“Min bir gecə” baleti ilk dəfə
Oman səhnəsində nümayiş olundu
6-7 fevral tarixlərində Omanın Məsqət Kral
Opera Teatrında dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə”
baleti nümayiş etdirilib. Həmyerlimiz,
görkəmli baletmeyster Eldar Əliyevin quruluş verdiyi səhnə
əsəri omanlı tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Manset.az xəbər verir ki, tamaşada Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının baş
dirijoru, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə
Rusiyanın Mariinski Teatrı Primorsk səhnəsinin balet
truppası, bu teatrın simfonik orkestri və xoru
çıxış edib.
Qeyd edək ki, bu, Azərbaycan baletinin Məsqətdəki
Kral Teatrının divarları arasında ilk tamaşası
idi. Onu da bildirək ki, “Min bir gecə” baletinin yeni quruluşu
2025-ci ilin əvvəlində Rusiyanın teatr əsərlərinin
“Qızıl fond”u müsabiqəsində ölkənin 300 ən
yaxşı tamaşası sırasına daxil edilib. Primorsk səhnəsinin
(Vladivostok) balet truppası baleti Yaxın Şərqdə ilk dəfə
2023-cü ilin dekabrında Qətərin paytaxtı Dohada təqdim
edib.
Tamaşada soprano partiyası Samirə Qalimova və
Anastasiya Kikot tərəfindən böyük ilhamla ifa olunub.
Ramin Əzimov və Nadejda Medvedeva Azərbaycanın milli aləti
tarda məharətlə ifa ediblər.
Tamaşadan sonra Oman Kral Opera Teatrının baş
direktoru Umberto Fanni, Azərbaycan Respublikasının
Omandakı səfiri Rəşad İsmayılov, məşhur
italyan prodüseri Roberto Giavinardi azərbaycanlı dirijoru və
baletin bütün iştirakçılarını uğurlu
ifa münasibətilə təbrik ediblər.
525-ci qəzet .- 2025- 13 fevral(¹27).- S.10.