Əhməd
Cavad haqqında kitab türk dilində nəşr edilib
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin layihəsi ilə xarici ölkələrdəki Azərbaycan
Mədəniyyət mərkəzləri milli mədəniyyətimizin,
ədəbiyyatımızın tanınmış
simalarının əsərlərini, onların
yaradıcılığına dair tədqiqatların təbliğini
həyata keçirmək məqsədilə tərcümə
və nəşr layihələri reallaşdırırlar.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın
Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan
Mədəniyyət Mərkəzi tərəfindən Sahib
İbrahimlinin “Əhməd Cavadın həyat və yaradıcılığının
Gəncə dövrü” kitabı türk dilində Ankarada
çapdan çıxıb. Nəşri türk dilinə
Konya Selcuk Universitetinin dosenti Təranə Həşimova tərcümə
edib.
Kitabda istiqlal şairi Əhməd Cavadın həyatı,
ədəbi fəaliyyətinin Gəncə dövrü əksini
tapıb və tanınmış şairin Türkiyə ilə
bağlarından, Qafqaz-Türk İslam Ordusunun Azərbaycan
xalqının azadlıq mübarizəsində dəstəyi
və önəmli rolundan bəhs edilib.
Nəşrdə qeyd olunur ki, Əhməd Cavad XX əsr
Gəncə ədəbi mühitinin yetişdirdiyi
mühüm simalardan biridir. O, Azərbaycan ədəbi-bədii
fikir tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti
ilə seçilən və bütün qəlbi ilə
doğma xalqının müstəqillik ideallarına həyatı
boyu sadiq qalmış söz ustadıdır.
Azərbaycan Mədəniyyət Mərkəzindən
verilən məlumata görə, “Əhməd Cavadın həyat
və yaradıcılığının Gəncə
dövrü” kitabının Türkiyədə təqdimatının
keçirilməsi və aparıcı kitabxanalara, elmi-tədqiqat
müəssisələrinə hədiyyə edilməsi nəzərdə
tutulur.
525-ci qəzet .- 2025- 13 fevral(№27).- S.10.