Aİ-nin Ermənistana dəstəyi:
İrəvan strateji risklərlə üzləşə bilər
Avropa İttifaqının (Aİ) Cənubi Qafqazla
bağlı siyasətində bir fəallıq müşahidə
olunur. Xüsusilə Ermənistana yönəlik siyasi gündəm
genişləndirilir. Bu məqsədlə ikitərəfli əməkdaşlığa
dair artıq strateji gündəlik qəbul edilib. Avropa
İttifaqının xarici siyasət və təhlükəsizlik
üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla
görüşdə bu barədə məlumat verib. Onun
sözlərinə görə, Ermənistan
iqtisadiyyatının gücləndirilməsi və
diversifikasiyası, qanunun aliliyinin təmin olunması, viza
liberallaşdırılması və təhlükəsizliklə
bağlı əməkdaşlığı gücləndirmək
istəyirlər. Xanım Kallas, həmçinin bildirib ki,
2025-ci il Aİ-Ermənistan münasibətləri
üçün çox mühüm olub.
Qeyd edək ki, Aİ-nin genişlənmə məsələləri
üzrə ali komissarı Marta Kos hələ bir müddət
əvvəl Ermənistan və Aİ arasında yeni strateji tərəfdaşlıq
gündəliyinin müdafiə və təhlükəsizlik
sahəsində əməkdaşlığı əhatə
edəcəyini bildirib. O əlavə edib ki, Aİ
qarşıdakı parlament seçkiləri ərəfəsində
mümkün hibrid təhdidlər, dezinformasiyanın
yayılması və kiberhücumlara qarşı mübarizədə
Ermənistana dəstək göstərəcək.
Mirzoyanın Brüsselə səfəri zamanı
artıq bu dəstək rəsmiləşdi. Kallas bəyan
etdi ki, yuxarıda qeyd edilən məqsədlər
üçün Aİ Ermənistana 15 milyon avro yardım
ayırır. Onun sözlərinə görə, bu vəsait
Ermənistana mina ilə bağlı təlimlərdə və
digər etimad qurucu tədbirlərinin maliyyələşdirilməsində
kömək edəcək: “Bununla paralel olaraq, Ermənistan digər
çağırışlarla da üz-üzədir. Gələn
il keçiriləcək parlament seçkiləri ərəfəsində
Rusiya və onun proksiləri Ermənistanda dezinformasiya kampaniyalarını
gücləndirir. Biz görürük ki, Moldovada istifadə
olunan eyni şəbəkələrdən istifadə edilir.
Ermənistana ayırdığımız vəsait həm də
xarici müdaxilələrin aşkarlanması, analiz edilməsi
və neytrallaşdırılması istiqamətində də
xərclənəcək. Xarici müdaxiləyə
qarşı müqavimət cəmiyyətin bütün
üzvlərinin iştirakı ilə mümkündür. Biz
məmnunuq ki, Ermənistanda məhz belə bir vəziyyət
formalaşıb. Aktiv vətəndaş cəmiyyəti və
müstəqil media son dərəcə önəmlidir”.
Göründüyü kimi, Aİ seçki ərəfəsində
Ermənistanı gözləyən təhlükələri,
xüsusilə şimaldan gələcək təhdidləri neytrallaşdırmaqda dəstəyini
göstərməyə başlayıb. Ermənistan Qərbə
doğru kurs götürdüyünü elan etsə də, hələ
ki, Rusiyadan tam qopa bilmir. Moskvanın dominant olduğu Avrasiya
İqtisadi İttifaqında və KTMT-də qalmaqda davam edir.
KTMT-də fəaliyyətini de-fakto dondursa da, tam olaraq təşkilatı
tərk etməyib. Bu gün Ermənistan iqtisadi baxımdan
böyük ölçüdə Rusiyadan asılıdır,
eyni zamanda 49 illik hərbi müqavilə mövcuddur. Rusiya hərbçiləri
Ermənistan ərazisindədir. Bu və digər səbəblər,
eyni zamanda mümkün təhlükələr İrəvana
Rusiya ilə bağları tam qırmağa mane olur. Ermənistan
üçün çıxış yolu Azərbaycanla
normallaşma prosesini tam başa çatdırmaq, sülh
sazişinin imzalamasıdır. Eyni zamanda, Zəngəzur dəhlizi
işə düşdükdən və Türkiyə ilə
sərhədlərin açılmasından sonra İrəvan
həm siyasi, həm iqtisadi cəhətdən
üstünlüklər əldə edəcək, daha müstəqil
ola biləcək.
