Xalq yazıçısı Kamal
Abdullanın 75 illik yubileyi qeyd olunub
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı
ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın 75
illik yubileyi münasibətilə “Sözün sehrinə
sığınan adam” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
çıxış edən Əməkdar artist, professor Azad
Şükürov Kamal Abdullanın zəngin elmi, ədəbi
və ictimai fəaliyyətindən söz açıb.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,
Xalq artisti, Dövlət mükafatı laureatı Hacı
İsmayılov, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin rektoru, Əməkdar
incəsənət xadimi, professor Ceyran Mahmudova, Azərbaycan
Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının
müdiri, akademik Muxtar İmanov, Əməkdar incəsənət
xadimi, sənətşünaslıq elmləri doktoru, professor
Məryəm Əlizadə və Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının rejissoru Əsgər Əsgərov
ədibin Azərbaycan elminə və mədəniyyətinə
verdiyi əvəzsiz töhfələrdən
danışıblar.
Azərbaycan Teatr Xadimləri İttifaqının məsul
katibi Aida Qafarova AZƏRTAC-a açıqlamasında söyləyib
ki, Xalq yazıçısı Kamal Abdulla müasir Azərbaycan
mədəniyyətinin nadir simalarından biridir. “Onun
çoxşaxəli yaradıcılığı milli mədəniyyətimizin
formalaşmasına mühüm töhfələr verib. Bu zəngin
fəaliyyətin mühüm qollarından biri də teatr sənətinə
bəxş etdiyi dəyərli əsərlərdir.
Yazıçının ölkə teatrlarında uğurla səhnələşdirilən
tamaşalarında dilin milli yaddaşın
daşıyıcısı kimi təqdim olunması xüsusilə
ön plana çəkilir. Kamal Abdullanın əsərləri
beynəlxalq səviyyədə də böyük maraq
doğurur. Onun elmi düşüncələri və bədii
axtarışları insanı düşünməyə, dərk
etməyə, həm özünü, həm də
dünyanı yenidən kəşf etməyə
çağırır”,- deyə A.Qafarova əlavə edib.
Tədbirin bədii hissəsində Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universiteti tələbələri yazıçının
“Bir, iki, bizimki” tamaşasını nümayiş etdiriblər.
Səhnə əsəri qəhrəmanın əbədi
rahatlıq tapmaq arzusunu, iki fərqli dünyanın
insanları arasında söhbət, toxunuş, sevgi,
peşmanlıq və qovuşmaq istəkləri üzərində
qurulan süjet xəttini səhnəyə daşıyıb.
525-ci qəzet .- 2025.-3 dekabr(¹220).- S.9.