Fırça ilə
qələmin vəhdəti
Əşrəf Səid
İbrahimin xatirəsinə
Əşrəf İbrahimov (Əşrəf Səid
İbrahim) 19 yanvar 1941-ci ildə keçmiş Vartaşen
(indiki Oğuz) rayonunun Yaqublu kəndində anadan olmuşdur.
Atası Məmmədvəli kişi müharibədə həlak
olduğuna görə əmisi Qurbanın himayəsində
böyümüşdür.
Orta təhsilini Yaqublu kənd və Oğuz şəhər
məktəblərində başa vuran Əşrəf
1964-cü ildə Bakı şəhərindəki
Ə.Əzimzadə adına Rəssamlıq məktəbini
bitirmişdir. 1971-ci ildə isə BDU-nun jurnalistika fakültəsindən
məzun olmuşdur. O, həm Azərbaycan Rəssamlar
Birliyinin, həm Azərbaycan Yazıçılar Birliyinin, həm
də Jurnalistlər İttifaqının üzvü idi.
1987-ci ildən Azərbaycan Rəssamlar
İttifaqının üzvü seçilən
Ə.İbrahimov öz rəsmləri ilə müxtəlif sərgilərdə
iştirak etmiş və uğur qazanmışdır. Onun
çəkdiyi rəsmlər indi də rəsm
qaleriyalarında nümayiş etdirilir, şəxsi malikanələrdə
qorunaraq saxlanılır.
O, həmçinin bir sıra filmlərin və teatr
tamaşalarının da rəssamı olmuşdur. 1971-ci ildə
qısa bir müddət Oğuz rayon Xalq teatrında rəssam
işləmiş, 1976-cı ildə İ.Əfəndiyevin
hekayəsi əsasında çəkilmiş və
geoloqların fəaliyyətindən bəhs edən "Bizi
dağlarda axtarın" filminin rəssamı olmuşdur.
Oçerklərinin birində özünün də etiraf
etdiyi kimi, çəkdiyi rəsm əsərləri onun
sözlə ifadə edə bilmədiyi hissləri idi.
Ə.İbrahimov həm də tanınmış
jurnalist, usta publisist idi. O, bir müddət Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin
"Gənclik" redaksiyasında kiçik redaktor, məktəblilər
üçün veriliş, ədəbiyyat və incəsənət
redaksiyalarında redaktor, böyük redaktor olmuş
(1970-1978), "Ədəbiyyat və incəsənət" qəzetində
təsviri incəsənət şöbəsinin müdiri və
Mədəniyyət və İncəsənət Universitetində
müəllim vəzifələrində işləmişdir.
1990-ci ildən nəşr olunan "İncəsənət"
qəzetinin naşiri və redaktoru (1990-2000) olmuşdur.
Onun yaradıcılığında publisistika geniş
yer tuturdu. Ə.İbrahimovun publisistikası öz istiqaməti,
ideya, dil və üslub orijinallığı ilə diqqəti
çəkir. Burada düşüncə tərzi, uslub,
dünyabaxışı, həyata, insanlara münasibət son
dərəcə orijinaldır. Həmin əsərlərdə
aparıcı mövzular azərbaycançılıq,
müstəqillik və Qarabağ hadisələridir. Bu
baxımdan Əşrəfin sənədlərə, şahidlərin
ifadələrinə əsasən qələmə
alınmış "Şahid şəhidlər
haqqında" yazısı maraqlıdır. Burada deyilir:
"Qarabağ uğrunda mübarizənin əsas faktoru kimi
verdiyimiz şəhidlərin, bütünlükdə imperiya
qurbanlarının qanı hədər getməyəcək.
Bunlar zaman-zaman xalqımızın silinməz yaddaşına
çevriləcək, həmişə Azərbaycanın
müstəqillik rəmzi kimi yaşayacaq". Bu yazı gələcək
nəsillər üçün yaddaş, yaşanan tarix
haqqında məlumat qoyub getmək istəyi ilə qələmə
alınmışdır.
Ə.İbrahimovun ayrı-ayrı sənət
adamları və onların əsərləri, respublikamızın
ictimai-siyasi və mədəni həyatı, rayonumuzun
sosial-iqtisadi və mədəni həyatındakı yeniliklərdən
bəhs edən məqalələri də xüsusi maraq
doğurur.
Bədii söz yaradıcılığı
Ə.İbrahimovun ümumi
yaradıcılığının əsas qolunu təşkil
edir. Burada onun əsas ilham qaynağı isə Azərbaycanın,
onun dilbər guşələrindən biri olan Oğuzun mərdlik
və müdriklik mücəssəməsi olan insanları idi.
