Dil siyasəti
Fəaliyyət göstərdiyi uzun illər ərzində
elmimizə böyük töhfələr verən Azərbaycan
Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində
dövlətimizin başçısı öz
çıxışı ilə həm alimlərimizə
verilən dəyəri ifadə etdi, həm də eyni zamanda bu
çıxış onlar üçün əsl yol xəritəsinə
çevrildi. Bu çıxışda irəlidəki illərdə
elm adamlarının fəaliyyətinin əsas istiqamətləri
irəli sürüldü. Onlar içərisində dilimizin
qorunması və inkişafı məsələləri
xüsusi bir başlıq kimi təqdim olundu. Prezident İlham
Əliyevin səsləndirdiyi fikirlər dövlətimizin
dilimizə verdiyi dəyəri, onun qorunması
üçün son illər ərzində görülən və
görüləcək işlərin aydın mənzərəsini
yaratdı. Azərbaycan dili xalqımızın ən
böyük mənəvi sərvətlərindən, milli
kimliyimizin əsas sütunlarından biridir. Tarix boyu Azərbaycan
xalqı öz ana dilinə sahib çıxmaqla milli
varlığını qoruyub, onu ədəbi, elmi, ictimai, beynəlxalq
müstəviyə çıxarıb. Müasir dövrdə
bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən
birinə çevrilib. Xüsusilə də Prezident İlham
Əliyevin dilimizə verdiyi dəyər, ana dilinin qorunması
və inkişafı ilə bağlı
çıxışları ölkə ictimaiyyətində
böyük əks-səda doğurdu.
AMEA-nın 80 illik yubileyi münasibətilə
keçirilən tədbirdə dövlət
başçısının çıxışı həm
elmi ictimaiyyət, həm də ümumxalq səviyyəsində
dilə verilən yüksək qiymətin ifadəsi oldu.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan dili çox
zəngin dildir. Bu gün 50 milyondan çox insan
üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi
Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan
dövləti. Bu fikir həm dilimizin əhatə etdiyi
böyük coğrafiyanı, həm də onun milli birləşdirici
gücünü ifadə edir. Yəni dilimiz sadəcə
ünsiyyət vasitəsi deyil, həm də bütün
dünya azərbaycanlılarını birləşdirən dəyərdir.
Azərbaycan dilinin müstəqillik dövründəki
inkişafı yalnız dil siyasəti deyil, həm də
dövlətçilik strategiyası kimi qiymətləndirilə
bilər. Çünki dil, eyni zamanda, dövlətin ideoloji əsasını
formalaşdırır. Ölkə
başçımızın vurğuladığı kimi, biz
xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş
bizim milli kimliyimiz də sarsıla bilər. Bu mənada
Prezident İlham Əliyevin dilə verdiyi önəm təkcə
mədəni deyil, siyasi məna da daşıyır. O, dilin
müstəqillik ideyasının qorunmasında mühüm
rol oynadığını xüsusi qeyd edir. Bu, bir daha
göstərir ki, dilin saflığı, təmizliyi və
işləkliyi milli ideologiyanın ayrılmaz hissəsidir.
Dövlət başçısının dil siyasəti ana
dilinin həm daxildə, həm də diaspor mühitində
yaşadılmasına yönəlmişdir. Bu baradə onun
fikirləri belədir: "Görürəm ki, bəzi yerlərdə
bizim ədəbi dilimiz digər ölkələrdə
yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox
məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə
dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz,
saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik".
Müasir dünyada qloballaşma və texnoloji
inkişaf nəticəsində dillərin
qarşılıqlı təsiri artmaqdadır. Bu, bir tərəfdən
təbii prosesdir, digər tərəfdən isə milli dillərin
saflığı üçün ciddi təhlükə
yaradır. Prezident İlham Əliyev də
çıxışında bu məsələyə toxunaraq
bildirdi: "Bizim dilimiz çox zəngindir və xarici kəlmələrə
ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər
birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan
dilində əzəli bir kəlmə varsa, başqa dildən
kəlməni gətirib əvəzləmək nə məqsəd
daşıyır? Bu ya səhvdir, ya təxribatdır. Hər
ikisi də qəbuledilməzdir". Bu fikir, əslində,
müasir dil siyasətinin strateji istiqamətini müəyyənləşdirir.
