"Əliqulu bu gün evlənir"
tamaşası yeni quruluşda
Azərbaycan Dövlət Musiqili Teatrın səhnəsində
görkəmli dramaturq, yazıçı və ssenarist Sabit Rəhmanın
"Əliqulu evlənir" komediyası əsasında
hazırlanmış "Əliqulu bu gün evlənir"
tamaşası oynanıldı. Tamaşa Xalq artisti,
"Şöhrət" ordenli İlham Namiq Kamalın 75
illiyinə həsr olunmuşdu. Səhnə əsərinin
libretto müəllifi, quruluşçu rejissoru və baş
rolun ifaçısı Xalq artisti, "Şöhrət"
ordenli İlham Namiq Kamal, bəstəkarı Əməkdar incəsənət
xadimi, mərhum Oqtay Rəcəbov, şeirlərin müəllifi,
Əməkdar incəsənət xadimi Baba Vəziroğlu,
quruluşçu dirijoru Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayev, xormeyster Əməkdar incəsənət
xadimi Vaqif Məstanov, quruluşçu baletmeyster Əməkdar
incəsənət xadimi Nigar Şahmuradova, səhnə tərtibatı
Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssam
Nübar Hüseynova, konsertmeyster Fidan Əliyevadır.
Tamaşanın librettosu əsərin süjet xətti
saxlanmaqla müasir tələblərə uyğun tərzdə
işlənmişdi. İlk baxışda sadə görünən
süjet xəttini yadımıza salaq. Vəzifəpərəst
Əliqulu vəzifəsini itirməmək üçün,
özünü gülünc vəziyyətə salaraq, qoca
yaşında evlənmək istəyir. Tamaşada biz
Əliqulu və onun kölgəsi Səfərin vəzifə
uğrunda apardıqları mübarizənin şahidi oluruq.
Lakin tamaçada mənfi obrazlarla yanaşı, sağlam
düşüncə sahibi olan insanlarla da
qarşılaşırıq. Nə etməli cəmiyyətdə
həm normal, həm də qeyri-normal fərdlər olur. Etiraf
etməliyik ki, bu gün də müasir biçimdə qarşımıza
çıxan əliqulular və səfərlər hələ
də var. Biz ilk baxışda onları tanımasaq da, vəzifə
uğrunda apardıqları açıq və gizli mübarizə
prosesində onlar özlərini büruzə verirlər.
Quruluşçu rejissor İlham Namiq Kamal
tamaşanı yumoristik, satirik və komik janrda işləyib.
Janr müxtəlifliyində işlənmiş səhnə əsərində
hərəkətin daxili və xarici strukturu, bədii
obrazların təsvir və təqdim bütövlüyü,
bədii mətni tamamlayan mizan-hərəkət toplusunun
mükəmməlliyi maraqla qarşılanır.
Səhnə əsərinin məkan tərtibatı və
geyim həlli rəssamlar tərəfindən janrın tələbləri
uyğun işlənib. Rəssam tərtibatına görə,
hadisələrin təqdim edildiyi məkan insanların toplaşdığı
hər hansı parkdır. Bu balet artistlərinin rəqsi
üçün düşünülmüş geniş məkandır.
Balet artistlərinin geyimi gəzintiyə
çıxmış insanların paltarından seçilmir.
Həm məkanın rəssam tərtibatında, həm də
geyimdə rəng kaloriti və forma mütənasibliyinə
ciddi riayət olunub. Əliqulunun evi rəssam tərəfindən
rejissor ideyasına uyğun tərtibatda verilib. Evdə diqqəti
cəlb edən, sonradan evi yarıya bölmək
üçün istifadə oluna bilən divan, qara kreslo və
divara vurulmuş ailə portretidir. Qara kreslo Əliqulunun simvoludur.
Bəzi səhnələrdə cansız qara kreslo, sanki
canlanaraq Əliqulu obrazına çevrilir. Digər otaq
dostların birlikdə toplaşdığı məkan kimi
düşünülüb.
Tamaşanın bəstəkarı Əməkdar incəsənət
xadimi, rəhmətlik Oqtay Rəcəbovun musiqisi əsərin
ideyası ilə səsləşərək, obrazların təsvir
və təqdimatında komik, yumoristik və satirik hadisələrin
mahiyyətini ifadə edir. "Əliqulqu bu gün evlənir"
tamaşası müxtəlif səbəblərdən 14 il
yubanıb. Ömür vəfa etmədi. Rəhmətlik Oqtay Rəcəbov
əsərin ilk tamaşasında iştirak edə bilmədi.
