilk dəfə
idi ki, bütün türkdilli elita eyni zalda bir araya gəlmişdi.
- Qurultayın Bakıda keçirilməsi təsadüfi
idimi, yoxsa bu qərarın arxasında müəyyən
strateji niyyətlər dayanırdı?
- Qətiyyən təsadüfi deyildi. 1920-ci illərin
Bakısı təkcə neftin deyil, həm də ideyaların
paytaxtı idi. Burada müxtəlif türk xalqlarının
ziyalıları, mühacir alimlər, rus şərqşünasları
fəaliyyət göstərirdi. Azərbaycanın intellektual
mühiti, xüsusilə Yeni Əlifba Komitəsinin fəaliyyəti
latınlaşma prosesində öncül idi.
Qurultayın Bakıda keçirilməsi həm siyasi,
həm də simvolik bir seçim idi. Siyasi baxımdan sovet rəhbərliyi
üçün Bakı Şərqlə Qərb arasında
bir körpü idi. Simvolik baxımdan isə, Bakı türklərin
tarixində modernlik və yeniləşmənin rəmzi kimi
çıxış edirdi. Bu, həm də Türkiyə ilə
Sovetlər arasındakı münasibətlərin
"yumşaldılması" baxımından əhəmiyyətli
idi. Unutmayaq ki, İstanbulda belə bir toplantının
keçirilməsi ideyası əvvəlcə müzakirə
olunmuşdu. Hətta Atatürkün təşəbbüsü
ilə 1925-ci ildə Beynəlxalq Türkoloji Qurultayın
Türkiyyədə keçirilməsi
planlaşdırılmışdı. Lakin o dövrdə
Türkiyə hələ Lozanna sonrası diplomatik münasibətlərini
sabitləşdirməyə çalışırdı və
bu cür beynəlxalq elmi tədbir üçün şərait
yetərli deyildi.
Digər tərəfdən, sovet hökuməti türkdilli
xalqlar üzərində mədəni-siyasi nəzarəti
itirmək istəmirdi. Ona görə də, Moskvada 1925-ci ilin
sentyabrında keçirilən şərqşünasların
iclasında qərar verildi ki, Qurultay SSRİ-nin daxilində -
Bakıda keçirilsin.
Bakı həm coğrafi, həm də intellektual baxımdan
ideal məkan idi: burada həm rus, həm azərbaycanlı, həm
də Orta Asiyadan gəlmiş türk alimləri fəaliyyət
göstərirdilər. Azərbaycan ziyalıları,
xüsusilə Səməd ağa Ağamalıoğlu, Bəkir
Çobanzadə, Fərhad Ağazadə kimi simalar bu təşəbbüsün
əsas hərəkətverici qüvvələrindən idilər.
- Qurultayın təşkilində Azərbaycan
ziyalılarının rolu nədən ibarət idi?
- Azərbaycan ziyalıları bu qurultayın həm təşkilati,
həm də ideoloji ruhunun formalaşmasında ön sırada
idilər. Azərbaycan MİK sədri Səməd ağa
Ağamalıoğlu Qurultaya sədrlik etmiş,
açılış nitqini söyləmiş və tədbirin
siyasi istiqamətini müəyyənləşdirmişdi. Bəkir
Çobanzadə isə türk dillərinin təsnifatı,
ortaq terminologiyanın formalaşması və latın əlifbasına
keçidin elmi əsasları barədə
çıxışı ilə böyük rezonans
doğurmuşdu. Fərhad Ağazadə Azərbaycan nümayəndə
heyətinin tərkibində Qurultayda fəal iştirak
etmiş, ortaq türkcənin və yeni əlifbanın tətbiqi
məsələlərində mühüm elmi arqumentlər irəli
sürmüşdü. Əslində, bu alimlərin fəaliyyəti
yalnız Azərbaycan üçün deyil, ümumtürk
elmi düşüncəsi üçün əvəzsiz
töhfə idi. Onlar sovet senzurası və ideoloji məhdudiyyətlər
fonunda belə, türklüyün mədəni birliyini
qorumağa çalışırdılar.
