Anar: "Üzərində 27 il
işlədiyim əsəri axır ki tamamladım"
Səbirsizliklə fotomüxbirin gəlişini
gözləyirəm. Parkda gəzə-gəzə gəlib Azərbaycan
Yazıçılar Birliyinin qarşısında dayanıram
və bir anlıq fikir məni çox uzaqlara aparır. Elə
bil bu binanın divarları illərin səsini içində
gizlədib. Buradan keçmiş yazıçıların
addım izləri, düşüncələri, söhbətləri,
hətta nəfəs kimi ötüb-keçən ilham
anları gözümün önündə canlanır.
İçimdə qəribə bir sual doğur: Görəsən,
buraya qədəm qoyan hər qələm sahibi öz səsini
zamanın yaddaşına yazmağa müvəffəq olubmu?
Özümü həm keçmişin, həm də
yazılmamış gələcəyin astanasında hiss edirəm.
Məni fikirdən fotomüxbir İlqarın səsi
ayırır. Birlikdə birliyin sədri Xalq
yazıçısı Anarla görüşə
yollanırıq.
Binanın qapısının
ağırlığı da, onun
açılıb-bağlanması da mənə bir daha ədəbiyyatın
çəkisini, sözün məsuliyyətini
xatırladır.
Anar müəllim bizi gözləyir. Qapını
yavaşca açırıq.
- Gəlin, - deyir. Səsi sakit, amma qətiyyətlidir.
Otağa daxil olanda masanın üstündə
açıq qalmış kitab, kənarda yarımçıq
qeydlər gözümə dəyir. Nəyisə
xatırlayır və tez bir cəldliklə yerindən
qalxıb qarşıdakı rəfdən üzərinə
özünün adı yazılmış qalın kitabı
götürür, tən ortasındakı səhifəyə
baxır, kiçik bir vərəq parçasına qeydlər
edir, katibəni çağırıb verir ki, onu kiməsə
çatdırsın...
525.az Azərbaycan Yazıçılar Birliyinin sədri
Xalq yazıçısı Anarın AZƏRTAC-a müsahibəsini
təqdim edir.
- Anar müəllim, 2025-ci ilin sonuna
yaxınlaşırıq, bu il sizin
yaradıcılığınız üçün hansı əlamətdar
hadisələrlə yadda qalacaq?
- Qəribə işdir, demək olar ki, 27 ildir bir roman
üzərində işləyirəm. Desəm ki, hər
gün işləyirəm, yalan olar. Yəni, hər gün
yazmıram - bəzən yay aylarında işləyirəm,
sonra əsərin üzərində yaradıcılıq
prosesi müəyyən müddət dayanır, bir ildən
sonra yenidən ona qayıdıram. Bir sözlə, roman
çox uzandı. Romanın adı “Olan oldu, keçən
keçdi”dir. Bu əsər bir növ ailə romanıdır.
Bizim ailəmizin tarixidir. Eyni zamanda, üç əsri əhatə
edir. XIX əsrin sonundan başlayaraq XX və
yaşadığımız XXI əsri. Bir ailənin
timsalında həmin dövrün ictimai-siyasi hadisələri,
insan münasibətləri, dostluqlar, düşmənliklər,
Qarabağ məsələsi, ermənilərlə toqquşmalar
və bir çox digər məqamlar bədii şəkildə
təsvir olunur. Ümid edirəm ki, əsəri ilin sonuna kimi
çap etdirəcəyəm, bu da mənim bu il
gördüyüm ən böyük işlərdən olacaq.
Bununla yanaşı, son illər bir neçə
kitabım nəşr olunub. Buna misal olaraq, “2=3+4, yaxud iki ailədə
üç Xalq yazıçısı, dörd Xalq şairi”,
“Yaşamaq haqqı”, eləcə də xarici ölkələrdə
bir sıra kitablarım çap olunub. Qəribəlik odur ki,
çoxu oxumur, izləmir, sonra da deyir ki, sən niyə
yazmırsan? Deyirəm, necə yazmıram?
Vaxtilə bir pyesim vardı - “Şəhərin yay
günləri”. 20 Yanvar faciəsinə ithaf olaraq qələmə
aldığım "Şəhərin qış gecələri"
pyesinin əsas qəhrəmanları əslində həmin
pyesdəki obrazlardır. Mən “Şəhərin yay günləri”
pyesindəki qəhrəmanları 1990-cı ilin qanlı
qış gecəsinə gətirdim. Yəni, həmin əsərdəki
qəhrəmanlar o qanlı gecədə necə hərəkət
edib, özlərini necə aparıb. Qanlı Yanvar hadisələrinin
30 illiyinə həsr etdiyim pyesdə forma yeniliyi və janr əlvanlığı
ilə yanaşı, ölkəmizdə baş verən
ictimai-siyasi proseslərə fəal müdaxilə,
insanların cəmiyyətdə
qarşılaşdıqları haqsızlıqlar, meydan hərəkatının
geniş vüsət alaraq bütün dünyaya səs
salması, soyuq qış gecəsində meydana toplaşan əliyalın
soydaşlarımızın amansızlıqla qətlə
yetirilməsi ürək ağrısı ilə təsvir
olunub. Təbii ki, pyesdəki hadisələr 1990-cı ilin
yanvarında Bakıda cərəyan edir. Həmin pyes əsasında
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar
Teatrında eyniadlı əsər səhnəyə qoyuldu.