Tamaşa balet artistlərinin rəqsi və xorun
ifası ilə başlayır. Deməliyik ki, xor
truppasının teatrın eyvanlarındakı ifasını
tamaşaçı maraqla qarşılayır. Onlar sanki
eyvanlardan məhlədə və ya parkda baş verən hadisələri
izləyən tamaşaçı kimi qəbul edilir.
Xor və balet truppası hadisələrə bir
növ giriş verərək, sanki dənizkənarı parkda
baş verən məhəbbət hekayəsini nəql edirlər.
Balet truppasının rəqsi zamanı səhnənin mərkəzində
iki aktyorun oyunu diqqət çəkir. Onlar bir-birlərini sevən
Kamal (Səmədzadə Xasıyev) və Qumraldır (Əzizəxanım
Kazımova). İlk dəfə peşəkar səhnədə
özünü sınayan Ə.Kazımova maraqlı obrazla
çıxış edir. Qumral vəzifəpərəst
Əliqulunun qızıdır. Kamal sevdiyi Qumrala olan məhəbbətini
onun ailəsinə çatdırmaq və tezliklə toy etmək
istəyir. Amma Əliqulu faktoru var. Əliqulu faktorunun izahı
üçün əsərdə istifadə edilən bir
mahnının mətnini yada salmağımız kifayətdir.
Mahnıların mətnində deyilir ki, Əliqulu vəzifə
üçün yeganə qızını vəzifəsi olan
meymuna belə ərə verməyə razıdır.
Tanınmış şair Baba Vəziroğlu
tamaşanın ideya və rejissor qayəsinə uyğun
şeirlər yazaraq, obrazların daha maraqlı və rəngarəng
təsvirinə nail olub.
Tamaşada ilk olaraq Əliqulunun həyat yoldaşı
Gövhərlə (Zemfira Əbdülsəmədova)
qarşılaşırıq. Əliqulunun həyat
yoldaşı Gövhər obrazı aktrisanın təqdimində
ailənin qədrini bilən, övladının xoşbəxtliyinə
çalışan əsl azərbaycanlı qadın, həyat
yoldaşı və ana obrazıdır. Gövhər
Əliqulunun "təmirdən əvvəl" və "təmirdən
sonrakı" dəyişkənliyə, daxilən narazı
olsa da, üzdə bunu büruzə vermir. İlham Namiq
Kamalın yaratdığı Əliqulu obrazı vəziyyətə
uyğun zahirən və daxilən dayişdikcə,
aktrisanın ifasında Gövhər obrazı da səhnədən-səhnəyə
dəyişib, başqalaşır. Birdən-birə
Əliqulunun evlənmək istəyi ortaya çıxır və
onun cavanlaşmaq istəyinin səbəbləri
Gövhərə məlum olur. İndi qarşımızda
yeganə istəyi qızının xoşbəxtliyi olan və
Əliqulu kimi vəzifəpərəsti məhv etməyə
hazır olan sərt bir qadın obrazı var. Onun Əliquluya
olan kin və küdurətinin qarşısını heç
kim ala bilməz. Bunları biz aktrisanın təqdim etdiyi rəngarəng
ifa zənginliyində seyr edirik.
İşdən çıxarılan Əliqulu
çıxış yolu axtarmağa başlayır. Səfər
Əliquluya əmisi nazirlikdə işləyən Nazaya
elçi düşməyi məsləhət görür.
Əliqulu yeni evliliyinə
görə "təmirə getməyə" belə
razılaşır. Əliqulu səhvən evli bir qadın
olan Nazlıya elçi düşüb, evlənmək xəyalına
düşür və işlər bir-birinə
qarışır. "Təmirdən sonra" mətnə əlavə
olunmuş mahnının sözlərində deyildiyi kimi,
bığını qırxıb, başına parik qoyan,
özünü cavanlaşdıran kişidən nə desən
gözləmək olar.
İşləri qarışdıran Əliqulunun
kölgəsi olan Səfərdir (İqbal Salamov). Səfər
kimisinin, elə Əliqulu kimi də rəhbəri olar.
Əliqulu və səfər toyu gözləyirlər. Guya
Əliqulunun toyu olmalıdır. Amma Əliqulu ilə
Nazlının toyu deyil, Kamalla Qumralın toyu olur. İşlər
öz yoluna düşür. Əliqulu gülünc vəziyyətə
düşür.
Əliqulunun köməkçisi Səfər
obrazı aktyorun ifasında həm gülüş, həm də
təəssüf doğurur. Obrazın xarici və daxili
görünüşünün rəngarəngliyi aktyorun zəngin
aktyorluq bacarığından xəbər verir. Maraqlı,
baxımlı və zəngin boyalarla işlənmiş ifa
tamaşaçıda gülüş yaradır.