Hekayə və publisist yazıları dövri mətbuatda
1969-cu ildən müntəzəm dərc olunmuşdur.
Tanınmış yazıçılar X.Rza, B.Vahabzadə, F.Kərimzadə,
Anar, Elçin və digərləri ilə sıx
yaradıcılıq əlaqələri saxlamışdır.
O, rəsmlərdən, publisistik yazılardan əlavə, həm
də roman, hekayə, oçerk, povestlər müəllifidir.
Milli dəyərlərə bağlılıq və təəssübkeşlik
Əşrəfin bədii yaradıcılığının
da ana xəttini təşkil edir. 1971-ci ildə çap
olunmuş "Talelər" adlı kitabda toplanmış
oçerklərdə də bunu aydın görmək
mümkündür. Kitaba daxil olan "Layihələr,
arzular...", "Bizim balaca Zabitə", "Gözəl
qızlar haqqında hekayə", "Dənizin nəğməsi"
və "Emalatxanada söhbət" oçerklərində
Vətənə və xalqa qəlbən bağlı olan
yaradıcı insanların fədakar əməyindən
söhbət açılır. Bu qəhrəmanlar müəllifin
şəxsən tanıdığı, üzbəüz
oturub saatlarla söhbət etdiyi insanlardır. "Yolda"
oçerkində müharibənin insanlara gətirdiyi fəlakətlər
çox inandırıcı təsvir olunur. "Qumral quzunun əfsanəsi"
oçerkində isə çoban həyatının
bütün romantikasını duyan, yamyaşıl
yamacların, diş göynədən bulaqların
zümzüməsini canında yaşadan müəllif bu həyatdan
real lövhələr təqdim edir. Oçerklərdəki
hadisə və əhvalatların xarakterinə uyğun olaraq təsvirlərdə
daxili bir lirizm, nağıl şirinliyi də vardır.
1985-ci ildə çap olunmuş povest və hekayələrdən
ibarət "Bəyli kəndinin evləri" kitabı
Ə.İbrahimovun bədii yaradıcılığında
xüsusi yer tutur. Kitaba daxil olan "Bəyli kəndinin evləri"
povesti onun yaradıcılığında məna
dolğunluğu ilə seçilir. Əslində bu povest
müəllifin öz doğma kəndi haqqında, onun
keçmişi və bir-birinə bənzəməyən
adamları barədə yaddaşa köçmüş xatirəsinin
əksidir. Burada o, hadisələrin təsvirçisi yox,
iştirakçısıdır.
Povestdə yaradılmış usta Abbas obrazı ilə
Ə.İbrahimov doğma el-obasında yaşayanların
xarakterini ümumiləşdirmişdir. Usta Abbasın
yaşadığı hisslər, onun daxili aləmi
bütün bəylilərə xasdır. Bəylilərin su həsrəti
usta Abbasın şəxsində belə ümumiləşdirilmişdir:
"Usta kəndin lap yuxarı başında - evinin
qabağındakı torpaqla bərabər, sal qayanı
ömrü boyu oyub ki, su çıxarsın. Üç
arşın çapıb, amma suya çata bilməyib.
Ömrünün axırına kimi həyətdəki
şabalıd ağacının dibindən qulağına su
şırıltısı gəlirmiş. Özündən
başqa heç kim eşitməyib bu səsi". Təsirli
və gözəl ümumiləşdirmədir. Çünki
bəylilər ömür boyu su həsrəti ilə
yaşamışlar, su burada kənd bina olandan bir nömrəli
problem olmuşdu. Əsərdəki obrazların xarakterində
ümumi cizgilərlə yanaşı, onları fərqləndirən
fərdi keyfiyyətlər də vardır. Buna görə də
əsərdəki mühasib Ağbaş Müslüm, briqadir
Səməd, dəllək Nəsir, çayçı Cəlil,
Süleyman, Yetər, Səbinə və digər surətlər
öz fərdi xüsusiyyətləri ilə bir-birindən
seçilir, bitkin obrazlar kimi yadda qalırlar.
Kitaba daxil olan ikinci povestin - "Qan pulu" povestinin qəhrəmanları
da müstəsnalıq təşkil etmirlər. Əsərdə
qeyrətli həmyerlilərimizin prototipləri
yaradılmışdır. Povestin qəhrəmanı Kərəm
müharibəyə gedən oğlanlarının da ailəsinə
baxan qoca və xəstə Qurban kişinin ömrü boyu ilmələrinə
tamaşa etməkdən doymadığı xalçanı
ehtiyac ucbatından bazarda dəyər-dəyməzə dəlallara
satmasına dözmür. O, müharibəyə gedən
"həmin iki şümal oğlanın"
gülüşlərinin hopub qaldığı bu
xalçanı öz pulu ilə geri alıb
dünyasını dəyişmiş Qurban kişinin ailəsinə
qaytarır. Bu epizod M.Cəlalın "Bir gəncin
manifesti" romanındakı məlum epizodu xatırladır.
