Mirzə Bala Məhəmmədzadənin
imzaları
Azərbaycan milli azadlıq və istiqlal hərəkatının
əsas simalarından sayılan Mirzə Bala Məhəmmədzadənin
(1898, Bakı - 1959, İstanbul) zəngin, çoxşaxəli
ədəbi, publisistik və elmi-nəzəri irsi ideya
gücü və istiqaməti, mövzusu, dili, üslubu, sənətkarlıq
xüsusiyyətləri ilə bu gün də təzəliyini,
aktuallığını saxlayır. Təsadüfi deyil ki,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası
seriyasından nəşr etdiyi əsərlərdən biri
Mirzə Bala Məhəmmədzadəyə həsr olunub.
Uşaq ikən atasını itirən Mirzə Bala erkən
yaşlarından xırda ticarətlə ailəsinə
yardım etməklə yanaşı, təhsilinin də
qayğısına qalmış, Həbib bəy Mahmudbəylinin
(1864, Şamaxı-1928, Bakı) müdir olduğu
"Rus-Müsəlman" məktəbində, daha sonra
Bakı Texniki Sənaye Məktəbində təhsil
almışdı. Onun ilk yaradıcılıq işləri də
həmin illərə təsadüf edir. Mirzə Balanın Məhəmməd
Əmin Rəsulzadə ilə tanışlığı,
siyasi proseslərlə çalxalanan qaynar Bakı həyatı
onun əqidəsinin, dünyagörüşünün
formalaşmasında əsas rol oynayıb. İlk
yazılarını da M.Ə.Rəsulzadənin redaktoru
olduğu "Aşıq" söz" qəzetində dərc
etdirmişdi. Taleyini mətbuata, milli hərəkata, "Azərbaycan
davası"na bağlayan M.B.Məhəmmədzadə
bütün çətinliklərə rəğmən,
çar Rusiyası dönəmində də,
özünün bütün varlığı ilə
bağlı olduğu Azərbaycan Xalq Cümhuriyyəti
dövründə də, Vətəndən ayrı
keçirdiyi mühacirət illərində də
amalından, məramından dönmədi. Azərbaycan Xalq
Cümhuriyyəti süquta uğradıqdan sonra 1920-1924-cü
illərdə Bakıda bolşevik rejiminə qarşı gizli
fəaliyyət göstərən Mirzə Bala, əvvəlcə,
İrana, 1927-ci ildə Türkiyəyə keçməyə
müvəffəq olmuş və İstanbulda məskunlaşmış,
XX əsrin 20-ci illərinin sonuna doğru SSRİ-nin Türkiyə
Cümhuriyyətindən bitməyən təkidli tələblərindən
sonra o da digər antisovet fəaliyyət göstərən
mühacirlər kimi Avropaya köçmək məcburiyyətində
qalmış, 1932-ci ildən Polşada istiqlal mücadiləsini
davam etdirmişdi. Mirzə Bala beynində istiqlal düşüncəsi,
əlində qələm usanmadan, yorulmadan yazdı,
yaratdı. Lakin zəmanənin gərdişi, təlatümlü
keçən ömür yolu, təqiblər, təhdidlər
onu fərqli, bəzən də gizli imzalarla yazmağa məcbur
etmişdi.
Mirzə Balanın həyatı, ictima-siyasi fəaliyyəti,
yaradıcılığına dair çox sayda məqalə
və monoqrafiya, dissertasiyalar qələmə alınsa da,
müxtəlif səpkili kitablar nəşr edilsə də,
toxunulan mövzu barədə ayrıca tədqiqat əsəri
yazılmayıb. Halbuki M.B.Məhəmmədzadənin
imzalarına aydınlıq gətirmədən onun irsinin dərindən,
hərtərəfli araşdırılması, dəyərləndirilməsi,
dolğun və sanballı əsərin ərsəyə gətirilməsi,
əlbəttə, inandırıcı görünmür.
