İrəvanın
açıqladığı sənədlər Azərbaycanın
prinsipial mövqeyini bir daha təsdiqlədi
Bir neçə gün əvvəl Ermənistan
hökumətinin saytında keçmiş Qarabağ
münaqişəsi ilə bağlı danışıqlara
dair sənədlər paketinin dərc olunması gündəmin
müzakirə mövzularından birinə çevrildi.
Ümumilikdə yayımlanan 13 sənəd arasında Serj
Sarkisyanın Vladimir Putinə məktubu, Kazan sənədləri,
Madrid prinsipləri, 2019-cu ildə təqdim olunan vasitəçilərin
təklifləri və s. var.
Bu sənədlər bir daha təqdiq edib ki, İrəvan
münaqişənin davam etdiyi 30 ilə yaxın müddət
ərzində sadəcə manipulyasiya ilə məşğul
olub, sülh yolu ilə həll istiqamətində heç bir
addım atmayıb, işğalçı mövqeyini davam
etdirmək üçün öz havadarlarının köməyi
ilə münaqişəni dondurmağa, o zamankı status-kvonu
saxlamağa çalışıb. Lakin rəsmi Bakı dəfələrlə
bəyan edirdi ki, danışıqlar xatirinə
danışıqları davam etdirmək niyyətindən
uzaqdır və sülh yolu nəticə verməsə, digər
variantlar, yəni hərb yolu istisna deyil. Azərbaycan lideri
dövlətimizin işğalla heç vaxt
barışmayacağını dəfələrlə diqqətə
çatdırıb. Rəsmi Bakı öz prinsipial
mövqeyində sonadək dayandı. Açıqlanan arxiv də
məhz bir daha Azərbaycanın ərazi
bütövlüyü məsələsində qətiyyətini
göstərdi.
Baş nazir Nikol Paşinyan hələ ötən ay bəyan
etmişdi ki, Qarabağla bağlı danışıqlar
prosesinə aid əsas sənədləri, o cümlədən
2019-cu ilə aid materialları açıqlamağa
hazırdır. Sabiq prezident Serj Sarkisyanın müsahibəsində
yer alan ittihamlara cavab olaraq Paşinyan bildirib ki, ilin sonunadək
bütün paket bir sıra açıq məktublarla birlikdə
dərc ediləcək. Beləliklə, Paşinyan ilin sonunu
gözləmədən sənədləri
açıqladı. O, bir məktubu da paketə daxil edəcəyini
bildirmişdir ki, bu da Sarkisyanın Putinə “məşhur” məktubudur.
Qeyd edək ki, Serj Sarkisyan sözügedən
müsahibəsində 2019-cu ildə Qarabağ münaqişəsinin
həlli üzrə danışıqlar masasında ATƏT-in
Minsk qrupunun yeni sənədinin olduğunu söyləyib.
Ermənistanın üçüncü prezidenti
Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı
Vladimir Putinə ünvanladığı məktub Vyana və
Sankt-Peterburqda liderlər arasında danışıqlardan
sonra yazılıb. Məktubda Madrid prinsipləri və adətən
Kazan sənədinin tam şəkildə Ermənistan tərəfinin
gözləntilərinə cavab verməsə də, müəyyən
balansı özündə ehtiva etdiyi vurğulanıb. Həmçinin
Ermənistanın Kazan sənədinə əlavələr və
qeydlərlə razılıq verdiyini, Azərbaycanın son
anda bu sənədi imzalamaqdan imtina etdiyi qeyd olunub. Sarkisyan
yazıb ki, daha da təəssüf doğuran məqam odur ki,
bunun ardınca Bakı hətta 2007-ci ildən üzərində
işlənən Madrid prinsiplərindən də imtina etməyə
başladı. O, Azərbaycanın irəli sürdüyü
“əvvəlcə ərazilər – sonra digər məsələlər”
formulunu son dərəcə təhlükəli
adlandırıb.
