"Kitabi-Dədə Qorqud" və
çağdaş şeirdə Kamal Abdulla "gizlinləri"
Kamal Abdulla - 75
"Sirr nə vaxtsa açılacaq sirdisə,
heç əvvəldən yaranmayıb sirr kimi". "Həyat
insanın qara boşluq adlanan kainatla sonsuz oyunudur"; "Mənim
hüququm həm də düşüncə və fantaziya sərbəstliyimdədir.
Bu, mənim ədəbi azadlığımdır,
özgürlüyümdür"; "Sevimli əsərlərim
"Dədə Qorqud dastanları" və "Don
Kixot"dur"; "...Vahid oxunuş hər hansı,
xüsusilə də, "Dədə Qorqud mətninin təbiətinə
əzəldən yaddır. Yeganəlik əlahiddəyə gətirən
yoldur. Oradan da büt qayırmağa bir addım qalır";
"Mən "Kitabi-Dədə Qorqud"un söz
lüğətini hazırlamışam".
Kamal Abdulla.
"Kitabi-Dədə Qorqud" Xalq
yazıçısı, akademik Kamal Abdullanın istər elmi,
istərsə də bədii yaradıcılığında
mühüm yer tutur və sənətkarın bu
mövzudakı bədii yaradıcılığı öz
müasirlərindən bir çox xüsusiyyətlərinə
görə fərqlənir, lakin yazıçının elmi
yaradıcılığı bədii
yaradıcılığından erkəndir. Kamal Abdulla
"Kitabi-Dədə Qorqud" dastanlarını hamıdan fərqli
oxumağı bacarır və başqalarının fikir vermədiyi
"gizli" məqamları tutub, onların ardınca mətnin
daxili aləminə, dərin qatlarına, mətnaltı deyilən
məkana enir. Onun nəzərində eposun mətnaltı
"sirlər" dünyasına ge-dən yol dastanın
dilindən başlanır və "Kitabi-Dədə
Qorqud" iki səviyyədən ibarətdir: adi gözlə
görünən və görünməyən səviyyələr.
Müəllif onlardan birini "ifadə planı", ikincisini
"mahiyyət planı" adlandırır: ifadə
planı hamının görüb bildiyi "Kitabi-Dədə
Qorqud", mahiyyət planı isə özünün
adlandırdığı kimi, "Gizli Dədə
Qorqud"dur.
Gözəl şairimiz Vaqif Bayatlı Önər
yazır ki: "Kamal Abdulla elə ilk şeirlərindən
sübut elədi ki, o, nəinki necə yazmağı çox
gözəl bilir, hətta hər səsin, hərfin
üstündə indiyə qədər heç bir şairin əsə
bilməyəcəyi qədər əsir və indiyə qədər
heç kəsinki olmayan səslərə "mənim
ol" deyir və onlar onun şeiri olur. İstər bu mənada,
istərsə də çox misraları, şeirləri iç
mənzərələrilə Kamal Abdulla mənim ən
doğma şairimdir".
"Günahı etiraf etməyin dili şeirdir...
Etiraf edən hökmən şeirlə
danışır".
Kamal Abdulla "Kədərli seçmələr"də
"Sirr içindən nəğmələr"
başlığı altında 4 nəğmə verir və
bu nəğmələr sənətkar üçün tarixin
və zamanın, keçmişin, bu günün və gələcəyin
bir-birinə qovuşduğu sehrli və müqəddəs məkandır.
1. Dədə Qorqud: "Mənlik deyil"
2. Boğazca Fatma: "Ümid qaldı sabaha"
3. Dədə Qorqud: "Mən nə edim?!"
4. Bəkilin xatunu: "Dilim, dilim, vay dilim..."
Kamal Abdulla sərbəst düşüncə tərzinə
malik müasir yazıçıdır. O, dastandan gələn
süjet və obraz qəliblərinin alt qatına - mahiyyət
planına enib, eposdan bizə məlum olan obrazları öz əsərlərində
fərdi psixoloji portretlərin daşıyıcısı kimi
təqdim edib. Onun yaradıcılığı sübut edir
ki, "Kitabi-Dədə Qorqud" bir epos kimi milli
düşüncəmizi tarixin bütün zamanlarında
aktual saxlayacaq.