- Qurultayın keçirilməsinin Türkiyə-Rusiya
münasibətlərinə təsiri necə olmuşdur?
- Qurultay, əslində, Sovetlərin Türkiyə ilə
elmi-mədəni münasibətlərini
"yumşaltmaq" vasitəsi idi. O dövrdə Atatürk
islahatları ilə Qərbə yönələn Türkiyə,
türkologiya sahəsində də Avropa ilə əməkdaşlığa
can atırdı. Sovetlər isə bu sahədə təsirini
saxlamaq istəyirdi. Bakı Qurultayı bu baxımdan bir növ
"elmi diplomatiya platforması" rolunu oynadı.
Türkiyədən gələn nümayəndələr
- məsələn, Fuad Köprülüzadə, Əli bəy
Hüseynzadə, macar alimi Meszaros kimi şəxsiyyətlər
sovet elmi dairələri ilə qarşılıqlı təmasda
oldular. Bu təmaslar, hər nə qədər ideoloji fərqlərlə
müşayiət olunsa da, türkologiyanın qlobal elmi
statusunu formalaşdırdı.
- Qurultayın nəticələri və elmi əhəmiyyəti
barədə nə deyə bilərsiniz?
- Qurultay türkologiya elminin tarixində
dönüş nöqtəsi oldu. Burada qəbul olunan qərarlar
yalnız əlifba məsələsini deyil, həm də
türk xalqları arasında elmi əməkdaşlıq,
ortaq identiklik və mədəni inteqrasiya məsələlərini
gündəmə gətirdi. Ən mühüm nəticə -
latın qrafikasına keçidin elmi əsaslandırılması
idi. Bu qərar daha sonra SSRİ-nin bir çox
respublikalarında tətbiq olundu. Hətta Türkiyədə
1928-ci ildə həyata keçirilən əlifba
islahatının arxasında Bakı Qurultayının elmi
müzakirələrinin təsiri hiss olunurdu. Bundan başqa,
Qurultay türklər arasında dilçilik baxımından
ilk sistemli təsnifat cəhdlərini də təqdim etdi.
- Amma sonrakı illərdə Qurultay
iştirakçılarının çoxu repressiyaya məruz
qaldı...
- Təəssüf ki, elədir. 1937-1938-ci illərin
Stalin repressiyaları demək olar ki, Qurultayın bütün
fəal iştirakçılarını məhv etdi. Özbək
alimlər - Abdurrəşid Abducabbarov, Qazi Alim Yunusov, Səmərqənd
və Daşkənd nümayəndələri, eləcə də
Azərbaycan alimləri Bəkir Çobanzadə, Hənəfi
Zeynallı və Salman Mümtaz həmin repressiyanın
qurbanı oldular. Onlar "pantürkist" damğası ilə
güllələndi, ailələri sürgün olundu. Bu, təkcə
insan faciəsi deyil, həm də türkoloji elminə
vurulmuş ağır zərbə idi. Əgər o nəsil
sağ qalsaydı, türkologiyanın inkişafı bu gün
daha yüksək səviyyədə olardı.
- Bütün bu faciələrə baxmayaraq, I
Türkoloji Qurultayın tarixi rolu...
- Qurultayın rolu çoxşaxəlidir. Birincisi,
Qurultay türkdilli xalqların elmi və mədəni birliyini
nümayiş etdirdi. İkincisi, o, dil və əlifba məsələsində
elmi müzakirənin beynəlmiləl səviyyədə
aparıldığı ilk platforma idi.
Üçüncüsü, Qurultay türk dünyasında
ortaq düşüncə və kimlik
axtarışlarının simvoluna çevrildi. Onun tədqiqi
təkcə türkologiya tarixini deyil, həm də sovet
ideoloji siyasətinin yönlərini anlamaq baxımından
böyük əhəmiyyət daşıyır.
Namiq ƏHMƏDOV
BDU Jurnalistika fakültəsinin müəllimi, Əməkdar
jurnalist
525-ci qəzet .- 2025.-3 dekabr(№220).- S.11.