Sarksiyan məktubda yazıb: “Azərbaycanın irəli
sürdüyü “əvvəlcə ərazilər, sonra digər
məsələlər” formulu son dərəcə təhlükəlidir.
Onun tətbiqi o demək olardı ki, Azərbaycan öz öhdəliklərini
yerinə yetirmədiyi halda, danışıqlar prosesindən
istənilən mərhələdə çıxıb
münaqişəni yenidən hərbiləşdirə bilərdi.
Ermənistan və Dağlıq Qarabağ isə prosesin
girovuna çevrilərdi”.
Həmçinin o, Bakının son illər gərginliyi
məqsədli şəkildə artırdığını
qeyd edərək, 2016-cı ilin aprel hadisələrinin də
bunun nəticəsi olduğunu bildirib. Onun sözlərinə
görə, təklif olunan “təhlükəsizlik
zonası”nın əhəmiyyətli dərəcədə
daraldılması, Dağlıq Qarabağın müdafiə
xəttinin qısaldılması və Azərbaycanla təmas
xəttinin gücləndirilməsi nəticə etibarilə
Ermənistan və Qarabağ üçün təhlükəli
vəziyyət yaradır: “Bu, silahlı balansın bizim
ziyanımıza pozulması deməkdir”.
Həmçinin yazıb ki, Vyana və Sankt-Peterburq
görüşləri müəyyən ümidləri
yaratmışdır. Azərbaycanın mövqeyi, beynəlxalq
monitorinq mexanizminin yaradılmasına razılıq verməməsi
və Qarabağın statusuna dair referendumla bağlı fikir
ayrılığı güzəşt imkanlarını sual
altına qoyur: “Prezident Əliyev yalnız öz məqsədlərini
təmin edən, qeyri-müəyyən və təhlükəli
“ara status”a əsaslanan sxemi irəli sürür. Bu isə Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
artıq əvvəlcədən müəyyən olunmuş nəticələrə
gətirib çıxarır. Bakı öz Konstitusiyasına
istinad edərək referendum imkanlarının
qarşısını tam bağlayır. Bu isə məsələnin
mahiyyətcə bloklanması deməkdir”.
Yuxarıda qeyd etdiyimiz kimi, bu sənədlərin
açıqlanması bir daha Azərbaycanın ərazi məsələsində
qətiyyətini göstərir. Rəsmi Bakının bir
qarış torpağını belə güzəştə
getməyəcəyinə dair prinsipial mövqeyində 30 il ərzində
zərrə qədər geriçəkilmənin baş vermədiyini
ortaya qoyur.
Baş nazir Nikol Paşinyan parlamentin bir neçə
gün əvvəl keçirilən iclasında sənədlərin
dərcindən danışıb: “Müxalifət
danışıqlar prosesindən bəhs edir. 30 ilə
yaxın hakimiyyətdə olduqları müddətdə, əgər
belə imkanlar var idisə, niyə münaqişəni həll
etmədilər? Yəni məsələnin ermənilərin
xeyrinə həlli şansı var idisə, bunu niyə etmədiniz?
Bizə satqın deyirsiniz. Amma sizin kimi satqınlar heç
vaxt olmayıb”.
Ermənistanda sabiq xunta rejiminə rəhbərlik edənlər
Paşinyan hakimiyyətini müharibəni uduzmaqda, təslim
olmaqda günahlandırırlar. Amma Azərbaycan həm də
Köçəryanın, Sarkisyanın üzərində qələbə
çalıb, məhz onların yaratdığı ordunu məğlub
edib.
Bu gün Azərbaycan və Ermənistan arasında
sülh prosesi irəliləyir, sülh sazişi paraflanıb,
müxtəlif səviyyələrdə, o cümlədən
vətəndaş cəmiyyətləri arasında dialoq
aparılır. Keçmiş cinayətkar rejimlərə
başçılıq edənlər isə hələ də
“qisas” hissi ilə yaşayır, Qarabağ kartından yenə
də istifadə edə biləcəklərinə dair
illüziyalara qapılır, hakimiyyətə can atırlar.
