Romada “Muzeylərdə Musiqi 2025” təşəbbüsü
çərçivəsində Azərbaycan balabanı səslənib
İtaliyanın paytaxtı Romada keçirilən
“Muzeylərdə Musiqi 2025” (Musei in Musica 2025) təşəbbüsü
çərçivəsində Azərbaycan milli musiqisi şəhər
ictimaiyyətinə təqdim olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın
İtaliyadakı səfirliyinin nəzdində fəaliyyət
göstərən Mədəniyyət Mərkəzi bu il
İtaliyanın “Zetema Mədəniyyət Layihəsi” tərəfindən
tədbirə xüsusi qonaq qismində dəvət olunub və
“Sehrli gecə: Azərbaycan balabanının nəfəsi”
adlı xüsusi konsert proqramı Romanın Trastevere rayonunda yerləşən
Roma Muzeyində təşkil edilib.
Tədbirin açılışını Mədəniyyət
Mərkəzinin direktor müavini Gülnar Tağızadə
edib, qədim nəfəsli musiqi aləti olan balabanın
tarixi, səsi və mədəni əhəmiyyəti barədə
auditoriyaya məlumat verib, ifaçılar təqdim olunub.
Daha sonra Azərbaycanın İtaliyadakı səfiri Rəşad
Aslanov konsert iştirakçılarını salamlayaraq, tədbirin
təşkilatçılarına, o cümlədən Roma Bələdiyyəsi,
Roma Muzeylər Şəbəkəsi və Zetema Mədəniyyət
Layihəsinə təşəkkürünü bildirib. Səfir
qədim “Balaban sənətkarlığı və
ifaçılıq sənəti”nin 2023-cü ildə
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ Siyahısına daxil edildiyini
xatırladıb. Azərbaycan musiqisinin zəngin kökləri,
onun beynəlxalq mədəni dialoqda oynadığı rol və
İtaliya ictimaiyyətinin bu musiqiyə göstərdiyi
böyük marağın mədəni əməkdaşlıq
baxımından xüsusi əhəmiyyət
daşıdığını vurğulanıb.
Konsert proqramında balaban ifaçısı Mehman
Nuriyev və pianoçu Səbinə Məmmədova
çıxış edərək, xalq və bəstəkar
mahnılarını ifa ediblər. İnsan səsini xatırladan
balabanın ifası yerli tamaşaçılar tərəfindən
böyük rəğbətlə qarşılanıb.
Qeyd edək ki, Azərbaycan artıq bir neçə
ildir Romada keçirilən böyük mədəni
proqramlarda fəal iştirak edir. “Muzeylərdə Musiqi” təşəbbüsü
isə İtaliya paytaxtında musiqi və sənətin birləşdirilməsi
ilə mədəni irsin paytaxt sakinlərinə təqdim
olunmasına xidmət edən əsas illik layihələrdən
biridir.
525-ci qəzet .- 2025.-3 dekabr(¹220).- S.9.