Yekun sülh üçün Ermənistanın
son addımı - Konstitusiya dəyişməlidir
Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinə
nail olmaq üçün ardıcıl olaraq addımlar
atılır. Artıq rəsmi Bakının bu istiqamətdə
irəli sürdüyü şərtlərindən biri də
yerinə yetirildi. ATƏT 1 dekabr tarixində Minsk prosesi və
onunla əlaqəli strukturların bağlanmasını
başa çatdırıb. Yada salaq ki, bu barədə
avqustun 8-də Vaşinqton sammitində imzalanmış Birgə
Bəyannamə ilə razılıq əldə edilib.
Ermənistanın atacağı daha bir addım isə
konstitusiya dəyişiklikləri ilə bağlıdr. Ötən
həftə sonu Ermənistan Konstitusiya İslahatı
Şurasının növbəti iclası keçirilib.
İclasa ədliyyə naziri Srbuhi Qalyan sədrlik edib. O,
mediaya bildirib ki, Ermənistan konstitusiyasının yeni mətni
2026-cı ilin mart ayına qədər hazır
olmalıdır: "Mən Ədliyyə Nazirliyinin mətnin
hazırlanması və onun işlənməsi müddətləri
ilə bağlı üzərinə götürdüyü
öhdəliyi bir daha təkrarlamaq istərdim. Xüsusilə
öhdəlikdə nəzərdə tutulub ki,
konstitusiyanın yeni mətni martda hazır olmalıdır.
Prokurorluq və istintaq orqanları ilə müddəaları
müzakirə etdik".
Ermənistanda yeni konstitusiya ilə bağlı məsələ
xeyli müddətdir ki, gündəmdədir. Baş nazir Nikol
Paşinyan dəfələrlə bu mövzuya toxunsa da,
ölkədəki siyasi vəziyyət səbəbindən
konkret addım atmaqdan çəkinib. Paşinyan ehtiyat edir ki,
əleyhinə olan qüvvələr, o cümlədən
sabiq cinayətkar xunta rejiminin rəhbərləri,
revanşistlər, kilsə seçki ərəfəsində
bu məqamdan istifadə edib, onu devirə bilərlər. Buna
görə də bəyanatlar versə də, müəyyən
proses getsə də, hələ ki, konkret addım atmaqdan
çəkinir.
Məlumdur ki, hazırkı Konstitusiyada Azərbaycana və
Türkiyəyə qarşı ərazi iddiaları yer
alıb. İndi Azərbaycanla normallaşma prosesi gedir,
Türkiyə ilə də müəyyən təmaslar var və
bu, Azərbaycanla koordinasiya olunmaqla aparılır. Rəsmi
İrəvana aydındır ki, Türkiyə ilə əlaqələrin
qurulması, sərhədlərin açılması
üçün ilk növbədə Azərbaycanla proses
başa çatmalı və sülh sazişi
imzalanmalıdır. Belə olan halda, İrəvan bu sənədi
mütləq dəyişməlidir.
Ermənistanda 2026-cı ilin iyun ayında parlament
seçkiləri keçiriləcək. Bəzən erkən
seçkilər barədə ehtimallar irəli
sürülür. Amma hələ ki, bu, hakim dairələr tərəfindən
təsdiq edilməyib. Bununla belə, ekspertlər erkən
seçkilərə gedilməsini tam olaraq istisna etmirlər.
Başqa bir məqam isə ondan ibarətdir ki, yeni konstitusiya
layihəsi marta kimi hazır olsa, onda referendum və seçkilərin
eyni vaxtda keçirilməsi mümkün görünür.
Amma referendumun parlament seçkilərdən sonra keçirilməsi
ehtimalı da böyükdür.