Burada əsgər ailəsinə diqqət və
qayğının, milli mədəniyyət nümunələrimizin
təəssübünü çəkməyin gözəl
nümunəsi ilə rastlaşırıq.
Müəllif "Bəyli kəndinin evləri"
kitabına daxil olan hekayələrdə də obrazların
daxili aləmini psixoloji cəhətdən dolğunluğu ilə
açmağa çalışır və buna nail olur. Bunu
"Gecikmiş məhəbbət" və "Dəyirman
yolunda" hekayələrində də aydın görmək
mümkündür. Hekayələrin baş qəhrəmanları
Rəhilə və İbrahim kişi gözümüz
qarşısında bütöv xarakterə malik obrazlar kimi
canlanırlar. Oxucu qəhrəmanların keçirdiyi hisslərin
səmimiliyinə inanır, onların hərəkətlərinə
bəraət qazandırır.
Əşrəfin yaradıcılığına xas
olan əsas xüsusiyyətlərdən biri də onun
yaratdığı qəhrəmanların çoxunun peşə
etibarı ilə rəssam, memar və heykəltaraş
olmasıdır. Bu, Ə.İbrahimovun ilk və sevimli peşəsi
olan rəssamlığa və incəsənətin digər
növlərinə qəlbən bağlılığı ilə
əlaqədardır. "Keçmişdən gəlmiş
qoca", "Pirosman", "Şamaxının
qonağı" hekayələrinin baş qəhrəmanlarının
rəssam, "Bəyli kəndinin evləri" povetinin və
"Layihələr, arzular..." oçerkinin qəhrəmanları
Süleyman, Səbinə və Məmmədin memar,
"Emalatxanada söhbət" oçerkinin qəhrəmanı
Hamletin heykəltaraş olması da incəsənətə
olan sevginin nəticəsirdir.
Bu sevgini biz Ə.İbrahimovun 1990-cı ildə
çap olunmuş dünyanın görkəmli rəssamlarının
həyatından bəhs edən "Qəribə talelər"
adlı sənədli hekayələr kitabında da görə
bilərik. Görkəmli alim A.Məmmədov kitaba ön
sözdə yazırdı: "Əşrəf öz hekayələrində
bu və ya başqa bir sənətkar ömrünün oxunaqlı,
illüstrativ və publisistik izahından, təsvirindən daha
çox həmin ömrün sənət özülünə,
mənəvi qida mənbəyinə can atır... Ən
başlıcası bu hekayələrin hər birində
bütün güc və enerjisini insanlara təmənnasız
xidmətə sərf edən dahi sənətkarların
ömrünə də, yaradıcılığına da əbədi
hörmət və minnətdarlıq hissi aparıcı rol
oynayır..."
1992-ci ildə Əşrəfin "Əşrəf Səid
İbrahim" imzası ilə Təbriz miniatür məktəbinin
yaradıcısı Sultan Məhəmmədə həsr
olunmuş "Sultan Məhəmməd" romanı çap
olunmuşdur. Bu roman uzun illər onun doğma kəndindəki
Yaqublu məktəbinə direktorluq etmiş, kəndin və
rayonun ictimai-siyasi həyatında fəal rol oynamış
müəllim H.Qurbanova ithaf olunmuşdu. Kitab iki hissədən
ibarətdir. Birinci hissədə XVI əsrin ilk illərində
Azərbaycanda baş vermiş siyasi hadisələr fonunda rəssamın
uşaqlıq və gənclik illərindən,
yaradıcıl mühitə gəlişindən, ikinci hissədə
isə onun Təhmasib sarayının aparıcı sənətkarlarından
biri kimi formalaşmasından bəhs olunur. Romanda Sultan Məhəmmədin
simasında yeni Təbriz miniatür məktəbinin
yaranmasından, inkişafından və Şərq sənəti
konteksində böyük tarixi hadisəyə çevrilməsindən
söhbət açılır.
Tanınmış rəssam, jurnalist və
yazıçı Ə.İbrahimov 9 dekabr 2000-ci ildə
Bakı şəhərində vəfat edib və orada dəfn
olunub. Xoş xatirələrlə anırıq.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 4 dekabr (№221).- S.14.