Dədə Qorqud bir el ağsaqqalı, elin bilicisi, dərd-sirr
yeri, insanın dar ayağında, elin, yurdun çətin
günündə dada çatan, milli mənlik və kimliyin qaynağı, güvənc
yeri, yurd yerinin xeyir-bərəkəti, yurd ocağının
hamisi, milli soykökün iftixarı, yurd insanının
ömrünü mənalandıran müqəddəslik məqamı,
insanın ruhani-mənəvi rahatlıq qaynağı,
dünyanın pozulmuş düzəninə harmoniya gətirən
müdrik, ən başlıcası isə şeir-sənət
hamisi, qəlbə, könülə, təxəyyülə
ilham verən pir-ozan kimi tərənnüm olunub. Dədə
Qorqudun Kamal Abdulla şeirlərində əksini tapmış
obrazı son dərəcə geniş məna tutumuna malikdir.
Lakin diqqəti cəlb edən Dədə Qorqud
obrazının bu genişliyindən daha çox, ümumiləşən
cizgilərinin arxaik-milli tipologiyasıdır. Əsas məqam
ondan ibarətdir ki, Qorqud atanın bu obrazı onun mənbələrdən
bizə məlum olan arxaik semantikası ilə üst-üstə
düşür. Yəni bu oğuz ozanının çox qədim
zamanlarda arxaik düşüncədə mövcud olub, sonra
aktiv yaddaş üçün unudulub və indi tədqiqatlar
yolu ilə üzə çıxan obrazının cizgiləri
sanki müasir Azərbaycan şeirinə yayılıb,
canına, ruhuna hopub. Kamal Abdulla şeirlərində Dədə
Qorqudun milli yaddaşla bağlılığı, bu
yaddaşın başlanğıcı və əsas atributu
kimi tərənnüm olunması bu obrazın arxaik-mifoloji
düşüncədəki semantikası ilə tam təsdiq
olunur.
"Kamal Abdulla əsərlərində əsas
konflikt Miflə Yazının münasibətləridir..."
K.Abdulla etiraf edir ki, "Dədə Qorqud"
kitabı nə qədər aşkarlanırsa, o biri tərəfdən
yenə də tül pərdəyə bürünür, sirlər
açıldıqca, yeni sirlər aşkarlanır. Ya Milli
yaddaşımızı daim bərpa edəcəyik, soyumaq
bilmədən, boşalmaq bilmədən, dayanmaq bilmədən
və bu yaddaşımızda "Dədə Qorqud"
axtarışları, "Dədə Qorqud"
yazıları, "Dədə Qorqud" təcəssümləri
ən mühüm yer tutacaq, ... ya da Milli huşsuzluğun
"qara dəliyinə" yuvarlanacağıq.
"Gizli" sözü yeni-yeni mənaların
sonsuzluğuna, deyilmiş sözün hələ deyilməmiş
mənasının ortaya çıxarılmasına işarədir.
Müəllif "gizli" məqamların birini belə
açıqlayır:
"Dastanda Beyrək ölüm ayağında naiblərinə
belə deyir: "...özünüzü Qazan xana yetirin,
dayın Aruz Beyrəyi öldürdü deyin. Aruz oğlu Basat
gəlmədən, elimi-obamı, qızımı-gəlinimi əsir
edib aparmadan (!!!) Qazan özünü mənə yetirsin".
Beyrəyin qatilinin Basatın atası Aruz Qoca olduğunu da nəzərə
alsaq, əlavə şərhə ehtiyac varmı?!"
Qisas dedi bəy yigidim,
Beyrək qisas dedi getdi.
Aman dedi, Salur Qazan,
qisasım al.
Bir də dedi:
Əlim yaxasında Qazanın olsun,
qiyamət günü almazsa qisasımı.
Taxsırlar Qazanın olsun,
almazsa qisasım dedi.
Bir də dedi:
Az qalıb qiyamət gününə,
Bu boyda toya-düyünə
Üç-beş namərdin küyünə
Min igidlik yas düşəcək.
lll
Salur Qazan,
bu qan səni tutar ola,
sən Aruza can dadlısın göstərməsən.
Salur Qazan,
elin-yurdun batar ola -
istərmisən?
Qız-gəlinin göy üzünə qatar ola -
istərmisən?
Qiyamətin bir günündə
Beyrək sənin boğazından
dartar ola -
istərmisən?
Bu qan səni tutar ola,
Sən Aruza can dadlısın göstərməsən.
Akademik K.Abdulla poeziya ilə bağlı
düşüncələrini bölüşərkən
yazır: "Kədərli seçmələr"də bir
səhvim olub ki, bəlkə də, hər nəğmənin əvvəlində
mən o mənzərəni necə gördüyüm barədə
gərək izahatvari bir şey yazaydım. Bəlkə də
"Sirlərin sərgüzəşti"ndən uyğun
yerlərə istinad edəydim. Bunu etməmişəm.
