Sərhədlər bizi
qorxutmasın...
Hər insanın içində heç bir atlasda təsvir
olunmayan, heç bir kompasla tapılmayan, yalnız hisslə, təcrübə
ilə oxunan görünməz bir xəritə var. Bu xəritənin
adı şəxsi sərhədlərdir. Kimin həyatımıza
nə qədər daxil ola biləcəyini, kimə hansı
qapını açacağımızı, kimə yalnız
pəncərədən baxmağa icazə verəcəyimizi
göstərən bir sərhəd xəttidir bu.
Ancaq ən maraqlısı odur ki, insan çox vaxt
özü üçün bu sərhəd xətlərini
çəkə bilmir. Bir başqasının emosiyasına
görə dəyişən, başqasının tələbinə
görə daralan, başqasının sözünə
görə böyüyən sərhədlər hesabına ən
çox tapdanan yer elə özümüzün daxili
torpağımız olur. Bəli, nə qədər qəribə
səslənsə də...
Bəzən insan "yox" demədiyi, ya da deyə
bilmədiyi üçün əzilir, üzülür,
yorulur. Sanki başqasına münasibət,
başqasının rahatlığı hər şeydən
önə çəkilir. Kiminsə inciməməsi, kiməsə
hörmətsizlik edilməməsi, ya da sadəcə bizi pis
tanımamaları üçün göstərdiyimiz səylər
zaman keçdikcə bizi öz içimizdə həyatımızın
qonağına çevirir. Halbuki psixoloqlar da təsdiq edirlər
ki, "yox" demək tərbiyəsizlik deyil, özünə
dəyər verməyin ilk addımıdır.
Şəxsi sərhədlərinə sahib
çıxa bilməyən insan həyatın hər
anında, hər yerdə yorulur. Çünki hər kəs o
sərhədləri rahatlıqla keçir, hətta zaman-zaman
hərə "o torpaqdan bir qarış pay
götürür". Nəticədə içdən-içə
tükənirsən - həm emosional, həm sosial, həm də
fiziki olaraq. Ən təhlükəlisi isə odur ki, sərhədsiz
insan zamanla özünün harada
başladığını, harada bitdiyini də unudur.
Sərhəd bənd deyil, qorunmaq üçün
çəkilən divar da deyil. Sərhəd özünü
tanımaqdır, "mən kiməm?" sualına verilən
ilk cavabdır. Sərhədi olan insan öz ehtiyaclarını
bilir, öz hisslərinə qarşı məsuliyyətlidir.
O, başqasının duyğularını çiyinlərinə
yük kimi yığmır.
Əlbəttə, bunu eqoistliklə
qarışdırmaq olmaz. Öz sərhəddini bilmək və
ona hörmət etmək insanı eqoist etmir. Əksinə,
enerjisini, başqaları yanında hörmətini,
özünə münasibətini qoruyur. Sərhədi olan
insanın sevgisi daha sağlamdır, münasibətləri
daha şəffafdır, emosiyaları daha təmizdir.
Heç fikir vermisinizmi, sağlam sərhədləri
olan insanlar daha sakit, daha aydın görünür?
Çünki onlar həyatlarını başqalarının
həddindən artıq müdaxiləsindən qoruyur, onu daha
təmiz saxlayırlar.
Uşaq ikən böyüklərimiz tərəfindən
tərbiyə kimi bizə təlqin olunan çox şeylər,
əslində, zamanla bizim öz şəxsi sərhədlərimizi
tanımamağın təməlidir. İllərlə beynimizə
həkk olunur ki, başqasını narahat etməmək,
özümüzə narahatlıq verməkdən daha
yaxşıdır. Beləcə, insan özünə yox,
başqasına xidmət edən bir şəxsiyyətə
çevrilir.
"Yox" sözü sərt səslənsə də,
əslində çox zərif bir məna daşıyır.
"Yox" demək qarşı tərəfi təhqir etmək
deyil, özünü incitməməyə qərar verməkdir.
Sərhədlər özünü sevməkdən
doğur. İnsan özünü sevmədikcə sərhəd
çəkə bilmir. Çünki sərhəd çəkmək
üçün insan gərək özünü dəyərli
saysın. Özünü dəyərli sayan biri bilir ki, onun
vaxtı da, enerjisi də, emosiyası da qiymətlidir. O bilir
ki, başqasının xahişi mütləq yerinə yetirməli
olduğu bir əmrin mətninə çevrilməməlidir.
O bilir ki, "özümə lazımdır" cümləsi
öz-özlüyündə kifayət qədər əsaslı
bir səbəbdir. Axı başqasının gözündə
yaxşı görünmək üçün
özünü pis hiss etmək heç bir sağlam
münasibətə yaraşmır.
Əlbəttə, "sərhədlərimi
qoruyuram" adı altında kobudluq, ədəbsizlik də
yolverilməzdir. Hər şeydə olduğu kimi, burada da mədəniyyəti
gözləmək, sakit, aydın və nəzakətlə
etiraz etməyi də bacarmaq lazımdır.
İnsan olaraq ən çox etdiyimiz və artıq
normallaşdırdığımız bir davranış da
özümüzün öz sərhədlərimizi
tapdamasıdır. Özünə istirahət verməmək,
hər şeydə özünü günahlandırmaq,
özünlə çək-çevir etmək, bütün
ağır yüklərin altına özünü vermək,
başqası naminə özünü qurban vermək
özümüzə qarşı etdiyimiz ən böyük haqsızlıqdır.
Halbuki bəzən tək ehtiyacımız olan
özümüzə "dayan" deməyi bacarmaqdır.
Unutmaq olmaz ki, özünə qarşı mərhəmət
sərhədin ana xəttidir.
Sərhədlərdən qorxmaq lazım deyil.
Çünki onlar bizi daha tənhalığa aparmır, əksinə,
sağlam münasibətlərə yaxınlaşdırır.
Çünki bilirsən ki, sənin "mən" adında
bir torpağın var. O torpaq nə qədər ki
şoranlaşmayıb, nə qədər ki hər kəs ayaq
basıb xarabalığa çevirməyib, sən cücərməyə
davam edəcəksən.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.-3 dekabr(№220).- S.10.