Problem sözü - problem
özü...
YAXIN KEÇMİŞDƏN BU GÜNÜMÜZƏ
NƏZƏR
Azərbaycanın təhsil sistemində indiyə qədər
əldə edilmiş müsbət təcrübə,
özünü doğrultmuş, müsbət nəticə
vermiş sistem saxlanmalı, inkişaf etdirilməli və
müasirləşdirilməlidir.
Heydər Əliyev Azərbaycan xalqının
Ümummilli lideri
Bəşəriyyət yaranandan bəri insanlar
yaşadıqları dövr ərzində daim
çeşid-çeşid müxtəlif problemlərlə
üzləşib, qarşılaşdıqları çətinlikləri
aradan qaldırmaq onların həyat qayğısına
çevrilib. Məişətlə bağlı, eləcə
də insanın ruhi aləminə və mənəviyyatına
sarsıdıcı təsir edən problem və hadisələri
nəzərə almasaq, elm, təhsil, mədəniyyət və
iqtisadiyyatla, siyasət və yaradıcılıq fəaliyyəti
ilə əlaqəli problemlər eyni zamanda inkişaf və tərəqqiyə
ciddi təkan verən amillər kimi meydana çıxıb.
Aqillər demişkən, "çətinliklər, problemlər
həyatımızın bülöv daşıdır, biz
onlara sürtünə-sürtünə itilənirik".
Dövlət müstəqilliyinin bərpa olunduğu
ölkəmizdə təhsil sisteminin xalqımızın
milli-mənəvi dəyərlərinə söykənən
maarifçilik ənənələri ilə yanaşı,
beynəlxalq aləmdə sınaqdan çıxmış
mütərəqqi ideyalar, innovativ yanaşmalar üzrə
inkişafı təhsil sahəsində dövlət siyasətinin
əsasını təşkil edir. Bununla belə, köhnəlikdən
yeniliyə transformasiya prosesində daha çox yenilikçi təcrübələrdən
bəhrələnmək meylləri güclü olduğundan həm
keçmiş dövrün müsbət sayıla bilən bəzi
təhsil ənənələrinin unudulması, eləcə də
hazırkı günümüzdə heç də az əhəmiyyət
kəsb etməyən bir sıra məsələlərin diqqətdən
kənarda qalması açıq etiraf olunmalıdır.
Müdriklərdən birinin ibrətamiz fikridir ki, "İrəli
getmək üçün tez-tez geri dönün".
Bu yazıda məqsəd ümumi təhsil sistemində
düşündürücü əhvali-ruhiyyə yaradan bəzi
məsələlərə nəzər salmaq və onları
maraqlı tərəflərin müzakirəsinə təqdim
etməkdən ibarətdir. Düzünə qalsa, əvvəllər
həmin məqamlar barədə bugünkü fəhmlə
düşünüb fikir yürütmək, sadəcə,
mümkün deyildi, hazırda isə o məsələləri
gündəmə çıxarmağı müasir zaman
özü diktə edir.
Keçmiş şura hakimiyyəti zamanında
ümumtəhsil məktəb şagirdləri yaş səviyyələri
nəzərə alınmaqla uşaq təşkilatlarında
(oktyabryat, pioner, komsomol) birləşdirilirdi. Təbii ki, bu, o
dövrün ideologiyasına xidmət edən
düşünülmüş siyasət olsa da, ədalət
naminə etiraf etmək lazımdır ki, uşaqların
inkişafına, ictimai tərbiyəsinə müsbət təsir
göstərirdi. Fikrimizcə, həmin təcrübədən
və hüquqi əsas kimi "Təhsil haqqında"
ölkə Qanunundan (30.6-cı bənd) yaradıcı yararlanmaqla
ümumtəhsil məktəblərində fəaliyyəti
müvafiq icra hakimiyyəti orqanı (yaxud orqanları) tərəfindən
təsdiq olunmuş əsasnamə ilə istiqamətləndirilən
"Şagird birlikləri"nin yaradılması xeyli
faydalı olardı. Bu "Birliklər" Azərbaycanın
hər hansı bir tarixi şəxsiyyətinin, Vətən
müharibəsi qəhrəmanının, yaxud şəhid və
ya qazimizin, görkəmli alim, yazıçı, incəsənət
xadiminin adını daşıması da daha effektli təsir
gücünə malik ola bilər.
