Azərbaycanda ədəbiyyat
üzrə ən böyük dövlət mükafatı təsis
olunur
Azərbaycan Kitab Mükafatı 2026-cı ildə elan
olunacaq.
APA xəbər verir ki, bu barədə Mədəniyyət
Nazirliyinin rəhbərliyinin gənc yazarlarla
görüşündə nazir müavini Fərid Cəfərov
bildirib.
Mükafatla bağlı bəzi detallar da məlum olub.
Belə ki, mükafat Prezident Fərmanı ilə təsdiq
ediləcək.
Mükafat laureatı bir nəfər müəyyənləşəcək.
Qalibə 50 min manat pul mükafatı, diplom, döş
nişanı təqdim ediləcək. Qalib olan kitab 3000 tirajla
çap olunacaq, 2 ölkədə yayımlanacaq, 4 dilə tərcümə
ediləcək və satışı təmin ediləcək.
Satışdan gələn gəlir bütövlükdə
müəllifə ödəniləcək.
Mükafata iki kateqoriya üzrə əsər qəbulu
mümkün olacaq: nəsr (roman və hekayələr toplusu)
və poeziya (şeirlər və mənzum hekayələr).
Müsabiqəyə hər nəşriyyat 2 əsər,
hər ədəbi orqan isə tamamilə çap etdiyi 1 əsər
təqdim edə bilər.
Əsərlərin qiymətləndirilməsi bir
neçə mərhələ üzrə aparılacaq. Birinci
mərhələdə sentyabr ayında Ekspertlər
Şurası tərəfindən 10 əsərdən ibarət
uzun siyahı tərtib ediləcək. Noyabr ayında isə
xüsusi komissiya 5 əsərdən ibarət qısa
siyahını müəyyənləşdirəcək. Elə
həmin ay isə Azərbaycan Kitab Mükafatının
laureatı elan olunacaq.
Qısa siyahıya düşən digər 4 nəfərin
hər birinə 2000 manat ödəniləcək.
Mükafatın final mərhələsi şou
formatında olacaq, canlı yayımlanacaq. Səsvermə və
nəticə ekranda görünəcək. Dünya
şöhrətli yazarlar mərasimdə iştirak edəcək.
Qeyd edək ki, yeni təsis edilən Azərbaycan Kitab
Mükafatı Azərbaycan Respublikasında elm və mədəniyyət
xadimlərinə verilən Dövlət mükafatının ədəbiyyat
kateqoriyasını əvəz edəcək.
525-ci qəzet .- 2025.- 5 dekabr (№222).- S. 10.