Açığı, onun necə
qarşılandığını izləyə bilmədim,
amma sözümün canı odur ki, izləmədən,
oxumadan nəsə fikir yürütmək olmaz.
Eyni zamanda, “Əcəl” povestim “Azərbaycan”
jurnalında dərc olundu. İndi də kitab halında
çapa hazırlanır. Həmçinin “Söz
dünyası” adlı beşcildlik kitabımın dörd
cildi işıq üzü görüb. Hazırda beşinci
cild çapa hazırlanır. Bu kitaba müxtəlif illərdə
yazdığım icmal məqalələr, portret-oçerklər,
esselər, xatirələr daxil edilib. “Söz dünyası”
beşcildliyinin I, II, III cildləri qədimlərdən bu
günə qədər ədəbiyyat tariximizə, klassiklərə
və çağdaşlara həsr olunan yazıları əhatə
edir. IV və V cildlər isə “Musiqi dünyası”, “Rənglər
dünyası”, “Daşlar dünyası”, “Teatr dünyası”
və “Kino dünyası” adlı bölmələrdən ibarətdir.
Bir sözlə, yaradıcılıq prosesi gedir, işləyirik,
yazdıqlarımız var, həm də kifayət qədər.
- Sizin yaradıcılıq mətbəxinizin sirri nədədir?
Çoxsaylı oxucu auditoriyasına necə nail olursunuz?
-Hər zaman çalışmışam ki,
yazdıqlarım oxunsun. Mənim öz oxucu auditoriyam var və
onlardan da narazı deyiləm. Həmişə deyirəm ki,
oxucunun keyfiyyəti kəmiyyətindən üstündür.
Bəzən deyirlər ki, filankəsin filan qədər oxucusu
var. Əslində isə oxucunun sayı yox, onun səviyyəsi
ön planda dayanmalıdır. Elə kitablar var ki, oxucular maraq
göstərir, alıb oxuyurlar, amma bir ildən sonra unudulur. Elə
kitablar da var ki, əsrlər boyu yaşayır. Mən
çalışıram elə mövzulara toxunum ki, həm bədii
keyfiyyəti yüksək olsun, həm də zamanın
sınağından keçə bilsin.
- Əsərlərinizdəki obrazlar real həyatdan
götürülüb, yoxsa...
- Yazıçı üçün mənbə həyatdır,
gördükləridir. O, öz müşahidələrini qələmə
aldığı əsərə gətirir və bu, tamamilə
təbiidir. Amma konkret demək olmaz ki, bu Məmməddi, Həsəndi,
Fatmadı, Səkinədi, yaxud başqasıdır...
Yazıçı həyatda rast gəldiyi müxtəlif
insanları müşahidə edir, onlar haqqında təsəvvür
toplanır və nəticədə bədii obraz yaranır. Bədii
obraz da bədii təxəyyülün nəticəsidir.
Söhbət oçerkdən, məqalədən gedirsə, əlbəttə
ki, bu, konkret bir adam haqqındadır.. Məsələn, mənim
klassiklər haqqında məqalələrim var və onlar
konkret adamlardan bəhs edir. Gördüklərin sadəcə
material verir, obraz isə sənə məxsus
yaradıcılıqdır.
- Əsərlərinizdə keçmiş və indiki
zaman çox vaxt üst-üstə düşür. Sizcə,
insanın yaddaşını kimliyi, yoxsa yaratdıqları
müəyyənləşdirir?
- Bunu dəfələrlə demişəm, bəzən
də buna görə mənə irad da tuturlar. Bəzi əsərlərim
var ki, sonradan onların davamını yazmışam. Niyə
yazmışam? Mən bunu çox aydın izah edirəm.