Hesab edirik ki, belə "Birliklər"
yarandığı halda, məktəblərdə şagird fəallığının
canlanması ilə yanaşı, həmin çərçivədə
nəzərdə tutulan məqsədyönlü tədbirlər
onlarda sağlam dünyagörüşünün, azərbaycançılıq
məfkurəsi və milli-mənəvi dəyərlərin,
müstəqillik, əməkdaşlıq, məsuliyyət və
cavabdehlik hisslərinin, təşkilatçılıq, idarəçilik,
müzakirə və sərbəst qərarqəbuletmə kimi
şəxsiyyətyönlü bacarıqların
formalaşmasında əhəmiyyətli rol oynayaqcaqdır.
"Azərbaycan Respublikasında təhsilin inkişafı
üzrə Dövlət Strategiyası"nda da qeyd olunur ki,
... "təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində
maraqlı tərəflərin cəlb olunmasını təmin
edən səmərəli idarəetmə mühüm rol
oynayır. Bu, ilk növbədə, ... valideyn, şagird, tələbə
və təhsil prosesinin digər
iştirakçılarını geniş cəlb etməklə
təhsil ocaqlarının idarəolunmasını, müasir
idarəetmə texnologiyasının prosesə tətbiqini tələb
edir".
Digər bir məsələ. Məlumdur ki, hökumət
qərarı ilə ümumi təhsilin səviyyələrinə
ayrılan həftəlik ümumi dərs saatlarının
bilavasitə məktəb rəhbərliyi tərəfindən
sərbəst idarə edilməsi, yəni ümumi miqdar həddi
daxilində bu və ya digər sinifdə təlim ehtiyacına
görə fənlər arasında saat nisbətinin müstəqil
müəyyənləşdirilməsi və bu əsasda
çevik tədris planlarının hazırlanması barədə
məktəb pedaqoji şurasının qərar qəbul etmək
səlahiyyəti hələlik mövcud deyildir və bu məsələnin
həlli, yəqin ki, gələcək illərin öhdəsinə
düşür. Bununla belə, məktəblərin mövcud
tədris planlarındakı bəzi fənlərin mövqeyinə
müasir tələblərə uyğun yenidən
baxılması məsləhət olardı.
Məsələn, ünsiyyət vasitəsi kimi ingilis
dilinin cəmiyyət həyatında necə önəmli
mövqe tutması, "ingilisdilliliyə" hansı səviyyədə
əhəmiyyət verilməsi yaxşı məlumdur. Son
zamanlar bu dildə anlaşmanı təmin edən texniki vasitələr
meydana çıxsa da, düşünürük ki, ingilis
dilində rabitəli nitq inkişafının məktəbəqədər
və ümumi təhsil müəssisələrində diqqətdə
saxlanılması vacib məsələ olaraq qəbul edilməlidir.
Gələcəkdə bu dilin seçmə xarici dil statusundan
çıxarılıb müstəqil fənn -
"İngilis dili" adı ilə tədris planına
salınması, uşaqların səmərəli öyrənmələri
üçün fənnin tədrisində 25 və daha
artıq şagirddən ibarət sinfin 3 (üç)
yarımqrupa bölünməsi (əvvəllər belə təcrübə
sınaqdan çıxarılmışdı), ibtidai siniflərdən
etibarən fənnə ayrılan saatların artırılması
imkanlarına baxılması məqsədəmüvafiq
sayılardı.
Eyni yanaşmanı aralarında daxili vəhdət və
harmoniya olan "Texnologiya", "Təsviri incəsənət",
"Musiqi"yə də aid etmək mümkündür.
Bunların hər üçü şagirdlərdə estetik
mədəniyyətin, obrazlı təfəkkürün,
analitik düşüncə tərzinin formalaşmasında
mühüm rol oynayır. "Texnologiya" və "Təsviri
incəsənət" fənlərini məqsəd
baxımından birləşdirən həm də onların
bir sıra bacarıq və səriştələri (fəza təfəkkürü,
tərtibatçılıq, modelləşdirmə,
ölçü, simmetriya, dizayn) təlqin etməsidir ki, həmin
əlamət də bu iki fənn üzrə standartların
inteqrasiya imkanlarını xeyli genişləndirir. Ona görə
də mütərəqqi mahiyyət daşıyan STEAM təhsil
yanaşmasının tərkib hissəsi olan incəsənət
və texnologiyanı təmsil edən bu fənlərin də
həftəlik dərs saatlarına yenidən baxılması
az əhəmiyyətli məsələ deyildir.
