Bakıda Beynəlxalq
Əlilliyi olan Şəxslər Gününə həsr
olunmuş inklüziv konsert keçirilib
Rəşid Behbudov adına Azərbaycan Dövlət
Mahnı Teatrında Beynəlxalq Əlilliyi olan Şəxslər
Gününə həsr olunmuş “Maneələri aşanlar”
adlı inklüziv konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyinin, “Ümid Var”
İnklüziv Yaradıcılıq Birliyinin və
“Uşaqların xoşbəxt gələcəyi” İctimai
Birliyinin dəstəyi ilə təşkil olunub.
Proqram çərçivəsində qonaqlar
sağlamlıq imkanları məhdud insanların əl işlərinin
təqdim olunduğu xüsusi sərgi ilə tanış
olublar.
Daha sonra tamaşaçılara xüsusi
qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə
hazırlanmış konsert proqramı təqdim edilib.
Səhnədə “Avroviziya” mahnı müsabiqəsinin
qalibi Eldar Qasımov, Çinarə İsmiyeva və görmə
məhdudiyyətli ifaçı Rəvanə Ağamirova birgə
duetlə çıxış ediblər.
Proqramda, həmçinin muğam ifaçısı,
autizmli vokalist Ramiz Ağayevin təqdimatında
“Bayatı-Şiraz” muğamı səsləndirilib.
Dirijor Nəsibə Cəfərovanın rəhbərliyi
ilə inklüziv heyətdə “Cəngi” xalq
çalğı alətləri orkestrinin və “Səma” rəqs
ansamblının ifasında kompozisiyalar təqdim olunub.
Gecənin kulminasiya anı şairə Nigar Həsənzadənin
poetik kompozisiyası olub. Əsər autizmli pianoçu Ayxan
Quluzadənin müşayiəti ilə təqdim edilib və
jest dilinə tərcümə ilə müşayiət olunub.
Qeyd edək ki, tədbir çərçivəsində
modelyer Ayten Osmanovanın sağlamlıq imkanları məhdud
uşaqlar üçün xüsusi hazırladığı
“Özəl şəxslər” adlı kolleksiya da
nümayiş olunub. Kəlağayı motivləri əsasında
hazırlanan bu unikal kolleksiya səhnədə sağlamlıq
imkanları məhdud 18 iştirakçı tərəfindən
nümayiş etdirilib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov
çıxış edərək uşaqların təqdimatından
aldıqları təəssüratı bölüşüb.
O, bildirib ki, bu gün onlar səhhətindəki məhdudiyyətlərə
baxmayaraq, çox yüksək səviyyə göstərdilər.
Bu isə həm onların istedadının, həm də
onlara göstərilən qayğının bariz nümunəsidir.
Deputat xüsusi qayğıya ehtiyacı olan
uşaqlarla çalışan müəllim və mütəxəssislərə,
eləcə də bu prosesdə fəal iştirak edən, gəncləri
ətrafında birləşdirən şəxslərə təşəkkürünü
bildirib. Qeyd edib ki, tədbirin “Maneələri aşanlar”
adı dərin rəmzi məna daşıyır,
çünki bugünkü çıxışlar sevgi, diqqət
və dəstəyin istənilən çətinliyi aşa
bildiyini canlı şəkildə nümayiş etdirdi.
Tədbir Azərbaycanın ilk inklüziv himnlərindən
biri olan “Özəl şəxslər” kompozisiyasının
ifası ilə başa çatıb. Əsəri inklüziv
uşaq xoru təqdim edib.
Qeyd edək ki, konsertin əsas məqsədi mədəniyyətin
birləşdirici gücü vasitəsilə fərqli
xüsusiyyət və imkanlara malik insanların cəmiyyətin
tamhüquqlu üzvü olduğunu nümayiş etdirmək,
stereotiplərin qırılmasına və inklüziv mədəniyyətin
dəyərlərinin gələcək nəsillərə
ötürülməsinə töhfə verməkdir.
525-ci qəzet .- 2025.- 4 dekabr (¹ 221).- S.9.