Kirayə haqları
üzrə gəlir vergisinin azaldılması nəyi dəyişəcək?
Xəbər verdiyimiz kimi, fiziki şəxslər
üçün kirayə haqları üzrə gəlir
vergisi 14 faizdən 10 faizə endirilir. Bu, Vergi Məcəlləsinə
təklif olunan dəyişikliklərdə əksini tapıb.
Yeni yanaşma fiziki şəxslərin vergi yükünün
azaldılması, eləcə də kirayə bazarının
stimullaşdırılması məqsədi
daşıyır.
Dünyanın bir çox ölkələrində
dövlət tərəfindən kirayə gəlirləri
üçün aşağı və sabit vergi dərəcəsi
tətbiq olunur. Məsələn, qonşu Gürcüstanda
kirayə gəlirlərinə sabit 5 faiz vergi tətbiq edir.
Polşada 8,55 faiz, Kanadada əmlakla bağlı bütün xərclər
çıxıla bildiyi üçün vergi yükü əksər
hallarda çox aşağı olur. Böyük Britaniyada xidmət
haqqı, təmir, kommersiya xərcləri
çıxıldıqdan sonra yalnız qalıq məbləğ
vergiyə cəlb olunur.
Polşada fiziki şəxslərin icarə gəlirlərinə
8,55 faiz sadələşdirilmiş dərəcə tətbiq
edildikdən sonra qeyri-rəsmi icarə müqavilələrinin
payı 30 faizdən çox azalıb. Estoniyada bu siyasət nəticəsində
kirayə gəlirlərinin 70 faizdən çoxu rəsmi
uçota düşüb. Litvada və Macarıstanda isə
oxşar vergi stimulları icarə bazarının şəffaflığını
və dövlət büdcəsinə daxilolmaları əhəmiyyətli
dərəcədə artırıb.
Şərtlər nə kirayə verənə, nə
də mənzil kirayələyənə sərf edirdi
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin
sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyir ki, əvvəlki
14 faizlik vergi dərəcəsi kifayət qədər yüksək
idi. Qazancından 14 faiz vergi ödəmək insanlara sərf
etmədiyi üçün çoxları mənzillərini
gizli yollarla kirayə verib vergidən yayınırdılar:
"Kirayəhaqları üzrə gəlir vergisi, 14 faiz
ümumi kirayə haqqına əlavə olunduqda ciddi fərq
yaranırdı. Məsələn, bir mənzil 600 manata kirayə
verilirsə və mülkiyyətçi 14 faiz vergi tələb
edirsə, bu, təxminən 84 manat edirdi. Bu zaman qiymət fərqi
tərəflər arasında razılaşmanı pozurdu.
Çünki şərtlər nə kirayə verənə,
nə də mənzil kirayələyənə sərf edirdi.
Vəziyyətdən çıxış yolu kimi tərəflər
qeyri-rəsmi razılaşma yolu ilə razılığa gəlirdilər.
Fiziki şəxslər üçün kirayə haqları
üzrə gəlir vergisinin 14 faizdən 10 faizə endirilməsi
bu kimi müəyyən qədər qarşısını
alacaq. Eyni zamanda bu, həm icarəçini, həm də icarə
verəni rəsmi şəkildə müqavilə
bağlamağa müəyyən qədər təşviq edə
bilər".
Yüksək vergilər vergidən yayınma riskini
artırır
Vüqar Orucun sözlərinə görə,
hazırda evlərini kirayə verənlərin təxminən
80 faizə yaxını vergidən yayınır. Kirayə
bazarında xeyli hissə qeyri-rəsmi fəaliyyət göstərdiyinə
görə, vergi yükünün azalması daha çox mənzil
sahibinin müqaviləni rəsmiləşdirməsinə stimul
verə bilər: "Vergidən yayınma halları bir
sıra problemlərin ortaya çıxmasına səbəb
olur. Münasibətlər rəsmi qaydada tənzimlənmir və
tərəflər öz hüquqlarını səmərəli
şəkildə müdafiə edə bilmirlər. Məsələn,
gələcəkdə hər hansı problem yarandıqda, ortada
notarial qaydada təsdiqlənmiş müqavilə
olmadığından hüquqi əsas yox olur. İndiki halda tərəflər
yalnız "qeyri-rəsmi", hüquqi əsası olmayan
müqavilə bağlayırlar ki, bu da hüquqi qüvvəyə
malik olmayan sənəddir. Belə müqavilələr
çox vaxt vergidən yayınmaq məqsədilə tərtib
olunur. Guya burada ödəniş məbləği, əşyalı
və ya əşyasız olması göstərilir, amma bunlar
formal xarakter daşıyır. Nəticədə kirayəçi
və kirayəverən öz hüquqlarını tələb
edə bilmirlər. Bu vergi müəyyən dərəcədə
rəsmi qeydiyyatı artıracaq, amma tam şəkildə yox.