Hesab edirik ki, ibtidai təhsil səviyyəsinin II, III,
IV siniflərinin hər birində tədris dilinə həftədə
8 (səkkiz) saat ayrılması barədə təklif də
müzakirə oluna bilər, çünki bu halda nəzərdə
tutulan kurikulum tələblərinin 5 günlük tədris həftəsində
reallaşdırılmasına heç bir məhdudiyyət
yaranmır (təhlil göstərir ki, 5 günlük tədris
həftəsi yalnız ibtidai siniflərdə tətbiq
olunmalıdır. Yuxarı siniflərdə isə dərs
saatlarının miqdarı baxımından heç bir əhəmiyyət
kəsb etmir). Eləcə də "Fiziki tərbiyə"
dərsləri üçün lazımi səviyyədə
maddi-tədris bazası olmayan məktəblərdə
(xüsusilə ibtidai siniflərdə) həmin fənnin aidiyyəti
kurikulumlara əsasən tədrisi üçün mövcud
şəraitlərə uyğunlaşdırılan nümunəvi
altproqramların hazırlanması da məqsədəmüvafiqdir.
Yeri gəlmişkən, məsələn, neçə
ildir ki, o vaxt irəli sürülən bir təklifə
görə, ölkəmizin seçilmiş xeyli sayda məktəblərinin
II-IV siniflərində dərsdənkənar məşğələlərə
ayrılan saat hesabına bugünədək
"Şahmat" kursu tədris olunur. Şübhəsiz,
şahmat məntiqi düşüncənin, təfəkkürün
inkişafına müsbət təsir göstərir, lakin həmin
siniflərdəki şagirdlərin hamısının
şahmata xüsusi maraq göstərməsini
düşünmək, əlbəttə, sadəlövhlük
olardı. Halbuki bölgələrdə müasir səviyyəli
şahmat məktəbləri fəaliyyət göstərir
ki, istək və meyllərinə görə, istedadlı
uşaqlar bu müəssisələrdə sistemli məşğul
ola bilərlər. Məktəblərdə həmin kursa
ayrılan saatlar isə daha vacib sayılan istiqamətdə
istifadə edilər.
Tədris Azərbaycan dilində olan məktəblərdə
azsaylı xalqların dillərinin öyrədilməsi
üçün nəzərdə tutulan dərs
saatının Azərbaycan dilinə ayrılan saatlardan
götürülməsinin dövlət dili baxımından məqsədəuyğun
olub-olmaması məsələsinə də baxılması
yerinə düşərdi və s.
Əvvəllər mövcud olmuş müsbət təcrübəyə
əsaslanaraq, hər bir dərs ili ərəfəsində ilk
öncə müvafiq direktiv orqanların səlahiyyətli
nümayəndələrinin, habelə digər maraqlı tərəflərin
iştirakı ilə qarşıda duran
çağırış və hədəflərin
açıqlanmasını nəzərdə tutun rəhbər
təhsil işçilərinin Respublika konfransının;
konfransda toxunulan məsələlər barədə yerli təhsil
işçilərinin məlumatlandırıldığı
və irəli sürülən vəzifələrin icra
mexanizmlərinin müəyyənləşdirildiyi rayon və
şəhərlər üzrə müşavirələrin;
eləcə də məktəblərdə yeni dərs ili
üçün verilən tapşırıqların yerinə
yetirilməsi yollarının müzakirə olunduğu ilk
pedaqoji şura iclaslarının keçirilməsi və
bununla da görüləcək
işlərin məntiqi ardıcıllıqla "yuxarıdan
aşağıya" prinsipi ilə ötürülməsi
ümumi təhsil sahəsində fəaliyyətlərin nəticəyönlü
qurulması, səmərəli idarə edilməsi və
bir-birini tamamlamasında, optimal planlaşdırmanın və
hesabatlılığın təmin olunmasında,
tapşırılmış işlərə görə məsuliyyətin
tənzimlənməsində, həmçinin
qurultaylararası illərdə qazanılan nailiyyətlərin,
habelə yol verilən nöqsan və
çatışmazlıqların təhlili və ümumiləşdirilməsində,
nəticə etibarı ilə yeni "yol xəritəsi"nin
hazırlanmasında bu gün də əhəmiyyətli
olardı.