Lazım bilməmişəm. Bəlkə də, o vaxt bu,
ağlıma gəlməyib. Qoy kimə xoşdu inansın mənim
uydurmama. Təkzib etmək ki, mümkün deyil. Ola da bilər,
olmaya da bilər. Mən deyirəm - olub.
O biri nəğmələr də təxminən bu
tipli "uydurmalara" (bəlkə - fantazilərə, bəlkə
- oyunlara?) söykənir. Beyrəyin ölüm səbəbindən
tutmuş, Oğuzdakı casusa qədər, Təpəgözün
sirrindən Dədə Qorqudun və Baybecan məliyin
Şöklü Məliklə "sazişinə" qədər,
Dəli Qarcarın Dədə Qorquda qarşı etik, mənəvi,
hətta hüquqi qanunlara zidd hərəkətlərindən
tutmuş, Boğazcanın "dumanlı" keçmişinə
qədər, əlbəttə və əlbəttə, mənim
uydurmalarımdır. Bəlkə, bu uydurmalar mənim
öz-özümlə oyunumdur?! Bir şeyi də
açım deyimmi?! Bu uydurma oyunların sayı artmaqdadı,
onlar bu gün də davam edir".
Kamal Abdullanın şeiri nəsrinin tamamlayır, nəsri
ədəbi düşüncələrini... Onun fikrincə:
"İnam, şübhə və günah - yazmaq
üçün bundan artıq bir şey lazım deyil. Bu
dünyaya baş vurdunsa, geriyə qayıtmaq
mümkünsüzləşir - qərq edəcək. Sənət
dünyasının dərinliyi Aidin yeraltı səltənəti
kimi ölüm və qaranlıqdan yox, işıq və sevgidən
ibarətdir".
K.Abdulla özü üçün yazan
yazıçıları daha səmimi hesab edir. Onun qənaətinə
görə, "Ədəbiyyat məqamlardan ibarət bir
ruhi, mənəvi prosesdir. Ruhən doğmalar bir-birinin
yanında durmağı bacarmalıdırlar. Səmimiyyət
nədir? Sənin içinlə içindən alıb
köçürdüyün yazı arasında ziddiyyət
olmamalıdır".
Kamal Abdullanın bu fikirləri də son dərəcə
maraqlıdır: "Ədəbiyyatımızda bir hiss
çatmır. Günah... "Kitabi-Dədə Qorqud"
dastanlarındakı Təpəgöz obrazı bütün ədəbiyyatımızda
ilk və son qəhrəmandır ki, əsl günah hissini,
ancaq çox gizli şəkildə yaşayır. Biz hələ
də miflərin buxovundayıq. Biz hələ də Kopernik
kimi düşünüb, Ptolemey kimi danışırıq.
"Günəş çıxdı, Günəş
batdı" deyirik. Günəş isə nə
çıxır, nə də batır. Yer kürəsi
özü günəşin ətrafında fırlanır.
Babəkə ulu babamız deyirik - islama sitayiş edirik, Koroğlunun
nəvələriyik deyirik - halbuki Koroğlu əslində
dövlətçiliyə, öz xanına (nə qədər
pis olsa da) qarşı çıxan asidir. Şah
İsmayılı büt edirik -
türkçülüyümüzü öyürük.
Sabiri də sevirik, Cavidi də. Bunlar eyni zamanda ola bilməzlər.
Həyatı doğru əks etdirən ədəbiyyat - nəyimə
lazımdır. Mən onsuz da informasiyanı həyatdan və
tarixi kitablardan öyrənə bilərəm. Nitsşe deyir
ki, incəsənət, o cümlədən ədəbiyyat bizə
ona görə verilib ki, biz həqiqətin əlində məhv
olmayaq. Deməli, ədəbiyyat - həqiqətlə, həyatla
mübarizə vasitəsidir. Qanlı Troya müharibəsi
olmasaydı, Homerin "İlliada"sı yaranmazdı. Bizim
zəmində yada "Kitabi-Dədə Qorqud"
düşür. Ədəbiyyat heç vaxt xalq
üçün, yəni oxucu üçün yaranmır.
Əsər xalq üçün yazıla bilər, amma xalq
üçün yaranmaz".
75 yaşı münasibətilə əziz Kamal müəllimi
ürəkdən təbrik edir, ona möhkəm
cansağlığı, yeni uğurlar arzulayıram!
Yeganə İSMAYILOVA
Filologiya elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 4 dekabr (№ 221).- S.10.