Onu da qeyd edək ki, Aİ komissarı M.Kos bir müddət
əvvəl TRIPP layihəsindən danışarkən
Aİ-nin ABŞ, Azərbaycan və Türkiyə ilə
mümkün iştirakla bağlı danışıqlar
apardığını vurğulayıb. O deyib ki, “Tramp
marşrutu” (TRIPP) layihəsinin icrası ABŞ və Ermənistan
arasında əldə olunmuş razılaşmaya əsaslanır
və Aİ bu məsələyə daha geniş regional əlaqəlilik
çərçivəsində baxaraq ABŞ-la
danışıqlar aparır: “Burada Mərkəzi Asiyadan
Avropaya gedən bir yoldan, yəni cəmi 42 kilometrlik yol sahəsindən
söhbət gedir. Bizim üçün vacibdir ki,
gördüyümüz iş yalnız bu 42 kilometrlik hissə
ilə məhdudlaşmasın, həm şərqə, həm
də qərbə doğru uzanan bütün istiqamətləri
əhatə etsin və bütün bu proseslər paralel şəkildə
həyata keçirilsin”.
O, həmçinin qeyd edib ki, Ermənistanın əhatəli
əlaqəlilik baxımından ən prioritet hesab etdiyi məsələlərin
siyahısını təqdim etməsi üçün Ermənistanın
ərazi idarəçiliyi və infrastruktur naziri David Xudatyana
müraciət edib: “Bizim də öz ideyalarımız var. Bu
məsələləri Türkiyə və Azərbaycanla
müzakirə edirik. Buna görə də işi hissələrə
bölməyin mənası yoxdur. Lakin bu kontekstdə Amerika
Birləşmiş Ştatlarının əməkdaşlığı
və ya iştirakı sadəcə 42 kilometrlik dəmir
yolunun tikintisindən qat-qat daha önəmlidir”.
Avropa İttifaqının Ermənistana yönəlik
son addımları, İrəvana maliyyə dəstəyi, eyni
zamanda, Zəngəzur dəhlizi məsələsində
Aİ-nin son bəyanatlarını Milli Məclisin deputatı
Hikmət Babaoğlu “525”ə şərhində deyib ki, Ermənistan
Avropa İttifaqı ilə münasibətlərdə yeni bir
mərhələ yaratmağa cəhd göstərir. Belə
görünür ki, Avropa İttifaqı ölkələri də
bu məsələdə maraqlıdırlar: “Bu ölkənin
xarici işlər naziri Ararat Mirzoyanın Brüsselə səfəri
zamanı Aİ və Ermənistan arasında münasibətlər
ümumi tərəfdaşlıq səviyyəsindən
strateji gündəlik səviyyəsinə qədər
qaldırıldı.
Adı strateji gündəlik olmasına baxmayaraq, bu, əlbəttə
ki, strateji tərəfdaşlıq istiqamətində atılan
addım kimi qiymətləndirilməlidir. Amma bunun
üçün görünür, Ermənistanın üzərində
xeyli öhdəliklər qoyulacaqdır. Çünki Kaya
Kallas dedi ki, Ermənistanın xarici siyasətinin yalnız 37
faizi Avropa İttifaqının mühüm bəyanatları və
rəsmi mövqeləri ilə üst üstə
düşür. Eyni zamanda, xanım Kallas Ermənistanı
Rusiyaya qarşı sanksiyalara qoşulmağa
çağırdı. Bu, Ermənistan üçün
çox çətin və çox təhlükəli bir
çağırışdır. Çünki Ermənistan
Avropa İttifaqının təşviqi ilə növbəti
strateji risklərlə üzləşməli olacaq. Ona görə
də düşünürəm ki, hələlik bu strateji
gündəm Ermənistanda parlament seçkiləri
keçirilənə qədər sadəcə kağız
üzərində qalacaq”.
Deputat əlavə edib ki, real addımlar atmaq
üçün öz hakimiyyətinin son aylarını
yaşayan Paşinyan komandasının belə təhlükəli
addımlar atacağını proqnozlaşdırmaq olmaz:
“Aİ bu ölkədə seçkilərin keçirilməsi
ərəfəsində 15 milyon avro yardım ayırdı.