Digər bir məqam. Teatrı həm də bir tərbiyə
ocağı adlandırmaqla heç kimi təəccübləndirmək
niyyətimiz yoxdur, çünki bu, cəmiyyətdə adi həqiqət
kimi qəbul olunur. Teatr tamaşalarının şagirdlər
üçün əyləncə vasitəsi olmaqdan daha
artıq onların dünyagörüşünün
genişlənməsində, həyata
baxışlarının, bədii-estetik zövqlərinin formalaşmasında,
mənəvi aləmlərinin zənginləşməsində
güclü təsir vasitəsi olması əksəriyyətə
məlumdur. Vaxtilə şagirdlərin məktəblər tərəfindən
yaş səviyyələrinə uyğun teatr
tamaşalarına aparılmasına maraq o qədər
böyük idi ki, hətta bir çox valideynlər də
övladlarına qoşulurdu. Təəssüf ki, belə
xoşməramlı ənənə çoxdandı ki,
unudulub. Neçə illər bundan əvvəl teatrların təşəbbüsünə,
nazirliyin də müsbət mövqeyinə baxmayaraq, teatr
tamaşalarına könüllülük əsasında biletlərin
məktəblərdə yayılması bəzi
qaragüruhçuların hay-küyü sayəsində
"qoymayın, məktəblərdə pul
yığılır" adı ilə reallaşmamış
qaldı. Hesab edirik ki, bu məsələyə yenidən
qayıtmaq, teatrların rəhbərliyi ilə
uşaqların xeyrinə səmərəli əməkdaşlıq
qurmaqla xoşniyyətli ənənəni bərpa etmək
lazımdır.
Hazırda cəmiyyətin diqqətini məşğul
edən repetitorluq probleminə də toxunaq. Əvvəla,
bildiklərindən artıq öyrənmək, əlavə məlumatlar
əldə etmək hər bir təhsilalanın hüququdur,
ikincisi isə, məzunların nailiyyətini yalnız
repetitorlarla bağlamaq məktəblərin, müəllimlərin
fəaliyyətinə qarşı ədalətsiz
yanaşmadır. Bununla belə, yaranmış mövcud
problemin həlli ilə əlaqədar müəyyən tənzimləyici
tədbirlər müəyyənləşdirmək, məsələn,
nümunə üçün belə bir "yol xəritəsi"ni
təklif mənasında müzakirəyə çıxarmaq
məsləhət olardı.
İlk növbədə, qeyd etmək lazımdır
ki, hər bir məktəbdə icbari ümumi orta təhsili
bitirəcək şagirdlərin nailiyyətlərinin
diferensial əsasda təhlilinə, bir qayda olaraq, VII, VIII siniflərdən
başlanmalı, onlar malik olduqları savad, bacarıq, qabiliyyət
baxımından müqayisə
edilərək qruplaşdırılmalı, hər kəsə
gələcək inkişafları üçün müvafiq
psixoloji-mənəvi dəstək göstərilməlidir.
Eyni zamanda övladlarının potensial imkanları, irəliləyişlərinin
səviyyəsi və dinamikası barədə valideynlərə
vaxtaşırı məlumat verilməlidir. Nəzərə
alınmalıdır ki, görüşlər zamanı
övladları haqqında valideynlərin qeyri-dəqiq məlumatlar
alması növbəti mərhələdə uşaqların
təhsilinin təşkilinə ziyanlı təsir göstərə
bilər.
Davamlı aparılan pedaqoji-metodik və psixoloji tədbirlərə
rəğmən, təhsil aldığı müddətdə
bilik və intellektual səviyyəsinə görə fərqlənməyən,
təhsilini yuxarı səviyyələrdə davam etdirmək
imkanı xeyli məhdud hesab edilən, ümumi attestat balı
"4" və daha aşağı olan icbari ümumi orta təhsil
məzunları Pedaqoji şuranın əsaslandırılmış
qərarı və valideynlərinin razılğı ilə
müvafiq bacarıqları və istəkləri nəzərə
alınmaqla uyğun bilənən peşə və sənət
növlərinə, habelə xüsusi qabiliyyət tələb
edən incəsənət sahələrinə istiqamətləndirilməlidir.