Amma həm də artıq heç bir şanslarının
qalmadığının fərqindədirlər. İndi Cənubi
Qafqazda yeni bir səhifə açılıb, sülh bərqərar
olub. Müharibə, qisas çağırışlarını
ermənilər özləri belə dəstəkləmirlər.
Çünki məhz bu çağırışlar,
müharibə, işğal illərlə onları fəlakətə
sürükləyib. Hazırda isə dalandan tamamilə
çıxmaq üçün tarixi şansları
yaranıb.
İstənilən halda, məlum olan həm də odur
ki, Azərbaycan dövləti lideri xalqa hər zaman həqiqəti
söyləyib, verdiyi bütün vədləri yerinə
yetirib.
Açıqlanan sənədlər də bir daha onu
göstərdi ki, aparılan bütün
danışıqlarda ərazi
bütövlüyümüzün tam olaraq bərpası məsələsi
öndə olub.
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı
“525”ə şərhində deyib ki, həmin sənədlərlə
tanış olanda açıq-aydın görünür ki,
görüşlərdə Azərbaycan tərəfi öz
mövqeyindən bir addım belə geri çəkilməyib,
Qarabağın müstəqil olması və yaxud Ermənistana
birləşdirilməsindən söhbət belə getməyib:
“Baxmayaraq ki, status-kvonu qorumağa çalışıblar və
faktiki olaraq Ermənistanın arxasında olan qüvvələr
erməni məsələsi adı altında bölgədə
öz maraqlarını həyata keçirmək istəyiblər,
lakin istər Madrid, istər Kazan danışıqlarında,
istərsə də 2016-cı ilin aprel döyüşlərindən
sonra heç vaxt hər hansı bir rayonun, şəhərin
güzəştə gedilməsindən söhbət getməyib
və əsas məsələ bütün torpaqların
işğaldan azad edilməsi idi”.
Politoloqa görə, Serj Sarkisyanın Rusiya prezidentinə
göndərdiyi məktubda da etiraf edilir ki, Azərbaycan Ordusu
güclüdür, Azərbaycanın əsas hədəfəri
məhz maksimum tələblərdir və Prezident İlham
Əliyev öz maksimum tələblərindən geri çəkilmir:
“Eyni zamanda, bu sənədlər Nikol Paşinyanın
seçki öncəsi Robet Köçəryan və Serj
Sarkisyana təzyiqi üçün olduqca vacibdir. Baxmayaraq ki,
Ermənistan müxalifəti qeyd edir ki, guya həmin
danışıqlardan və açıqlanan sənədlərdən
məlum olur ki, Paşinyan əslində Ermənistanı
2018-2020-ci illərdə xilas edə bilərdi. Bu sənədlər
ilk növbədə onu göstərir ki,
danışıqlarda Qarabağ heç vaxt müstəqil bir
aktor kimi müzakirə edilməyib. Ermənistan xalqı
doğrudan da bu 30 il ərzində aldadılıb”, - Z.Məmmədov
əlavə edib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyəti
əslində bu açıqlanan sənədlərdən nəticə
çıxarmalıdır: “İlk növbədə Qarabağ
erməniləri dərs götürməlidir. Çünki məhz
Qarabağ erməniləri bu 30 il ərzində girov kimi
saxlanılırlar. İndi də uydurma informasiyalar
yayılır ki, guya Paşinyan Qarabağ ermənilərinə
qarşıdır və faktiki olaraq Ermənistan erməniləri
və Qarabağ erməniləri arasında qarşıdurma
yaradır və s. Ağlı olan ermənilər başa
düşməlidirlər ki, bölgədə yeni müharibə
Ermənistan dövlətinin süqutu demək olacaq və
bundan da nəticə çıxarmalıdırlar”.
Pərvanə
525-ci qəzet .- 2025.- 5 dekabr (¹222).- S. 5.