Əsərlərimdə qələmə aldığım qəhrəmanlar
mənim üçün canlı insanlardır. Ona görə
də mənim üçün maraqlıdır ki, keçən
əsrin 60-70-ci illərində yaratdığım qəhrəmanlar
XXI əsrdə özlərini necə aparacaqlar. Elə misal
üçün keçən əsrin 90-cı illərində
olan qəhrəmanlarım. Necə ki, “Şəhərin yay
günləri” pyesinin qəhrəmanlarını
çox-çox illər sonra 1990-cı ilin Qara Yanvar gecəsinə
gətirdim, eyni qayda ilə “Beşmərtəbəli evin
altıncı mərtəbəsi” romanının qəhrəmanının
həyatını sonradan bir hadisə ilə əlaqədar “Təhminənin
son sirri” adlı hekayədə davam etdirdim. Romanda bəzi
oxucular üçün qaranlıq qalan bir məsələ həmin
hekayədə açılır. Elə vaxtı ilə
yazdığım “Macal” povestinin qəhrəmanlarını
da Xalq Cəbhəsinin hakimiyyəti illərinə gətirərək
onların həmin dövrdə yaşam tərzini
canlandırmağa çalışmışam. Dediyim odur ki,
mənim üçün yaratdığım obrazlar
“donmuş” deyil, onlar zaman içində dəyişir,
inkişaf edir, hər dövrə uyğun şəkildə
öz reaksiyasını verir, yəni, qəhrəmanlarımın
taleyini izləmək mənim üçün
maraqlıdır.
-Bəzən yazıçı obrazının onunla
danışdığını hiss edir. Sizi hansı obraz
sürprizlərlə qarşılaşdırıb?
-Əlbəttə! Hər əsərdə belə
şeylər yaşanır. Məsələn, Puşkin
"Yevgeni Onegin” poemasını bitirəndən sonra bir
dostuna məktub yazıb gileylənir ki, görürsən də,
Tatyana mənim başıma nə oyun açdı, ərə
getdi! Yəni, şair əvvəlcədən süjeti belə
düşünmürmüş. Yaradıcılıq prosesində
gözlənilməz sürprizlər çox olur. Sənin qəhrəmanların
canlı insandırsa, haradasa onlar müəllifin iradəsindən
asılı olmayaraq hərəkət edəcəklər.
Əsər yekunlaşanda özün də təəccüb
edirsən ki, axı mən belə düşünməmişdim.
Yazı prosesində qəhrəman artıq müəllifdən
asılı olmur, müstəqil davranır. Əlbəttə,
bu, yazıçının yaradıcılıq
laboratoriyasıdır.
- Yazmaq sizin üçün öyrənməkdir,
yoxsa özünü kəşf etmək? Yəni, yazdıqca
siz dəyişirsiniz, yoxsa sadəcə dünyanı daha dərindən
anlamağa çalışırsınız?
- Şübhəsiz ki, dərk eləmək istəyirəm.
Hər əsər yazıçı üçün həyat
təcrübəsidir. Yazdıqca müəyyən məsələlər
barədə daha dərindən düşünürsən,
ağlına yeni fikirlər, yeni ideyalar gəlir, ona görə
də yazılan hər əsər yenilik və həyat təcrübəsidir.
Yazdıqca həm özündən, həm də obrazlardan
yeni nələrsə öyrənirsən, dünyanı daha dərindən
dərk etməyə çalışırsan. Hər bir əsər
dünyaya gələn övlad kimidir. Dünyaya gələn
övlad sonra sənə həyatda nələrisə başa
salır və sən ondan nəyisə öyrənirsən.
- Anar müəllim, yunanlar deyirlər ki,
“yaşlılar xoşbəxtdir”. Siz necə
düşünürsünüz, səhhətiniz necədir?
- Özümü çox yaxşı hiss edirəm.
Bir dəfə hava limanında arabaya minmişəm, həmin vəziyyətdə
paparatsilər şəklimi çəkiblər və onu
haradasa yayaraq vay-şivən salmağa başlayıblar. Mən
həmişə arabayla gəzmirəm axı? Sadəcə
İstanbul aeroportu böyük olduğuna görə orada belə
hərəkət etmək daha rahatdır.
Mənim həm dostlarım var, həm də...
düşmən demək istəmirəm, çünki elə
adamları heç düşmən də saymıram, sadəcə
paxıllıq edənlər olur. Özümü normal hiss
edirəm. Yaşın artmağının bircə
ağır tərəfi var: Dostların bir-bir dünyadan
köçüb gedir, onların sayı azalır,
sırası seyrəlir. Mənim yaşıdım olan
dostların demək olar ki, böyük əksəriyyəti həyatda
yoxdur. Bu,məni çox kədərləndirir. Mən
onların da əvəzinə yaşayıram. Düzdür,
cavan dostlarım da var, Allah onlara cansağlığı
versin. Həyat davam edir və nə qədər Allahın
verdiyi ömür payı var, gərək qələm əldən
düşməsin, yazaq-yaradaq.
Söhbətimiz yekunlaşır və biz
sağollaşıb ayrılırıq. Nədənsə
yaddaşımda Anarın Ramiz Həsənoğlunun çəkdiyi
"Anarla üz-üzə" filmində verdiyi müsahibədə
dediyi bu fikir dolaşır: "Onu deyə bilərəm ki, mən
bütün ömrüm boyu bir əsər yazmışam...”.
Bəli, bu əsərin adı ANAR-dır.
Abdulla Suvar
525-ci qəzet .- 2025.-3 dekabr(¹220).- S.8.