Sovet hakimiyyəti dövründə, xüsusi ilə
bolşevik rejiminin ilk illərində ölkənin siyasi,
iqtisadi və sosial həyatına rəhbərlik edən funksionerlər
Azərbaycan mühacirlərinə qarşı amansız
mövqe tutur, onların fəaliyyəti haqqında mətbuatda
həqiqəti əks etdirməyən məqalələrlə
çıxış edir, istiqlalçıları "Vətən
xaini", "satqın" adlandırır, xalqın
gözündən salmağa çalışırdılar.
Kommunist ideologiyası iflasa uğradıqdan, sovet rejimi
çökdükdən, 1991-ci ildə Azərbaycan öz
müstəqilliyini yenidən bərpa etdikdən, ölkəmiz
özünü Şərqdə ilk demokratik dövlət olan
Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdikdən sonra
tarixi həqiqətlər üzə çıxmağa, ədalət
bərqərar olunmağa, mühacirət irsinin, o cümlədən
Mirzə Bala Məhəmmədzadənin bədii, publisistik,
elmi əsərlərinin Vətənə gətirilməsi, tədqiqi,
təbliği başlanıldı.
Heç şübhəsiz ki, istiqlal mücahidi
Əhməd Qaracanın təbirincə desək,
"Böyük mütəfəkkir və mücahid kommunizmə
və rus slavçılığına verilən mücadilənin
ana təməl daşlarından biri" Mirzə Bala Məhəmmədzadənin
irsi və şəxsiyyəti də diqqət mərkəzində
idi və böyük maraq doğururdu. Yeri gəlmişkən,
qeyd olunmalıdır ki, Mirzə Balanın ömür yolu,
görüş və düşüncələri, istiqlal,
islam, demokratiya, qadın hüquqları barədə fikirləri,
eləcə də yaradıcılığı, əsərlərinin
məzmunu, ideya-istiqaməti, həmçinin imzaları,
haqqında həm ilk, həm də əhatəli, mötəbər
mənbə Əhməd Qaracanın M.B.Məhəmmədzadənin
"Milli Azerbaycan Herekatı" kitabına yazdığı
irihəcmli "Giriş" sanbalı, dolğunluğu ilə
çox dəyərlidir və demək olar ki, istər
qardaş Türkiyədəki, istərsə də ölkəmizdəki
tədqiqatçıların əksəriyyəti həmin məxəzə
istinad edir. Əlbəttə, Mirzə Baladan yazan Əhməd
Qaraca da daxil olmaqla, digər müəlliflər
üçün başlıca və mötəbər mənbə
Ankaradakı Azərbaycan Kültür Dərnəyinin
orqanı "Azərbaycan" dərgisi (ilk nömrəsi 1
aprel 1952-ci ildə işıq üzü görüb) olub.
Jurnalda M.B.Məhəmmədzadənin vəfatı ilə əlaqədar
çox sayda məqalə, xatirə, müxtəlif ölkələrdən,
mühacir dərnəklərindən daxil olmuş təziyə
teleqramları, Teymur Atəşlinin, Kərim
Yaycılının mücahidə ithaf edilmiş şeirləri
dərc olunub. Burada da verilən "Mirza Balanın hal tərcüməsi",
Ali Azərtəkinin "Mirza Balanı düşünürkən",
A.Battal-Taymasın "Mirza Bala Kutluku anarken", İldeniz
Kuttulanın "Mirza Balanın son günleri" və sair məqalə
və xatirələr ədibin yaradıcılığı və
ömür yolu haqqında zəngin təəssürat
yaradır.