Qloballaşan dünyada sosial medianın və informasiya
texnologiyalarının təsiri ilə Azərbaycan dilinə
çoxlu sayda yad sözlər daxil olur. Prezident bu halı
"təxribat və ya laqeydlik" kimi qiymətləndirərək
xəbərdarlıq etdi ki, bu meyl dilin təbiiliyinə, milli
ruhuna zərbə vurur. Ölkə
başçısının bu istiqamətdəki mövqeyi həm
də mədəni mübarizə
çağırışıdır. Beləliklə, dilin
saflığına qayğı həm mədəniyyətin,
həm də milli yaddaşın müdafiəsidir.
"Azərbaycan dilinin saflığının
qorunması hər bir Azərbaycan vətəndaşının
işi olmalıdır. Azərbaycan alimlərindən də
bax, bu məsələyə öz münasibətini və dəstəyini
göstərmək çağırışını edirəm",
- deyən Prezident İlham Əliyev
çıxışında ana dilimizin qorunmasında AMEA və
alimlərin roluna xüsusi diqqət ayırdı. Bu fikir elmi
ictimaiyyət üçün bir çağırış,
həm də dövlətin intellektual resurslarına olan
etimadın göstəricisidir.
Elmi dairələr və ziyalılar Azərbaycan
dilinin müasir problemlərinin öyrənilməsi, yeni
texnoloji mühitə uyğunlaşması və tədrisinin
təkmilləşdirilməsi istiqamətində mühüm
rol oynamalıdırlar. Prezidentin bu
çağırışı həm də elmi dilçilik
üçün dialektologiyanın qorunması, yeni
terminologiyanın yaradılması, informasiya texnologiyaları
dövrünə uyğun dil resurslarının
formalaşdırılması kimi yeni vəzifələr
müəyyənləşdirir.
Bununla yanaşı, dövlət
başçısı yazıçı və şairlərin,
jurnalistlərin, siyasətçilərin də üzərinə
böyük məsuliyyət qoydu. Doğrudan da, klassiklərimizdən
tutmuş müasir yazarlaradək dilə xidmət edən əsərlər
milli yaddaşın əsas sütunlarındandır. Bu gün
də bu ənənənin davam etdirilməsi vacibdir.
Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində
səsləndirdiyi fikirlər təkcə bir
çıxış deyil, milli ideya səviyyəsində
proqram xarakteri daşıyır. Onun sözləri Azərbaycan
dilinə dövlət səviyyəsində verilən yüksək
dəyərin təcəssümüdür. "Hər bir
millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin
əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar,
bütün ictimaiyyət bir nöqtəyə
vurmalıdır", - deyən ölkə
başçısının fikirləri həm dövlət,
həm cəmiyyət, həm də hər bir vətəndaş
üçün yol göstəricisidir. Bu
çıxışla Prezident bir daha göstərdi ki, dil məsələsi
onun siyasətində yalnız mədəni deyil, milli təhlükəsizlik
və ideologiya məsələsidir. Beləliklə, İlham
Əliyevin dil haqqında fikirləri bu gün həm elmi, həm
də ictimai kontekstdə strateji əhəmiyyət
daşıyır. Ana dili - milli varlığın
bünövrəsidir və bu bünövrə güclü
olduqca, Azərbaycan xalqı da müstəqil, azad və mənəvi
cəhətdən bütöv qalacaq.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatı, filologiya elmləri doktoru
525-ci qəzet .- 2025.- 4 dekabr (№221).- S.13.