Ermənistan konstitusiyası ölkənin 1990-cı
ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinə
istinad edir. Həmin Bəyannamənin preambulasında isə
bildirilir ki, Ermənistan SSR Ali Soveti eyni zamanda bu qurumun və
"Dağlıq Qarabağın Milli Şurasının
"Ermənistan SSR və Dağlıq Qarabağın yenidən
birləşməsi haqqında" 1 dekabr 1989-cu il tarixli birgə
qərarına əsaslanaraq" müstəqil dövlətin
yarandığını bəyan edir. Sənəddə, həmçinin,
"Ermənistan Respublikasının 1915-ci ildə Osmanlı
Türkiyəsində və Qərbi Ermənistanda ermənilərin
soyqırımının beynəlxalq səviyyədə
tanınması işini dəstəklədiyi" vurğulanır.
Baş nazir Nikol Paşinyan
açıqlamalarının birində deyib ki, yeni
konstitusiyanın mətnində Müstəqillik Bəyannaməsinə
istinad olmamalıdır: "Lakin qərarı Ermənistan
xalqı verməlidir. "Lehinə" və ya "əleyhinə"
arqumentlərini siyasi qüvvələr və onların liderləri
təqdim etməlidirlər. Bu, mənim siyasi
mövqeyimdir".
O, dəfələrlə bəyan edib ki, Ermənistanın
yeni konstitusiyaya ehtiyacı var. Konstitusiya Günü münasibətilə
ilə xalqa ünvanladığı təbrik məktubunda da
bu məqam yer alıb: "Ölkəmizin yeni konstitusiyaya
ehtiyacı var. Mən konstitusiyanın yeni mətnindən
deyil, onun yazılmasının və qəbulunun yeni
üsulundan danışıram. Bizə xalqın özü tərəfindən
yazıldığına və qəbul olunduğuna
inandığı konstitusiya lazımdır".
Onun fikrincə, hazırda ölkə vətəndaşları
hesab edirlər ki, konstitusiya onlar tərəfindən deyil,
hakim elita tərəfindən yazılıb və qəbul
olunub.
Paşinyan hesab edir ki, dünyada və Cənubi
Qafqazda baş verən dəyişikliklər Ermənistanın
konstitusiya düzəlişlərinə deyil, yeni konstitusiyaya
ehtiyacı olduğunu zəruri edir. Yeni sənəd Ermənistanı
"yeni geosiyasi və regional şəraitdə daha rəqabətli
və həyat qabiliyyətli" etməlidir.
Xatırladaq ki, Ermənistanın hazırkı
konstitusiyası 1995-ci ildə qəbul edilib, 2005 və 2015-ci
illərdə ölkədə konstitusiya islahatları
aparılıb. 2015-ci il düzəlişlərindən sonra
ölkə yarı-prezident üsul-idarəsindən parlament
idarəetmə formasına keçib. Serj Sarkisyanın 2015-ci
ildə konstitusiya dəyişikliyinə getməsi hakimiyyəti
əlində saxlamağa hesablanmışdı. O, 10 illik
hakimiyyətindən sonra Baş nazir qismində yenə də
öz postunu qorumağa çalışırdı. Amma
2018-ci ilin məlum hadisələri onu bu planından məhrum
etdi. İndi müxalifət, Köçəryan-Sarkisyan dəstəsi
Paşinyanın konstitusiya dəyişikliyinə Azərbaycanın
tələbi ilə getdiyini deyərək bu məqamdan öz
mənafeləri üçün istifadə etməyə
çalışırlar. İstənilən halda, qərar
verilib, Ermənistan yeni geosiyasi şəraitdə öz yerini
tutmaq, regionun imkanlarından faydalanmaq istəyirsə, bu
addımı mütləq atmalı olduğunun fərqindədir.
İndi Vaşinqton sammitindən sonra sülh bərqərar
olub, müəyyən praktiki addımlar atılıb, müxtəlif
səviyyələrdə təmaslar artıb, dialoq
aparılır. Amma dövlətlərarası münasibətlər,
diplomatik əlaqələrin qurulması üçün
sülh sazişi mütləq şəkildə
imzalanmalıdır. Bunun da şərti Ermənistana
aydındır.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycan
Minsk prosesinin başa çatdırılmasına Prezident
İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində
nail oldu:
"Nəzərə alaq ki, buna nail olmaq asan məsələ
deyildir. Bu, artıq həllini tapdı. Sülhə gedən
yolda bizim qarşımızda bir neçə maneə var idi.