İcbari ümumi orta təhsil səviyyəsini zəif, orta nəticələrlə
başa vuran məzunların tam orta təhsil siniflərinə
qəbulu, əslində, həmin uşaqların həyatda
doğru yol tutmalarına, peşə seçimlərinə
ciddi maneçilik törədir.
İcbari ümumi təhsil səviyyəsini yüksək
qiymətlərlə bitirib attestat balı "5" olan şagirdlərin tam orta təhsilini
"Təhsil haqqında" ölkə Qanununun 13-cü maddəsini
hüquqi əsas tutaraq qiyabi formada da təşkil etmək
mümkündür. Belə bir təhsil formasının tətbiqi
qaydaları (təşkilati işlər, şagirdlərin
oxuduqları məktəbdə qeydiyyatda saxlanılması, X,
XI siniflərdə müəyyən edilmiş fənlərdən
summativlər vasitəsilə yarımillik və illik qiymətləndirilməsi,
X sinifdən XI sinfə keçid, şagirdlərin
buraxılış imtahanlarında iştirakı, şagirdlərin
təltifi, onlara dövlət sənədinin verilməsi və
s.) müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən oluna bilər.
Qismən də olsa, getdikcə yaddan
çıxarılan ənənələrdən biri də
müəllimlərin, məktəblərin, eləcə də
yerli təhsil şöbələrinin (idarələrinin)
yaradıcı məqamlarla fərqlənən səmərəli
iş təcrübəsinin öyrənilməsi, təbliği,
tətbiq edilməsi və yayılması ilə əlaqədardır.
Şübhə yoxdur ki, faydalılıq əmsalı yüksək
olan pedaqoji iş sistemlərinin üzə
çıxarılması, müzakirə obyektinə
çevrilməsi, digərlərinə tövsiyə edilməsi
təhsil iştirakçıları arasında sağlam rəqabəti,
təşəbbüskar fəaliyyət əzmini gücləndirən
amillər olmaqla yanaşı, irəli sürülən nəzəri
ideyaların praktik cəhətdən
reallaşdırılmasına, bir müsbət təcrübənin
işığında neçə-neçə dəyərli
fikirlərin formalaşmasına əhəmiyyətli töhfə
verə bilər.
P.S. Bu yaxınlarda həmsöhbət olduğum
yoldaşların birindən qəflətən "bu kurikulum
nədir ki, valideyn və müəllimlərin çoxu ondan
bir belə narazıdır" sözlərini eşidəndə
məni təəccüb və təəssüf hissləri
bürüməklə bərabər, həm də xeyli
qayğılandırdı. Uzun illər ərzində beynəlxalq
termin kimi təhsil proqramı mənasında işlənən
"kurikulum" anlayışının və hazırkı
dövrdə ümumi təhsil sahəsində dövlət
siyasətinin mahiyyətinin, eləcə də məzmun
islahatlarının, idarəetmə və şagird nailiyyətlərinin
qiymətləndirilməsi mexanizmlərinin, "müəllim-şagird",
"məktəb-valideyn" münasibətlərinin pedaqoji əməkdaşlıq
zəminində qurulması istiqamətləri barədə məqalələr,
metodik tövsiyələr, kitablar yazılmasına, müxtəlif
maarifləndirmə tədbirləri keçirilməsinə
baxmayaraq, görünür, hələ də yerlərdə
müəllimlər, xüsusilə də gənc müəllimlər,
məktəb rəhbərləri, təhsil orqanlarının əməkdaşları
üçün ümumi təhsilin aktual problemlərinə həsr
edilmiş öyrədici tədbirlərin (seminar, kurs, konfrans
və s.) daha geniş şəkildə sistemli təşkilinə
zəruri ehtiyac duyulur.
Aydın ƏHMƏDOV
Azərbaycan Respublikası Təhsil İnstitutunun
direktor müavini, Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 4 dekabr (№221).- S.12.