Xəcalətdən
fəxarətə...
Ölməz ustad Bəxtiyar
Vahabzadəyə məktub
Bu il
xalqımız Sizin 100 illiyinizi böyük sevgi və ehtiramla
qeyd edir. Lakin bu yubiley təkcə bir ömrün qızıl
zirvəsinin qeyd olunması deyil - bu, bütöv bir millətin
öz yaddaşını yeniləməsi, keçdiyi tarixi
yola dönüb baxması, mənəvi dirçəlişin
və milli oyanışın bayramıdır. Çünki
biz çox yaxşı bilirik: Siz bu xalq üçün sadəcə
bir şair deyildiniz. Siz bu millətin içində qopan
fırtınaların səsinə, onun özünüdərk
və özünüanlama qüdrətinin, milli əzminin və
mənəvi mübarizliyinin rəmzinə
çevrilmişdiniz.
Siz
poeziyanı sənət növü kimi deyil, həyat tərzi,
vətəndaşlıq məsuliyyəti, vicdan borcu kimi
yaşamısınız. Bilənlər bilir: Siz sözü qələmlə
deyil, ürəyinizlə, canınızla, qanınızla
yazırdınız. Hər misranızda millətin
ağrısı, hər sözünüzdə Vətənin
səsi, nəfəsi, dərdi və yanğısı
duyulurdu. Elə bil, yüzillərin o üzündən
Füzuli babamızın sözün qədrini ucaldan hikməti
Sizə ünvanlanmışdı və Siz də o hikməti
eyni cəsarət, eyni vicdan və eyni yanğı ilə bu
xalqın oğlu kimi bizə və bizdən sonrakı nəsillərə
ötürməyi bacardınız:
Artıran
söz qədrini sidq ilə qədrin artırar,
Kim nə
miqdar olsa, əhlin eylər ol miqdarı söz!
(M.Füzuli)
Ustad!
Bu gün Azərbaycan daha qüdrətli, xalqımız daha əmin,
məğrur və qürurludur. Çünki biz artıq bir
neçə ildir ki, əsrlərə sığmayan möhtəşəm
bir Qələbənin - Böyük Zəfərin sevincini və
fəxarətini yaşayırıq. Elə bir Qələbə
ki, onun tərənnümünə sözün, şeirin də
gücü çatmaz. Belə bir zamanda Sizin
sözünüzə, poeziyanıza, səsinizə olan
ehtiyacımız daha da artır. Çünki sözün
qüdrəti zamanla azalmaz, əksinə, zaman onun
böyüklüyünü, təsirini və əzəmətini
daha da ucaldar:
Demə,
daş yayınıb qardaşa dəydi,
Mən
elə bildim ki, daş daşa dəydi.
Yurdun
o başında yıxılan kəsin
Ağrısı
qəlbində gərək göynəsin!..
Bəxtiyar
müəllim!
Bu
misraları hər dəfə oxuyanda illər öncə
"Xəcalət" povestimin mütaliəsindən sonra mənə
yazdığınız məktub yadıma düşür. O
məktubda mənə ünvanladığınız sözlər
əslində, təkcə mənə deyil, bir millətin
özünə söylədiyi acı həqiqət,
ağrılı etirafı idi:
"Hörmətli
Hüseynbala Mirələmov, "Xəcalət" povestinizi
yalnız yarıya qədər oxuya bildim. Qəhər məni
boğdu, göz yaşlarımı saxlaya bilmədim, bacarmadım.
Bu boyda dərdlə qol-qola, baş-başa yaşaya bildiyimə
xəcalət çəkdim. Bəli, biz hamımız
babalarımızın bizə əmanət verib getdiyi cənnətməkan
Qarabağı düşmənə təslim edəndən
sonra yenə də yaşaya bildiyimizə görə, o müqəddəs
torpaqda yetişən dahilərimizin ruhundan utanmalıyıq (Mənim
bu barədə "Utanıram" adlı şeirim var).
Əsərinizlə məni bir daha
utandırdığınıza görə, Sizə təşəkkürlərimi
bildirir, axıra qədər oxuya bilmədiyimə görə
Sizdən üzr istəyirəm, əfv edin, təsvir etdiyiniz
o dəhşətli səhnələri yaşamaq qəlbi və
vicdanı olan hər kəs üçün çox
ağırdır..."
Ustad!
O məktubu bu gün yenidən oxuyanda gözümün
önündən adını çəkdiyini o ölməz
"Utanıram" şeirinizin misraları keçir. Biz bu
gün böyük Qələbəmizə sevinə-sevinə,
artıq tarixə çevrilmiş o acı, bəlalı illəri
də unutmuruq. İndi bu sevincin içində o vaxtkı mənəvi
ağrını hiss edirəm, o zamankı itkilərimizə və
məğlubiyyətimizə görə utanıram və xəcalət
çəkirəm:
Şəhidlərin,
qaçqınların
Üstümüzdə
min ahı var.
Çatdığımız
bu nöqtədə
Hamımızın
günahı var.
Düşmənimiz
arxalandı
Silahına,
öz gücünə.
Zora
təslim olan torpaq
Qaytarılmaz
söz gücünə.
Əldən
getdi yurd-yuvamız,
Necə
dözdük bu dərdə biz?
Qaytarmaqçın
haqqımızı
Əl
açmayaq namərdə biz.
Düzü
budur: bu dünyada
Gücün
varsa, sözün haqdır,
Gücün
yoxsa, son əlacın
Xəcalətdir,
utanmaqdır.