Onlardan biri də ATƏT-in Minsk qrupunun ləğvi idi.
Artıq bu struktur mövcud deyil. İndi isə növbəti
məsələlər gündəmdədir. Sülh
quruculuğu prosesi heç də asan məsələ deyil. Bu
prosesi nizama salmaq, onu davam etdirmək əlbəttə ki,
çətindir. Çünki burda çoxlu məsələlər,
məqamlar var. Hazırda növbəti hədəf və məqsəd
Azərbaycanla Ermənistan arasında sülh sazişinin
imzalanmasıdır. Bunun üçün isə Ermənistan
mütləq şəkildə öz konstitusiyasına dəyişiklik
etməlidir. Azərbaycanın əsas tələblərindən,
şərtlərindən biri də konstitusiya dəyişikliyinə
gedilməsidir. Yəni bu konstitusiya dəyişikliyinə
gedilmədən yekun sülh sənədi imzalana və
hansısa real sülhdən söhbət gedə bilməz. Ermənistan
bunu anlamalı və mütləq şəkildə əməl
etməlidir".
Parlament seçkilərinin referendumla eyni vaxtda
keçirilməsi ehtimalına gəlincə, deputat deyib ki,
belə bir ehtimal var: "Lakin düşünürəm ki,
bu, o qədər də güclü ehtimal deyil. Hələ ki,
elə ehtimal olaraq qalır. Hesab edirəm ki, Ermənistan
hakimiyyəti ilk növbədə seçkilərin keçirilməsinə
çalışacaq, seçkilərdən sonra isə
referendum gündəmə gətirilə bilər".
Sosial Tədqiqatlar Mərkəzinin icraçı
direktoru Sahib Məmmədov "525"ə deyib ki, artıq
paraflanmış saziş layihəsində və imzalanacaq
sülh müqaviləsində tərəflər bir-birinin ərazi
bütövlüyünü tanımaq öhdəliyi
götürür: "Əgər bu, müqavilədə əks
olunursa, amma ondan üstün sənəd olan konstitusiyada Azərbaycana
qarşı ərazi iddiası qalırsa, bu, artıq
müqavilə, yaxud artıq paraflanmış sazişlə
ziddiyyət təşkil edir. Burada başqa bir variant da yoxdur.
Onda sülh müqaviləsinin əhəmiyyəti nə olacaq
ki? İstənilən vaxt konstitusiyaya zidd hesab edilib ləğv
oluna bilər. Ona görə də Azərbaycanın bu tələbi
haqlı tələbdir. Ermənistan konstitusiyasını yeni
redaksiyada qəbul edəcək. Onun mətni nədən ibarət
olacaq, hakimiyyət quruluşu necə olacaq, daxili və xarici
siyasəti necə müəyyən ediləcək, bu, özlərinə
aid məsələdir. Azərbaycanı orda maraqlandıran
yalnız bir məqamdır ki, ölkəmizə qarşı
mövcud ərazi iddiası aradan qaldırılsın".
Ekspert deyib ki, Ermənistandan belə fikirlər səsləndirilir
ki, qəbul ediləcək yeni konstitusiya Azərbaycanın diktəsi
ilə deyil, onsuz da sənədi dəyişmək istəyirdilər:
"Lap yaxşı, necə istəyirlər, elə qəbul
etsinlər, bizə lazım olan odur ki, konstitusiyadan Azərbaycana
qarşı ərazi iddiası aradan qalxmış olsun. Buna
getməsələr, onda müqavilənin əhəmiyyəti
olmayacaq. Yəqin ki, buna parlament seçkilərindən sonra
gediləcək, belə anonslar verilir. Hər halda bu, zəruri
bir şərtdir. Beynəlxalq hüququn normalarına əsaslanan
şərtdir. Bir halda ki, müqavilə bağlayırıq,
sülh posesini dərinləşdiririk bizə qarşı ərazi
iddiası da konstitusiyadan
çıxarılmalıdır".
Pərvanə
525-ci qəzet .- 2025.-3 dekabr(№220).- S.5.