Yuxarıda adını çəkdiyimiz ön
sözdə Mirzə Balanın "Yeni Qafqasya", "Azəri
Türk", "Odlu yurd", "Bildiriş",
"İstiqlal", "Qurtuluş", "Müsavat
Partisi bülleteni", "Azərbaycan yurd bilgisi",
"Birləşik Qafqasya", "Azərbaycan",
"Kommunizmlə mücadilə", "Cümhuriyet",
"Milliyet", digər dərgi və qəzetlərdəki
fəaliyyətini, həmçinin "İslam
Ensiklopediyası" və "Türk İslam
Ensiklopediyası"ndakı elmi məqalələrini yüksək
dəyərləndirən Əhməd Qaraca ədibin
imzaları haqqında yazır: "O, yazılarını
Mirza Bala, Nuhoğlu, A.Kut, M.M.Mehmetzade, M.B.Daşdemir və Ali
Kutluk imzalarını kullandı". "Giriş"də
oxuyuruq: "Mirzə Bala Məhəmmədzadə 1955-ci ildən
Tanrının rəhmətinə qovuşduğu 1959-cu ilədək
Münhendəki "Sovyetlər Birliyini Öyrənmə
İnstitutunda çalışdı və institut tərəfindən
nəşr edilən "Dərgi" məcmuəsində
baş məqalə və məqalələr yazdı, "Dərgi"yə
redaktorluq etdi.
Mirzə Balanın imzaları ilə bağlı
adıçəkilən kitabın Bakı nəşrinə
(Milli Azərbaycan hərəkatı. Azərbaycan Jurnalistlər
Birliyi. Bakı, "Nicat" 1991, 246 səh.) tədqiqatçı
Mövsüm Əliyevin "Mirzə Bala kimdir" adlı məqaləsində
də toxunulur. Əvvəlcə, təəssüflə qeyd
etməyi lazım bilirik ki, əsər çapa hazırlanarkən
Ankara nəşri əsas götürülsə də,
Əhməd Qaracanın yuxarıda adı çəkilən
məqaləsi kitaba daxil edilməyib. M.Əliyev M.B.Məhəmmədzadənin
Azərbaycan mühacir nəşrlərindən başqa,
Türkiyənin bir çox qəzet və jurnallarında
SSRİ-də mövcud olan totalitar sovet rejimini tənqid atəşinə
tutan xeyli məqaləsinin dərc edildiyini vurğuladıqdan
sonra publisistin imzaları ilə bağlı Əhməd
Qaracanın yazdıqlarını eyni ilə diqqətə
çatdırır: "O, yazılarında Mirzə Bala,
Nuhoğlu, A.Kut, M.M.Məmmədzadə, M.B.Daşdəmir və
Əli Kutluk imzalarından istifadə etmişdir". Mirzə
Balanın Türkiyədə nəşr olunan bütün
kitabları - "Azerbaycan Misaqi-Millisi" İstanbul, 1927),
"Ermeniler ve İran", İstanbul, 1927; II nəşr:
1994, Ankara, 44 səh.), "Milli Azerbaycan herekatı"
(Ankara, Berlin, 1937; II nəşr 1991, Ankara, 238 səh),
"Azerbaycan tarihinde Türk Albaniya", Ankara, 1951) "Mirza
Bala Mehmetzade" (Türkiyədə "Mehmetzade"
sözünün dilimizdə "Məhəmmədzadə"
kimi işlədilməsi ilə bağlı mülahizələrimizi
"Məhəmməd Əmin Rəsulzadənin
imzaları" adlı məqaləmizdə
bölüşdüyümüz üçün bu
mövzuya qayıtmırıq - T.A.) imzası ilə
yayımlanıb. Ölkəmizdə Mirzə Bala haqqında
buraxılan kitablarda və ədibin barəsində yazılan
tədqiqat əsərlərində soyadı ya "Məmmədzadə",
ya da "Məhəmmədzadə" kimi yazılıb.
Vaqif Sultanlı hələ ötən əsrin
90-cı illərin sonunda yazdığı əsərində
(Azərbaycan mühacirət ədəbiyyatı, Bakı,
Şirvannəşr, 1998. 160 s.) Mirzə Balanın imzaları
haqqında da söz açmışdı: "Ədib
yazılarını Mirzə Bala, Əli Kutluq, Nuh oğlu, Azəri,
M.B.Daşdəmir, Ə.Kut və başqa imzalarla, bəzi məqalələrini
isə imzasız dərc etdirmişdir".
(Ardı var)
Abid TAHİRLİ
525-ci qəzet .- 2025.- 4 dekabr (№221).- S.15.