Mümkün informasiya və dezinformasiya təxribatlarına
qarşı. Kallas açıq şəkildə ifadə etdi
ki, seçki öncəsi mərhələdə Moldovada edilənləri
Rusiya Ermənistanda da etmək fikrindədir.
Əlbəttə ki, dəqiq məlumatlar və mənbələr
olmasa, Kaya Kallas belə bəyanat verməzdi. Ancaq 15 milyon
avronun bu təxribatların qarşısının
alınması üçün nə qədər yetərli
olması da düşünürəm ki, mübahisə edilə
bilər. Nəticə etibarilə 15 milyonla belə təxribatların
qarşısının alınması çox çətin
görünür. Amma bütün hallarda atılan addımlar
Paşinyan komandasına seçki öncəsi dəstək
kimi də xarakterizə oluna bilər. Çünki Ararat
Mirzoyan görüşdən dərhal sonra dedi ki, bu
münasibətləri Ermənistan vətəndaşları
üçün Avropaya səyahətdə və Avropa ölkələri
ilə münasibətdə konkret nəticələrə gətirmək
lazımdır. Bu, təşviqdir. Yəni Ermənistan
seçicisi Avropaya getmək-gəlmək, əlaqələr
yaratmaq baxımından müəyyən güzəştlər
əldə edərsə, əlbəttə ki, o, Paşinyana səs
vermək haqqında ehtimal olunan qərarı qəbul edə
bilər”.
Zəngəzur dəhlizi məsələsinə gəldikdə
deputat deyib ki, Azərbaycan da Avropa İttifaqını Zəngəzur
dəhlizi – Tramp marşurutu üzrə əməkdaşlığa
dəvət edib. Avropa İttifaqının özündə də
belə meyllər var. Onun sözlərinə görə, bu,
Ararat Mirzoyanla da müzakirə olunan, amma bir qədər arxa
fonda qalan bir məsələni də aktuallaşdır. Avropa
İttifaqı Azərbaycan-Ermənistan-Türkiyə
arasında dəhlizlə bağlı ayrıca müzakirlərin
keçirilməsi gündəliyini də yarada bilər.
Politoloq İlyas Hüseynov isə “525”ə deyib ki,
Aİ Cənubi Qafqazda siyasi, təhlükəsizlik məsələlərinə
birtərəfli yanaşır, Ermənistanın yanında
olmaq niyyətini gizlətmir və qarşıdan gələn
parlament seçkilərində bu ölkəyə 15 milyon avro
yardım ayrılması həm də qərəzli münasibətin
göstəricisi kimi qiymətləndirilə bilər: “Məlumdur
ki, kilsə rəhbərliyi və Baş nazir Nikol Paşinyan
arasında ciddi ixtilaflar var, fikir ayrı-seçkiliyi hökm
sürür.
Paşinyanın komandası kilsə rəhbərliyinə
qarşı repressiv addımlar atır, təqib edir. Eyni
zamanda, məlumdur ki, kilsə məsələsini ortaya atmaqla
kənar geosiyasi mərkəzlər Ermənistanda daxili
sabitliyi seçki ərəfəsində pozmaq məqsədi
güdürlər. Bu kontekstdə də hibrid təhlükələrin,
dezinformasiyanın, kiberhücumların, hibrid hücumların
aradan qaldırılması üçün vəsaitin
ayrıldığını qeyd etmək olar. Lakin şübhəsiz
ki, Azərbaycan da zaman-zaman bu cür təhlükələrlə
üz-üzə qalanda, biz Brüssel tərəfindən səxavətli
yardımları görmürük. Həmçinin Zəngəzur
dəhlizi müstəvisində Avropa İttifaqı öz
mövqeyini ortaya qoymağa çalışır, bəyanatlar
səsləndirir. Lakin praktiki addımları
görmürük. Bu da ikili standartların bariz nümunəsidir.
Düşünürəm ki, Cənubi Qafqazda Avropa
İttifaqı öz qalıcı maraqlarını təmin
etmək məqdsədi güdürsə, məsələyə
balanslı yanaşmalı, prioriteti qorumalı, birtərəfli
qaydada məsələlərin şərhinə
çalışmamalıdır”.
Pərvanə
525-ci qəzet .- 2025.- 4 dekabr (¹ 221).- S.5.