İlham Namiq Kamal Əliqulu obrazını yumoristik və
satirik janrın tələblərinə uyğun təqdim
edir. Biz tamaşada İlham Namiq Kamalın ifasında iki
Əliqulu obrazı görürük. "Təmirdən əvvəlki"
və "təmirdən sonrakı" Əliqulular. Əvvəlki
Əliqulu obrazı ilə sonrakı arasında fərq
çoxdur. Amma hər iki ifada qrotesk elementləri
özünü büruzə verir. İlham Namiq Kamalın səhnəyə
ilkin gəlişindən başlayaraq artıq Əliqulu
obrazının mahiyyəti bizim üçün
açılmağa başlayır. Aktyor tərəfindən
obraz sanki cazibədar, əlvan və rəngarəng
yağlı boyalarla işlənmiş rəsm əsəridir.
Əliqulunun həm mənzilində, həm də kabinetində
eyni kreslo görürük. Bu Əliqulunun vəzifəpərəst
sevdasından irəli gəlir. Kreslo Əliqulunun
obrazıdır. O da Əliqulunun özü kimi, artıq
çoxdan köhnəlib. Bu kresloda Əliquludan başqa
heç kəs əyləşə bilməz. Tamaşa
Əliqulu obrazının üzərində qurulmuşdur.
Əliqulu obrazı aktyorun səs və hərəkət mizan
toplusunun vəhdətində kaloritli, maraqlı və
baxımlıdır.
Nazlı (Gülnarə Əzizova) və onun həyat
yoldaşı idman müəllimi Rövşən (Əkbər
Əlizadə) obrazları aktyor və aktrisanın maraqlı,
baxımlı və rəngarəng ifaları ilə
nümayiş etdirilir. Rövşən kimi qısqanc bir ər
obrazı (Əkbər Əlizadə) aktyor tərəfindən
bütün ziddiyyətləri ilə təsvir olunub.
Aktyorların ifasında həm Rövşən, həm də
Nazlı obrazları oyun tərzləri ilə bir-birlərini
tamamlayıb, maraqlı, rəngarəng, səmimi və
inandırıcı ifa nümayiş etdirirlər.
Daha iki aktyorun ifasında iki obraz haqqında yazmaq istəyirik.
Bunlar Kamal (Səmədzadə Xasıyev) və Qumral (Əzizəxanım
Kazımova) obrazlarıdır. Kamal obrazı aktyor tərəfindən
yüksək ifa tərzində təqdim olunaraq, əsərin
ideyasına uyğun inandırıcı cizgilərlə əyaniləşir.
İfada mətn və hərəkət-mizan vəhdəti
maraqla baxılır. Əzizəxanım
Kazımovanın təqdim etdiyi Qumral obrazı peşəkar səhnədə
ilk iş kimi diqqətəlayiq və maraqlıdır.
Humay obrazı Rəsmiyyə Nurməmmədovanın təsvirində
süjet xəttinin dəyişkənliyinə uyğun dəyişib,
başqalaşaraq, maraqlı və cəlbedici ola bilir.
Gülçöhrə Abdullayevanın ifa etdiyi Səadət
obrazı da maraqla baxılır.
Əliməmməd Novruzovun ifasında Xəlil
obrazı gec də olsa xoşbəxtliyini tapmış orta
yaşlı biri olaraq xoş təsir bağışlayır.
Ruslan Mürsəlovun ifasında Azad obrazı da komik hadisələr
axınında maraqla izlənilir. Aktyor komik hadisələr təqdimatında
ifa rəngarəngliyi nümayiş etdirə bilir. Mehriban Rəcəbovanın
Lumuxanım və Böyükxanım Məmmədovanın
Heyvaxanım obrazları əsərə əlavə
olunmuş surətlərdir. Hər iki obrazı əsərə
yerində edilmiş əlavə hesab edirik. Söhbət toydan
gedirsə, özünə iş tapa bilməyən
küçə musiqiçilərinin əsərə əlavə
olunması məntiqə uyğundur.
Qeyd etdiyimiz kimi, libretto müəllifi olan İlham
Namiq Kamal səhnə əsərinə müəyyən əlavələr
edib. Sosial şəbəkələr və mobil telefonlar
dövrümüzün vacib problemidir. Canlı münasibətləri
mobil telefon münasibətlər əvəz edib. Bu isə
insanlar arasında uçurum yaradır.
Səhnə əsəri tamaşadan-tamaşaya onun
bütün hissələrinin tədricən öz yerini
tutacağına və aktyor ifalarında ilk tamaşa gərginliyinin
azalacağına əminik.
"Əliqulu bu gün evlənir" əsərinin
Azərbaycan Dövlət Musiqili Teatrının
repertuarında layiqli yer tutacağına tam əminik.
Çingiz ƏLƏSGƏRLİ
Teatrşünas, dramaturq
525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.11.