Faizlərin bir qədər daha aşağı
salınması məqsədəuyğundur və bu, vergi
öhdəliyinə əməletmə vərdişini gücləndirə
bilər. Vergi dəyişiklikləri əsasən
insanların ödəmə imkanlarını nəzərə
almalı, faizləri aşağı səviyyədə
saxlamalı, eyni zamanda geniş kütləyə tətbiq
edilməlidir. Yüksək vergilər isə vergidən
yayınma riskini artırır, kölgə
iqtisadiyyatının inkişafına zəmin yaradır".
Bu dəyişiklik kirayə qiymətlərinin
artmasına deyil, əksinə, sabit qalmasına və ya rəqabət
səbəbilə cüzi azalmasına səbəb ola bilər.
Çünki faiz dərəcəsinin aşağı endirilməsi
ev sahibinin xalis qazancını artırır. Artıq vergi
yükünü kirayəçi üzərinə yükləmək
ehtiyacı azalır: "Gəlir vergisinin azalması
kiçik mülkiyyət sahiblərinin sosial yükünü
yüngülləşdirir. Eyni zamanda, vətəndaşların
vergi öhdəliklərini könüllü yerinə yetirməsinin
stimullaşdırılmasına səbəb olur".
Vergidən yayınmanın cəriməsi
Qeyd edək ki, kirayə müqaviləsi bağlanarkən
bu barədə vergi orqanlarına məlumat verilməməsi
İnzibati Xətalar Məcəlləsinin 460-cı maddəsinə
əsasən vergidən yayınma kimi qiymətləndirilir və
inzibati məsuliyyət yaradır. Bu maddəyə görə,
az miqdarda - yəni 50 min manatdan yuxarı olmayan məbləğdə
vergilərin və ya sığorta haqlarının ödənilməsindən
yayınma halında, şəxsə vergidən yayınmış
məbləğin 30 faizindən 70 faizinədək cərimə
tətbiq edilir. Kirayə gəliri bəyan edilmədikdə və
dövlət büdcəsinə ödənilməli vergi
tutulmadıqda, həmin məbləğin üçdəbiri
ilə təxminən üçdə ikisi arasında maliyyə
sanksiyası tətbiq oluna bilər.
Bu addım büdcəyə daha çox vəsaitin
daxil olmasına imkan yaradacaq
İqtisadçı millət vəkili Vüqar
Bayramov deyir ki, fiziki şəxslər üçün kirayəhaqları
üzrə gəlir vergisi 14 faizdən 10 faizə endirilməsi
vergidən yayınma hallarının
qarşısınını almaq məqsədi
daşıyır: "Məlum olduğu kimi, kirayə
haqlarından büdcəyə daxilolmaların həcmi
çox azdır. Xüsusən də nəzarət mexanizmlərinin
təkmilləşdirilməsi də vacibdir. Bu kontekstdən gəlir
vergisinin 14 faizdən 10 faizə endirilməsində məqsəd
dövlət büdcəsinə həmin mənbədən
daha çox vəsaitin daxil olmasına nail olmaqdan ibarətdir.
Nəticə etibarilə digər ölkələrin də təcrübəsi
göstərir ki, kirayə vergiləri bütövlükdə
gəlir vergilərində vergi növlərindən biridir. Ona
görə də bu istiqamətdə şəffaflıq, kirayə
müqavilələrinin sayının artırılması əsas
səbəblərdəndir. 2026-cı ildən etibarən evlərini
rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz
deyil, 10 faiz vergi ödəyəcəklər. Kirayə
vergisinin azaldılması müsbət haldır. Bununla belə,
kirayə müqavilələrinin rəsmilləşdirilməsinin
genişləndirilməsi üçün vergi dərəcələrinin
daha çox endirilməsinə ehtiyac var".
Millət vəkilinin dediyinə görə, kirayə
sektorunda vergi dərəcələrinin aşağı
olması kirayə müqavilələrinə marağı
artırır. Bu da həmin mənbədən dövlət
büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan
verir: "Hesab edirəm ki, kirayə üzrə gəlir
vergisi dərəcələrinin azaldılması təqdirəlayiqdir.