Siz
bu misraları 1995-ci ilin martında yazanda mən də "Xəcalət"
povesti, "Yanan qar", "Dağlarda atılan güllə"
romanları, "Vicdanın hökmü", "Güllələnmiş
heykəllərin fəryadı" pyesləri üzərində
işləyirdim. Mənim yazdıqlarım, əslində,
Sizin yazdıqlarınızın nəsrə çevrilmiş
forması idi.
Bu
gün, o "itirilmiş namus"un, o yaralı
torpağın zəfərini qeyd edərkən Sizin sözlərinizin
yenə ucalardan səslənməsinə ehtiyacımız var.
Siz demişdiniz:
"Bəli,
bu millətin övladları olan bizlər Qarabağ
torpağının yetirib bütün türk dünyasına
bəxş etdiyi Üzeyirbəylərin, Niyazilərin,
Bülbüllərin ruhu qarşısında günahkarıq.
Sizin dediyiniz kimi, biz bizdən sonra gələn nəsillərin
qarşısında gözükölgəli,
başıaşağı, günahkarlarıq.
Günahkarıq bir də ona görə ki, biz yalnız torpaq
deyil, torpaqla bərabər, namusumuzu, şərəfimizi
vermişik, geri almaqda isə, deyəsən, gələcək
nəsillərə ümid edirik".
Bəxtiyar
müəllim!
Qarabağda
möhtəşəm Zəfər qazanılanda, millətimiz
fərəhdən ayağa qalxanda, sevinc göz
yaşlarımız sel kimi axanda ürəyimdə bir arzum
vardı: "Kaş bu qələbə müjdəsini Sizə
deyə bilərdim..." Həmin gün telefonumdan ilk zəng
Sizə olmalıydı... Ürəyimdə Sizə bunları
demək arzum vardı: "Bəxtiyar müəllim, biz
Qarabağı işğaldan azad etdik! İndi
torpaqlarımız azaddır! Xəcalətdən əyilən
başımızı Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun
sayəsində indi fəxarətlə dik tutub gəzə bilirik. Azərbaycanın
Ali Baş Komandanı son 200 ildə ölkəmizin tarixində
misli-bərabəri olmayan qələbələrə və
nailiyyətlərə imza atdı, indi soydaşlarımız
doğma yurd-yuvalarına geri qayıdırlar, yenidən
doğma Qarabağ çiçəklənir..."
Bu Zəfərlə
biz təkcə Qarabağı deyil, həm də öz
vicdanımızı, öz azadlığımızı
qaytardıq. Xəcalət yükündən, acizlik sindromundan
xilas olduq.
Əminəm,
Ustad, ruhunuz bu müjdəni eşidib. İnanıram ki, ruhunuz
Şuşada əsən mehdə, Cıdır düzündə
dalğalanan bayraqda, azad torpağımızın qoxusunda,
İsa bulağının suyunda yaşayır.
Siz
bir zaman demişdiniz: "Vətən getdi, vətəndaşlıq
zirvəsinə yüksəlmədik, utanıram..."
Ustad!
Bu gün Sizə demək istəyirəm: "Artıq utanmaq
deyil, fəxr etmək vaxtıdır!"
Sizin
vaxtilə o məktubunuzda mənə yazdıqlarınız bu
gün gerçəyə çevrilib: "Allah o günü
bizə göstərsin ki, mən kitabınızı
keçmiş bir tarix kimi axıra qədər oxuyam, oxuduqca
da ürəyimdə Allaha şükür edəm ki, artıq
Qarabağ geri alınıb, qaçqınlarımız öz
yurd-yuvasına qayıdıb, bu müqəddəs ocaq erməninin
nəinki ayağından, havasından belə təmizlənib..."
Onda
bunu deyə bilməsəm də, amma bu gün tam əminliklə,
qürurla deyirəm: "Bəli,
Ustad! Qarabağımız azaddır, namusumuz təmizlənib!
Siz bizi utandırmaqla "diriltdiniz". Sizin
sözünüz millətə yol göstərdi,
poeziyanız isə xalqımıza güc verdi..."
Ustad!
Bu
gün biz o illərin xəcalətindən fəxarət zirvəsinə
yüksəlmişik. Sizin poeziyanızda, sözünüzdə
illər boyu millətin vicdanına hopmuş o "xəcalət"
indi öz yerini milli qürur, mənəvi ucalıq və
tarixi ədalətin bərpası hissinə verib. Artıq biz
o ağır yükü çiynimizdən yerə
qoymuşuq.
Azad
Qarabağın adı bu gün millət olaraq bizim qəlbimizdə
qürur, dirçəliş nəğməsi kimi səslənir.
Çünki başda müzəffər sərkərdə
İlham Əliyev olmaqla, xalqımız sözün,
vicdanın, inamın və mübarizənin gücü ilə
öz tarixi ləyaqətini bərpa edib. Biz artıq xəcalətdən
keçib fəxarətə çatmış, məğlubiyyətin
kölgəsindən çıxıb qələbə zirvəsində
qərar tutmuşuq. Bu, həm də Sizin ruhunuzun,
sözünüzün, vətəndaşlıq dərsinin ən
böyük bəhrəsidir.
Əmin
olun, Sizin hər ad gününüz, hər yubileyiniz Azərbaycan
poeziyasının, düşüncəsinin, ruhunun yenidən
doğuluş günüdür.
Millət
durduqca, Sizin adınız, sözünüz, poeziyanız da
yaşayacaq. Ruhunuz şad olsun, USTAD!
Hüseynbala
MİRƏLƏMOV
yazıçı-publisist
Hörmətli
Bəxtiyar müəllim!
525-ci qəzet .- 2025.- 4 dekabr (№ 221).- S.11.