Gözlənilir ki, bu addım həmin sahədə kirayə
müqavilələrinin sayının artmasına və
büdcəyə daha çox vəsaitin daxil olmasına imkan
yaradacaq".
Vergi ödəyicilərinin rəsmi leqallaşmaya
meyli artacaq
İqtisadçı ekspert Xalid Kərimli qeyd edib ki,
10 faizlik dərəcə bu istiqamətdə
könüllü bəyanetmə motivasiyasını
artıracaq və vergi ödəyicilərinin rəsmi
leqallaşmaya meylini gücləndirəcək: "Fiziki
şəxslər vergidən yayınmaq üçün
öz aralarında qeyri-formal münasibət yaradaraq rəsmiləşdirilmə
aparılmadan, vergi bəyan etmədən kirayə müqaviləsi
bağlayırdılar. Artıq hökumət də bu sahədə
nəzarəti artıracaq. Burada əsas məqsəd kirayə
müqavilələrinin rəsmiləşdirilməsini təmin
etmək, vergidən yayınma hallarının
qarşısını almaqdır. Təbii ki, bütün
bunlar kirayə bazarında şəffaflığın
artırılması, vergi yığımının
stimullaşdırılması ilə nəticələnəcək.
Bugünə kimi, fiziki şəxslər üçün
kirayə haqları üzrə gəlir vergisinin 14 faiz
olması səbəbindən qeyri-rəsmi fəaliyyətə
meyilli olmayacaq, rəsmi müqavilələr bağlamaqla həm
öz hüquqlarını qoruyacaq, həm də gəlirlərini
legitim əsasda əldə edəcəklər. Bu, mülki
münasibətlərdə hüquqi müəyyənliyi
gücləndirəcək və uzunmüddətli icarə əlaqələrinin
sabitliyini təmin edəcək. Həmçinin kirayəçilər
üçün də dəyişiklik bazarda qiymət
sabitliyinə müsbət təsir edəcək. Bu baxımdan
qiymət artımı tempinin zəifləməsi və bazar
likvidliyinin yüksəlməsi mümkündür".
Kirayə bazarında şəffaflaşmaya 2026-cı
ildə start veriləcək
İqtisadçının sözlərinə əsasən, vergi faizinin aşağı endirilməsi
daşınmaz əmlak bazarında gəlirlərin
leqallaşmasına gətirib çıxaracaq. Vətəndaşlar
artıq kirayə mənzillərindən qazandıqları gəlirləri
də rəsmi gəlir kimi göstərə biləcəklər:
"Vergi yükünün azaldılması ilə
bağlı hökumətin həyata keçirdiyi proqressiv tədbirlər
2026-cı ildə qiymətlərə həlledici təsir etməyəcək.
Yalnız şəffaflaşmadan sonra verginin bazara təsiri
haqqında danışmaq olar. Çünki kirayə
bazarında şəffaflaşmaya 2026-cı ildə start veriləcək.
Bir çox vətəndaş vergidən
yayındığına görə, faktiki olaraq bu, ya əmlak
bazarında kirayə qiymətlərinin bahalaşması
hesabına, ya da kirayə verənlərin gəlirlərinin
azalması hesabına kompensasiya oluna bilər. Bu, həm də
kirayə bazarında formalaşan tələb-təkliflə əlaqədar
məsələlərdən asılı olacaq. Hazırda
kirayədən gələn gəlirin ümumi kirayə
bazarının neçə faizini təşkil etdiyinə
dair rəsmi məlumatlar olmadığına, həmçinin
atılacaq addımların bu bazara necə təsir edəcəyinə
dair proqnozlar mövcud olmadığına görə kirayə
vergisinin optimallaşdırılmasının bazara təsiri
haqqında danışmaq hələ tezdir".
Əmlak eksperti Ramin Osmanlı hesab edir ki, fiziki şəxslər
üçün kirayə gəlirlərindən tutulan verginin
14 faizdən 10 faizə endirilməsi müqavilələrin sayında
nəzərəçarpacaq dərəcədə artıma səbəb
olmayacaq. Müəyyən nisbi artımlar müşahidə
ediləcək. Amma bu, ciddi və davamlı artım səviyyəsinə
çatmayacaq. 14 faiz ilə 10 faiz arasındakı fərq
çox böyük olmadığından, kirayə qiymətlərinə
ciddi təsir gözlənilmir. Bu rəqəm 2-4 faiz endirilsə,
ciddi dəyişikliklər nəzərə çarpar".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 4 dekabr (№ 221).- S.8.